November 25, 2013

Charles Darwin: "Dinlə bağlı düşüncələrim"

“Biql” gəmisi ilə dəniz səyahətimi bitirəndən sonrakı iki ildə dinlə bağlı uzun-uzadı düşünməli olmuşdum. Mən bu yola çıxanda büsbütün inanclı bir kimsə idim; ancaq nədənsə, özləri də inanclı olan bir sıra gəmi zabitləri mənim əxlaq mövzusunda İncilə güvənib dediyim sözləri eşidəndə ürəkdən gülərdilər. Mənə elə gəlir, burada gülüş doğuran, mənim ortaya qoyduğum arqumentlərin onlar üçün, indiyədək eşitmədikləri bir yenilik olmasına görə idi. Ancaq sonradan, daha doğrusu 1836-cı ilin oktyabrından, 1839-cu ilin yanvarınadək olan dönəmdə, mənim İncilə olan inamım sarsılmağa başladı, mən ilk öncə, İncilin Əhdi Ətiq bölməsində yazılan: Babil qülləsinin tikilməsi, Tanrının insanlarla bağladığı əhdini göyqurşağı ilə təsdiqləməsi, habelə bunun kimi çoxlu uydurmaları gözdən keçirdikcə, bütün bunların dünyanın yalançı tarixini yazmaq üçün çalışmalar olduğunu anlamağa başladım, eləcə də, bu kitabda öcəşkən bir tiran olaraq tanıdılan Tanrının da, induslarınmı, yaxud hansısa geridəqalmış bir xalqınmı olsun, tanrılarından heç nə ilə üstün olmadığını da başa düşdüm. Bütün bunları düşünərkən, beynimdə mənə dinclik verməyən bir sual da yaranmışdı: birdən Tanrı indi durub induslara vəhylə yeni inanc göndərmək istəsəydi, bu yeni inanc da Vişnu ilə Şivaya bağlı inancın ardımı olacaqdı? Belə deyilsə, onda niyə xristianlıq inancı yəhudilərin köhnə inanclarının ardı kimi ortaya çıxmışdır? Sözün düzü, İncildə qarşılaşdığım belə bir ardıcıllıq mənə olduqca anlaşılmaz görünürdü.

