December 21, 2014

İllüminatlar kimdir?

Suiqəst nəzəriyyələri həvəskarları illüminatların boynuna nələri yazmır ki? Napoleonun məğlubiyyəti, Kennedinin qətli, 11 sentyabr hadisəsi, hətta Barak Obamanın seçkilərdəki gözlənilməz qələbəsini belə... Bəs illüminatlar əslində kimdir? Və ya onlar ümumiyyətlə mövcud olublarmı, bu günədək mövcuddurlarmı?

Den Braunun "Mələklər və iblislər" bestselleri və eyni adlı film işıq üzü gördükdən bəri "illüminatlar" sözü birmənalı reaksiya doğurmur. Bəziləri hesab edir ki, gizli illüminat ordeni müəllifin fantaziya məhsulundan başqa bir şey deyil. Digərləri isə Den Braunun romanının gizli tarixi köklərini aşkar edir.

Bəs kimdir bu illüminatlar?

Belə bir təşkilat həqiqətən mövcud olub. Təsisçisi Bavariya hüquq professoru Adam Vayshaupt yəhudi əsilli olsa da, katolik kilsəsində xaç suyuna salınmış və iezuitlər tərəfindən tərbiyə edilmişdir.

Vayshaupt dəfələrlə katolik kilsəsinə qarşı tənqidi fikirlər səsləndirir. Katolik kilsəsinin o dövrdə Bavariya höküməti və universitetləri üzərində təsiri az deyil. Professor kilsəni "saxtakarlıq və ikiüzlülükdə" günahlandırır. O, cəmiyyətin maarifləndirilməsi, batil inanclardan xilas olması və hökümətin təzyiqinə qarşı ayağa qalxması işlərinə böyük töhfə verir.

Vayshauptun belə açıqlamaları iuzeitlərlə münaqişəyə gətirib çıxarır - bu, az qala onun akademik karyerasının sonu ilə nəticələnəcəkdi. Nəhayət Vayshaupt belə qərara gəlir ki, düşmənlə "açıq" şəkildə mübarizə aparmaq uğurlu sonluq tapmır. Hesab edir ki, "alçaq" və "şərəfsiz" din adamları ilə yalnız azad düşüncəli insanlardan ibarət gizli təşkilat yaradaraq mübarizə aparmaq olar.

Vayshaupt mason lojasına üzv olmağa çalışsa da, maddi vəziyyəti bir o qədər də yaxşı olmadığından, bu istəyi yerinə yetmir. Bundan başqa o, masonların məşhur olduğunu və kilsəyə qarşı mübarizə aparmadıqlarını anlayır.

1776-cı ilin 1 mayında Vayshaupt digər dörd üzvlə birgə İllüminatlar Ordenini yaradır. Gizli təşkilat sürətlə böyüyür, cəhalətlə mübarizə üçün buraya bütün Avropanın ziyalı insanları toplaşır. Ordenin genişlənməsinə məşhur alman diplomatı Adolf Frants Fridrix Kniqqe yardım edir. O, mason lojalarından Ordenə yeni üzvlər toplayır. 

Lakin sürətlə yayılan bu yeni "hərəkatın" dağıdılması çətin başa gəlmir. Bir müddət sonra Ordenin "gizliliyi" açığa çıxır və təşkilat əbədi olaraq bağlanır. 1784-cü ildə Bavariya hökmdarı Karl Teodor bütün gizli təşkilatların qadağan edilməsi əmrini verir. 1785-in martında o, illüminatların əslində qeyri-leqal mason cəmiyyətlərinin bir qolu olduğu ilə bağlı fərman imzalayır. Orqanlar Orden üzvlərinə qarşı ova başlayır və Vayshaupt Bavariyanı tərk etmək məcburiyyətində qalır.

1786-cı ildə hökümət Ordenin başçılarından birinin evində axtarış apardıqda 200-dən çox məktub aşkar edir. Bu məktublar Vayshaupt və digər üzvlərin Orden dağıldıqdan sonra belə bir-biri ilə əlaqədə olduqlarını sübut edir. Məktublardan gizli ordenin bütün məqsədləri aydın olur. Hökümət dərhal dokumentləri Ordenin məşhur üzvlərinin adları ilə birlikdə çap etdirir.

1787-ci ilin avqust ayında Bavariya hersoqu gizli ordenin rəsmi tarixindəki son nöqtəni qoyur. Belə ki, təşkilata üzv olmuş hər bir kəsin axtarışa verilməsi və ardından onlara ölüm hökmü oxunması imzalanır.

İllüminati əfsanələri

Orden dağılsa da, əfsanələri hələ də yaşayır. Bir çox təşkilatlar heç bir əsas olmadan özlərini illüminatların davamçısı kimi təqdim edir. Hətta 1789-cu ilin Böyük Fransız İnqilabı belə illüminatların üzərinə yazılır. Bu və oxşar iddialar bir sıra Avropa yazıçılarının əsərlərində irəli sürülür.

Fransız keşişi Oqüsten de Barüelin "Yakobluq tarixi haqda qeydlər" və Edinburq universiteti professoru Con Robinsonun "Avropanın bütün dinləri və hökümətlərinə qarşı gizli suiqəstlərin sübutları" kimi məşhurluq qazanmış kitablardan Avropa siyasətçiləri istifadə edərək, kütləni hökümətə qarşı gizli mübarizələrin getdiyinə inandırmağa çalışaraq, onları manipulə etməyə başlayırlar. "İblis illüminatlar" haqda söz-söhbətlər hətta ABŞ-a qədər yayılır.

Bu və bunun kimi bir çox yazı və kitablar 1810-cu ilədək "sönməyə" başlasa da, 1820-30-cu illərin antimason yürüşləri zamanı yenidən gündəmə gəlirlər.

Bavariya Ordeni İllüminatları çoxdan tarixdə qalsalar da, müasir konspiroloqlar "seçilmiş maarifçilərin" repressiyalar zamanı sağ qaldığını, yeni qüvvə qazandığını və bu gün artıq real gizli təşkilat olaraq dünyaya təsir göstərdiklərini iddia edirlər.

Demək olar ki, hər bir ABŞ prezidentinə qarşı illüminati ittihamı irəli sürülüb. Ən son qurban Barak Obamadır. Qeyd etmək vacibdir ki, Obamanı həm də marksist, mason və müsəlman olmaqda ittiham edənlər var.

Bəzi ABŞ prezidentləri həqiqətən mason lojası ilə əlaqədə olsalar da, onlardan heç biri əsrlər əvvəl əbədi olaraq dağıdılmış "maariflənmişlər" Ordeninə üzv olmayıblar.

Tarixçilərin dediyinin əksinə olaraq konspiroloqların əsassız iddiaları yağışdan sonra çıxan göbələklər kimi sürətlə artmağa davam edir. Böyük Fransız İnqilabı təşkili ilə yanaşı Napoleonun Vaterloodaki məğlubiyyəti, Con Kennedinin qətli və hətta dünyanın yeni kommunist nizamı kimi bir sıra iddialar, görünür ki, hələ uzun müddət gündəmi zəbt edəcək.

İstinad buradadır
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top