February 7, 2014

İlk yırtıcılar dimetrodonlar idi

Yeni bir tədqiqatın nəticələrinə görə Yer üzündə Perm dövründə yaşamış dimetrodonlar olduqca təkmilləşmiş yırtıcı dişlərə sahib idilər. Aydınlaşdırılmış bu xüsusiyyət "Yerin ilk həqiqi yırtıcısı" adını dinozavrlardan alaraq dimetrodonlara verir. Əlaqədar məqalə 7 fevral 2014 tarixində Nature Communications jurnalında dərc edildi.

Toronto Universitetindən (Kanada) olan Robert Reisz və Kirstin Brink planetdə 280-265 milyon il əvvəl yaşamış bir neçə qədim dimetrodonlara aid fosilləri araşdırdıqdan sonra belə qənaətə gəldilər. Məməlilərin ilk əcdadları kimi, dimetrodonlar da sinapsidlər (qədim dördayaqlılar) qrupuna daxildir.

200-250 kiloqram çəkisi və 2,7-4 metr uzunluğu olan dimetrodonlar o dövrün ən iri yırtıcıları idi. Bu heyvanların nə ilə qidalandığına dair hələlik qəti cavablar yoxdur. Bundan başqa dimetrodonların ov üsulları və ekosistemdəki mövqeləri barədə, demək olar ki, heç bir məlumat yoxdur.

Reisz və Brink elektron analiz mikroskopu köməyilə bir neçə dimetrodon diş nümunəsi üzərində işlər apararaq bu qaranlıq mövzulardan birini aydınlığa çıxarmağa nail oldular. Bu üsul alimlərə onların strukturunu öyrənməyə və müasir yırtıcılarla birgə dinozavr dişləri ilə də müqayisə etməyə fürsət təmin etdi. Nəticədə dimetrodonların kifayət qədər təkmilləşmiş yırtıcı dişlərə sahib olduqları məlum oldu. Diş səthinin nisbətən düz olmasına baxmayaraq yenə də dişlər olduqca iti və ovun bədəninin yumşaq toxumalarını parçalamaq üçün kafi idi.

Həmçinin bu dişlərdə, əvvəllər yalnız dimetrodonların uzaq qohumları olan məməlilərdə rast gəlinən "çeynəmə qabarıqlarının" olduğu aydınlaşdırıldı. Alimlər əldə edilən faktlarla yırtıcı diş təkamülünü daha 40 milyon il geriyə daşımalı olduqlarını qeyd etdilər.

"Dişlər skeletin digər hissələrindən fərqli olaraq heyvanın həyat tərzi mövzusunda daha çox öyrənməyimizə yardım edir. Xüsusi kəllə sümüyü quruluşu olan dimetrodonlar öz iti dişlərini qurbanlarının bədənlərinə asanca keçirə və iri tikələr qopara bilirdilər", - Reisz deyir.

Qaynaq: Nature , ScienceDaily
Yazını dostlarla bölüş

1 şərh var:

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top