December 19, 2013

Dimdik uçuş üçün deyil, qidalanmaq üçün idi

Yeni bir araşdırmanın nəticələrinə görə ikiayaqlı tüklü dinozavrlar dimdiklərini uçuş üçün deyil, bərk qidanı daha yaxşı üyütmək üçün təkmilləşdirdilər. Paleontoloqlar belə qənaətə Monqolustandan olan dörd metrlik  Erlikosaurus andrewsi növünün kəllə sümüyünü araşdırdıqdan sonra gəldilər. Tədqiqatla əlaqədar məqalə 2 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında yayımlandı.

Bristol Universitetindən (Böyük Britaniya) olan Stephan Lautenschlager deyir:
"Dinozavrların, dişlərini uçuşda bədən ağırlığı itirmək üçün dimdiklə əvəz etdiyini çoxdan düşünürdük. Əldə etdiyimiz nəticələr göstərir ki, keratin dimdiklər əslində dinozavrlar üçün faydalı idi, çünki qidanı yeyərkən və üyüdərkən kəllə sümüyünü sabitləşdirirdi."
Lautenschlager və həmkarları monqolustanlı Erlikosaurus andrewsi növündən olan otyeyən dinozavrın kəllə sümüyünü araşdırdıqdan sonra bu nəticəyə gəldilər. Bu dinozavrlar "terizinozavrlara", yəni iki ayaq üzərində hərəkət edən tüklü (lələkli), primitiv quruluşlu dimdiyə sahib olan sürünənlərə aid edilir.

Yaxşı qorunmuş erlikozavr kəllə sümüyü fosilini istifadə edərək alimlər növün kəlləsinin 3D modelini bərpa etməyə və beləliklə dimdiyin sürünəndə hansı funksiyası olduğunu anlamağa çalışdılar. Nəticələrə görə, dimdik quruluşu erlikozavrlar üçün sərt bitkiləri üyütmək və parçalamaq üçün lazımlı idi, əsk halda növ qidalana bilməzdi. Digər tərəfdən, əgər növün həqiqətən də dimdiyi var idisə, o zaman yük bərabər olaraq kəllə sümüyünə yayılırdı və dinozavrın qidanı çeynəmək üçün daha artıq gücə ehtiyacı olmalı idi. Görünür ki, kəllə sümüyü və çənənin məhz bu xüsusiyyəti əksər ikiayaqlı dinozavrlarda sonraki nəsillər üçün dimdiyin formalaşmasına zəmin hazırlayırdı.

Bristol Universitetindən olan paleobioloq Emily Rayfield deyir:
"Dinozavrların müasir quşlara çevrilməsi prosesində dimdik təbiət tərəfindən bir neçə dəfə kəşf edilib, bu da adətən dişlərin yoxa çıxması ilə müşayiət olunub. Apardığımız tədqiqat göstərdi ki, dimdik özü hələ dinozavrların təkamülü dövründə meydana gəlib."
Qaynaq: Pnas.org , Phys.org 
daha ətraflı...

December 18, 2013

Neandertal genlərini oğruladıq

Yeni bir tədqiqatın nəticələrinə görə neandertallar avropalılardan çox, şərqi asiyalıların genomlarına qatqı təmin ediblər. Bu gen dəstləri orqanizmin UV şüalarına və xərçəng şişinə qarşı müqavimətini artırmağa yardım edir.

İnsanlar kimi neandertallar və denisovalar da Afrikada təkamülləşmişdir, lakin bizdən daha tez Avrasiyaya köç etmişdirlər. Neandertallar və denisovaların genom oxunması layihələrindən aydın oldu ki, bu növlər daha sonralar müasir insanlarla Avrasiyada qarışmışdırlar. Bu səbəbdən müasir insan DNT-lərində digər qohumlara aid 1-4% genlərə rast gəlinir. Xüsusilə vurğulamaq olar ki, müasir insanlar neandertallar və denosivalardan immun sistemi işinə cavabdeh olan genləri almışdırlar.


Molecular Biology and Evolution jurnalında yayımlanan məlumata görə, Şanxayda yerləşən Fudan Universitetindən (Çin) olan Li Jin və həmkarları müasir insan genomunu neandertal və denisovalarınki ilə müqayisə etmək qərarına gəldilər. Nəticədə "neandertallardan qalmış miras" hesab edilən, 18 gendən ibarət olan 3-cü xromosom regionunu aşkar etdilər. Bu genlərdən bəziləri orqanizmin B tipli UV şüalanması, ondaki hialuron turşusu mübadiləsi və xərçəng şişləri artımının yatırılması reaksiyalarına cavabdehdir.

