Bəzi elmdən anlayışı olmayan şəxslər öz xəyali aləmlərində Təkamül təliminə hücum edirlər və insanların ağlında çaşqınlıq yaratmaq niyyətiylə elmdən kənar gülünc iddialar irəli sürürlər. Bu insanların tək məqsədi biologiyadan və təkamüldən anlayışları az olanlara bu təlimi güvənilməz, məntiqsiz, təsdiq olunmamış kimi göstərməkdir, ki bir çoxları da onların yalanlarına aldanır. Bu yazıda sizlərə onların iddialarının yalnış olduğunu və heç bir elmi əsası olmadığını göstərəcəm. Başlayaq.
ANTİTƏKAMÜLÇÜLƏRİN YALANLARI
1. Təkamül sadəcə bir nəzəriyyədir və buna görə Təkamülü qəbul etmək düzgün deyil
Nəzəriyyənin nə olduğunu, bu sözün nə məna verdiyini bilməyən insanların belə bir iddia irəli sürməsi çox da qeyri-adi deyil. Nəzəriyyə mövcud reallığı əks etdirən və onun amilləri arasındakı əlaqələri göstərən idrak nəticəsidir, reallığı əks etdirən bir intellektual təsvirdir. Nəzəriyyədə bir fikir digər fikirdən qəbul edilmiş müəyyən qaydalar əsasında əldə edilir. Ümumiyyətlə hər hansı bir nəzəriyyə yaratmaq üçün bir neçə fakt ortaya atılır və daha sonrasında bunlar üzərində işlənilib nəzəriyyə daha da inkişaf etdirilir. Özü-özlüyündə bir nəzəriyyə elmi təcrübələrdən keçirilmiş faktlar toplusudur. Əgər faktlar yoxdursa artıq nəzəriyyə hesab olunmur və hipotez (təsdiq olunmamış fikir) olaraq qalır. Misalçün, Darwindən öncəki Təkamül hipotezlərdən ibarət təlim halında idi, Darwinsə bioloji faktları öna qoyaraq bu təsdiq olunmamış təlimi nəzəriyyə halına gətirdi. Nəzəriyyə artıq elm tərəfindən qəbul olunmuş bir faktlar cəmidir. Antitəkamülçülərə görə isə Təkamül "sadəcə bir nəzəriyyədir" və onu kitablardan çıxarmaq lazımdır. İndi düşünün bu insanların elmdən nə qədər anlayışları ola bilər ? Bunların dediklərindən belə bir nəticə çıxarmaq olar ki, Atom və Cazibə də "sadəcə nəzəriyyələrdir" və heç bir elmi əsası yoxdur, elmi kitablardan çıxarılmalıdır və insanlara öyrədilməməlidir. Lakin belə iddiaları irəli sürmürlər. Niyə ? Cavab bəsiddir. Yaradılışı qəbul edən, dini kitablara inanan insanlar üçün atomun varlığı və ya cazibə qüvvəsinin işləməsi inanclarına heç bir zərər yetirmir, onlara qarşı çıxmayıb ziddiyyət təşkil etmir (əslində dini kitablarda ümumiyyətlə nə atomdan, nə də cazibədən danışılmır). Təkamül təlimi isə onların dini inanclarına zidd görünə bilər. 16-cı əsrdə dahi astronom Nikolay Kopernik Günəş sisteminin heliosentrik modelini irəli sürəndə kilsə ona və iddiasına qarşı çıxmışdı (İncilə görə Yer Günəş ətrafında deyil, Günəş Yer ətrafında fırlanır). Zamanla insanlar elmi dəlillər sayəsində bu iddianın həqiqət olduğunu anladılar. Ümid etmək lazımdır ki, gələcəkdə də insanlar artıq dini inanclarını bir kənara qoyub, təkamülə tamamilə elmi gözlə baxacaqlar. Bu insanların yanıldığı nöqtə nəzəriyyə ilə hipotezi səhv salmalarıdır. Misalçün, elə əksər antitəkamülçülərin qəbul etdikləri Yaradılış bir hipotezdir (yəni təsdiq olunmamış, dəlillərə söykənməyən bir fikir). Təkamülü isə təsdiq edən kifayət qədər faktlar var.
