October 19, 2013

İnsanda dəri rəngi təkamülü və tük azalması

İnsanlıq tarixinin qara səhifəsi olaraq, onlarla və hətta yüzlərlə il insanlara dəri rənglərindəki fərqliliklər səbəbilə əziyyət və işgəncə edilmiş, ümumiyyətlə qara rəngli insanlar köləliyə məhkum edilmişdir. Amma həqiqətən də dəri rəngimiz bizi bir-birimizə bu qədər insanlıq xarici davranışları göstərməyimiz üçün səbəb idi? Ağlar, görəsən hər zaman öyündükləri ağ rəngdə qalıblar? Qaradərili olmaq geridə qalmışlıq hesab edilə bilər? Bu yazıda bu suallara cavablar axtaracağıq və dəri rənginin təkamülünə nəzər salacağıq.

Dəri rəngimiz, təməl olaraq melanin adlanan bir piqmentdən asılıdır və ona görə dəyişikliklər göstərir. Hamımızın bildiyi kimi, insan növündə dəri rəngi ağdan qaraya qədər çox geniş ola bilər və qan damarlarının dəridən uzaq olduğuna görə açıq-çəhrayı dəri rəngləri belə görmək mümkündür. Dəri rəngi irsi xüsusiyyətdir və təkamül mənşələri üzərindəki tədqiqatlar hələ davam edir. Ən çox rəng müxtəlifliyi Sahara-Altı Afrikada müşahidə olunur. Həmçinin bildiyimiz kimi, dəri rəngimiz Günəşin altında qalma müddətimizə görə dəyişir və tündləşir (qaralır). Bu modifikasiyanın (qeyri-irsi fenotipik dəyişiklik) səbəbi, Günəş şüalarının artmasının verdiyi zərərlərə və ya ultrabənövşəyi şüaların bədənimizdəki folik turşusu (folat) tarazlığına verdiyi zərərlərə qarşı dərimizin adaptasiya olmasıdır. Bunu başa düşmək lazımdır: Qara rəng, Günəş şüalarına qarşı müqavimət yaradır və onları bədəndən keçirmir. Ağ rəng isə günəş şüalarını keçirir (adətən Günəş şüası çox olduqda açıq rəngli geyinirlər, çünki açıq rəng günəşi əks etdirir, amma dərimiz üçün tam əksi etibarlıdır, çünki paltarlarımızda biokimyəvi reaksiyalar baş vermir və dərimizə rəng verən maddə paltarlarımıza rəng verən sintetik maddələrin əksinə orqanik molekul olan melanindir, fərqi yaradan budur).


Utah Universitetindən olan təkamülçü genetik Alan Rogers və elmi qrup yoldaşlarının 2004-cü ildə Current Anthropology jurnalının 45-ci sayında nəşr etdirdikləri araşdırmalarında izah etdikləri kimi, apardıqları uzun və ətraflı elmi işlər müddətində planetin dörd bir yanından olan insan və şimpanzenin MC1R (Melanocortin 1 receptor) adlı genlərini müqayisə etdilər. Bu tədqiqat göstərdi ki, bundan təxminən 6 milyon il əvvəl şimpanzelər və insanlar bir-birindən ayrılmağa və hər birisi özü üçün təkamülləşməyə başladıqda, bu iki növün ortaq əcdadının dəri rəngi açıq rəngli və ya ağ rəngə daha yaxın rəngdə, lakin qara tüklərlə örtülü idi. Zamanla, bundan 1,2 milyon il əvvəlinə qədər olan müddətdə (təxminən 4.8 milyon il ərzində), get-gedə insanbənzəri növlər bədənlərindəki tükləri tökməyə başladılar. Bunun səbəbi kimi tüksüz bədənlərinin daha asan tərləməsi və beləcə daha asan istilik itkisinin baş verməsi göstərilir (Penn State Universiteti antropoloqu prof. Nina Jabłoński və prof. George Chaplinin araşdırmalarına və məqalələrinə baxa bilərsiniz, aşağıda daha geniş izah verəcəyik). Həmçinin cinsi seçmənin də təsiri olduğu hesab edilir. Amma nə olursa olsun, tədqiqatlar göstərir ki, 1,2 milyon il əvvəl Homo ergaster növündən Homo sapiens'in təkamülləşməsi əsnasında, yerüzündə müasir dövrdə yaşayan bütün insanların ortaq əcdadının dəri rənginə aid genlər hal-hazırda Afrikada yaşan insanlarınkı ilə eynidir. Bunun səbəbi genlərin yaratdıqları açıq bədən rəngi və bu rəngə sahib olanların qovurucu Afrika istiliyinə dözə bilməyərək ölmələridir. Əksinə, daha tünddərili fərdlər isə qızmar Günəş altında həyatrda qalmağı bacarmışdırlar. Beləcə daha tünd dəri rənglərinə sahib olanlar Təbii seçmə nəticəsində seçildilər və mövcudluqlarını davam etdirə bildilər. Hər nəsillərdə daha da tünddərili fərdlər meydana gəlməyə başladı. Bu səbəblə də, bundan 1,2 milyon il əvvəlindən təxminən 100.000 il əvvəlinə qədər bütün insanlar qaradərili idi.

