May 14, 2013

"Harun Yahya"nın saxtakarlıqları

Harun Yahya ləqəbli elm düşməni Adnan Oktarı yəqin ki çoxları tanıyır və kim olduğunu yaxşı bilirlər. Əsas məsələ isə tam başqa mövzunu əhatə edir. Bu insan yazdığı kitablarında (əslində fərqli qaynaqlardan tərcümə etdiyi) təkamül təliminə zərbə endirmək üçün əlindən gələn saxtakarlığı edir. Buna səbəb bir çox şey ola bilər, lakin düşünürəm ki bu yazıda həmin səbəblər
bizi maraqlandırmamalıdır. İnternetimiz bu insanın saxtakarlıqları ilə bəzədilib (adicə google'da "Təkamül" sözünü yazıb axtarış verin, nəticələrlə nə demək istədiyimi anlayacaqsınız), bəzi dırnaqarası elmi saytlar və sosial şəbəkə səhifələri isə elmi həqiqi qaynaqlardan oxumayıb, bu saxtakarın savadsızlığına qurban gedirlər (çox güman ki könüllü şəkildə), əsas da izləyicilərin və istifadəçilərin beynini qarışdırırlar. Təbii ki biologiyadan kifayət qədər anlayışı olmayan insanlar cəmiyyətimizdə çoxluq təşkil edir və bu insanların ağıllarını qarışdırmaq həmin idarəçilərə olduqca asandır. Bu yazımda heç də onlardan yox, amma onların da ilham aldıqları Harun Yahya ləqəbli "şarlatanın" yalanlarından bəhs etmək istəyirəm. Başlayım.

Misalçün, Harun Yahya "20 Sualda Təkamül Nəzəriyyəsinin Çöküşü" adlı kitabında belə bir iddialı başlıqla yazır:
"Meymun və insan genomunun 99% nisbətində uyğun olması və bunun təkamülə sübut olması iddiası niyə doğru deyil?"

İlk səhv çox erkən gəlir. Başlıqda "meymun genomu" deyə bir anlayış var. Harun Yahyaya çatdırmaq lazımdır ki, meymun genomu deyə bir şey ümumiyyətlə yoxdur. Genomu olan fərdlər ayrı-ayrılqda olan növlərdir və meymun deyə bir növ mövcud deyil. Bu səbəblə meymun genomu deyilə biləcək bir genom da yoxdur.

Harun Yahya yazır:
"Bir çox təkamülçü qaynaqlarda bəzən insanla meymunun 99% nisbətində oxşadığı və bunun təkamülə dəlil meydana gətirdiyi iddiaları yer alır. Bu təkamülçü iddia xüsusilə də şimpanzenin meymunlar arasında insana ən yaxın növ olduğundan, bu səbəbdən insanla arasında qohumluq olduğundan bəhs edir. Əslində bu, təkamülçülərin cəmiyyətin bu mövzulardakı məlumat əskikliyindən faydalanaraq ortaya atdıqları saxta bir dəlildir."

Buradan da görüləcəyi kimi, şimpanzenin meymun olduğunu sanır. Harun Yahya ilk öncə, ingiliscədə "monkey" olaraq tanınan və azərbaycancada meymun adlandırılan canlı qrupunun hansı primat növlərini əhatə etdiyini öyrənməlidir. Onsuz da bu mövzudan anlayışı olanlara Harun Yahyanın yazdıqları gülünc görünəcək.

İnsan və şimpanze genomlarının böyük nisbətdə bir-birinə bənzəməsi, təkamülə dəlili olmaqdan çox insanlarla şimpanzelərin nə qədər yaxın qohum olduqlarını göstərən bir dəlildir. Təkamülün bir çox etibarlı dəlili olduğunu və təkamülün reallaşıb-reallaşmadığı mövzusunda elm dünyasında heç bir müzakirə olmadığını rahatlıqla söyləyə bilərəm. İnsanlarla şimpanzelərin yaxın qohum olduqlarını göstərən o qədər çox dəlil var ki, bir çox inanclı elm adamları belə bu həqiqəti könül rahatlığı ilə qəbul edir və kitablarında bu qohumluğa işarə edən dəlilləri açıq şəkildə bildirir. Məsələn, ağıllı dizayna inanan biokimyaçı Michael Behe son kitabında (The Edge Of Evolution) insan-şimpanze qohumluğunu və ortaq əcdadı qəbul etdiyi görünür. Halbuki əvvəllər açıq şəkildə təkamül təliminə qarşı çıxırdı.