2. Təkamül ilk hüceyrənin necə yarandığını izah edə bilmir
İlk öncə bunu deməkdə fayda var: Təkamül bir növün digər növə necə və hansı mexanizmlər daxilində çevrildiyini izah edən sahədir. Təkamül bizim planetdə həyatın inkişaf etməsi üçün əlverişli şəraitin necə yarandığını açıqlamır və ya ilk canlının quruluşunu açıqlamaq kimi bir iddiası da yoxdur. Planetdə həyat üçün əlverişli şəraitin necə yarandığını bilmək üçün Panspermiyanı oxumaq lazımdır, ilk canlı hüceyrənin necə ortaya çıxmasını isə Abiogenez izah edir (bunu da səhifədə geniş bir yazıyla izah etmişdim, sonda bununla əlaqəli olan həmin yazının linkini yerləşdirəcəm). Əgər təkamülü hər hansı bir biologiyadan anlayışı olmayan insan məntiqsiz hesab edirsə, bu heç də o demək deyil ki təkamül məntiqdən kənardır və məntiqli sübutlar ortaya qoymur, sadəcə təkamülü məntiqsiz hesab edən həmin insanın düşünmə və analiz etmə bacarığı bu faktları qavraya biləcək bir səviyyədə olmaya bilər.
3. Termodinamikanın 2-ci qanunu Təkamülü rədd edir
Termodinamikanın 2-ci qanununa görə, nizamsızlıq dəyişmir ya da artır. Bu qanun sistemin entropiyasının yüksəlməsi qanunu kimi formula edilir. Mahiyyəti budur ki, qapalı sistemdə baş verən bütün istilik prosesləri üçün entropiyanın artması zəruridir; qapalı sistemin entropiyasının mümkün maksimum qiyməti (kəmiyyəti) istilik tarazlığında əldə olunur. Bunu deyənlər, bu qanunun sadəcə qapalı sistemlər üçün etibarlı olduğunu nədənsə demirlər. Termodinamikanın 2-ci qanunu qapalı, təcrid olunmuş sistemlərə tətbiq olunur. Yer kürəsi Günəşdən davamlı olaraq enerji aldığı üçün (açıq-dağıdıcı sistemdir) nizamsızlıq azala və nizamlılıq arta bilər (baxmayaraq ki, günəşin özü bu prosesdə kiçilir). Beləliklə, Yer tamamilə qapalı sistem deyil və həyatın təkamülləşməsi üçün əlverişlidir. Günəşin enerjisi tükəndikdə isə entropiya baş verə bilər və Yer üzərində həyat yox ola bilər. Hətta meteor və asteroid bombalamaları belə Yerin qapalı mühit olmadığını sübut etməyə bəs edir.
4. Bir neçə fosillərin saxta olduğu məlum olub və bu Təkamül nəzəriyyəsini saxta hesab etməyə bəs edir
İndiyə qədər kəşf edilən İnsan fosilləri arasında yalnışlıqlar olub. Misalçün, Piltdown Man, Nebraska Man, Hespero-pithecus, Calaveras Man kimi kəşf edilmiş, lakin yalnışlığı bilinməyərək insanlara çatdırılmış nümunələr. Bunları ortaya çıxaran elm adamları heç də saxtakar deyillər, sadəcə müxtəlif zamanlarda, elmin səviyyəsəsinin və vəziyyətinin daha aşağı olduğu vaxtlarda bu fosilləri "bilmədən" və səmimi səhvə yol verərək ortaya qoyublar. Onsuz da bu kiçik yalnışlıqlar vaxtında aradan götürülüb və elə bunların saxta olduğunu sübut edənlər antitəkamülçülər deyil, təkamülçü alimlər olub. Təkamül əleyhdarları isə əvvəllər yalnış olduqları bilinmədən ortaya qoyulmuş fosillər haqda öyrənib, bunu əllərində bayraq kimi istifadə edib bu təlimdən anlayışı az olanları çaşdırırlar və təlimə zərbə endirmək üçün can atırlar. Əvvəllər kəşf edilən hər hansı bir fosil bu gün ifşa oluna bilər. Bunun günahkarı heç də Təkamül və ya onu kəşf edən alim deyil, sadəcə zamanında elmin kifayət qədər inkişaf etməməsi və kəşflərin primitiv yollarla edildiyi səbəbindən bu cür yalnışlıqlara yol verilib. Bu gün isə kifayət qədər inkişaf etmiş laboratoriyalarda təcrübələr və sınaqlar sayəsində İnsana aid bütün qədim əcdadların fosilləri araşdırılıb sıralanır və insanlara çatdırılır.
