ESO (Avropa Cənub Rəsədxanası) astronomları Proksima Sentavra ulduzu ətrafında dövr edən planetin tapıldığı iddiasını təsdiqləyiblər. Ulduzu ilə arasındaki uyğun məsafəni nəzərə alsaq, ekzoplanetdə maye halda su mövcud ola bilər - dolayısı ilə həyat da.
Avqustun 12-də Der Spiegel jurnalı Çilidə yerləşən ESO rəsədxanası alimlərinin bizdən təxminən 4 işıq ili uzaqlıqda yerləşən və Günəşə ən yaxın ulduz olan Proksima Sentavra ətrafında fırlanan, həyat üçün əlverişli hesab olunan ekzoplanet aşkar etdikləri xəbərini yaymışdı. Rəsədxana nümayəndəsi Riçard Huk isə jurnalistlərə müsahibəsində bildirmişdi ki, jurnalda dərc edilən məlumatın istinadı onlara məlum deyil. Bir həftədən çoxdur ki, KİV-lər böyük bir səylə yer tipində bir planet tapıldığı, lakin naməlum səbəblərdən gizlədildiyi ilə bağlı müzakirələri davam etdirirdilər.
Proksima Sentavra - ikili ulduz sistemi olan Alfa Sentavranın qonşusudur və onun ətrafında dövr edərək, müəyyən müddətdən bir Günəşə ən yaxın məsafədə yerləşən ulduz olur. Günəşlə Proksima Sentavra arasındaki məsafə 4,22 işıq ili təşkil edir. Solğun qırmızı cırtdan olan ulduz Günəşdən kiçik ölçüyə malikdir deyə adi gözlə müşahidə olunması mümkünsüzdür. Buna baxmayaraq Proksima Sentavra bir çox elmi qurğular tərəfindən izlənilir ki, bunlardan da biri Çilidə yerləşən ESO rəsədxanasının 3,6 metrlik teleskopudur.
Proksima Sentavra ətrafında ən azı bir planet olduğu ilə bağlı şübhələr hələ ilk dəfə 1998-ci ildə ortaya çıxmışdı. İddialar təsdiqini tapmasa da, zamanla yeni məlumatlar əldə edildi. Başda kraliça Mariya adına London Universitetindən olan Qilyem Anqlada-Eskude olmaqla, mövzu ilə maraqlanan bir sıra astronom Pale Red Dot adlı kampaniya başlatmışdı. Bəhrəsini də gördülər. "Layihənin ilk 60 günü ərzində dayanmadan yeni məlumatları izləməyə davam edirdim," - deyə Anqlada-Eskude qeyd edir. - "İlk on gün ərzində ümidlər böyük idi, ilk iyirmi gün gözləntilərimizi təsdiq etdi, ilk 30 gün ərzində isə hər şey o dərəcədə aydın oldu ki, dərhal rəsmi xəbər üçün hazırlıqlara başladıq."
24 avqust 2016 tarixində ESO-da təşkil olunmuş rəsmi press-konfransda alimlər siqnal əldə etdiklərini açıqlayıblar: Proksima Sentavra ətrafında tam dövrü 11 yer sutkasına bərabər olan planet mövcuddur. Astronomların rəyinə əsasən, kütləsi Yerdən az olan planetlə ulduzu arasındaki məsafə hesab ediləndən daha azdır - 7 milyon kilometr. Bu, Yerlə Günəş arasındaki orta distansiyanın heç 5%-i belə etmir. Lakin Proksima Sentavra qırmızı cırtdan ulduzlar kateqoriyasında yer alır. Dolayısı ilə, Proxima b adını almış yeni planet "həyat zonasında" yerləşir və səthində maye halda suyu qoruyub saxlamaq üçün lazımi miqdarda istilik alır. Nə dondurur, nə də buxarlandırır.
Bununla belə planet üzərində həm yaşayış, həm də maye su olduğunu vurğulamaq üçün hələlik tezdir. Maraq kəsb edən əsas məqam "həyat zonası" planetinin ən yaxınımızda, cəmi 4 işıq ili uzaqlıqda yerləşdiyidir. Planetin orbitlə hərəkəti və öz oxu ətrafında fırlanması özəlliklərindən asılı olaraq su cismin sadəcə səthinə yığıla, yalnız bir kürəyə (ulduzuna döndərilmiş) toplaşa və ya ancaq ekvator ərazisində saxlana bilər. Proksima Sentavra ətrafında planetin aşkar edilməsi hələ başlanğıcdır və indi alimlər onun iqlimini aydınlaşdırmaq üzərində işləyirlər. Hazırlanma mərhələsində olan E-ELT və James Webb kimi yeni nəsil teleskoplar alimlərin bu sahədə tezliklə uğur əldə edəcəyinə ümidləndirir.

Həmçinin oxuyun:
0 şərh var:
Post a Comment