February 19, 2014

Nanomühərriklər canlı hüceyrə içərisində işlədi

Pensilvaniya Ştatı Universitetindən (ABŞ) olan biokimyaçı və biomühəndislərdən ibarət tədqiqatçı qrup ilk dəfə insanın canlı hüceyrəsi içərisinə mikroskopik sintetik mühərrikləri yerləşdirərək ultrasəs və maqnit dalğaları köməyilə onları idarə etməyə nail oldu.

Bu kiçik mühərriklər alimlər tərəfindən hələ on il əvvəl hazırlanmışdı. İndiyəcən bu nanomühərriklər insanın canlı hüceyrələrində yoxlanılmamış, yalnız xüsusi cihazlarla laboratuar şərtlərdə istifadə edilmişdi.

"Bundan əvvəl heç kim bu nanomühərriklərin necə hərəkət etdiyini, hüceyrə içərisindəki struktura necə təsir göstərdiyini və canlı hüceyrənin onlara necə mexaniki cavab verdiyini görməmişdi. Bizim tədqiqatımız sintetik nanomühərriklər istifadə edilərək hüceyrə biologiyasının yeni araşdırmalarını aparmaq üçün parlaq dəlilidir. Biz bu nanomühərrikləri hüceyrəyə içəridən mexaniki təsir göstərmə üsulları ilə xərçəng və digər xəstəliklərin müalicəsi üçün istifadə edə bilərik. Həmçinin oxşar üsullar gələcəkdə bilavasitə toxumada qeyri-invaziv şəkildə dərmanların daşınması və hüceyrədaxili cərrahiyə çətinliklərinin həll olunması üçün imkan təmin edəcək", - Pensilvaniya Ştatı Universitetindən olan kimyaçı və fizik Thomas Mallouk qeyd edir.

Rutenium və qızıl hissəciklərindən hazırlanmış mikroskopik sintetik mühərriklər görünüş baxımından raketləri xatırladır. Onlar, canlı hüceyrə içərisində hərəkət edə və lazım olduqda hüceyrə membranasını ikiyə bölə bilir.

"Əvvəlki mühərriklərimiz zəhərli yanacaq növləri ilə işləyirdi və bioloji maye içərisində hərəkət edə bilmirdi, bu səbəbdən o vaxt onları insanın hüceyrələri içərisində araşdırmağa heç bir imkan yox idi. Bu məhdudiyyət ciddi çətinlik idi", - Thomas Mallouk davam edir.


Elektron mikroskop altında HeLa
hüceyrələrinin bölünməsi
Mallouk və fransız fizik Mauricio Hoyos nanomühərrikləri ultsasəs və maqnit dalğalarının köməyilə hərəkətə gətirməyin mümkün olduğunu aydınlaşdırdılar. Tədqiqatda alimlər nanomühərrikləri insanın HeLa hüceyrələrinə yerləşdirdilər.

Bu hüceyrələrə yerləşdirilən nanomühərriklər ultrasəs dalğaları ilə istiqamətləndirilərək hüceyrə toxuması ilə hərəkət edirdilər. Ultrasəs gücü aşağı olduqda nanomühərriklər çox zəif hərəkət edir və hüceyrəyə minimal təsir göstərirdi. Ultrasəsin gücü və dolayısıyla nanomühərriklərin sürəti atrırıldıqda isə onlar hüceyrə içərisini qarışdıraraq və hüceyrənin "divarını" deşərək orqanellər ilə qarşılaşırdılar.

"Azad hərəkət nanomühərriklərə hüceyrələri seçərək məhv etməyi təmin edə bilər. Misal üçün, əgər siz onların köməyilə xərçəng hüceyrələrini axtarıb məhv etmək istəyirsinizsə, bütün nanomühərriklərin eyni istiqamətdəki hərəkəti əvəzinə onların müstəqil hərəkəti daha yaxşı olacaq. Nanomühərriklərin canlı hüceyrələrə təsir göstərmə bacarığı tibb üçün böyük perspektivlər açır. Bir gün nanomühərriklər insan bədəni içərisində səyahət edə, bir-biri ilə ünsiyyət qura və bir çox müalicə və diaqnostika növlərini yerinə yetirə biləcəklər. Bu texnologiyanın praktikada tətbiqi üçün bir çox müxtəlif üsullar mövcuddur, kəşfimizsə bizi irəliyə apardı", - Thomas Mallouk son olaraq deyir.

Həmçinin oxuyun:

Plastik hüceyrə yaradıldı
Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı
Yeni nəsil spermalar: Transgenik heyvanlar
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top