February 25, 2018

Ən kiçikdən ən böyüyə: Kainat


Bildiyimiz kimi, içində yaşadığımız kainat və bütün maddələr atomlardan meydana gəlir. Onuda bilirik ki, atomlar gözlə görülə bilməyəcək qədər kiçik obyektlərdir. Amma nə qədər kiçik? Saymaq istəsək hər hansı bir cisimdəki atomları saya bilərikmi?

Belə bir misal göstərək: Kiçik qənd parçasındakı atomların sayı 10 üstü 27-dir. Başqa sözlə, 1 və 27 sıfırdan ibarət olan bir ədəd. Bu ədədi nəinki sözlə ifadə etmək, hətta beyində canlandırmaq belə çox çətindir. Bu ədədin böyüklüyünü təsəvvür etmək üçün bir bənzətmə etməyə çalışacağıq. Qənd parçasında 10 üstü 27 atom olduğunu qeyd etdik. İndi isə 10 üstü 27 ədəd qum dənəsinin nə qədər yer tutduğunu təxmin etməyə çalışaq. Bir yük maşını? Bir çimərliyi dolduracaq qədər? Xeyr, bunlardan qat-qat çox. Bu qədər qumla bütün Yer səthi yarım metr qalınlıqda qum təbəqəsi ilə örtülə bilər. Yəni, atom bu qədər kiçikdir.

Bir az da dərinə enib atomun içinə baxmaq istəsək, mərkəzdə proton və neytronlardan ibarət olan nüvə və ətrafında müəyyən orbitlərdə hərəkət edən elektronlar olduğunu görərik. Bəs bir proton nə qədər kiçikdir? Bunu təsəvvür edə bilmək üçün miqyası bir az böyütmək lazımdır. Bir proton və bir elektrondan yaranmış ən sadə atom olan hidrogen atomunu bir az böyüdək. Mərkəzdəki protonun 1 mm. diametrdə olduğunu düşünsək (bu diyircəkli qələmin kağız üzərində meydana gətirdiyi nöqtə qədərdir), ətrafındakı elektron ondan 100 metr irəlidə yerləşəcəkdir. Bu ölçüdə elektronu görə bilərikmi? Kütləsi protonun 1840-da 1-i qədər olan elektron bu ölçüdə bir toz zərrəsindən də kiçik olacaq. Göründüyü kimi, ətrafımızdakı bütün maddələr yox sayıla biləcək qədər kiçik zərrəciklərdən ibarətdir.

Miqyasımızı indi də əks istiqamətə çevirib kosmosa açılaq. Günəş sisteminin böyüklüyü və ətrafımızdakı göy cisimləri arasındakı məsafə nə qədərdir? Mövzu kosmos olunca məsafələr milyon kilometrlərlə ifadə edilir.

Gözümüz qarşısında əyani günəş sistemi modeli meydana gətirmək üçün məsafə rəqəmlərindən 9 sıfır ataq. Bu miqyasda Yer 12 mm. ölçüdə bir fındıq boydadır. Ay isə bir yaşıl noxud qədərdir və bizdən 40 sm. uzaqda dayanır. 150 m. kənara baxdıqda 1,5 m. diametrdə nəhəng bir kürə görürük: Günəş. 750 m. kənarda 70 sm. diametriylə bir fitnes topu boyda olan Yupiter görünür. Neptun və artıq planetlikdən azad etdiyimiz Pluton 2,5 km. uzaqda görüş sahəmizin xaricindədirlər. Deyəsən Günəşi çox böyük hesab etdiniz? Bizdən xeyli uzaqda olan Betelgeuse adlı ulduzun diametrinin günəşinkindən 1.300 dəfə çox olduğunu xatırlayaq.

Günəş sisteminin xaricinə çıxıb davam etsək, qarşılaşacağımız ilk göy cismi bizə ən yaxın ulduz olan Proxima Centauri 40.000.000 km. aralıda yerləşir. Daha uzaqlara baxmaq istəsək, miqyası bir az da kiçiltməliyik. Məsafələrdən 6 sıfır da atıb baxdıqda Günəş sisteminin 4,5 m. diametrdə və Proxima Centaurinin isə 40 km. uzaqda olduğunu görərik. İçində olduğumuz və təxminən 200 milyard ulduzdan meydana gələn Süd Yolu qalaktikası isə 1.000 km. diametrli bir disk olaraq qarşımıza çıxır.



Bu miqyas da kifayət etmir artıq. Daha 6 sıfır da atsaq (indiyə qədər cəmi 21 sıfır atmış olduq), Süd Yolu qalaktikamız 1 m. diametrdədir və bizə ən yaxın qalaktika olan Andromeda 22 m. kənardadır. Yolumuza davam etsək hər 50-60 metrdə bir qalaktika ilə qarşılaşırıq və kainatın müşahidə edə bildiyimiz qismində bu qalaktikaların böyük ölçülü olanlarından təxminən 300 milyard, kiçiklərindən isə 7-8 trilyon ədəd var. Bu vaxt insan beyninin böyük rəqəmləri anlamaqda çətinlik çəkdiyini də xatırlatmaq istəyirəm. Burada ədəd sayma ilə bənzətmə edək:

Saniyədə bir ədəd saydığımızı düşünsək, minə qədər saymaq təxminən 17 dəqiqə çəkər. Bir milyona qədər saymaq Ginnes Rekordu qırmaq istəyən bir adam üçün yemədən, içmədən, yatmadan 12 gün tələb edir. Yaxşı, bəs bir milyarda qədər saymaq üçün nə qədər vaxt lazımdır? Eyni şərtlərdə düz 32 il. Müşahidə edə bildiyimiz kainatın böyüklüyünü və atomaltı dünyanın kiçikliyini təsəvvür etmək insan üçün həqiqətən də çox çətindir.  

Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top