August 27, 2016

ABŞ mütəxəssisləri Merkurini partlatmağı təklif edir

ABŞ-dan olan bir qrup mütəxəssis Merkuri planetini partladaraq, onun qırıntılarından Dayson sferası adlanan qurğunu yaratmağı təklif edib. Belə üsulla ulduz enerjisindən maksimal səviyyədə yararlana bilərik.

Merkuri - Günəşə ən yaxın mövqedə yerləşən planetdir. Ulduzuna çox yaxında, təxminən 0,4 a.v. (astronomik vahid) yerləşdiyindən planet çoxlu miqdarda günəş enerjisi ehtiyatına malikdir. Bu, Merkurini kaloniyalaşdıraraq, səthində iri günəş elektrostansiyaları inşa etməyimizə ən tutarlı səbəblərdən biridir.

PBS Space Time kanalı nümayəndələri daha da irəli gedərək, Günəşin ən yaxınlığında yerləşən planeti partlatmağı təklif ediblər. Popular Mechanics-ə istinadən xəbər verilir ki, yeni layihə çərçivəsində planetin səthini qazıb, nüvəsinə partlayıcı maddələr çatdıraraq Merkurini darmadağın etmək planlaşdırılır. İdeyaya əsasən, partlayış çoxlu sayda qırıntılar meydana gətirəcək ki, bunlar da öz növbəsində xüsusi kosmik cihazlar köməyilə mürəkkəb güzgülər sisteminə toplaşaraq, Günəş ətrafında dövr edib, onun boşuna sərf edilən enerjisini yığacaqlar. Bu sizə nəyisə xatırladır? Sözügedən qurğu məşhur Dayson kürəsi və Dayson sferasının analoqudur.

Dayson sferası, amerikalı nəzəri fizik Frimen Dayson tərəfindən irəli sürülən hipotetik astromühəndislik obyektidir. Mərkəzində ulduzu olan iri struktur sayəsində ulduz enerjisindən maksimum faydalanmaq mümkün ola bilər. Bununla yanaşı alimlərin rəyinə görə, belə qurğu köməyilə süni qravitasiya da əldə etmək olar.

Sferanın inşası olduqca mürəkkəb məsələdir. Lakin mütəxəssislərin dediyinə görə, yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyalar üçün belə bir strukturun realizasiyası mümkündür. Günəşdən 1480 işıq ili uzaqlıqda yerləşən, müəmmalı şəkildə parlayan KIC 8462852 adlı ulduzun aşkar edilməsindən sonra Dayson kürəsi inşasının mümkün olub-olmadığı ilə bağlı mübahisələr yenidən canlanıb. Belə bir hadisəni şərh etmək çətindir, bu səbəbdən bir sıra mütəxəssis həmin ulduz ətrafında hər hansı bir astromühəndislik obyektinin inşası prosesinin ehtimal ola biləcəyini bildirib. Bu yaxınlarda isə alimlər növbəti dəfə çaşbaş qalıblar. Belə ki, KIC 8462852 ulduzunun bu dəfə parlaqlığını anidən itirdiyi müşahidə edilib.

Videonu izləmək üçün buraya klikləyin.

Həmçinin oxuyun:

Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Yer Yupiterin qoyub getdiyi "tullantılardan" yaranıb
Anabiozlu kosmik missiyalar erası başlayır
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top