Bundan sonra mən, ağlı başında olan hansısa insanın xristianlıqda danışılan möcüzələrə nə səbəbə inana bilməsi üzərində baş sındırmağa başladım; biz indi təbiətin qanunauyğunluqlarını daha dərindən öyrəndikcə, belə möcüzələrin ağlabatan olmadığını bir az da əminliklə anlamağa başlayırıq; belə çıxır, o uzaq dövrlərdə yaşayan insanlar indi bizim üçün çox anlaşılmaz görünən bir ölçüdə anlamaz, həm də tez aldanan olmuşlar; bundan başqa da, İncildə yazılanların doğrudan da bu hadisələrin baş verdiyi dövrlərdə yazıya alınması da mənə inandırıcı görünmürdü; axı ortalıqda olan dörd İncildə yer alan olduqca əhəmiyyətli hadisələr, bu İncillərin hər birində biri-birinə oxşamayan bir şəkildə danışılırdı, bunu isə baş verən hadisələri öz gözü ilə görmüş olan insanlar belə fərqli olaraq yaza biməzdilər, – buna oxşar çoxlu düşüncələrim (mən onları özgün və dəyərli olduqları üçün yox, mənə güclü təsir etdikləri üçün burada anmalı oluram), məni yavaş-yavaş inancımdan ayırmağa başladı, nəticədə isə mən xristianlığın ilahi bir din olmasına inamımı bütünlüklə itirdim. Məni bu düşüncəyə gətirib çıxaran bir dəlil də, Yer üzündə olduqca çoxlu yalançı dinlərin çox geniş, çox da tez yayıla bilmələri haqda öyrəndiklərim olmuşdu. Əhdi Cədiddə (İncildə) ortaya qoyulan əxlaqi dəyərlər nə qədər gözəl olsalar da, ancaq burası da var, biz ondakı oxşatmalarla alleqoriyaları özümüzün düşünüb tapdığımız mənalara bağlayaraq yozmasaydıq, İncil öz bugünkü bitkinliyini qoruyub saxlaya bilməzdi. 
Mən qarşıma öz inancımdan əl çəkmək məqsədi qoymaqla, bu nəticələrə gəlib çıxmamışdım; buna inana bilərsiniz, əksinə, uzun illər ərzində mənim ən böyük umacaqlarımdan biri də, haçansa, Pompey şəhərinin uçqunları altından, ya da başqa bir yerdən, o dövrlərlə bağlı hansısa bir yazı nümunəsi tapıb, İncildə yazılanların doğruluğunu sübuta yetirmək olmuşdu. Ancaq təxəyyülümə verdiyim bu azadlığa baxmayaraq, getdikcə, məni inandıra biləcək belə bir arqumentin tapıla biləcəyinə daha da az inanmağa başlayırdım. Beləcə, yavaş-yavaş bu inamsızlıq mənim ruhuma yol tapmağa başladı, nəticədə isə mən dini bütünlüklə rədd etməyə gəlib çıxdım. Amma bütün bunlar elə bir yavaşgəlliklə baş vermişdi, sözün düzü, mən həyatımda özünə yer edən bu dəyişikliklə bağlı heç bir sarsıntı keçirməmişdim, ən başlıcası isə, sonradan da, elə indi də, dindən əl çəkməyimin yanlış olduğunu düşünmürəm. Sözün düzü, mən indi xristian dini təlimində insanın gələcəyi üçün deyilənlərin doğru olacağını uman birisini heç cür anlaya bilmirəm; axı İncilin anlatdığına görə gələcəkdə bütün inancsız kəslər sonsuzluğa kimi sürəcək cəza alacaqlar, elə isə, atamın, qardaşımın, bütün ən yaxşı yoldaşlarımın inancsız olduğunu bilən mən, bu təlimdə deyilənlərin doğru çıxacağını necə uma bilərəm? Belə də iyrənc təlim olarmı?!

Lakin bütün bunlara baxmayaraq, mən Tanrının bir kimlik olaraq varlığı üzərində sonralar da çox düşünmüşdüm, indi bu düşüncələrimdə gəldiyim qaçılmaz olan nəticələri sizinlə bölüşmək istərdim. Keçmişlərdə təbiətdə məqsədyönlü bir planlaşdırmanın olduğunu deyərək, Tanrının varlığını da bununla doğrultmağa çalışardılar, sözün düzü, elə mən özüm də öncələrdə, Tanrının varlığının bu sayağı doğruldulmasına inanırdım, ancaq mən təbii seçmə qanununu tapandan sonra bu deyilənlər mənim üçün büsbütün öz dəyərini itirdi. Biz artıq bu gün, bərk kilidlənmiş iki “qapısı” olan molyuska baxıb, onun da qapıya kilid düzəldən insan sayağı, hansısa şüurlu bir varlıq tərəfindən yaradıldığını deyə bilmərik. Araşdırmalardan da göründüyü kimi, canlı orqanizmlərin təbii seçmə yolu ilə dəyişməsi heç də məqsədyönlü bir plan üzrə baş vermir, bu dəyişmələr, təbiətdə özünü göstərən bəlli axınlar üzrə (tutalım elə, küləyin əsmə yönü kimi) yönələrək baş verir. Təbiətdə olan nə varsa, hamısı, bəlli bir qanunauyğunluqlar üzrə baş verən proseslərin gedişində yaranaraq ortaya çıxmışdır. Mən əvvəl yazdığım “Ev heyvanları və insan əli ilə bəslənən bitkilərin dəyişilməsi” adlanan kitabımda bunları bütün genişliyi ilə göstərmişdim, ən əhəmiyyətlisii isə, bu vaxtacan da mənim orada irəli sürdüyüm arqumentləri danmaq istəyən bir kimsə də ortaya çıxmamışdır.

