April 28, 2015

Alim: "Xristianlığın yaranması meteorit düşməsi ilə əlaqəlidir"

ABŞ-dan olan astronom Uilyam Hartmannın gəldiyi qənaətə görə, 2000 il əvvəl Yerə düşmüş meteorit, bu gün dünyada ən yayılmış din olan xristianlığın yaranmasının təməlini qoyub.

Savlın (xaç suyuna salınmazdan əvvəl Paveli belə adlandırırdılar) Dəməşqə səyahət edən zaman yolda aldığı vəhy və nəticəsi olaraq dinə gəlməsi xristianlıqdakı ən məşhur epizodlardandır. Savl, xristianlara qarşı aqressiv münasibətləri olan fariseylərə aid idi. Hətta belə bir hadisə də danışılır ki, sonradan həvari olacaq Savl, xristianların ilk şəhidi hesab olunan Stefanı Yərusəlimdə xristianlığı təbliğ etdiyinə görə daşqalaq edərək öldürmüşdür.

Savl xristianları təqib etmək üçün Yərusəlimdən Dəməşqə yol alırdı ki, həmin vaxt göydən güclü işıq saçdığını fərq etdi. Əhdi-Cədid kitabında "Müqəddəs həvarilərin əməlləri"ndə bu, xüsusilə belə izah olunur: "Yolda, günün günorta çağı göydə, Günəşdən belə daha güclü parlayan işıq gördüm...". Hartmann hesab edir ki, iki il əvvəl çelyabinsk meteoriti düşdükdə sakinlərin yaşadıqları anlar kitabda izah olunan təsvirlə eynidir. Savl ilk öncə işıq görür və zərbə dalğaları onu yerə yıxır. Ardından o, asteroidin partlayışını eşidir və bunun Məsihdən göndərilən vəhy olduğunu düşünür.

Bir neçə gün gözləri görməyən farisey Savlın görmə bacarığı, yalnız Dəməşqə çatdıqdan sonra Ananiya ilə görüşdükdə yenidən bərpa olunur. Hartmannın dediyinə əsasən, Savl elektrooftalmiyadan əziyyət çəkmiş olmalıdır. Elektrooftalmiya gözlərə ultrabənövşəyi şüalarla zəngin intensiv işıq düşdükdə meydana gəlir.

Savlın dinə gəlməsi xristianlığın yaranması və yayılmasında olduqca vacib rol oynayıb. O olmasaydı, xristianlıq inancının gələcək taleyi bəlkə də tamam fərqli qurulardı. Hələlik alimlər Suriya ərazisində eramızın I əsrinə (həmin hadisənin o dövrdə baş verdiyi hesab edilir) aid ola biləcək hər hansı bir meteoritə rast gəlməyiblər. Dolayısıyla, Uilyam Hartmannın versiyası hipotez olaraq qalır. Bu haqda daha ətraflı Meteoritics & Planetary Science'da, qısa icmal üçünsə New Scientist'də oxuya bilərsiniz.

Həmçinin oxuyun:

Kral Davudun dövləti mövcud olub
Niyə müsəlmanlar və yəhudilər donuz ətindən imtina etdilər?
Marsa aid ən qədim meteoritlər
daha ətraflı...

April 15, 2015

Ölüm astanasındakı fenomenal hadisələrin səbəbi nədir?

Ürək dayanması təcrübəsi yaşamış bir çox xəstələr ölümün astanasında keçirdikləri həyəcanlı anları unuda bilmirlər. Onlar, ya sonu parlaq işıq saçan tunel gördüklərini, ya vəfat etmiş qohumları ilə ünsiyyətdə olduqlarını, ya da özlərini kənardan müşahidə edib, otaqda baş verən hər şeyi eşitdiklərini deyirlər. Bunun, iki dünya arasındaki keçid mərhələsi olduğuna əminliklərini bildirən teoloqların sayı az deyil.

Mütəxəssislərin dediyinə görə, belə bir hadisənin səbəbi ürək fəaliyyəti yavaşladıqda beyin aktivliyinin sürətlə artmasıdır. Alimlər apardıqları tədqiqatda doqquz siçovulu asfiksiyaya məruz qoyaraq, xüsusi cihazlarla onların vəziyyətini öyrənməyə çalışıblar. Bu xüsusi qurğu elektrokardioqraf və ya elektroensefaloqrafı xatırladır. Məlum olub ki, ürək dayandıqdan və beyin aktivliyi ani olaraq artdıqdan sonra bu fenomenal prosesi cəmi 30 saniyə ərzində müşahidə etmək olar. Beynin qısamüddətli aktivliyi qlükoza və oksigen axınının dayanmasından sonra meydana gəlir.