Qayıdaq Harun Yahyaya. Yazır: "Əvvəlcə qeyd etmək lazımdır ki təkamülçülərin insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürdükləri 99% nisbətində bənzərlik olması iddiası aldatma məqsədlidir. İnsanla şimpanzenin genetik strukturlarının bir-birinə 99% bənzər olduğunu iddia etmək üçün bu anda insanınkının olduğu kimi şimpanzenin də genetik quruluşunun düzülməsi, ikisinin müqayisə edilməsi və bu müqayisə nəticəsində əldə edilmiş olması lazımdır. Halbuki əldə belə bir nəticə yoxdur. Çünki, bu ana qədər yalnız insanın genetik xəritəsi çıxarılmışdır. Şimpanze üçünsə hələ belə bir təcrübə aparılmamışdır."

Harun Yahya, şimpanze genomunun sıralandığından bixəbər kimi görünür. Şimpanze genomunun sıralanması və insan genomuyla müqayisə edilməsi ilə əlaqəli məqalə Nature jurnalında 1 Sentyabr 2005 tarixində nümayiş olunmuşdur. Görəsən, onun kitabı bu tarixdən dahamı əvvələ söykənir? Son nəşr deyil. Kitabın son nəşrinin Noyabr 2005-ci il tarixli olduğunu görürük. Yəni, son nəşrdən əvvəl şimpanze genomunun sıralandığı və insan genomuyla müqayisə edildiyi məlum idi. Ehtimalla bu hissəsini başdan sona yeniləmək kimi bir zəhmətə qatlanmaq istəməyib. Bəlkə də son nəşri etdikləri sırada bu əhəmiyyətli hadisədən hər necə olubsa xəbərdar ola bilməyiblər. Bəlkə də xəbərdar olmaq sərf etməyib, kim bilir...

Harun Yahya: "Həqiqətdə, tez-tez gündəmə gələn insan və meymun genlərinin 99% oxşaması iddiası, illər əvvəl çıxarılmış təbliğat məqsədli bir şüardır. Bu bənzərlik iddiası insanda və şimpanzedə olan 30-40 gen ətrafındakı əsas zülaldakı amin turşusu düzülüşünün bənzərliyindən yola çıxılaraq edilmiş və şişirdilmiş bir ümumiləşdirmədir. Halbuki insanda 30 min gen və bu genlərin kodlandığı 100 minə qədər zülal var. Buna görə, 100 min zülalın sadəcə 40 dənəsinin oxşamasıyla insan və meymunun bütün genlərinin 99% eyni olduğunu iddia etməyin heç bir elmi əsası yoxdur."

Elmi 10-20 il qədər geridən təqib edəndə ortaya belə gülünc şeylərin çıxması da çox təbiidir. İnsan genom layihəsinin 2004-cü ildə Nature'da nümayiş olunan son sayında zülal kodlaşdıran gen sayının 20.000-25.000 aralığında olduğu ifadə edilmişdir. Yəni, insanlarda 20 minə yaxın gen və bunların kodlaşdırdığı 20 minə yaxın zülal var. 30 min genin 100 min zülalı necə kodlaşdırdığını heç cür anlamaq mümkün deyil, Adnan bəy. Hər halda bir genin 3-4 fərqli zülalı kodlaşdırması maraqlı bir vəziyyət olardı.

İnsan genlərinin 30-40 şimpanze geniylə müqayisə edilməsi iddiasının isə bir az əvvəl də bildirdiyim kimi həqiqətlə heç bir əlaqəsi yoxdur. Şimpanze genomu sıralanması işlərinin ilk mərhələsində insan və şimpanzelərdəki 13.454 ədəd gen birə-bir müqayisə edilmişdir və nəticələr 2005 Noyabrda nümayiş olunan sayda elan olunmuşdur və bu müqayisə detalları da həmçinin buraxılışın əlavələrində təqdim edilmişdir. Bu genlərin kodlaşdırdığı zülallara baxıldıqda 29%-ın insan və şimpanze arasında tamamilə eyni olduğu, yəni amin turşusu düzülməsinin birə-bir eyni olduğu və bütün zülallar üçün orta hesabla alındığında hər bir zülalda yalnız 2 yerdə amin turşusu düzülüşü fərqliliyi olduğu nəticəsiylə qarşılaşırıq.


Harun Yahya: "Bu təməl zülallar digər bir çox fərqli canlılarda da olan ortaq həyati molekullardır. Yalnız şimpanzenin deyil, tamamilə fərqli canlılarda olan eyni cür zülalların quruluşu insandakılarla çox bənzərdir.

Məsələn, "New Scientist" jurnalında təqdim edilən genetik analizlər, nematod soxulcanları və insan DNT'lərində 75%lıq bir bənzərlik olduğunu ortaya qoymuşdur. Bu, əlbəttə insan ilə bu soxulcanlar arasında yalnız 25%-lıq bir fərq olduğu mənasını vermir!"