Təbiətdə addımbaşı qarşılaşdığımız, canlı orqanizmlərin yaşayışa uyğunlaşa bilməsinin olduqca gözəl nümunələrini bir qırağa qoyası olsaq, onda istər-istəməz belə bir sual ilə üz-üzə qalırıq: yaşadığımız dünyanın bu, yaxşılığa doğru gedişini necə açıqlamaq olar? Düzdür, bir sıra yazıçılar yaşamda üzləşilən çoxsaylı ağrı-acılardan sarsılaraq, dünyada olan bütün duyğulu varlıqların hamısının daha çox əzablarla üzləşdiyini önə çəkir, canlı varlıqların öz yaşamlarında uğur qazana biləcəyinə inamsızlıq aşılamağa çalışırlar. Mənim düşüncəmə görə, duyğusu olan varlıqlar qarşılaşdıqları ağrı-acıları üstələyərək, nəticədə uğur qazanmağa gəlib çıxırlar, düzdür, bunu sübut etmək çox da asan deyildir. Ona görə də, mənim dediyim bu sözləri düzgün saymaq, elə təbii seçmə qanunu ilə baş verən gedişin uğuruna inanmaq deməkdir. Birdən, hansısa növün bütün fərdləri qarşılaşdıqları ağrı-acılara görə, ara vermədən ancaq əzab çəksəydilər, onda onların öz nəsillərini davam etdirmək istəkləri də yarana bilməzdi. Bundan başqa da, bir sıra yaşam örnəklərinə baxdıqca, duyğusu olan varlıqların demək olar hamısının uğur qazanmağa can atdıqları, həm də onların bu uğura çatmaqdan sevinc duyduqları da görünməkdədir. Kim mənim kimi düşünüb, canlıların bədənləri ilə psixikalarının fəaliyyət göstərməsi üçün olan üzvlərinin təbii seçmə, yaxud da yaşama daha çox uyğunlaşmağa çalışma yolu ilə inkişaf etməsinə inanırsa (burada canlıların işinə yaramayan, həm də onlara ziyan verməyən üzvlərdən söz açılmır), bütün bu üzvlərin ardıcıl çalışmalar ilə qazanılan vərdişlərin köməyi ilə, ara vermədən yetkinləşdiyini danmırsa, onda o, bütün bu orqanların, öz yiyələrinin başqa canlılarla uğurla yarışa bilməsi, həm də bununla yanaşı olaraq, özünün nəsilcə artıb-törəməsi üçün formalaşdığına da inanacaqdır. İstənilən bir canlı növünün özü üçün hansı inkişaf yolunun daha çox yararlı olmasını seçməsi isə, – ağrı, aclıq, susuzluq, qorxu kimi əzabverici duyğularla yanaşı, qidalanmaq, törəyib artmaq kimi həzzverici duyğuların köməyi ilə də ayırd oluna bilər, ola bilsin, bu iki cür duyğuların qarışığı da bu inkişafı yönləndirsin, aclıq duyğusundan, yem axtarıb tapmaq duyğusunun yaranması buna misal ola bilər. Ancaq ağrı, yaxud da başqa bir əzabverici duyğu çox uzun çəkirsə, istənilən canlını sıxışdırıb üzgünləşdirə bilər,  bununla yanaşı olaraq, bu vəziyyət canlı orqanizmin gözlənilən yamanlıqlardan qoruna bilmək instinktini də gücləndirir. Eləcə də, həzz duyğusu da canlı varlığı incitmədən çox uzun bir müddət davam edə bilər; həm də bu vaxt canlı orqanizmin bütün bədən üzvlərini dirçəldib coşdura da bilər. Demək olar, bütün canlıların, daha doğrusu, duyğuları olan canlıların, təbii seçmə yolu ilə inkişafını idarə edən də elə onların öyrəşdikləri bu cür həzzverici duyğular olmuşdur. Biz də insan olaraq, bu həzzverici duyğuları sezirik, onların bizim bədənimizlə ağlımızı çox gərginləşdirdiyi anlar da olur, buna nümunə olaraq bizim gündəlik yemək-içməyimizdən, ən çox da başqa insanlarla ünsiyyətimizdən, öz doğmalarımıza olan sevgimizdən aldığımız həzzləri göstərmək olar. Bu sayağı: alışdığımız, həm də ara vermədən təkrarlanan həzzlər, duyğusu olan varlıqların böyük çoxluğuna (mən buna ürəkdən inanmaqdayam), üzləşdiyi əzabverici duyğuları mğəlub edə bilmək üstünlüyü verir, ancaq buna baxmayaraq sonradan bu canlılar bəzən yenə də ağrı-əzablarla üzləşməkdən qaça bilmirlər. Bu ağrı-əzabların olması isə, elə Təbii Seçmənin gedişində ortaya çıxan, yaşamaq uğrunda baş verən mübarizələrlə bağlıdır, doğrudan da Təbii Seçmə qanunu hər bir növü, yaşaya bilmək üçün başqa canlılarla aparmalı olduğu mübarizələrdə uğur qazanmağa yönəldir, həm də bu növlərin, döyüşün baş verdiyi mühitdə tez-tez dəyişən mürəkkəb vəziyyətlərdən baş açmasına da yardımçı olur.