Tədqiqatçılar beyin və ürək arasında yeni əlaqə aşkar etdiklərini qeyd edirlər. Belə ki, ürək aktivliyinin yavaşlamasından sonra beyin siqnalları və ürək döyüntüləri arasında sinxronluq olduğunu açığa çıxarıblar. Hər iki fəaliyyətin üst-üstə düşdüyü bu mərhələdə qəribə görmələr müşahidə oluna bilər.

2012-ci ildə ölüm anı həyəcanları araşdırmaları mərkəzindən olan alimlər "işıqlı tunel" və digər oxşar hadisələrin spontan olaraq meydana gələn "ayıq" və ya şüurlu yuxu görmələri olduğunu qismən sübut etməyə nail olmuşdular. Şüurlu yuxular və ölüm anında yaşanan həyəcanların hər ikisində də eyni beyin mexanizmləri işə düşürdü.

Alimlər siçovulların beyin siqnallarını susduraraq, beyin mədəciklərinin fibrillyasiyasını yavaşlada biliblər, nəticədə qan dövranı dayanıb. Beyin və ürəyin bu "duetinin" nəticəsi olaraq meydana gələn görmələr bəzi hallarda insanlara yaşamaq ümidi verə bilər - bunu, bir növ, ölümlə mübarizə kimi də adlandırmaq olar, alimlər deyir. Bununla belə geriyə daha bir neçə vacib sual qalır ki, gələcək araşdırmalarda yekun nəticələr alınacağı güman edilir.

Həmçinin oxuyun:

Yuxularımıza necə nəzarət edə bilərik?
Həyat və ölüm arasındaki "sərhəd" nədir?
Niyə stress infarkta səbəb olur?
daha ətraflı...

Niyə hörümçəklərdən qorxuruq?

İnsanlarda müşahidə edilən ən yayılmış fobiya növlərindən biri araxnofobiyadır, yəni hörümçəklərdən qorxu. Mütəxəssislər bu qorxunun insanlarda təkamül nəticəsində yarandığını hesab edirlər.

Araxnofobiya - müxtəlif insanlarda tez-tez rast gəlinən zoofobiya növüdür. Hörümçəklər qarşısındaki vahiməyə insan həyatının müəyyən bir dövründə baş vermiş hər hansı bir hadisə səbəb ola bilər, xüsusilə də əgər bu hadisə uşaqlıqda baş veribsə. Bununla belə alimlər hesab edir ki, araxnofobiya təkamülün məhsullarından biridir - milyonlarla insanın bu səkkizayaqlı varlıqlardan qorxusunun mənşəyində yalnız bu səbəb dura bilər.

Eksperimentdə 252 nəfər iştirak edib. Könüllülərə çox da xoş olmayan müxtəlif heyvan və əşya şəkilləri göstərilib. Bunlar arasında milçəklər, hörümçəklər, ağcaqanadlar, dəmirdən iynələr və s. yer alıb. Göstərilmiş şəkillərdə təsvir olunan canlıların bir çoxu həyatda təhlükəli olsalar da, iştirakçıların beyni hörümçək şəkillərinə daha tez reaksiya verib. Bir çox mütəxəssisin rəyinə görə, bu instinktiv reaksiya qədim dövrlərdə çoxlu sayda insanı qurbanına çevirmiş zəhərli hörümçəklər qarşısındaki ehtiyatdan qaynaqlanır.

Bütün alimlər belə qənaətdə deyil. 1996-cı ildə niderlandlı tədqiqatçılar apardıqları təcrübədə araxnofobiyadan əziyyət çəkən uşaqların 41%-inin həyatlarında neqativ hadisə ilə qarşılaşdıqlarını və bunun da hörümçəklərdən qorxunun zəminini hazırlamış olduğunu aydınlaşdırmışdılar. Maraqlıdır ki, hörümçəklərdən daha çox qorxan uşaqlar da elə məhz həmin 41% içərisində idi.

Araxnofobiyanın bir neçə müalicə üsulu var. Bunlardan ən effektivi konfrontasion terapiya adlanan, hörümçəklə kontakta girmə prosedurundan ibarət müalicə yoludur (buğumayaqlıya toxunaraq və s.). Müasir dövrdə bu fobiya ilə mübarizə üçün virtual reallıqdan da uğurla istifadə olunur.

