February 20, 2015

Alimlər: "Nə olursa olsun, yadplanetli sivilizasiyalarla əlaqə yaratmalıyıq"

Amerika elminin inkişafına dəstək assosiasiyasının (AAAS) təşkil etdiyi konfransda iştirak edən ABŞ alimlərinin dediyinə görə, digər planetlərdə yaşaya biləcək sivilizasiya səviyyəsinə qədər inkişaf etmiş üstün zəka nümayəndələri ilə aktiv əlaqə yaratmaq istəyiriksə, indi bunun əsl vaxtıdır. Onlar, gələcək fəaliyyəti şübhə altında olan SETI (yerdənkənar sivilizasiyaların axtarışı üzrə tədqiqat mərkəzi) layihəsinə daha artıq dəstək verilməsi və Yerdən kosmosa siqnal ötürülməsi işinin davam etdirilməsi lazım olduğunu vurğulayırlar.

SETI institutundan olan tədqiqatçılar artıq 30 ildən çoxdur ki, kosmosdan yayılan siqnalların dinlənilməsi ilə məşğuldur. Bunun üçün onlar Hat-Trik, Kaliforniyada yerləşən radioteleskopların massivlərindən yararlanırlar. Lakin indiyədək üstün şüurlu yadplanetli həyatına aid hər hansı bir əlamət aşkar edə bilməyiblər.

"Axtarışı aktivləşdirməyin vaxtıdır. Bizlərdən bir çoxu təkcə kosmosdan yayılan siqnalların dinlənilməsi ilə deyil, həm də yaxın məsafələrdə yerləşən bir neçə ulduzlara məktub göndərilməsi ilə maraqlanır. Bu, günlərin birində cavab alacağımız şansını artırır", - SETI təşkilatının rəhbəri doktor Set Şostak konfrans iştirakçılarına müraciət edərək, qeyd edib.

Yerlilər artıq bir neçə dəfə kosmosa məktub göndəriblər. Misal üçün, 1974-cü ildə Puerto-Rikoda yerləşən Aresibo radioteleskopu vasitəsilə Herkules bürcündə yerləşən, Yerdən 23 min işıq ili uzaqdaki M13 ulduz qrupuna məktub ünvanlanmışdı. Ancaq qeyd etmək lazımdır ki, həmin siqnal hələ heç Süd Yolu qalaktikasının hüdudlarını tərk etməyib.


Bəzi mütəxəssislər aqressiv yadplanetlilərin Yerə hücumundan ehtiyatlanaraq, belə addımı birmənalı qarşılamırlar - haqlı da ola bilərlər, axı mümkün yadplanetlilərin hansı məqsədlərlə yaşadıqları məlum deyil. Lakin Şostak hesab edir ki, bu, elmi-fantastik ədəbiyyat süjetindən başqa bir şey deyil: əgər yadplanetli zəkasını aqressiyaya təşviq etməsək, ona heç vaxt əl atmayacaqlar.

"İstər-istəməz yerdənkənar sivilizasiyalara bir çox şeylərdən danışmışıq, çünki son 70 ildə bəşəriyyət kosmosa çoxlu sayda məktub yayımlayıb ki, bunların da böyük bir hissəsi bilərəkdən edilməyib. Planetimizi məhv edə biləcək yadplanetlilər bizim mövcudluğumuzu artıq öyrənmiş olmalıdırlar", - doktor Şostak deyir.

Bir çox skeptiklərsə düşünür ki, kosmosa məktub yayımı faydasız vaxt itkisidir. Görüşə dəvət olunan fantast-yazıçı, fizik, NASA-nın konsultantı Devid Brin də bu fikirlə razıdır.

"Tarixçilər sizə izah edə bilər, inkişaf etmiş sivilizasiyalarla torpaqları mənimsənilməmiş yerli xalqların görüşü heç vaxt çətinliksiz ötüşməyib. Zənnimcə, hollivud stilindəki yadplanetli hücumunu gözləməli deyilik, əlaqə ehtimalı belə olduqca azdır. Lakin risk çoxdur, potensial yaşayış ola biləcək planetlərə siqnal göndərməzdən əvvəl yaxşıca düşünmək lazımdır. Xeyli mümkündür ki, nəvələrimizin həyatını ciddi təhlükəyə atırıq", - Brin izah edir.

Qabaqcıl astronom, antropoloq və sosioloqlar SETI-nin fəaliyyət planlarını konkretləşdirməyə çalışıblar. Əsas suallardan biri bəşəriyyətin kosmosa ünvanlamaq istədiyi məktubun necə olmasının müzakirəsi idi. Diskussiya iştirakçılarının əksəriyyətinin gəldiyi qərara görə, yadplanetlilərə göndərilməsi lazım olan məktub özümüz haqda nəcibləşdirilmiş informasiya olmalıdır - tariximizin xoşagəlməz rəhbərlərini bir kənara ataraq, fəxrlə bəşəriyyətin nailiyyətlərindən bəhs etməliyik. Set Şostaksa yadellilərlə görüşdə səmimi qalıb, özümüzü olduğu kimi təqdim etməyin daha yaxşı olacağını bildirir.

Həmçinin oxuyun:

"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
Əlaqənin çətinlikləri
"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top