Dünyada çoxlu ağrı-acıların olduğunu heç kim dana bilməz. İnsanın üzləşdiyi ağrı-acıların niyəsini açıqlamaq istəyən bir sıra düşüncə ərləri, insanın çəkdiyi bu əzabları, onun mənəvi yetkinliyə çatması üçün keçməli olduğu sınaqlar kimi yozmağa çalışmışlar. Ancaq yaşadığımız dünyada insanların sayı, başqa duyğulu varlıqlarla tutuşduranda olduqca azdır, buna baxmayaraq, başqa duyğulu varlıqlar heç bir mənəvi yetkinlik məsələsindən asılı olmayaraq, çox böyük sarsıntılarla üzləşirlər. Kainatı yarada bilmək üçün, gərək Tanrının gücü yenilməz, biliyi sonsuz olaydı, elə bizim məhdud anlağımız da Tanrını, yenilməz güc, sonsuz bilik yiyəsi olan bir varlıq kimi tanıyır, ancaq buradaca belə bir vəziyyətlə üzləşirik: belə çıxır, Tanrının mərhəməti ucdantutma hamıya çatmadığı üçün birilərinin anlağı onun göndərdiyi sınaqlar olan ağrı-acılardan yan gəzir, digərləri isə onlardan keçərək Tanrının mərhəmətini qazanır, elə isə onda, bizdən aşağı pillədə dayanan milyonlarla heyvanların sonsuz bir zaman içində çəkdikləri əzablar nə üçündür, onlar bununla nə qazanırlar? Dünyanın yaranmasının ilkin səbəbinin hansısa şüurlu varlıq olmasına qarşı çıxan bu çox keçmişlərdən qalma dəlillər mənə çox inandırıcı görünür, bununla yanaşı olaraq, bir az öncə də dediyimiz kimi, dünyada bu qədər ağrı-əzabların olması, bütün üzvi varlıqların təbii seçmə yolu ilə inkişafı qanunu ilə büsbütün uzlaşır.

Bizim yaşadığımız dövrdə, insanların böyük çoxluğunun daxilində inancla bağlı duyğuların özünə yer etməsi, şüurlu bir Tanrının varlığını doğrultmaq üçün başlıca arqument sayılır. Tanrının varlığı ancaq elə insanların böyük çoxluğunun ona inanmaları ilə doğruldula bilərsə, onda elə, indusların da, məhəmmədçilərin də belə bir arqumentə arxalanaraq oz tanrısını, yaxud tanrılarını doğrulda bilməsi də düzgün sayılmalı deyilmi? – ya da elə bu arqumentlə buddistlər kimi heç bir tanrının olmadığı düşüncəsinə gəlib çıxmaq da düzgün sayılmalı deyilmi? Bundan başqa da, Yer üzündə yaşayan çoxsaylı vəhşi tayfaların bizim öyrəşdiyimiz mənada inanclarının olmadığı da artıq bəllidir: onlar, Teylorla, Herbert Spenserin göstərdiyi kimi, hansısa ruhlara, qarabasmalarla inanırlar, bütün bunlar isə, məncə, dini inancın necə yarandığını aydınlaşdıra bilmək üçün çox əhəmiyyətlidir.

