June 4, 2015

Saturnun peyki Enseladda həyat mümkündürmü?

Ötən il alimlər Saturnun peyklərindən biri Enseladın qalın buz örtüyü altında maye sudan ibarət böyük okeanın mövcud olduğunu aşkar etmişdilər. Elə həmin andaca elm ictimaiyyəti hipotetik yadplanetlilərin yaşaya biləcəyi səma cismlərinin siyahısına Enseladı da aid etdi. Enseladın nüvəsini qızdıracaq Saturnun cazibə qüvvəsi, dərin okean, atmosfer təbəqəsini əvəz edə biləcək qalın buz örtüyü və s. şərtlər səbəbindən bir çox mütəxəssislər yadplanetli canlıları çox uzaqda deyil, elə kosmik ölçülərlə hesabladıqda bir addımlığımızda yerləşən peykdə axtarmağımızın daha məqsədəuyğun olduğunu irəli sürmüşdülər. Amma sözsüz ki iddilar fərziyyədən o yana keçmirdi. Elə isə Enseladda həyatın inkişafı nə dərəcədə mümkündür?

Bir ay əvvəl Kanada və ABŞ-dan olan planetoloqlar nəhayət rəsmi açıqlama verərək, Enseladın həyatın yaranması və inkişafı üçün bütün şərtlərə malik olduğunu bildiriblər. Əldə edilmiş məlumatlar Saturnun peykini Günəş sistemində yerdənkənar həyat nümunəsini tapmaq üçün ən real namizəd edir.

Avtomatik kosmik cihaz "Cassini-Huygens"-in təqdim etdiyi məlumatlar göstərir ki, Enseladdaki qeyzerlər yüksək tərkibli karbon qazı və bir sıra digər birləşmələri ilə fərqlənir. Mütəxəssislər güman edir ki, Saturnun peykindəki sular mineral maddələrlə zəngindir. Məlumatlardan yararlanaraq, alimlər Enselad sularının kimyəvi xüsusiyyətlərinin modelini hazırlayıblar. Hesab edilir ki, duz tərkibinə görə okeanı Yer okeanları ilə müqayisə etmək olar. Enseladın okeanı bundan başqa böyük soda qatılığı və yüksək qələvilik səviyyəsi ilə də fərqlənir.

Bütün bunlar peykin yanar süxurları ilə okean sularının qarşılıqlı əlaqəsindən xəbər verir. Bizim planetdə oxşar şərtlərə Şimali Amerikadakı Mono gölü malikdir. Orada balıqlar yoxdur, amma çubuqşəkilli ekstremofil bakteriyalar olan GFAJ-1 yaşayır. Yerdə varsa, Saturnun peyki Enseladda niyə oxşar mikroorqanizmlər mövcud olmasın?

Enselad Saturnun altıncı ən iri peykidir. Diametri 500 km-ə bərabərdir. 2005-ci ildə "Cassini-Huygens" aparatı oraya yaxınlaşdıqdan sonra peykə maraq daha da artmağa başlamışdı. Saturnun peyklərinin öyrənilməsi işinə həm də NASA və ESA TSSM-in birgə layihəsi həsr edilib. Mütəxəssislər 2030-cu illərdə növbəti dəlillərə yiyələnəcəklərini qeyd edirlər.

"Saturnun peyki Enseladda həyat mümkündürmü?" sualına hələlik verilə biləcək ən doğru cavab nə ola bilər? Mümkündür, amma bunu da nəzərə almaq vacibdir ki, həyatı mümkün edə biləcək şərtlər onu hökmən mövcud etməli də deyil. Yalnız bir şeyi dəqiqliklə qeyd etmək olar ki, tezliklə çox mühim tapıntıların şahidi olacağıq. Bunu, NASA və SETI kimi nüfuzlu kosmik araşdırma mərkəzləri də təsdiqləyir.

Həmçinin oxuyun:

Saturnun peyki Enseladda okean tapıldı
Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
daha ətraflı...

Suyun Yerə asteroidlərlə gətirildiyinin sübutu əldə edilib

Almaniya və Böyük Britaniyadan olan astronomlar əvvəllər hesab edildiyinin əksinə olaraq, suyun Yerə kometlər vasitəsilə deyil, asteroidlər sayəsində düşdüyünü təsdiq etdikləri xəbərini yayıblar.

Alimlər SDSS J1242+5226 adlı ağ cırtdan ulduzu araşdırdıqdan sonra belə qənaətə gəliblər. Ağ cırtdan və sub-cırtdan ulduzların içinə aldığı materiya elə paylanır ki, elementlərdən bəziləri "batır", digərləri isə, əksinə, "üzə çıxır". Beləliklə də ulduzların spektrində baş vermiş dəyişikliklər alimlərə udulmuş materiyanın tərkibini analiz etmək şansı yaradır.

