August 30, 2016

Nostradamus: peyğəmbər yoxsa şarlatan?

Bəşəriyyət tarixinin bütün dövrlərində peyğəmbərlər və falçılar, sirr deyil ki, elm xadimlərindən daha məşhur olublar. Gələcəkdən xəbər verənlər arasında bir şəxs var ki, digərlərindən daha çox marağa səbəb olur. O, beş əsr əvvəl yaşamış Nostradamusdur. Həqiqətənmi bu insan inanılmaz bacarıqlara malik olub? Yoxsa Nostradamus sadəcə işini yaxşı bilən şarlatandan artığı deyil?

Kahinin həyatı

Nostradamusun proqnozlarının sirrini anlamaq üçün onun şəxsiyyəti və yaşadığı dövrü araşdırmaq lazımdır. Kahin XVI əsrin əvvəllərində, Fransada notarius ailəsində anadan olub. Həyatından qaranlıq məqamlər çoxluq təşkil edir. Nostradamusun adı belə həqiqi deyil. Katolisizmi qəbul etmiş yəhudilərin nəslindən olan Nostradamusun əsl adı Mişel de Nostrdam olub. Məşhur fransızın hələ uşaqlıq dövrlərindən başlayaraq gələcəkdən dəqiq xəbərlər verməsi ilə bağlı şayələr var.

Gənc olarkən Mişel de Nostrdam əsas fəaliyyəti kimi tibb sahəsini seçib. 1529-cu ildə Monpelye universitetinin tibb fakültəsinə qəbul olur. Müəllimləri ilə elə də yaxşı yolda getməyi bacarmasa da, təhsilini başa vurur. Artıq 1534-cü ildə o, doktor dərəcəsi alır. Təsdiqini tapmamış versiyalara əsasən, valideynləri də həkim olduğundan və hersoqun sarayında xidmət etdiyindən belə uğura nail olur. Ehtimal olunur ki, məşhur valideynləri bacarıqlı mistifikatorun sadəcə beynində olub, yəni onları uydurub. Həqiqət nə olursa olsun yalnız bir məqamı dəqiqliklə vurğulamaq olar: Nostradamus hərtərəfli və bilikli adam olub. Tibblə yanaşı o, yaşadığı dövrdə hələ psevdoelm hesab edilməyən əlkimya və astrologiya ilə də yaxından maraqlanırdı. XVI əsrdə əlkimya və kimya, astrologiya və astronomiya arasındaki radikal fərqləri ayırd edə bilmirdilər.

Nostradamus çətin dövrdə yaşayırdı. Aclıq, müharibələr, xəstəliklər, inkvizisiya - bütün bunlar XVI əsr Fransasının ayrılmaz hissəsi idi. Dövrün ən böyük fəlakətlərindən olan və avropa əhalisinin üçdə birini qırmış taun xəstəliyindən 1537-ci ildə Nostradamusun həyat yoldaşı və iki övladı vəfat edir. Bütün bunlar doktor Mişel de Nostrdamın təkcə tibblə deyil, eyni zamanda okkultizmlə də məşğul olmağına yekun təsirlərini edə bilərdi.

Əminliklə demək olar ki, Nostradamus bütün həyatını bu xəstəliklə mübarizəyə həsr edib. O, xəstəliyin profilaktikası ideyalarını müdafiə edərək, Eks-an-Provanse şəhərinin epidemiyaya yoluxmasının qarşısın alıb. Bununla yanaşı "qara ölümün" dərmanını tapmağa çalışsa da, təcrübələrində uğura nail ola bilməyib. Onu təcrübələri ilə ən ciddi maraqlanan isə sözsüz ki, Müqəddəs inkvizisiya olub. Kilsə nümayəndələrinə izahat verməkdən çəkinən Nostradamus Fransanı tərk edərək, bir neçə il Almaniya və İtaliyada gizlənmək məcburiyyətində qalır. Fransaya geri döndükdən sonra təbiblik sahəsinə davam edir. Tezliklə Mişel de Nostrdam ikinci dəfə Anna Ponsard Jemelye ilə ailə həyatı qurur və bu nigahdan altı uşağı doğulur.

Mistik irs

Heç də təəccüblü deyil ki, Nostradamus hələ həyatında şöhrət sahibi olur. 1555-ci ildə ilk işi olan "Kəhanətləri" dərc etməyə nail olur. Bu kitab Senturi adlanan seçmələr təqdim edirdi. Kitab on Senturidən ibarətdir, hər birisi özündə yüz katreni (poetik formada yazılan dördmisralı rübai) cəmləşdirir.