Gənclik illərimdə, indicə andığım duyğuların baş qaldırmasına görə (ancaq bununla yanaşı məndə nə vaxtsa çox güclü dini duyğuların olduğunu düşünmürəm) mən də Tanrının varlığına, ruhun ölümsüzlüyünə inanırdım. “Biql” gəmisindəki səyahətimdə mən öz gündəliyimdə yazmışdım: “Braziliya meşələrinin içinə düşəndə, insanın ruhunu qanadlandıran çox yüksək heyrətin, vurğunluğun, pərəstişin necə yarandığını anlamaq üçün insan qavrayışı yetərli deyildir”. O vaxtlar mən, insanda, onun bədəninin fəaliyyətindən yüksəkdə dayanan daha böyük bir dəyərin olduğuna inanırdım. Ancaq indi, təbiətdə üzləşə biləcəyim ən gözəl mənzərələr belə məndə bu sayağı duyğular doğurmaq gücündə deyildir. Bu vəziyyətimdə məni, boyaları bir-birindən ayırd etmək bacarığını itirmiş bir kimsəyə də oxşatmaq olar, beləliklə də, yan-yörədəki böyük çoxluğun doğrudan da hansısa bir qırmızı boyanın varlığına hamılıqla inanması da, boyaları özü görə bilməyən bu kimsədə belə bir dəyərin olacağına inam yarada bilməz. Tanrının varlığının sübutu kimi insanların daxilində kök salmış inanc duyğusuna arxalanmaq ancaq bir halda doğru sayıla bilərdi, onda gərək bu duyğu yer üzündə yaşayan bütün irqlərdən olan insanların daxilində özünü göstərəydi, bütün insanlıq hamılıqla tək bir Tanrının varlığına inanaydı; bunun heç də belə olmadığını isə hamımız çox yaxşı bilirik. Ona görə də, Tanrının varlığını doğrultmaq üçün insanın daxilində belə bir inancla bağlı duyğuların olmasına arxalanmağı, mən büsbütün mənasız hesab edirəm. Keçmişlərdə, gözəl təbiət mənzərələrindən ruhumun qanadlanması, daxilimdəki Tanrıya inam duyğusu ilə bağlı olsa da, amma bu duyğular əslində insanda bəzən baş verən hər hansı səbəblərdən yaranan başqa coşğun duyğulardan heç nə ilə fərqlənmir; bu duyğuların necə doğulmasını açıqlamağın çətin olmasından, onların Tanrının varlığını doğrultması alına bilməz, ən azından musiqinin də insanda belə yüksək duyğular yaratması nümunəsi də vardır.

İndi bir çox fiziklərin Günəşin özünün getdikcə soyumağa başladığı, bunun gələcəkdə planetlərə də təsirinin olacağı, Günəşlə toqquşub ona yeni bir enerji verəcək hansısa başqa bir kosmik cism olmazsa gec-tez Günəşin sönəcəyini inandırıcı dəlillərə arxalanaraq demələri, bildiyimə görə, ruhun ölümsüzlüyü inancını açıqlamaq işinə çox yarayır, məncə, ruhun ölümsüzlüyünə inamın belə güclü olması, bu inamın insanın instinktlərindən doğulmasına görədir. Mənim inandığım kimi, siz də, insanın uzaq gələcəkdə indikindən qat-qat yetkin bir varlığa çevriləcəyinə inanırsınızsa, onda insanın, o sıradan başqa duyğulu varlıqların da, bunca uzun bir təkamül yolu keçəndən sonra, çox uzaq bir gələcəkdə yox olub gedəcəklərini düşünmək adama çox dözülməz görünür. Lakin kimsə insan ruhunun ölməzliyinə inanırsa, onlar üçün bizim yaşadığımız dünyanın yoxluğa basdırılacağı elə də qorxunc görünmür.