Maraqlıdır ki Harun Yahya ilk paraqrafda "nəyisə" düz deyib. Yalnız şimpanzelərlə deyil, müəyyən bəzi təməl zülallarımız demək olar ki bütün canlılarla ortaqdır. Lakin aralarında fərqlər var. Eyni zülal, fərqli canlılardakı genlərin təkamül müddətindəki dəyişmələri səbəbiylə bəzi dəyişikliklər daşıyır. Yəni, eyni zülaldır, amma amin turşusu düzülməsində bəzi fərqlər var. Funksiyası, vəzifəsi eynidir, amma quruluşunda kiçik və ya qohumluq səviyyəsinə görə daha böyük fərqlər görünür. Qısacası, eyni zülalın fərqli versiyalarına sahibik və bunlar arasındakı fərqliliklər də qohumluq səviyyəsinə (uzaq, yaxın) işarə edir.

İlk paraqrafdan sonra bəhs edilən nematod soxulcanlarının insanlarla olan bənzərliyiylə əlaqədar verilən nisbətlər, bu mövzunun Harun Yahya tərəfindən çox da yaxşı anlaşılmadığını göstərir. Nematod soxulcanlarıyla əlaqədar məqalədə, insanlardakı ən yaxşı bilinən 5.000 genin nematod soxulcanı genomunda axtarıldığı və bunlardan 75%-ın olduğu bildirilir. İnsan və nematod genlərinin birə-bir müqayisə edilməsində hansı nisbətdə bir bənzərlik olduğundan bəhs edilmir! Şimpanzelərlə insanların vəziyyəti isə olduqca fərqlidir. İnsan və şimpanzenin eyni funksiya və vəzifəyə sahib olan genləri amin turşusu əsasında birə-bir müqayisə edildikdə orta hesabla hər bir zülalda 2 amin turşusu fərqliliyi ehtiva etdikləri ortaya çıxır ki, bu da 99%-dan da yüksək bir nisbətə bərabərdir.

Harun Yahya: "İnsanla meymun arasındakı genetik oxşarlıq mövzusunda təkamülçü mənbələrdə yer alan bir digər nümunə isə insanda 46, şimpanzedə isə 48 xromosom olduğudur. Təkamülçülər, xromosom saylarının yaxınlığını təkamülləşməyə bir dəlil kimi göstərirlər. Bu məntiq etibarlı qəbul edilsə, insana şimpanze qədər yaxın bir qohumun daha varlığını qəbul etmək lazımdır: Kartof! Çünki kartofun da meymun kimi 48 xromosomu var. İnsan xaricindəki canlılar araşdırıldığı zaman da təkamülçülər tərəfindən var olduğu iddia edilən qohumluq əlaqələrinin, molekulyar səviyyədə var olmadığı görülür. Bu fakt, genetik bənzərlik anlayışının təkamül nəzəriyyəsinə bir dəlil meydana gətirmədiyini göstərməkdədir."

Burada böyük bir çaşdırma gözə dəyir. Heç kim yalnız xromosom sayına baxaraq iki fərqli növün qohum olduğunu iddia etmir! Belə bir şey həqiqətən də axmaqcasına olardı. Xromosom sayı tək başına heç bir şey ifadə etmir. Əsl əhəmiyyətli olan xromosomların strukturları və genetik məzmunlarıdır. İnsanlarda 46 və şimpanzelərdə 48 xromosom olmasının təkamül nöqteyi-nəzərdən nə qədər uyğun olduğunu isə belə şərh etmək olar: Müəyyən bir dövrdə yaşamış olan 24 cüt xromosoma sahib olan bir növ böyük quyruqsuz primatdan törəyən bir qrup şimpanzelərə doğru təkamülləşərkən, digər bir qrupun xromosomlarında meydana gələn bir birləşmə ilə bu qrup zaman içərisində dəyişərək təkamüllə insanlara gələn qolu meydana gətirmişdir. İnsanın 2-ci xromosomunda uc hissələrdən başqa orta hissələrdə də telomerlər və istifadəsiz sentromer aşkar olunmuşdur. Genetiklərin kəşfi sayəsində məlum olmuşdur ki, bu meymunlarda olan 13-cü xromosomun uc-uca birləşməsi nəticəsində əmələ gəlmişdir. Beləliklə, insan və meymunların ortaq əcdadlarında 48 xromosom olduğu sübut olunmuşdur. 2 cüt xromosomun birləşməsi nəticəsində isə insanlar meydana gəlmişdir. Bu gerçəyin daha başqa bir çox dəlili insan və şimpanze xromosomlarının ətraflı araşdırılmalarıyla ortaya çıxmışdır.


