June 2, 2014

Qarabəniz yoxsa sarışın - cəmi bir hərflik fərq

İnsanın xarici görünüşü əsasən onun dəri və saçının rəngi ilə müəyyən edilir. Alimlər uzun müddətdir ki, belə əlamətlərin genetik əsası və təkamülünün axtarışındadırlar. Son 6 il ərzində minlərlə insan üzərində aparılmış tədqiqatlar nəticəsində yalnız sarışınlara xas minimum 8 DNT hissəsi aşkar edilib. Tapılmış bəzi genetik mutasiyalar eyni anda həm dəri, həm də saç rəngini dəyişdirməyə qadirdir. Digər mutasiyalarsa bədənin yalnız bir və ya bir neçə hissəsinin genetik informasiyasını dəyişdirdiyindən, məsələn, saç rəngini dəyişdirə, dəri rəngini isə olduğu saxlaya bilər.

Sarışınların yayğın olduğu Şimali Avropa insanlarında KITLG geni var, hansının ki dəyişikliyi birbaşa saç rəngi ilə əlaqəlidir. Bu gen orqanizmdəki hüceyrələrin düzgün yerləşiminə və spesializasiyasına cavabdeh olan zülalı kodlaşdırır. Stenford Universitetindən olan Devid Kinqsli uzun müddətdir ki, təknukleotidli polimorfizmləri araşdırırdı. Alim, həmkarları ilə birlikdə tikanlı balıqların rəngini məhz bu genin dəyişdirdiyini tapmağa nail olmuşdu. Tikanlı balıqlar buzlaqların çəkilməsindən sonra duzlu göllərdə təcrid olunmuşdular və hər populyasiya bir-birindən ayrı inkişaf edirdi. Suyun şəffaflığından asılı olaraq, balıqlar daha tünd və daha açıq rənglər alırdı.

İndi isə Kinqslinin tədqiqatçı qrupu eyni dəyişikliklərin insanların da saç rənginə təsir etdiyini irəli sürüb. İlk öncə alimlər Niderland və İspaniya sakinlərindən alınan KITLG geninin nukleotid ardıcıllığını ətraflı araşdıraraq, saç rənginə təsir edə biləcək bütün təknukleotidli polimorfizmləri qeyd etdilər. Ardından hər bir polimorfizm hadisəsi üçün iki gen versiyası yaratdılar. Bunlardan birində kodun əsas hərfini saxlayaraq, digərində onu "əks" nukleotidlə əvəz etdilər (adenin-quanin). Bu genlər siçanların hüceyrələrinə yerləşdirildi. Nəticələrə əsasən, belə kiçik dəyişikliklər boz tükləri ağ tüklərlə əvəz etməsə də, çalarlıqda nəzərə çarpacaq qədər açıqlaşma baş verdi.

Laboratoriyada yetişdirilmiş insan hüceyrələri üzərindəki eksperimentlər göstərdi ki, təknukleotidli polimorfizm geni nə aktiv, nə də deaktiv edir, sadəcə onun aktivliyini təxminən 20% azaldır. Bu, saçın daha tünd və ya daha açıq rəng alması üçün kifayətdir. Başqa deyimlə, DNT-nin cəmi bir müəyyən nukleotidinin dəyişdirilməsi ilə çalarlığı fərqləndirmək olar.

Genetika nöqteyi-nəzərindən digər bəzi variasiyalardan fərqli olaraq, sarışınlara aid bütün stereotiplər təsdiqlənmiş deyil. Məsələn, məlumdur ki, kürən saçlı insanların genetik dəyişikliyi onların zülal strukturuna təsir etməklə yanaşı, həm də orqanizmdəki bir çox funksiyalara da təsir edir.

Həmçinin oxuyun:

Qədim avropalı mavi gözlü və qarabəniz idi
Alçaqboylular daha uzunömürlüdür
İnsanın ən qədim genomu canlandırıldı
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top