Həmçinin oxuyun:

Viaqraya alternativ hörümçək zəhəri
Bəşəriyyət tarixinin ən dəhşətli işgəncələri
Nəhəng ördəkburun fosilləri tapıldı
daha ətraflı...

April 6, 2015

Sürətli radioşüalanmalar yerdənkənar sivilizasiyalara aiddir?

Alimlərin gəldiyi qənaətə görə, fast radio burst (FRB) adlanan şüalanmalar süni xarakter daşıya və yerdənkənar sivilizasiyalara məxsus ola bilər. Bu iddia, sözsüz ki, hələlik adi hipotezdən artıq olmasa da, şüalanma səbəbinin ən mümkün izahını təqdim edir.

Elm ictimaiyyəti müəmmalı şüalanmalar barədə ilk dəfə 2007-ci ildə xəbər yaymışdı. Sürətli partlayış radioşüalanmaları elə o vaxt, "Aresibo" və "Parks" teleskoplarından radiopulsarların müşəhidə edilməsi prosesində aşkar edilmişdi. FRB kəsildikdən sonra belə daha doqquz oxşar şüalanma qeydə alınmışdı. Ötən il növbəti radioşüalanma qeydə alındıqda isə alimlər məsələyə daha ciddi yanaşmağa başladılar.

Astrofiziklər on bir radioşüalanma hadisəsini analiz edərək, FRB mənbəyinə qədərki məsafəni hesablamağa çalışıblar. Qısa uzunluqlu dalğaları olan şüalanmanın ulduzlararası mühitin ionları tərəfindən "tormozlandığı" səbəbindən, uzundalğalı şüalanmalar teleskoplara daha tez çatır. Alimlər, bu məlumatlardan yararlanaraq, şüalanma mənbəyi ilə aradaki məsafəni ölçməyi bacardılar.

Aydın olub ki, şüalanmanın mənbəyi qalaktikamızın hüdudlarından kənarda yerləşir. Hər radioşüalanmanın başlanması və tükənməsi arasında zaman aralıqları baş verir ki, bunun əsasında alimlər qalaktikamızdan kənar və ard-arda eyni aralıqda yerləşən beş şüalanma mənbələri olduğunu deyirlər. Lakin bu versiyanın doğru olduğuna ehtimal 0,05%-dir.

Digər mümkün versiyaya əsasən, müəyyən və sabit fasilələrlə uzun və qısa dalğalar ötürən şüalanma mənbələri mövcud olmalıdır. Əgər Süd Yolu qalaktikasının hüdudlarından kənar məkandan ötürülən radioşüalanmalar süni xarakter daşıyırsa, bu, yüksək intellektli yadplanetli sivilizasiyalar arasındaki ünsiyyət vasitəsilə qarşılaşmış ola biləcəyimizi göstərir.

FRB məlumatlarına əsaslanaraq belə bir elmi-fantastik nəticəyə gəlmək üçün hələlik tezdir, çünki tutarlı nəzəriyyə hazırlamaq üçün daha çox müşahidə və ətraflı analiz işləri tələb olunur. Alimlər bu səbəbdən tədqiqatı davam etdirmək istədiklərini bildirirlər.

Həmçinin oxuyun:

Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Superkütləli qara dəlikdən rekord miqdarda tullantı
daha ətraflı...

April 3, 2015

Avropalılar ağ dəri rəngini necə qazanıblar?

Mütəxəssislərin dediyinə görə, avropalıların ağ dəri rəngi qazanması və inək südünü həzm etməyə başlaması bir o qədər də qədim tarixdə baş verməyib. Təxminən 8 min il əvvəl Avropa sakinləri qara dəri rənginə sahib idilər.

Amerikalı antropoloqlar maraqlandıqları suallara cavab tapmaq üçün avropalılara aid genləri araşdırmaq qərarına gəliblər. Onlar, müasir və qədim insanların DNT-lərini müqayisə etdikdən sonra, dəri rəngi və rasiona cavabdeh genlərin güclü təbii seçməyə məruz qaldığını aydınlaşdırıblar. Bu seçmə avropalıların zahiri görünüşünə təsirsiz ötüşməyib.

Təkcə Afrikadan Avropaya təxminən 40 min il əvvəl köç edən insanlar deyil, 8,5 min il əvvəl artıq orada yaşayan, onların nəsil davamçıları olan avropalılar da qaradərili olublar, alimlər deyir. Lakin bir müddət sonra günəş şüalarının az olduğu Şimali Avropada ciddi dəyişikliklər baş verməyə başlayıb.

