December 15, 2017

İnsanın təkamül prosesinə təsiri


İnsanların planetimizə göstərdiyi dəhşətli təsirləri hamımıza yaxşı məlumdur. İnsan iqtisadi fəaliyyətinin iqlimə mənfi təsirlərinə, nəsli kəsilmək təhlükəsi altında olan bəzi nadir növlərin qanunsuz ticarətinə və ya öldürülməsinə dair xəbərlər oxumadığımız gün demək olar ki yoxdur. Planetə təsirimiz o qədər güclüdür ki, fəaliyyətimizin hətta geoloji qeydlərdə belə görünə biləcəyi qədər dominant vəziyyətə gəldiyimiz üçün, bəzi elm adamları var olduğumuz dövrü "Antroposen" adlandırmağı təklif edir. Ancaq, insanların indi təkamüldəki yeni və böyük dəyişiklikdən ötrü cavabdeh olduğunu bilirsinizmi? Etdiyimiz dəyişikliklər o qədər dərinləşib ki, milyonlarla növün müqəddəratını əlimizdə saxlayırıq.

Təkamülü belə dərindən formalaşdıran dəyişikliklər hansılardır? Ətraf mühitin çirklənməsi, su ekosistemlərinin məhvi, urbanizasiya(şəhərləşmə), meşələrin yox edilməsi, arealın bölünməsi, qlobal iqlim dəyişikliyi, həddən artıq ovlama, ekzotik növlərə müdaxilələr, əhliləşdirmə, meydana çıxan yeni və yox olan köhnə xəstəliklər bunlardan sadəcə bir neçəsidir. Antropogen iqlim dəyişikliyi kimi bəzi amillər qlobal, çirklənmə və artan urbanizasiya kimi digər amillər isə lokal miqyasda təkamül təsirlərinə malikdir. 

Müasir həyat tərzimizin və iqtisadi sistemlərin təkamülə hansı sürət və ölçüdə təsir etməyi barəsində silsilə elmi araşdırmalar aparılmışdır. Marina Albert və həmkarlarının araşdırmaları haqqında PNAS və Philosophical Transactions of the Royal Society B-də nəşr olunan məqalələr, insanların təkamül prosesində yeni və sürətli bir partlamaya səbəb olduğuna dair şübhə yeri buraxmır.

Təsəvvür yaratmaq üçün bir neçə nümunə göstərək. 

Ticari balıqçılığın balıq növlərinə böyük təsiri bioloqlara bəllidir. Balıqçıların iri balıqları hədəfə alması nəticəsində, bəzi növlər kiçilmiş və yetkinlik mərhələsinə erkən yaşda və daha kiçik ölçüdə çatmağa başlamışlar. Bir çox tədqiqat göstərmişdir ki, yerli və ya gətirilmiş heyvan və bitkilər, insan təsirinin daha nəzərəçarpan olduğu şəhər ərazilərində insanın ətraf mühiti dəyişməsinə bağlı olaraq təkamülləşir.

"Sənaye melanizmi" buna məşhur bir nümunədir. 19-cu əsrdə İngiltərədə baş verən sənayeləşmə nəticəsində ağac gövdələrinin çirklənməsi açıq rəngli kəpənəklərin sayında ciddi azalmaya, tünd rəngli kəpənəklərin isə kamuflyaj olaraq ovçu quşlardan xilas olmasına səbəb olmuşdur. Lakin 20-ci əsrin 70-ci illərində çirklənmə sona çatdıqda vəziyyət dəyişdi və bu dəfə tünd rəngli kəpənəklərin sayı populyasiya daxilində azalmağa başladı. Qeydə alınmış digər dəyişikliklərə, şəhərlərdə yaşayan quş populyasiyalarında lələklərin rənglənməsi, balıqların suyun ciddi şəkildə çirklənməsinə müqavimət göstərməsi və yol kənarlarında bitən otların toxumlarını yaya bilməməsini misal göstərmək olar.