Yeri gəlmişkən. Katrenlər elə bir dildə yazılıb ki, Nostradamusun müasirləri belə onu tam anlaya bilmir. Nəsihətnamələrin dili olduqca bərbəzəklidir. Beləliklə də katrenlərdəki istənilən söz bir neçə məna verə və müxtəlif formalarda şərh edilə bilər. Nostradamusun düşüncələrinə nəyə görə bu qədər təmtəraqlı don geydirdiyini anlamaq olmur. Ehtimal etmək olar ki, Kilsənin diqqəti mərkəzinə düşməmək üçün, lakin daha sadə versiya var. Mişel de Nostrdam bilərəkdən, proqnozlarının daha dumanlı və mistik olmasından ötrü, anlamaqda çətinlik yarada biləcək dildə yazmış ola bilər. Bu versiyanı dəstəkləyən bir vacib fakt mövcuddur: Nostradamusun işlərinin xarakterik özəlliyi proqnoz edilən hadisələrin konkret tarixinin olmamasıdır.

1555-ci ildə tale kahinin üzünə gülür. Belə ki, həmin il kral II Henrixin şəxsi münəccimi kimi saraya dəvət olunur. Nostradamusun bu monarxın adı ilə bağlı proqnozu ən məşhurlarındandır. 1559-cu ildə iki toyun üst-üstə düşdüyü səbəbindən təntənəli şənliklər keçirilirdi. Henrixin qızı II Filipplə, bacısı isə Savoyya hersoqu ilə nigaha daxil olurdu. Əlamətdar olaraq, zadəgan dueli təşkil olundu, kral özü də burada iştirak etdi. Dueldə kralın rəqibi olan qraf Qabriel de Montqomerinin sınmış nizəsinin qəlpəsi onu başını zədələdi. Ağır travma alan monarx beləliklə vəfat etdi.

Nostradamus birinci Senturinin otuz beşinci katrenində yazırdı:

"Döyüş meydanında, tək savaşda  

 Gənc şir Qoca şiri əvəz edəcək.
 Rəqib gözlərini birində iki yara ilə qızıl qəfəsdən keçcək deşəcək,
 Daha sonra əzablı ölümlə vəfat edəcək."


Bu katrenin fərqli təfsirləri də var, lakin mənaları çox oxşardır. Kralın dəhşətli ölümü Nostradamusa şöhrət qazandırır. Xüsusilə bu kəhanətdən sonra bir çoxları Nostradamusun fövqəltəbii istedada malik olduğuna inanmağa başlayır.

Elə isə bu məşhur dördmisralı proqnoz nəyi gizlədir? Həqiqətən də qraf Montqomeri "köhnə şirdən" - II Henrixdən cavan idi, iki yaşlıq fərqləri var idi. Ən maraqlısı isə "qızıl qəfəs" və "göz"-dür. Məlum olduğu qədərilə, duel vaxtı kral qızılı zirehdə döyüşüb, nizə isə onun gözlərini deyil, sağ gözünün üst nahiyəsini deşərək, kəlləyə daxil olub. Kəhanətə elə də böyük əhəmiyyət verməmək üçün başqa bir səbəb budur ki, həmin dövrlərdə adlı-sanlı şəxslərin bir-birini duelə dəvət edərək, dəyərli qiyafələrdə döyüşməsi və ölməsi nadir hal deyildi. Beləliklə peyğəmbərin kəhanətini istənilən zadəgan döyüşünə aid etmək olar.

Nostradamusun sonuncu gələcəkdən xəbəri ən məşhuru hesab olunur. 1566-cı ilin 1 iyulunda Mişel de Nostrdam öz tələbəsi olan Jan-Eme de Şavinyiyə deyir: "Günəş doğanda məni artıq diri görməyəcəksən!" Ertəsi gün də vəfat edir. Onun sözlərinin xüsusi bacarıq, yoxsa kor təsadüf olduğunu ola bilsin ki heç vaxt öyrənməyəcəyik.

Dəccalın gəlişi

Nostradamusun işləri çoxlu sayda  apokaliptik kəhanətdən ibarətdir. Yaşadığı dövrü və şərtləri nəzərə alsaq, dini mövzuya tez-tez müraciət etməsini anlamaq olar. Bununla yanaşı onun proqnozlarında bir çox müəmmalar yer alır.

Nostradamus ənənəvi dinlərin iddia etdiyindən fərqli olaraq bir deyil, üç dəccalın gələcəyini yazırdı. "Pau Nay Oloron damarlarında alov çoxdur, nəinki qan..." - kəhanətlərindən biri belədir. Hesab edilir ki, Pau Noy Oloron anaqrammadır və dəccallardan birinin adını gözləyir. Əgər hərflərin yerini lazımi qaydada dəyişsək, Napaulon Rai (Napoleon Roi) alınacaq. Bonapart haqqında Nostradamusun başqa bir kəhanəti də var:

"İtaliya yaxınlarında hökmdar doğacaq,
 İmperiyaya baha başa oturacaq.

 Ətrafındaki insanlara baxcaq, deyəcək,
 O, şahzadə deyil ki, qəssab."


Korsika (Napoleonun doğum yeri) Fransadan daha çox İtaliyaya yaxındır. Nostradamus royalist idi və özünü imperator elan edən şəxsə qarşı xoş münasibət bəsləyə bilməzdi.