"Spitzer" kosmik teleskopunun imkanlarından yararlanaraq, mütəxəssislər SDSS J1242+5226-ın cırtdan planet statuslu Serera ağırlığındanki nəhəng bir asteroidi necə "canına çəkdiyini" müşahidə ediblər. Alimlərin gözlədiyinin əksinə olaraq, asteroidin 40%-in, Yer okeanlarının üçdə birini doldurmağa bəs edəcək miqdarda sudan ibarət olduğu aydın olub. Yəni, əgər Yerin bu günki su ehtiyatını əldə etmək istəsəydik, belə asteroidlərdən cəmi üçünə ehtiyacımız olardı.

Bir müddət əvvəl isə "Hubble" kosmik teleskopu köməyilə Yupiterin peyki Qanimeddə Yerdəkindən də artıq miqdarda su aşkar edilmişdi. Nəhəng okeanı təxminən 100 km qalınlığındakı buz örtüyü qapayırdı. Qanimed Günəş sistemindəki ən iri peykdir.

Əldə edilmiş yeni məlumatlar su ehtiyatı ilə zəngin asteroidlərin qalaktikada nadir hadisə olmadığını göstərir. Bu fakt, öz növbəsində, lazımi miqdarda maye suya malik və Yerə oxşar ekzoplanetləri tapmaq şansımızı artırır, alimlər hesab edir.

Həmçinin oxuyun:

Yerdəki suyun mənşəyi kometlər deyildi?
Asteroidin peyki tapıldı

Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı
daha ətraflı...

June 3, 2015

Şotlandiya məktəblərində kreasionizm tədrisi qadağan edilib

Şotlandiya Sekulyar Cəmiyyəti (SSS) böyük zəfəri bayram edir: hökümət yerli məktəb dərslərində "yaradılışçılıq" tədrisini qadağan edən qətnamə çıxarıb. Psevdoelmi konsepsiyanın yalnız dəqiq elmlərin tədrisində deyil, eyni zamanda dini və əxlaqi-etik kurslar çərçivəsində də təbliğatının yolverilməz olduğu qeyd edilir.

SSS belə bir tələblə hələ ötən ilin sentyabr ayında parlamentə müraciət etmişdi və yaxın vaxta qədər normanın tətbiq edilib-edilməyəcəyi şübhəli idi. Bir neçə həftə əvvəl təhsil və mədəniyyət üzrə parlament komitəsinin üzvləri bəyanat yayaraq, belə bir tədbir görülməsinin lazımsız olduğunu və parlamentarilərin rəyinə əsaslanaraq, bu mövzuda müəllimlərin mütəxəssislik bacarıqlarına etibar etməli olduqlarını bildirmişdilər.

Lakin bir müddət sonra Şotlandiya təhsil və mədəniyyət naziri Elesdeyr Allan tərəfindən komitəyə məktub ünvanlandı. Məktubda "yerli məktəblərdə qəbul edilmiş səkkiz tədris istiqamətlərinin hər birisi üçün qanun və dövlət qətnamələrində qeyd edilmiş prinsiplər kreasionizmi elmi konsepsiya kimi tanımır və bu səbəbdən elmi istiqamət üzrə kursların bir hissəsi olması yolverilməzdir" deyə qeyd edilir. Və nəhayət müvafiq qətnamə buraxılıb.

Kreasionizm və ya başqa adıyla "yaradılışçılıq" - bəşəriyyət, heyvanlar, Yer və ümumiyyətlə bütöv dünyanın bilavasitə Tanrı tərəfindən yaradılmış olduğu düşüncəsinə əsaslanan teoloji konsepsiyadır. Dünyanın bütün prestijli təhsil ocaqları kreasionizmi psevdoelmi doqma kimi qiymətləndirsə də, kreasionistlər öz ideyalarının kifayət qədər elmi olduğunu və təkamül biologiyası kimi digər elm sahələri ilə yanaşı tədris edilməsinin vacib olduğunu vurğulayırlar.

Əlavə edək ki, elmi əsaslı nəzəriyyə kimi kreasionizmin tədrisi Birləşmiş Krallıqların digər iki ölkəsi İngiltərə və Uelsdə artıq bir müddətdir qadağan olunub.

Həmçinin oxuyun:

Britaniyada kreasionizm tədrisi qadağan edildi
Avropa Şurası Parlament Assambleyasının 1580 saylı Qətnaməsi
"Elmə qarşı müqavimətin" psixologiyası
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top