November 21, 2013

Dinozavrlar istiqanlı idilər?

Alimlər uzun müddət müxtəlif üsullarla dinozavrlar haqda daha ətraflı məlumata yiyələnmək istəyirdilər. Yeni bir tədqiqatın nəticələri elm dünyasını yeni bir faktla qarşı-qarşıya qoydu: Dinozavrlar istiqanlı ola bilərdilər.

Dinozavrların soyuqqanlı və ya istiqanlı olduğunu araşdırmaq, bu sürünənlərin necə yaşadığı, inkişaf etdiyi və törədiyinə dair bizə olduqca əhəmiyyətli məlumatlar təmin edə bilər.


Bir canlının istiliyi maddələr mübadiləsinə təsir edir. Bu da, istiqanlılığın canlının inkişaf sürətinə və artım bacarığına təsir edə bildiyini göstərir. Tədqiqatçılar sümük qalıqları üzərindəki "inkişaf xəttlərini" araşdırmağa başladılar. İlin daha soyuq olan fəsli, misalçün qışda, heyvanlar yavaş inkişaf edir və həmin "inkişaf xəttləri" daha tünd və nəzik olurlar, sümüklərin daha sürətli şəkildə böyüdüyü fəsildə isə onlar daha açıq və qalın olurlar.

Alimlər əvvəllər inkişaf xəttlərinin belə strukturunun yalnız soyuqqanlı sümüklərinə xas olduğunu düşünürdülər, çünki bu canlılar müəyyən mərhələlərlə inkişaf edirlər. İstiqanlı canlılar isə davamlı inkişafda olurlar, çünki onlar bədən temperaturunu saxlaya bilirlər və sürətli maddələr mübadiləsinə sahibdirlər. Yəni, fasiləsiz şəkildə inkişaf etmək üçün enerji istehsal edirlər. Alimlər, bu nəzəriyyəyə əsasən, sümüklərdəki inkişaf xəttlərini araşdıraraq dinozavrların soyuqqanlı olduqlarını iddia etmişdilər.

Yeni tədqiqat bu fikri dəyişdirir. Tədqiqatçılar, yüzdən çox istiqanlı gövşəyən məməli növlərinin ayaq sümüklərindəki inkişaf xəttlərini araşdırdılar (inəklər və qoyunlar kimi). Daha sonra, sümüklərdəki işarələri yağış mövsümləri və temperatur tsiklları, heyvanların bədən temperaturu və maddələr mübadiləsinin orta sürəti ilə müqayisə etdilər. Nəticədə tədqiqatçılar, istiqanlı gövşəyən canlıların sürətli, lakin illik mərhələli inkişafına işarə edən sümüklərdəki inkişaf xəttlərinə sahib olduqlarını təsdiq etdilər. Bu vəziyyətin də "əlverişsiz" fəslin nə qədər müddət davam edəcəyindən asılı olduğu məlum oldu.


İstiqanlı gövşəyən məməlilərin sümüklərindəki xəttlərdən alınan nəticələr əvvəlki dinozavr sümükləri üzərində aparılan tədqiqatların nəticələri ilə oxşarlığın olduğunu göstərdi. Bu tapıntı, dinozavrlarda da, eynən gövşəyənlər kimi, sürətli inkişafın baş verdiyinə və arabir əlverişsiz mövsümlər səbəbindən inkişafın müəyyən mərhələlərə bölündüyünə dair məlumatlar verdi. Bu kəşf dinozavrların soyuqqanlı deyil, istiqanlı olduqlarını irəli sürmək üçün yetərli hesab oluna bilər.


Tapıntı barədə  Barselona Avtonom Universitetindən olan tədqiqatçı Meike Köhler bunları dedi:


"Dinozavrların istiqanlı olduqlarına dair irəli sürdüyümüz arqument, inkişaf və "istirahət" xəttləri arasında, olduqca yüksək templi inkişafa işarə edən geniş toxuma sahəsinin mövcudluğundan ibarətdir. Bu, dinozavrlar üçün  tipik xüsusiyyətdir və nisbətən yavaş inkişaf edən digər sürünənlərin heç birində buna rast gəlinmir."

Bundan başqa tədqiqatda dinozavrların digər sürünənlərlə müqayisədə daha sürətli inkişaf etdiyi məlum oldu. Köhler açıqlamasında bunları da əlavə etdi:


"Dinozavrlar həmçinin çox sürətli inkişaf templərinə sahib idilər və yüksək enerji istehsal edən bədənlərinin mövcudluğunu davam etdirmək üçün daha çox və tez-tez qidalanmaq məcburiyyətində idilər."

Qaynaq: Nature
Читать полностью:http://www.km.ru/nauka/2012/07/06/nauchnye-issledovaniya-i-otkrytiya-v-mire/uchenye-schitayut-chto-dinozavry-byli-tep
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top