Tanrının varlığına inancın başqa bir qaynağı, duyğularla yox, ağılla bağlı olan qaynaqdır, sözün düzü, o mənə daha çox sanballı görünür. Buradakı mühakimələrdə başlıca yeri, kainatdakı əlçatmazlıq, sonsuzluq, möcüzəlilik tutur, həm də bütün bunlarda insanın uzaq keçmişlərdən tutmuş, uzaq gələcəklərə kimi baş verənlərə ya gözlənilməz bir təsadüf, ya da zəruri bir olacaq kimi baxması bacarığı da çox önəmli bir rol oynayır. Belə mühakimələr yürütməklə mən, istər-istəməz yaradılışın hansısa ilkin səbəbinin ola bilməsi düşüncəsinə gəlib çıxıram, bu ilkin səbəbin isə insan intellektinə oxşar olan bir intellektinin olması zəruriyyəti yaranır, beləliklə də belə düşüncələrimlə mən Teizm adlanan baxışlara gəlib çıxmış oluram (Buradaca demək istəyirəm, mən “Növlərin mənşəyi” əsərimi yazanda belə bir inama bağlanmışdım, ancaq bu kitab yazılandan sonra bu inamım yavaş-yavaş zəifləməyə, getdikcə, mənim üçün daşıdığı dəyərini itirməyə başlamışdı). Amma burada elə o dəqiqə də belə bir şübhə yaranır: belə böyük sualları cavablanmasında insan ağlına güvənmək olarmı? Mənim düşüncəmə görə, öz inkişafına görə insandan aşağıda dayanan başqa heyvanlarda da intelekt əlamətləri var, elə insan ağlı da bu daha zəif intellektin inkişaf edib yüksəlməsindən yaranmışdır, mən buna ürəkdən inandığım üçün də, yuxarıda söz açdığım şübhənin ortaya çıxmasının çox yerində olduğunu düşünürəm. Mənə elə gəlir, biz burada bəzən qazanılan təcrübələrin irsi olaraq verilməsinin nəticəsi kimi ortaya çıxan bu günki halın necə yarana biləcəyini anlaya bilmədiyimiz üçün, beləcə səbəb-nəticə bağlıllıqları axtarışına çıxır, onları yaratmağa, daha doğrusu uydurmağa çalışırıq. Burada, Tanrıya inancın hələ uşaqlıq illərindən insanların beyninə yeridildiyini də unutmaq olmaz, yetərincə inkişaf etməmiş beynə yerləşdirilən belə inancın daha çox təsirli olduğu, sonradan ondan əl çəkməyin isə çox çətin olduğu da bəllidir, ona görə də, uşaqlıqdan belə inanca alışdırılmış insanın öz inancından əl çəkməsi, çox vaxt, meymunun ilana qarşı olan instinktiv qorxusundan ayrıla bilməsi qədər mümkünsüz olur. Mən araşdırdığım bu mövzunun necə ağır suallarla bağlı olduğunu bildiyimdən, onun burada, bütünlüyü ilə açıqlana bilinməməsini etiraf edirəm. Bu günki bütün obyektlərin başlanğıclarını haradan, necə götürdükləri bu gün bizim üçün sirr olaraq qalmaqdadır, ona görə də mən özümün bu vəziyyətimdə "aqnostik" olaraq qalmağa üstünlük verməli oluram.