Molekulyar səviyyədə, canlılar arasındakı qohumluq əlaqələrini göstərən dəlil olmadığı iddiası isə Harun Yahyanın fırıldaqçılığından başqa bir şey deyil. Yazının başından bəri bir neçə dəfə dediyim kimi insanlarla digər canlılar və xüsusilə də şimpanzelər arasındakı qohumluğa işarə edən əsas elmi məlumatlar canlıların DNT-lərində var. Yəni,
canlıların qohumluğunu göstərən ən möhkəm dəlillər molekulyar səviyyədədir. Molekulyar səviyyədə növlər arası qohumluğa işarə edən dəlillər olmadığını söyləmək üçün ya elmi yeniliklərdən bixəbər olmaq ya da elmi məlumatları şüurlu şəkildə gözardı etmək lazımdır. Francis Collins'in "The Language of God" (Tanrının Dili) adlı kitabından tam da bu məsələyə uyğun olduğunu düşündüyüm bir sitat gətirməyi uyğun görürəm.

"Burada genom tədqiqatlarından ötürdüyüm nümunələr və bunlara əlavə olaraq bu kitab kimi yüzlərcəsini əvəz edəcək digər nümunələr, təkamül nəzəriyyəsi üçün, demək olar ki, bütün bioloqları Darvinin variasiya və təbii seçmədən ibarət olan sisteminin şübhə edilməz bir şəkildə doğru olduğu mövzusunda razı edəcək növdə bir molekulyar dəstək təmin etmişdir. Əslində, mənim kimi genetika sahəsində çalışanlar üçün genom tədqiqatlarından gələn ucsuz-bucaqsız məlumatları əlaqələndirə bilmək, Darvinin nəzəriyyəsinin təməlləri olmadan az qala qeyri-mümkün olardı." (Francis Collins, The Language of God, s. 141)"

Harun Yahya:
"Təkamülçülərin şimpanze-insan arasında 99% bənzərlik olduğu iddiası göründüyü kimi şişirdilmiş bir iddiadır. Lakin iki fərqli növdəki canlı 99% nisbətdə bənzər belə olsa, bu ikisi arasında təkamül əlaqəsi qurmaq olmaz. Çünki genetika tədqiqatları növlərin çox xüsusi genetik kodlara sahib olduqlarını göstərməkdədir. Bu kodlarda meydana gələn ən kiçik dəyişiklik belə o növ baxımından ölümcül nəticələr gətirməkdədir. Üstəlik, canlılardakı bu xüsusi quruluş genetik kodun işləməsiylə əlaqəlidir."

İnsanların belə əcdadlarının haradan gəldiyi, kimlər olduğu kimi məlumatlar DNT araşdırmalarıyla məlum olduğu halda, Harun Yahyanın bu tip bir şərh etməsi mövzu haqqında kifayət qədər məlumata sahib olmadığını göstərir. Törəyərək yeni nəsillər formalaşdırdığımızda DNT-miz kiçik dəyişikliklərə uğrayır və gələcək nəsillərə davamlı dəyişərək ötürülür. Dəyişiklik fayda təmin edərsə (bu növdən və onun yaşadığı mühitdən asılı ola bilər) gələcək nəsillər təkamül yolunda böyük bir addım atmış olurlar, etməzsə növlər təbiətdə məğlub olurlar. Bənzərliyin miqdarı qohumluq əlaqəsinin məsafəsini göstərir. Bənzərliyin qohumluqla əlaqəsi olmadığını iddia etmək elmi həqiqətdən uzaq hesab olunmalıdır.


ardı var...
Yazını dostlarla bölüş

4 şərh var:

  1. bu yazini oxudum, mene cox maraqlidir ki, bu yazini yazanin ixtisasi nedir?

    ReplyDelete
  2. Bu yazini yazanin ixtisasi o geder coxdurki saysan qutarmaz :D

    ReplyDelete
  3. Anonymous9/24/2013

    Oxşarlıq heç də qohumluq demək deyil. Sizin bilmiriəm, mənim meymunlarla heç bir qohumluğum yoxdur. Oxşarlığa gəldikdəc isə Allah-təalə daha yaxşı bilir. Harun Yəhyanın dedikləri heç nəyi dəyişmir. Allah-Təalənin yaratdığı hər bir varlıq kamildir.Yaradılışdan kamildir və heç bir təkamülə ehtiyac da yoxdur. Güzgü qarşısında durub özünüzə baxın və deyin - Mən yox idim və məni yoxdan yaratdılar. Yaradanın qüdrəti kamil yaratmağa çatır

    ReplyDelete
  4. Yaxşı bu haqda yazdıqları səhv olsun. Bəs qalan onlarla kitabdakı,meqalelerdeki yazılarda səhvdi?

    ReplyDelete

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top