Daha sonra, insan növü Afrikadan digər ərazilərə köç etməyə başladı. Bu, təxminən 100.000-70.000 il əvvəl başladı. Daha şimal, daha soyuq ərazilərə köç edən insan, Afrikadakı isti və qovurucu Günəş şüalarından xilas oldu və qara rəngi bu dəfə üstünlük təmin etməyən mövqeyə çəkildi. Bunun səbəbi kimi ağ dəri rənginə sahib olan fərdlərin daha çox vitamin D (cholecaliferol) çıxara bilmələri, azalan Günəş şüaları səbəbiylə folat molekullarının daha az parçalanması və s. faktorlar göstərilə bilər. Bunlara da bir azdan toxunacağıq.

Bu kimi ekoloji və genetik faktorlar nəticəsində Afrikadan ayrılan insanların rəngləri ağ rəngə doğru açılmağa başladı. Şərqi Asiyalılar və Avropalıların oxşar dəri rənglərinə sahib olmasının səbəbi şimal ərazilərə yerləşmələrindən qaynaqlanır.

İndi isə, ümumi xronoloji sıraya daha ətraflı nəzər salaq: Bundan 6 milyon il əvvəl insanlarla şimpanzelərin ortaq əcdadının dəriləri açıq rəngliydi və bədənləri kifayət qədər tüklü idi.

4,5 - 2 milyon il əvvəlinə qədər dəri rəngimiz müasir şimpanzelərinki ilə oxşar idi. Bu dövrlər arasında insanbənzəri əcdadlarımız yağışların bol olduğu meşələrdən (qədim meymunbənzəri əcdadlarımızın yaşadıqları əsas mühit) çıxaraq Afrika savanalarına yerləşdilər. Burada daha çox Günəş şüalarına məruz qaldılar. Üstəlik qida tapmaq üçün də daha çox səy göstərmək və Günəş altında daha çox vaxt itirmək məcburiyyətində idilər. Əhəmiyyətli bir məlumat: İnsan beyni istilik dəyişiklikləri qarşısında inanılmaz dərəcədə həssasdır. Təkcə 5-6 dərəcəlik bir temperatur artımı həddindən artıq bədən istiləşməsinə və bu səbəblə şok keçirməyinizə səbəb ola bilər. Buna görə, çox xüsusi bir adaptasiya lazımlı idi. Bu problemin həlli üçün insan irqi və ya daha doğru desək - təbiət gözəl üsul tapdı: Tərləmək.

İlk insanbənzəri əcdadlarımızda, 4,5 - 2 milyon il əvvəl şimpanzelərdəki qədər az tər vəzi var idi və çoxu, şimpanzelərdəki kimi ovuc içərisində və ya ayaqların alt hissəsində yerləşirdi. Lakin genetik müxtəliflik burada da dəyər qazandı və daha çox tər vəzinə və ya daha aktiv tər vəzlərinə sahib olan insanbənzəri fərdlər üstünlüklü mövqeyə keçid aldılar. 2,5 milyon illik Təbii seçmə prosesi nəticəsində əcdadlarımızın bədəni yeni tər vəzləri qazandı. Müasir insanların bədənində təxminən 2 milyon ədəd tər vəzi var və bu sayədə çox aktiv olaraq isti günlərdə tərləyərək istilik itirə bilirlər.