Tanrının varlığına ürəkdən inanmayan, Tanrıdan gələcəkdə hansısa hədiyyələr, yaxud mükafatlar gözləməyən insan, mənim düşüncəmə görə, özü üçün ancaq belə bir yaşam prinsipi seçə bilər: o gərək ən yaxşı saydığı, ən güclü bildiyi impulsları ilə instinktlərinin yönətiminə uyğun yaşamağa çalışsın. Təbiətdə bunun nümunələri çoxdur, tutalım, itlərin də bu prinsiplə yaşadığı bəllidir, ancaq onlar bunu kor-koruna edirlər, insanın isə irəli baxmaq, keçmişləri anmaq, özünün duyğularından, istəklərindən, sınaqlarından baş açmaq bacarığı var. Beləliklə də, bütün məlumatlı adamların dediyi kimi, insan ən böyük həzzi ancaq özünün bəlli impulslarına uyub yaşayanda alır, bu impulslar isə sosial instinktlərdən qaynaqlanır. İnsan, başqalarının yaxşılığı üçün çalışsa, yaxınlaşdığı bu insanlar ona hörmət göstərəcəklər, ən başlıcası isə birlikdə yaşadığı doğmalarının sevgisini qazana biləcəkdir, bu sevgi isə bizim bu Yer üzündə ala biləcəyimiz ən böyük həzzdir. Beləliklə də, belə bir insan üçün getdikcə özünün ehtiraslarına boyun əyməkdənsə, yüksək impulslarına tabe olmaq daha üstün görünəcəkdir, bu yüksək impulslara uyğunlaşdıqdan sonra isə, onlar insan üçün instinktiv bir formaya keçirlər. Vaxt keçdikcə belə insanın ağlı, ona nəyi necə edərsə bunu kimin qınayacağı, kimin bəyənəcəyi ilə bağlı göstərişlər də verməyə başlayır, beləliklə də o, öz anlağının çağırışı ilə, ürəkdən istədiyi kimi, başqa sözlə desək, vicdanlı davrana bildiyinə görə, çox böyük sevinc duyğuları içində yaşaya bilir.

Özümə gəlincə, bütün ömrümü elm yolunda qoymağımın olduqca düzgün olduğunu düşünürəm. Mən öz ömrümdə heç bir böyük günah işlətməmişəm, ona görə də, heç bir vicdan ağrısı çəkmirəm, amma bircə şeyə görə heyfsilənirəm, mən öz doğmalarımın qayğısını çəkməkdə, onlar üçün etmək istədiyim yaxşılıqlarda, ürəyim istəyəni edə bilmədim. Burada da mənim özümü doğrulda bilmək üçün iki arqumentim var: birincisi, mən çox tez-tez xəstələndiyim üçün bu yöndəki işlərimi çatdıra bilməmişəm, ikincisi isə, mənim ağlımın quruluşuna görə, qapıldığım hər hansı işdən ayrılıb başqa bir işə keçməyimin həmişə çox çətin olmasıdır. Mənə elə gəlir, bütün ömrümü insanlara yaxşılıq etməklə keçirsəydim, bundan böyük səadət olmazdı, ancaq çatdırıb edə bildiklərim də mənə bir toxdaqlıq gətirməkdədir.

Ömrümün ikinci yarısında, düşüncələrimdə dinə inamsızlığın yaranaraq genişlənməsini, başqa sözlə desək, beynimdə rasionalizmin özünə biryolluq yer etməsini mən öz yaşamımda ən əhəmiyyətli bir hadisə sayıram. Mənim toyumdan qabaq, adaxlandığım vaxt, atam mənə dinə inanmağı bərk-bərk gizlətməyi tapşırmışdı, onun dediyinə görə, belə bir inancsızlığın açıqlanmasının sonradan ailələrdə yaratdığı bədbəxtlikləri öz gözü ilə gördüyü üçün mənə bu məsləhəti verir. Atamın sözünə görə, evlilik zamanı ər ilə onun xanımından hansı birisə xəstələnməyənə kimi, belə inancsızlığın onlara heç bir maneçiliyi olmur, ancaq elə ilk uğursuz bir hadisə baş verdikdə, qadınların bir çoxu, bütün bunların ərlərinin dinsizliyi ucbatından baş verdiyini düşünərək, çox böyük sarsıntılar keçirir, çox keçmədən öz ərlərini də bu sarsıntılara yoluxdururlar. Atamın danışdığına görə, öz uzun ömrü boyu dinə inanmayan üç qadın tanıyırmış, burası da var, atamın tanışlıq çevrəsi çox geniş olmuş, onun tanışlarının çoxusu öz ürəklərində olan gizlinləri ondan gizlətməmişdirlər. Atamdan bu qadınların kimlər olduğunu soruşanda o mənə onlardan birinin adını çox böyük hörmət ilə çəkdi, bu onun baldızı Kitti Vecvud idi, ancaq atam onun dinə inanmadığını yəqinliklə bilmədiyini də boynuna aldı, atamın düşüncəsinə görə, belə bir dərin düşüncəsi, böyük ağlı olan bir qadın heç vaxt dinə inana bilməzdi. Mən isə, o qədər də geniş olmayan tanışlıq çevrəmdə, dinə olan inamları öz ərlərinin inamlarından heç də çox olmayan, bir neçə xanım tanıdığımı deyə bilərəm.