Nəticələrdən biri göstərdi ki, bu gen dəstləri şərqi asiyalıların genomlarına əlavə olunduqda köklü amerikalılar hələ onlardan ayrılmamışdı (15-20 min il əvvəl). Avrasiya ərazisində bu genlərə yapon genomlarının 49%, şərqi çinlilərin isə 65%-ndə rast gəlinir, Avropa və cənubi Asiyada isə bu hal yalnız şərqi Asiya yerliləri ilə nadir qarışmalarda baş verir.

Alimlər qeyd edirlər ki, apardıqları tədqiqat neandertallardan müasir şərqi asiyalılara gen ötürüldüyünü və onların avropalılardan daha çox şərqi asiyalılara yaxın olduğunu təsdiq edir.

Qaynaq: Oxford Journals , ScienceDaily
daha ətraflı...

December 17, 2013

Qalapaqos tısbağası

Qalapaqos tısbağası - müasir dövrdə yalnız Qalapaqos və Aldabra adalarında yaşayan nəhəng quru tısbağasıdır. 16-cı əsrdə qərblilər tərəfindən tapılan bu nəhəng tısbağalara ispanca "tısbağa" mənasını verən "Galapago" adı verilmişdir. 

Qalapaqos tısbağaları Çarlz Darvinin də araşdırdığı növlər arasında idi. Yer üzündə yaşamış ən böyük tısbağa növü olduğu hesab edilir. Orta hesabla 175 il yaşaya bilirlər. 

Əsasən ot yeyən bu canlılar nadir hallarda həşərat, kərtənkələ, xərçəng, əqrəb və siçanla da qidalanırlar. Uzunluğu 2 metrə qədər çatır. Ağırlığı 1 tondur. Dişiləri 6 həftə davam edən hamiləlik dövrünün ardından təxminən 50-70 yumurta qoya bilir. Amma bunlardan yalnız 7-8 bala həyatda qalır. Bu canlılar asan ov olduqlarından, nəsillərinin kəsilməməsi üçün UNESCO tərəfindən qorunma altına alınmışdır. 7000-11000 Qalapaqos tısbağası yaşadığı hesab edilir. Həmçinin planetimizdə ən uzun həyat sürən canlılardır.
daha ətraflı...

Eynşteynin beyni

Fotoşəkildə xüsusi bir kimyəvi məhlul içərisində saxlanan insan beyni məşhur fizik Albert Eynşteynə aiddir. Vəsiyyətindən sonra fizikin beyni dövrün məşhur pataloqlarından olan Thomas Harvey tərəfindən çıxardılaraq bu qab içinə yerləşdirilmişdir. Patoloq Thomas Harvey, 1955-ci ildə apardığı yarılma işi əsnasında Eynşteynin beyninin çox sayda fotoşəklini çəkmişdi. Məşhur fizik Albert Eynşteyn, 18 aprel 1955-ci ildə, 76 yaşında aorta anevrizması cırılması səbəbiylə vəfat etmişdir. Hal-hazırda Eynşteynin beyninin qalan hissələri Marylanddəki Milli Sağlamlıq və Tibb Muzeyində saxlanılır.

Eynşteynin beyni fərqli dövrlərdə bir çox elm adamı tərəfindən araşdırılmışdır. Beynin həcminin digər insanların beyin həcmindən heç bir fərqi yoxdur, amma struktur baxımından bəzi kiçik fərqliliklərin olduğu məlumdur. Alimlər, fizikin beyninin girintilərinin daha dərin olduğunu, sağ beyin yarımkürəsindəki pre-frontal korteks hissəsinin daha geniş olduğunu aydınlaşdırmışdırlar. Bu tapıntılar Eynşteynin yüksək zəka qabiliyyətləri və riyazi dahiliyi ilə əlaqələndirilir.

Qaynaq: Oxford Journals
daha ətraflı...

Capybara'lar

"Capybara" gəmiricilər dəstəsində təsnif edilmiş bir məməli növüdür. Dünyanın ən böyük gəmiriciləri hesab olunurlar. Vətənləri Mərkəzi Amerika olmasına baxmayaraq, hal-hazırda yalnız Cənubi Amerikada yaşayırlar. Bu heyvanlar əsasən 15-20 fərdlik qruplar halında həyat sürürlər. Qrup içində iyerarxik nizam var. Qrup liderinə digər capybaralar hörmət edirlər. Tək-tək yaşayanları isə qrupdan təcrid olunurlar. Rəngləri tünd-qəhvəyidir. Əsəsən kiçik canlılar ilə qidalanırlar. Lakin bitkiləri yedikləri də görülmüşdür. 

İnsanlarla dostluq etməyi bacaran canlılardır. Yetkin capybara 135 sm uzunluğa, 35 sm hündürlüyə və 65 kq ağırlığa sahib ola bilər. Əsasən 10 il ömür sürürlər. Dişiləri ildə yalnız bir dəfə çütləşir. Dişi capybara yer altına qazdığı çuxurda 130-150 günlük hamiləlik müddətinin ardından 2-8 arası bala doğur. Bu müddət ərzində erkək capybara dişinin qidalanmasından və qorunmasından cavabdehdir. Ana capybara balalarını ən çox 16 həftə əmizdirə bilir, 20-ci həftədən sonra isə onları azadlığa buraxır. 