Bunun təsiri ilə insan bədəni tüklərini itirməyə başladı. Bunun əsas səbəbi tüklərin artıq işə yaramaz hal almaları idi. Yalnız həssas və ya əhəmiyyətli bölgələrimizdə qorunmaları təmin edildi (kəllə sümüyünü əhatə edən hissə, üz hissəsi, qolaltı, cinsi orqanların ətrafı və s.), lazım olan yerlərdə olduqca azaldılar, lakin mövcudluqlarını davam etdirdilər.

Tük tökülməsi eyni zamanda yeni bir problemi doğurdu: Günəş şüaları. Günəş şüaları bədəndə folat molekullarının meydana gəlməsi üçün zəmin hazırlayırdı və bu molekullar orqanizmimiz üçün olduqca zərərlidir. Çünki spermanın meydana gəlməsinə mane ola bilər və ya zərər verər, və bu molekullar süd vəzləri yoluyla insan balalarına keçdikdə sinir sistemi zədələnə bilər. Bunlar, Joblanski'nin tədqiqatlarının nəticələri idi.

Həmçinin prof. Farnsworth Loomis'in 1960-cı ildəki hipotezinin bir hissəsi indiki vaxtda etibarlılığını itirsə də, gələcək tədqiqatların qapısını açmış olması baxımından əhəmiyyətlidir: Bədənin Vitamin D'yə ehtiyacı var və Günəş şüaları bunun istehsalına təkan verir. Ağdərili insanlar ultrabənövşəyi şüaları daha asan və tez qapırlar və Vitamin D istehsalını artırırlar. Bu səbəblə Şimala köç edən insan növləri ağdərili olmuşdurlar. Ekvator bölgəsi və ətrafında yaşayanlar isə qaradərililərdir, çünki qara rəng Günəş şüalarını blok edir (qarşısını alır) və insanın həddindən artıq Vitamin D çıxarmasına mane olur.

Jablonski'nin tədqiqatları insan bədəninin heç vaxt həddindən artıq Vitamin D yarada bilməyəcəyini ortaya qoymuşdur. Amma Loomis'in fərziyyəsindən yola çıxaraq Jablonski, Loomis'in Vitamin D ilə əlaqədar iddialarını və özü ilə yoldaşlarının folat molekulları ilə əlaqədar işlərini gözdən keçirərək insanın dəri rənginin dəyişməsini və təkamülünü dəqiq olaraq açıqlamışdır.


Ekvator yaxınlığında yaşayan insanlar qara rəngli bədənə sahibdirlər, çünki qara rəngləri Günəş şüalarına mane olur və onların qarşısını alır. Şimal bölgələrdə yaşayan insanlar isə ağ bədən rənginə sahibdirlər, çünki bol Günəş şüasına ehtiyac duyurlar və bu sayədə uzun sürən qış günlərində düşən az miqdarda şüaları yığa bilirlər və ehtiyacları olan Vitamin D'ni istehsal edə bilirlər. Tədqiqatlar əsnasında Jabłoński, bu prosesdə insanın Şimal bölgələrə köç edərək orada D vitamini ilə zəngin olan balıqları da ovlamasının əhəmiyyətini açıqlamışdır.

Yəni, dərimizin rəngi nə olursa olsun, bundan 1,2 milyon il əvvəlinə qədər hal-hazırda yaşaan bütün insanların tək bir ortaq əcdadı mövcud idi və Afrikada yaşayan bu əcdadımızın dəri rəngi qara idi. Daha sonradan meydana gələn köçlərlə ağ bədən rəngi təkamülləşmişdir. Düşüncələrimiz, bədən rənglərimiz, sonradan icad etdiyimiz millətlərimiz və nəyimiz fərqli olursa olsun, unutmamalıyıq ki, biz bir canlı növüyük. Tək bir əcdaddan törəmişik və bütün fərqlərimizin tək səbəbi aid olduğumuz təbiətin fərqli şərtlərinin bizi apardığı fərqli təkamül yollarıdır. Bu kiçik budaq ayrılıqlarımızdan başqa heç bir fərqimiz yoxdur.


Qaynaq:

wikipedia.org

washington.edu
Yazını dostlarla bölüş

4 şərh var:

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top