ABŞ-dan olan astronom Uilyam Hartmannın gəldiyi qənaətə görə, 2000 il əvvəl Yerə düşmüş meteorit, bu gün dünyada ən yayılmış din olan xristianlığın yaranmasının təməlini qoyub.
Savlın (xaç suyuna salınmazdan əvvəl Paveli belə adlandırırdılar) Dəməşqə səyahət edən zaman yolda aldığı vəhy və nəticəsi olaraq dinə gəlməsi xristianlıqdakı ən məşhur epizodlardandır. Savl, xristianlara qarşı aqressiv münasibətləri olan fariseylərə aid idi. Hətta belə bir hadisə də danışılır ki, sonradan həvari olacaq Savl, xristianların ilk şəhidi hesab olunan Stefanı Yərusəlimdə xristianlığı təbliğ etdiyinə görə daşqalaq edərək öldürmüşdür.
Savl xristianları təqib etmək üçün Yərusəlimdən Dəməşqə yol alırdı ki, həmin vaxt göydən güclü işıq saçdığını fərq etdi. Əhdi-Cədid kitabında "Müqəddəs həvarilərin əməlləri"ndə bu, xüsusilə belə izah olunur: "Yolda, günün günorta çağı göydə, Günəşdən belə daha güclü parlayan işıq gördüm...". Hartmann hesab edir ki, iki il əvvəl çelyabinsk meteoriti düşdükdə sakinlərin yaşadıqları anlar kitabda izah olunan təsvirlə eynidir. Savl ilk öncə işıq görür və zərbə dalğaları onu yerə yıxır. Ardından o, asteroidin partlayışını eşidir və bunun Məsihdən göndərilən vəhy olduğunu düşünür.
Bir neçə gün gözləri görməyən farisey Savlın görmə bacarığı, yalnız Dəməşqə çatdıqdan sonra Ananiya ilə görüşdükdə yenidən bərpa olunur. Hartmannın dediyinə əsasən, Savl elektrooftalmiyadan əziyyət çəkmiş olmalıdır. Elektrooftalmiya gözlərə ultrabənövşəyi şüalarla zəngin intensiv işıq düşdükdə meydana gəlir.
Savlın dinə gəlməsi xristianlığın yaranması və yayılmasında olduqca vacib rol oynayıb. O olmasaydı, xristianlıq inancının gələcək taleyi bəlkə də tamam fərqli qurulardı. Hələlik alimlər Suriya ərazisində eramızın I əsrinə (həmin hadisənin o dövrdə baş verdiyi hesab edilir) aid ola biləcək hər hansı bir meteoritə rast gəlməyiblər. Dolayısıyla, Uilyam Hartmannın versiyası hipotez olaraq qalır. Bu haqda daha ətraflı Meteoritics & Planetary Science'da, qısa icmal üçünsə New Scientist'də oxuya bilərsiniz.
Həmçinin oxuyun:
* Kral Davudun dövləti mövcud olub
* Niyə müsəlmanlar və yəhudilər donuz ətindən imtina etdilər?
* Marsa aid ən qədim meteoritlər
0 şərh var:
Post a Comment