Atamın danışmağı çox sevdiyi belə bir başagəldisi də vardı, bir nəfər çox yaşlı xanım atamın dinə inanmadığından duyuq düşüb, onu dinə gətirmək üçün danılmaz saydığı belə bir arqument gətiribmiş: “Doktor! Mən şəkərin şirinliyini ağzımda necə duyuramsa, mənim ruhumu qurtaracaq Yaradanın varlığına da elə o qədər inanıram”.

Tərcümə: Araz Gündüz

Qaynaq:  Ч. Дарвин. “Воспоминания о развитии моего ума и характера” Сочинения, т.9. Изд-во АН СССР, Москва, 1959 г.
Yazını dostlarla bölüş

1 şərh var:

  1. Xaricdəki bütün dostlarıma mövsümi təbriklər, mənim adım Tahire Elirzayeva, Bakı, Azərbaycan Mən peşəm tibb həkimiyəm, 47 yaşım var. Həqiqi həyat ifadələrimi xahişlə oxuyun, bu məlumatın bu məqaləni oxuyan bir kəsə, pozulmuş evliliyi bərpa etməsini və itirilmiş sevgi münasibətlərini 2 gün ərzində bərpa etməsinə kömək edəcəyinə dair müsbət bir niyyətim var. İllərdir Sadiq Elyer ilə əlaqədə olduqdan sonra mənimlə aramızı kəsdi, onu yenidən məni sevməsi üçün geri qaytarmaq üçün hər şeyi etdim, amma etdiyim hər şey boşa çıxdı, ona olan sevgimə görə onu çox istədim, Ondan əlimdəki hər şeylə soruşdum, söz verdim, amma rədd etdi. Problemimi işdəki həmkarıma izah etdim və o, daha yaxşı yazmağımda kömək edə biləcək bir sevgi sehrbazına müraciət etməyimi təklif etdi, amma eşq yazım hissəsinin mövcud olduğunu və ya işlədiyini düşünməyən bir insanam, seçimim yoxdu. amma sınamaq üçün spellcaster kanalına e-poçt göndərdim və o, hər şeyin üç gündən əvvəl yaxşı olacağını, keçmişimin üç gündən əvvəl mənə qayıdacağını söylədi və Sevgi sehr hissəsini havaya atdı və təəccüblü bir şəkildə ikinci gün gecə saat 3.00 idi. Keçmiş eşq ortağım məni mobil telefonuma çağırdı, o qədər təəccübləndim ki, Telefon zənginə cavab verdim və dediyi hamısı baş verən hər şeyə görə peşman olduğunu, onun yanına qayıtmasını istəməsini, məni çox sevdiyini söylədi . Mən çox xoşbəxt idim və xoşbəxtliklə birlikdə yaşamağa başladıq. hər hansı bir yardıma ehtiyacınız varsa ona necə müraciət edə bilərsiniz .doctorigbinovia93 @ gmail.com və ya +2348144480786 nömrəli whatsapp-da ya da viber-də +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazım olan şeyləri götürərsiniz ..... .

    ReplyDelete

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top