December 12, 2014

Dinozavrların ən yaxın qohumu toyuq çıxdı

Britaniyalı alimlər toyuq və hindtoyuqlarının quşların ortaq əcdadı olan lələkli dinozavrlara münasibətdə digər quşlardan daha az xromosom dəyişikliyinə sahib olduqlarını, yəni daha yaxın qohumluqları olduğunu aşkar ediblər.

Quşların dinozavrlardan ayrılaraq təkamülləşdiyi müasir elmdə mübahisə edilməyəcək faktdır. Buna baxmayaraq alimlər dinozavrların qırılmasından sonra lələklilərin inkişafının hansı səbəblərdən baş verdiyi mövzusu ətrafındaki müzakirələrini davam etdirirlər. Bu yerdə quşlar və onların sürünən əcdadlarının genom müqayisəsi tədqiqatları köməyə gəlir.

Kent Universitetindən olan alimlər toyuq, hindtoyuğu, hindbülbülü, dalğalı tutuquşu və ördək daxil olmaqla, beş quş növünün bütöv genomlarını öyrənərək, onları müqayisə ediblər. Tədqiqatda ümumilikdə 22 genom gözdən keçirilib ki, bunlardan da biri sürünənlərə aid olub. Alimlərin araşdırmadaki digər bir məqsədinin isə lələkli dinozavrın kariotipini hazırlamaq olduğu bildirilir.

"Külli miqdarda kiçik mini-xromosomlara sahib olduqları səbəbindən, quşların genomları digər onurğalı nümayəndələri arasında xüsusi seçilir. Genlərlə xeyli zəngin bu genetik material hissələrinin dinozavrlarda da olduğunu güman edirik", - Daren Qriffin qeyd edir.

Tədqiqatın nəticələri lələkli dinozavrlara münasibətdə ən az xromosom dəyişikliyinə məruz qalmış növün toyuqlar olduğunu göstərib. Xromosom dəsti göstəricilərinə əsasən, ikinci yerdə isə hindtoyuqlarıdır.

Bununla yanaşı tədqiqatda öyrənilən canlılar arasında ən sürətli təkamül keçirmiş növlərin dalğalı tutuquşu və hindbülbülünün əcdadları olduğu da bəlli olub. Bu fakt isə oxuyan quşlar və onlara yaxın növlərin digər lələklilərlə müqayisədə daha cəld templərlə təkamülləşdiyi haqda bəhs edən nəzəriyyəni təsdiq edir.

Həmçinin oxuyun:

Yer tarixinin ən böyük quşu tapıldı
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Dinozavrlar soyuqqanlı deyildi
Yazını dostlarla bölüş

1 şərh var:

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top