June 1, 2014

Anabioz həyata keçir: Xəstələr dondurularaq müalicə ediləcək

Xəstəyə ölüm diaqnozu qoyulduqda xəstə həqiqətən də ölü olur? Belə vəziyyətdə xəstəni diriltməyin hər hansı bir üsulu var? Gələcəyin uzun sürən kosmik səyahətlərini 70-80 illik insan ömrü ərzində necə reallaşdıra bilərik? Mütəxəssislərin dediyinə görə, əldə edilmiş yeni tibbi metodika sayəsində bu suallar cavablandırılacaq.

ABŞ-dan olan alimlər tibb tarixində ilk dəfə insanlar üzərində anabiozla əlaqəli kliniki sınaqlar keçirməyi planlaşdırır. Sınaqlar Amerika Dərman və Qida Komissiyası tərəfindən dəstəklənib. Uğurlu nəticələr alınsa, cərrahlar hətta ən ağır yaralı və çoxlu qan itirmiş insanların belə həyatlarını xilas edə biləcəklər. Bununla yanaşı metodika digər sahələrdə - gələcəkdə uzun sürən kosmik səyahətlərdə də istifadə edilə bilər.

Anabioz - orqanizmin elə bir halıdır ki, bu zaman canlılarda bütün həyat prosesləri (maddələr mübadiləsi və s.) o qədər zəifləyir ki, həyat təzahürləri müşahidə edilmir. Termin ilk dəfə 1873-cü ildə alman alimi Uilyam Preyer tərəfindən təklif edilib.

Tədqiqatçıların əsas vəzifəsi ağır yaralı insanların həyatını xilas etməyin üsulunu tapmaqdır. İnsanı süni ölümə salan "bədənin dondurulması texnologiyası" məhz bu məqsədlə inkişaf etdirilir. Bədən dondurulduqda həyati orqanlar bir növ yuxuya dalır və ən mənfi nəticəsi qida çatışmazlığı olur. Bu prosesdə isə həkimlər əlavə vaxt qazanırlar, dolayısı ilə xəstəni xilas etmək şansı da artmış olur.

İnsanı anabioz vəziyyətinə salmaq üçün Pittsburqdan olan həkimlər xəstənin qanını xüsusi duzlu məhlulla əvəz etmək istəyirlər - bu, bədəni içəridən soyudacaq. Süni qan dövranı cihazı köməyilə isə qan sirkulyasiyasını bərpa edərək, insanı yenidən "diriltmək" mümkün olacaq.

Proses, texniki olaraq, belə tətbiq ediləcək. Xəstənin aortasına soyuducu məhlul yeridilir. Məhlul ürəkdən keçərək xilas edilməli olan ilk orqana - beynə çatır. 15 dəqiqə sonra isə xəstənin bədəni 10 dərəcə soyumağa başlayır. Nəticədə xəstə nəfəs almağı dayandırır, ürəyi döyünmür və beyin aktivliyi qeydə alınmır. Faktiki olaraq, ölür. Lakin belə vəziyyətdə hüceyrələrdə maddələr mübadiləsi, demək olar ki, baş vermədiyindən, oksigenə ehtiyac duyulmur. Oksigensiz reaksiyalar müəyyən bir miqdarda enerji hasil edilməsini təmin edir, hansı ki belə vəziyyətdə lazımlı hesab edilir. Normal temperaturlarda hüceyrələr bu cür anaerob vəziyyətdə 2 dəqiqədən artıq yaşaşa bilmir, dondurulmuş vəziyyətdə isə onlar bir neçə saat ərzində sağ qalmağa qadirdir.

Ardından xəstənin bütün aparatlarını söndürərək, onu əməliyyət otağına köçürürlər. Ağır yaraları sağaltmış həkimlər daha sonra duzlu məhlulu bədəndən xaric edərək, qanı geri qaytarır və ən mühim mərhələ hesab edilən "diriltmə" müalicəsinə keçid alırlar.

"Biz, həyatı dayandırırıq. Amma bunu anabioz adlandırmaq daha çox elmi fantasika kimi səslənir. Bunu, təcili qorunub saxlanma və bərpa adlandırardım", - tədqiqatın başında duran cərrah Semüel Tişerman qeyd edir.

"Əgər xəstə öldükdən 2 saat sonra xəstəxanaya gətirilirsə, onu dirildə bilməyəcəyik. Amma əgər xəstəni öldükdən əvvəl anabioz vəziyyətinə salsaq, anatomik problem aradan qaldırıldıqdan sonra xəstə həyata qayıdacaq", - tədqiqatın müəlliflərindən olan Arizona Universitetindən olan Piter Ri deyir.

Canlıları anabioz vəziyyətinə salma texnologiyası hələ 2000-ci ildə inkişaf etdirilib. O vaxt Piter Ri donuzlar üzərində eksperiment aparmışdı. Nəticədə ölümə məhkum olan laboratoriya canlılarının 90%-i uğurla həyata qaytarılmışdı.

"O vaxt eksperimentlər apardıqdan sonra ölümün tərifinin dəyişdiyini anladım. Hər gün işdə xəstələrə ölüm diaqnozu qoyuram. Onlarda heç bir həyat əlamətləri olmur, ürək döyünmür, beyin aktivliyi dayanır. Kağızlara imza atıram, amma yenə də qəlbimin dərinliklərində anlayıram ki, onlar əslində ölməyiblər. Mən, onları müvəqqəti söndürə bilərəm. Amma bunun əvəzinə onları morqa göndərməli oluram. Bunun həlli olduğunu bildiyim üçün çox kədərlənirəm. Biz ki artıq hüceyrələri dondura bilərik", - Piter Ri əlavə edir.

Anabiozla əlaqəli ilk kliniki təcrübələrdə çoxlu qan itirdikdən sonra koma vəziyyətinə düşmüş 10 xəstə iştirak edəcək. Onlar üzərində alınan nəticələr ənənəvi üsullarla sağaldılmağa çalışılacaq bir neçə anoloji xəstə ilə müqayisə ediləcək. Alimlər uğurlu nəticələr alındığı təqdirdə, bunu gələcəkdə digər sahələrdə də istifadə edilə biləcəklərini bildirirlər. Bədənin müvəqqəti dondurulub bir müddət sonra yenidən işlək hala salına bilməsi fikri hələlik yalnız elmi fantastika hesab edilən uzun kosmik səyahətlər mövzusunda yeni ümidlər təmin edir.

Həmçinin oxuyun:

Həyat və ölüm arasındaki "sərhəd" nədir?
İlk avtonom süni ürək köçürüldü
Yaşlanma prosesi dal-dalı getdi
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top