Alimlər bu gün də Nostradamusun əsərlərinin həqiqi olub olmadığını müzakirə edirlər. Ehtimal olunur ki, bir çox dördmisralı qeydlər müəllifin ölümündən sonra davamçıları tərəfindən əlavə olunub. Fransız tarixçisi Piter Lemesurye Nostradamusun gələcəyi görən olmadığını bildirir. Onun əsərləri əsasında alim belə qənaətə gəlib ki, bütün proqnozları tsikliklik (təkrarçılıq) nəzəriyyəsinə dayanır. Tədqiqatçılar bununla yanaşı Nostradamusun bəzi kəhanətlərini özündən əvvəlki daha qədim yazıçılardan oğurlamış ola biləcəyini istisna etmirlər.

Peyğəmbər ikinci dəccalın gəlişini belə təsvir edir:

"Ac heyvanlar çayları aşacaq,
 Düşərgənin böyük hissəsi Hister'ə qarşı çıxacaq,

 Reyn Almaniya uşağına diqqət verdikdə
 Nəhəngi dəmir qəfəsdə daşıyacaqlar."


Katrenin mümkün tərcümələrindən biri məhz belə səslənir. Müəmmalı Hister obrazı Üçüncü reyxin lideri Adolf Hitleri simgələyir, bir çoxları belə düşünür. Tənqidçilər isə vurğulayır ki, söhbət Dunay çayının qədim adından gedir - İstr. Dəqiq tərcümə olmadığından və mənası anlaşılmaz olaraq qaldığından bu katreni anlamaq çətin məsələdir. Şəkk-şübhəsiz bu kəhanətin doğruluğuna inanmış yeganə insanlar nasistlər özləri olub.

"İl 1999, yeddinci ay.
Böyük kral Anqolmuanı diriltməkçün və
Marsdan əvvəl də, sonra da xoşbəxt olmaqçün

Səmadan iri dəhşət kralı enəcək."

1999 tarixi aydındır ki, mistik çalarlıq daşıyır. Üç doqquzu çevirsək, 666 alacağıq ki, bu da Şərin rəqəmi hesab olunur. Nostradamusun yazdıqlarına əsasən, dəccal iyirmi yeddi illik qanlı müharibədən sonra məhv ediləcək. Əsərlərində dəccalın adını Mabus deyə qeyd edir. Naməlum əlçatmaz üsullarla bəziləri bu sözdə Səddam Hüseyn adını görməyi bacarır. Nəzəriyyəni dəstəkləyən ən böyük fakt iraqlı liderin hakimiyyətdə olduğu müddətin iyirmi yeddi il təşkil etməsidir. Banan respublikalarından birinin adi diktatorunun necə dəccal olduğunu anlamaq çətindir. Eyni uğurla Pol Potu, Kim İr Seni və İdi Amini də iblisin nökərləri adlandırmaq olar.

Nostradamusun boynuna atılan kəhanətlərdən bəziləri də bunlardır: 11 sentyabr, Xirosima və Naqasaki bombardmanı və hətta Kennedinin qətli. II Henrixin ölümü ilə bağlı proqnozda yenə hər hansı bir məntiq görmək olardı, orta əsr Fransasında gündəmdə ABŞ gələcəyi və prezidentlərindən birinin qətli mövzusu olduğunu təsəvvür edə bilmək üçünsə xüsusi istedad tələb olunur.

Uydurulmuş peyğəmbər

Nostradamusun gələcəklə bağlı dedikləri niyə bu qədər diqqətə səbəb olur? Görünür ki, sualın cavabı bir o qədər Nostradamusda deyil, əsasən insan şüurundadır. Diqqət edilsə, Mişel de Nostrdamın işləri bütövlüklə neqativ çalarlıqdadır. O, müharibələri, qətlləri, dağıntıları və fəlakətləri təsvir edir. Bu tematika isə hər zaman cəmiyyətin maraq dairəsindədir.

Kəhanətlərə skeptik yanaşmağa daha bir səbəb var. Nostradamusun tərəfdarları bəlkə kobud bir səhvə yol verirlər. Onlar, Nostradamusun uzaq gələcəyi təsvir etdiyini düşünürlər. Lakin Nostradamusun ismarıclarını, onun yaşadığı zaman kontekstində dəyərləndirmək daha məntiqli olardı. Yazdıqları anlaşılması çətin olan cümlələr həmin dövrün hadisələrinin "qapalı proqnoz cəhdləri" ola bilərdi. XVI əsrdə yaşamış bir insan çətin ki XX əsrin taleyi ilə maraqlansın.

Mişel de Nostrdamın dünyaca məşhurlaşmasının əsas səbəbi isə adi təsadüfilikdir. Onun ölümündən sonra tələbəsi Jan-Eme de Şavinyi əlindən gələni edir ki, ustadının kəhanətləri nəşr olunsun və populyarlaşsın. Şavinyinin səyləri olmasaydı, böyük bir ehtimalla Nostradamus yaddaşlarda sıravi kral münəccimi kimi qalacaqdı.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Nostradamusdan daha az məşhur Azimov...
Alim: "Xristianlığın yaranması meteorit düşməsi ilə əlaqəlidir"
İllüminatlar kimdir?
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top