Hazırki İsveç dövlətinin cənubunda ovçuluq və yığıcılıqla məşğul olan qədim insanlara aid qalıqlar tapıldıqdan sonra, onların açıq dəri rənginə sahib olduqları məlum olub. Buna, SLC24A5SLC45A2 kimi bir neçə gen cavabdehdir. HERC2/OCA2 geni mavi göz və açıq saç rənglərilə əlaqəlidir. Bütün bu genlər 7700 il əvvəl yaşamış şimali avropalılarda var idi.

Avropa sakinləri inək südünü həzm etməyi daha sonralar - təxminən 4,3 min il əvvəl öyrəniblər. Bu isə LCT geni ilə əlaqəlidir. Amerikalı alim Nina Yablonski hesab edir ki, sadalanan genlərin təbii seçməyə məruz qalması, D vitamini istehsalı məcburiyyətindən qaynaqlanır. Beləliklə, ağ dəri ultrabənövşəyi şüaların daha effektiv udulmasını, LCT geni isə inək südündən D vitamini alınmasını təmin edib.

Daha əvvəlki tədqiqatlardan məlum olmuşdu ki, əkinçiliyin inkişafından əvvəl (təxminən 8,5 min il əvvəl) avropalılar qarabəniz dəriyə və mavi göz rənginə sahib olublar. Bununla yanaşı qədim avropalılar arasında çoxlu genetik və mədəni fərqlər olduğu aşkar edilib.

Həmçinin oxuyun:

Qədim avropalı mavi gözlü və qarabəniz idi
Qarabəniz yoxsa sarışın - cəmi bir hərflik fərq
Dəri rəngləri niyə fərqli şəkildə təkamülləşmişdir?
daha ətraflı...

April 1, 2015

İki ayağı üzərində yeriyən "karolina qəssabı" tapılıb

Krokodilomorfa aid qalıqlar ABŞ alimləri tərəfindən aşkar edilib. Dəhşətli varlığa "karolina qəssabı" adı verilib.

Carnufex carolinensis trias dövrünün sonlarında, hazırki Şimali Karolina ştatı ərazisində yaşayıb. Canlının fosilləşmiş qalıqlarının hələ on il əvvəl tapılmış olduğuna baxmayaraq, bu günə qədər ştatın təbiət elmləri muzeyinin ehtiyat qalıqları arasında saxlanılırdı. Alimlər yalnız bir müddət əvvəl üstünü toz basmış qalıqlarla maraqlanmağa başladıqda, tamamilə yeni yırtıcı növü ilə qarşılaşdıqlarını anladılar.

Mütəxəssislər canlının təxminən 3 metr hündürlükdə olduğunu qeyd edirlər. Qısa ön pəncələrinin uzunluğu kimi bir çox göstəriciləri, karnufeksin eynən tirannozavr reks kimi iki arxa ayaqları üzərində hərəkət etdiyini göstərir. Skaner köməyilə qədim yırtıcının kəllə sümüyünün 3D modeli çıxarıldıqda, ona dəhşətli filmlərin baş qəhramanlarına xarakterik ad verilib.

"Onun, qurbanın sümüklərindən ətini qoparmaq üçün lazım olan bütün avadanlıqları var idi - nazik, qabağa uzanan kəllə sümüyü və onlarla ülgüc kimi iti dişi", - tədqiqatın müəllifi Lindsi Zenno izah edir.

Hələlik karnufekslərin şikarlarını hansı üsulla ovladığı sirr olaraq qalsa da, alimlər qurbanları arasında disinodontetozavrlar kimi ot yeyən arxozavrlar olduğunu düşünürlər. Bu növlər məməlilərin uzaq qohumları hesab olunur.

Trias dövrü öz böyük sayda yırtıcıları ilə məşhurdur. Ot yeyən heyvanların azlığı bu yırtıcıları hətta bir-birini ovlamağa vadar edirdi. Yura dövrü başladıqda isə onların hamısı artıq məhv olmuş, əvəzində meydana teropodlar çıxmışdı. Sağ qalanlar arasında kiçik krokodiləoxşar növlər var idi ki, müasir çaqqal və tülkülərin ekoloji yerlərini tutmuşdular. Beləcə onlar, dinozavrların yerüzündən silinməsi ilə tanınan növbəti kütləvi qırılma dövrünə qədər mövcudluqlarını davam etdirdilər.

Həmçinin oxuyun:

İlk yırtıcılar dimetrodonlar idi
Dinozavrların qırılmağına səbəb asteroid deyildi
Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top