Antibiotiklərə qarşı müqavimət, müasir növlər arasında fəaliyyətdə olan ən parlaq təkamül nümunələrindən biridir. Bu, şübhəsiz ki, insan sağlamlığı və yoluxucu xəstəlikləri nəzarətdə saxlamaq cəhdləri üçün pis xəbər olsa da, mikrob müqavimətinə qarşı mübarizə aparmaq üçün yeni antibiotiklər yaratmaq yarışındayıq.

Bəs insanlar? Təəccüblü olsa da, böyük ehtimalla bu təsirlər bizim də təkamülümüzün gedişini dəyişəcəkdir. Biz hələ də təkamülləşirik və bu bəzən gözlənilməz yollarla baş verir. Və digər növlərin təsirləri bizdən yan keçmir. Çünki indiki zamanda baş verən dərin ekoloji dəyişikliklərdən xilas ola bilmərik. Keçmişdə insan təkamülünə dair nümunələr tapa bilərik və bu nümunələr dövrümüzlə paralellik göstərir. Ən yaxşı nümunələrdən biri, 5-10 min il əvvəl kənd təsərrüfatının inkişafıdır. Bu ən azı 9 müxtəlif yerdə müstəqil olaraq baş verdi və böyük ekoloji, sosial və iqtisadi dəyişikliklərlə əlaqəli idi. Bu, geniş miqyaslı insan köçlərinə, dil və mədəniyyətlərin sürətlə yayılmasına və homogenləşməsinə, texnologiyada böyük dəyişikliyə gətirib çıxardı. İnsanların daha kiçik əraziləri işğal etməsi, daha sıx yaşaması, oturaq həyata və ilk dəfə bu cür şəhərləşmə üslubuna yönəlməsi nəticəsində məskunlaşma modellərində, həyat tərzi və sosial şəraitdə böyük dəyişikliklər yaşandı. İnsan qidalanmasında, qəbul edilən qidaların müxtəlifliyində ciddi azalma da daxil olmaqla böyük dəyişmə oldu. Populyasiya fərdlərinin həddən artıq çoxalması, bizi bugünkü əhali artımına hazırladı. Əhali sıxlığı və antisanitariya şəraiti, əhliləşdirilən heyvanların daşınması və məskunlaşma bölgələrinə gətirilmiş zərərli növlər nəticəsində müasir kitablardakı infeksion xəstəliklərin ortaya çıxdığı epidemioloji keçid baş verdi: davamlı patogenlerin sayı və növləri kəskin şəkildə dəyişdi. 

Bütün bunlar sizə tanış gəlirmi? Gəlməlidir. Çünki bu dəyişikliklərin demək olar ki hamısı bu gün də və hər zamankından daha sürətlə baş verir. Dünyada hal-hazırda 7 milyarddan çox insan yaşayır və getdikcə daha sürətlə şəhərləşən bir növ halına gəlirik. Ekoloji təsirimiz isə artıq qlobaldır. Bu dərin dəyişikliklərin izləri bu gün də insan genomunda görülə bilər. Müasir Avropalı və Afroamerikalılarda müşahidə olunan xəstəliklərin 86%-dən çoxuna səbəb olan genlər kənd təsərrüfatına keçidlə müşayiət olunan dəyişiklər nəticəsində meydana çıxmışdır. Planetimizdəki insanların çoxu yoxsul yaşadıqları üçün müasir tibbi imkanlardan istifadə edə bilmir. Bu səbəbdən onlar təbii seçməyə varlı xalqlara nisbətən daha çox məruz qalırlar.

Gələcəyi düşünmək qabiliyyətinə sahib olan bir növük və insanlıq tarixi ərzində ilk dəfə olaraq bu qabiliyyətimizdən istifadə etməyə ehtiyacımız var. Keçmişimizdən və bugünümüzdən nəticə çıxararaq təkamülümüzün hadisələr zəncirini formalaşdıran hərəkətlərimizi yüzlərlə və hətta minlərlə il üçün planlaşdırmalıyıq. Siyasətçilər isə, insan sağlamlığı və rifahını sadəcə seçki dövrü ərzində deyil, gələcək nəsillər üzərindən düşünməlidirlər. Gələcəyimiz bundan asılı ola bilər.


Mənbə: theconversation.com

daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top