Bu gün planetimizdə qədim Marsa aid bir neçə meteorit tapılmışdır. Bu meteoritlərin, Marsın asteroid bombalanmalarına məruz qalmasından sonra kosmosa atıldığı və onlardan bir neçəsinin bizim planetə düşdüyü hesab edilir.
Nature jurnalından alınan məlumata görə, bir neçə il əvvəl Mərakeşə düşmüş NWA7533 və NWA7034 meteoritləri 4,4 milyard il əvvəlki Marsa aid fraqmentlərdir. Alimlər, bu meteoritlərin əldə olan ən qədim Mars nümunələri olduğunu hesab edirlər.
Tapılmış fraqmentlər bizlərə Marsın qədim iqlimi və geoloji vəziyyətindən məlumatlar verə bilər, bu da qırmızı planetin təkamülünün öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır.
Florida Universitetindən olan geoloq Munir Humayun və həmkarları, Mərakeş ərazisinə düşmüş iki meteoritin (NWA7533 və NWA7034) mineral və kimyəvi tərkibini öyrənməyə başladılar. Geoloqlar NWA7533 meteoritinin kimyəvi və mineral tərkibinin, marsoxod "Spirit"in üzərində işlədiyi Marsdaki Qusev kraterinin tərkibinə oxşadığını fərq etdilər. Tərkibində xüsusilə nikel, iridium və osmiumun yüksək nisbətlərdə olduğunu görən alimlər, meteoritin 4,4 milyard il əvvəlki Marsa aid olduğu qənaətinə gəldilər.
Nəticələr, bu kiçik nümunələrin Marsın yaranmasından bir qədər sonra planetdən ayrıldığını göstərdi. Təxmini hesablamalara görə meteoritlər Marsdan qopduğunda Günəş sistemi hələ 100 milyon il yaşında idi. Bu tədqiqat, Marsın əslində hesab etdiyimizdən daha tez soyuduğuna və Yerin hələ formalaşmağa başladığı dövrlərdə qırmızı planetin artıq kifayət qədər qalın qabığa sahib olduğuna dair məlumatlar verdi.
Qaynaq: Nature
0 şərh var:
Post a Comment