June 3, 2015

Şotlandiya məktəblərində kreasionizm tədrisi qadağan edilib

Şotlandiya Sekulyar Cəmiyyəti (SSS) böyük zəfəri bayram edir: hökümət yerli məktəb dərslərində "yaradılışçılıq" tədrisini qadağan edən qətnamə çıxarıb. Psevdoelmi konsepsiyanın yalnız dəqiq elmlərin tədrisində deyil, eyni zamanda dini və əxlaqi-etik kurslar çərçivəsində də təbliğatının yolverilməz olduğu qeyd edilir.

SSS belə bir tələblə hələ ötən ilin sentyabr ayında parlamentə müraciət etmişdi və yaxın vaxta qədər normanın tətbiq edilib-edilməyəcəyi şübhəli idi. Bir neçə həftə əvvəl təhsil və mədəniyyət üzrə parlament komitəsinin üzvləri bəyanat yayaraq, belə bir tədbir görülməsinin lazımsız olduğunu və parlamentarilərin rəyinə əsaslanaraq, bu mövzuda müəllimlərin mütəxəssislik bacarıqlarına etibar etməli olduqlarını bildirmişdilər.

Lakin bir müddət sonra Şotlandiya təhsil və mədəniyyət naziri Elesdeyr Allan tərəfindən komitəyə məktub ünvanlandı. Məktubda "yerli məktəblərdə qəbul edilmiş səkkiz tədris istiqamətlərinin hər birisi üçün qanun və dövlət qətnamələrində qeyd edilmiş prinsiplər kreasionizmi elmi konsepsiya kimi tanımır və bu səbəbdən elmi istiqamət üzrə kursların bir hissəsi olması yolverilməzdir" deyə qeyd edilir. Və nəhayət müvafiq qətnamə buraxılıb.

Kreasionizm və ya başqa adıyla "yaradılışçılıq" - bəşəriyyət, heyvanlar, Yer və ümumiyyətlə bütöv dünyanın bilavasitə Tanrı tərəfindən yaradılmış olduğu düşüncəsinə əsaslanan teoloji konsepsiyadır. Dünyanın bütün prestijli təhsil ocaqları kreasionizmi psevdoelmi doqma kimi qiymətləndirsə də, kreasionistlər öz ideyalarının kifayət qədər elmi olduğunu və təkamül biologiyası kimi digər elm sahələri ilə yanaşı tədris edilməsinin vacib olduğunu vurğulayırlar.

Əlavə edək ki, elmi əsaslı nəzəriyyə kimi kreasionizmin tədrisi Birləşmiş Krallıqların digər iki ölkəsi İngiltərə və Uelsdə artıq bir müddətdir qadağan olunub.

Həmçinin oxuyun:

Britaniyada kreasionizm tədrisi qadağan edildi
Avropa Şurası Parlament Assambleyasının 1580 saylı Qətnaməsi
"Elmə qarşı müqavimətin" psixologiyası
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top