June 8, 2014

Ayın mənşəyi aydınlaşdırılır

Alimlər ilk dəfə Ayın milyard illər əvvəl nəhəng kosmik cismin Yerlə toqquşmasından yaranmış olduğuna dair dəlillər əldə etdiklərini bildirirlər. "Apollon" missiyası çərçivəsində amerikalı astronavtların Aydan Yerə gətirdiyi qayalıq nümunələri üzərində aparılmış analiz işləri onların, "Teya" adını almış hipotetik cismə aid mineral izləri daşıdığını göstərir. Mütəxəssislər tapıntı sayəsində illər əvvəl irəli sürülmüş Ayın 4,5 milyard illik tarixi ilə bağlı hipotezin nəhayət təsdiq edildiyini deyirlər.

Hipotetik planet yunan mifologiyasında ay tanrıçası Selenanın anası "Teyanın" şərəfinə adlandırılmışdır. Toz və qayalıqlarla örtülü Teyanın Yerlə toqquşması hələ Günəş sisteminin erkən formalaşma mərhələsində baş verib. 1980-ci illərin əvvəllərində təklif edilmiş bu hipotez indiyədək heç bir fakta əsaslanmırdı. Bir tərəfdən analizlər göstərirdi ki, Ay qayalıqları Yer mənşəlidir, digər tərəfdənsə kompüter modelləri Ayın əsasən Teyaya aid qayalıqlardan formalaşmış olduğuna işarə edirdi. Get-gedə bu hipotezə ümidlər azalsa da, nəhayət ki, alimlər daha dəqiq analizlər nəticəsində Ayın Yerə aid olmayan qayalıqlardan qurulduğuna dair sübutlar əldə etdilər.

"Biz, Yer və Ay qayalıqlarının izotop tərkibində cüzi fərqliliklər aşkar etdik ki, bu da toqquşma nəzəriyyəsini təsdiq edir", - Göttingen Universitetindən olan Deniel Hertvarts qeyd edir.

Hertvarts və həmkarları tədqiqatda Yer və Aya aid qayalıqların izotop tərkibindəki oksigen fərqliliklərini dəqiqləşdirdikdən sonra nəticələrin Yer və Teyanın formalaşdığı qayalıqlar üçün identik olduğunu anladılar. Bu qəribə faktı izah etmək üçün mütləq Teyanın Yer yaxınlığında bir yerdə yarandığını və bu səbəbdən oxşar izotop tərkibləri olduğunu əlavə etmək lazımdır. Əgər belədirsə, o zaman Günəş sistemindəki planetlərin yalnız özünə xas kimyəvi tərkibi olduğuna dair hipotez təkzib edilməli olacaq.

Britaniya Açıq Universitetindən olan Maheş Manand isə əldə edilən sübutların hələlik kafi olmadığını və Ayın digər rayonlarına aid nümunələrin də gözdən keçirilməsinin vacib olduğunu deyir.

Həmçinin oxuyun:

Europaya avtomatik zond göndəriləcək
Asteroidin "anatomik atlası" tərtib olundu
İlk ekzopeyk tapılmış ola bilər
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top