Capybaralar olduqca yaxşı üzməyi bacarırlar. Suda da ov edirlər. 

Tapılan fosil nümunələri capybaraların 37 milyon il əvvəl siçanbənzəri canlılardan ayrılan qol olduqlarını göstərir. Son illərdə aparılan genom tədqiqatları capybaralar ilə siçanların DNT uyğunluğunun 98% nisbətində olduğunu göstərmişdir.
daha ətraflı...

IQ və yuxu əlaqəsi

Bəzi alimlər, zəkanın ölçü vahidi olan IQ səviyyəsinin daha yüksək olduğu insanlarda orta hesabla yuxu görmənin də artdığını iddia edirlər.

Bu, əlbəttə mübahisəli məsələdir, amma doğrudursa belə yuxu görmədiyiniz üçün ağıl baxımından qüsurlu olmağınızı tələb edəcək bir vəziyyət yoxdur. Çünki yuxularınızı xatırlamaya bilərsiniz, bu da sizin yuxu görmədiyiniz demək deyil. İnsanların böyük əksəriyyəti gördüyü yuxuları xatırlamır. Orta hesabla bir insan, oyandığında xatırlasa da, xatırlamasa da, gündə orta hesabla 7 yuxu görür. Bu yuxuların çoxu yalnız 2-3 saniyə davam edir (oyandığımızda əgər yuxumuzu xatırlayırıqsa, saatlardır yuxu görürük kimi hiss edirik, amma bu belə deyil). Bu səbəbdən yuxuların unudulması normal vəziyyətdir.

Tədqiqatçılar, beyin görüntülərini yuxu müddəti ərzində fasiləsiz təqib edərək, fəaliyyətin müşahidəsi nəticəsində yuxuların sayını tapırlar. Bu sayədə fərd unutsa da, tədqiqatçılar yuxu sayını tam olaraq təsbit edə bilirlər. Bu yuxular üzərində aparılan işlər, IQ səviyyəsi yüksək olan insanlarda yuxu sayının da çox ola biləcəyini göstərir. Amma IQ səviyyəsi yüksək olan bir insan, hər mənada ağıllı və dahi olmaq məcburiyyətində deyil. Çünki bu gün qəbul edilən qanunlara görə, tək bir ağıl növü yoxdur və IQ, bu fərqli ağıl tiplərindən yalnız birini ölçmək üçün nəzərdə tutulmuşdur (onun da etibarlılığı hələ ki mübahisəlidir). Bu səbəbdən, aşağı IQ səviyyəsi ümumiyyətlə analitik zəkanın aşağı-yüksəkliyini göstərir. Bu bəzən birbaşa ünvanlı sosial həyata da təsir etsə də, hər vaxt üçün etibarlı deyil. Bu səbəbdən IQ ilə ümumi zəkanı müqayisə etmək doğru deyil.
daha ətraflı...

"Uçan tülkü" yarasası

Uçan tülkü - (Pteropus; ispanlar hətta onu "Uçan Zorro" adlandırır) nəhəng yarasa növüdür.

Bu canlılar İndoneziyada, Papua-Yeni Qvineyada, Avstraliyada və Madaqaskarda rast gəlinirlər. Bəzi İndoneziya adalarının bütün məməlilərinin yarısını uçan tülkülər təşkil edir.

Yarasanın bu növləri sürü şəklində yaşayırlar. Uçan tülkülər ağaclarda həm sığınacaq tapırlar, həm də qidalanırlar: meyvələrlə, yarpaqlarla və çiçəklərlə.

Bu vegeterian yarasalar xeyirverici canlılar hesab olunur. Çünki həm vəhşi bitkiləri, həm də mədəni bitkiləri tozlandırırlar. Üstəlik toxumlarını da yayırlar. Buna görə də kəndlilər tərəfindən sevilirlər və bəzən də bağlarında saxlanılırlar.

Uçan tülkülərə ona görə tülkü deyirlər ki, onların sifətləri tülkünün sifətinə oxşayır. Uçan tülkünü digər yarasalardan fərqləndirən cəhətlərdən biri də onun qulaq quruluşunun adi məməlilərin qulaq aparatı kimi olmasıdır. Yəni onlar exolokasiyadan istifadə etmirlər. Uçan tülkülər həşəratları ovlamadıqlarına görə exolokasiyaya ehtiyac duymurlar. Üstəlik uçan tülkülərdə digər növlərdən fərqli olaraq həm görmə, həm də iybilmə çox yaxşı inkişaf edib.

Qaynaq: BioFun
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top