5. Ara keçid növlərə aid fosillər yoxdur
Əslində elmi olaraq "ara keçid" deyə xüsusi bir növ yoxdur. Hər növ özündən bir əvvəlki və sonrakı növlər arasında bir keçid növüdür. Daha da dərinə getsək görərik ki onsuz da bütün yeni doğulan bala canlılar gələcəkdə fərqli bir canlıya doğru təkamül edən ara növlərdir. Təkamülləşən heç vaxt bir fərd olmur, təkamülləşən populyasiyalar olur. Əgər təkamül əleyhdarları elm adamlarından "ara keçid" canlısı istəməsəydi, elm heç vaxt belə bir fikir ortaya qoymazdı. Yəni, "ara keçid canlısı" , xüsusən təkamül əleyhdarlarının iddialarına cavab olaraq alimlər tərəfindən göstərilmiş müəyyən növlərdir (yazının sonunda İnsanın təkamülündəki ara keçidləri izah edən bir yazı linki yerləşdirəcəm). Antitəkamülçülər isə bununla kifayətlənməyib özlərindən xəyali "ara növlər" kəşf etməyə başlayırlar. İddia edirlər ki qədimdə yaşayan hər hansı bir növlə indiki dövrdə yaşayan bir növ arasında onların hər ikisinə də bənzəyən bir "ara növ" olmalıdır və belə bir növün fosili tapılıb onlara göstərilməyənədək təkamül saxtakarlıqdan başqa bir şey deyil. Bir şeyi gözdən qaçırırlar ki, təkamül əvvəldən naməlum istiqamətlərə doğru irəliləyir (gələcəkdə təkamül sayəsində ortaya çıxacaq nəvə növün hansı növ olduğu bilinmir) və təkamülləşən növ görünüş baxımından gələcəkdəki nümayəndəsinə yox, təməldə əcdadına bənzəyərək təkamülləşir. Təkamül əleyhdarları isə ya bunu qavramırlar və ya qavramaq istəmirlər, ya da yalnış, elmi əsası olmayan qaynaqların məlumatlarının qurbanına çevriliblər (yazının sonunda "ara növün" elmi olaraq nə olduğunu açıqlayan daha bir yazı linki yerləşdirəcəm).
6. Mutasiyalar zərərlidir və canlının yalnız məhvinə səbəb olur
Mutasiya, həyatın irsi vəsaiti olan DNT-də meydana gələn bir dəyişiklikdir. Bir orqanizmin DNT-si, onun necə göründüyünə, necə davrandığına, fizioloji xüsusiyyətlərinə - qısacası həyatının bütün istiqamətlərinə təsir edir. Bu səbəbdən orqanizmin DNT-sində meydana gələcək bir dəyişiklik, o orqanizmin həyatında hər hansı bir istiqamətdən dəyişikliyə yol aça bilər. Mutasiyalar orqanizm üçün təsirsiz (neytral), zərərli və ya yararlı ola bilər. Lakin bir çox hallarda da zərərli və neytral mutasiyalara uğramış fərdlər yaşadıqları mühitdən asılı olaraq və bir neçə digər təbii səbəblərdən faydalı nəticələrə yiyələnirlər. Mutasiyalar orqanizmin "ehtiyaclarını" qarşılamağa "işləmirlər". Bu baxımdan mutasiyalar təsadüfidir - bir mutasiyanın baş verib-verməməsi, o mutasiyanın orqanizm üçün faydalı olub-olmamasına bağlı deyil. Bədənimizdəki hər hüceyrədə DNT olduğuna görə, mutasiyaların reallaşması üçün də həddindən artıq çox yer var, lakin hər mutasiya təkamül üçün əhəmiyyətli deyil. Bədən hüceyrələrində baş verən fiziki mutasiyalar sonrakı nəsillərə ötürülmür. Məsələn qırmızı almanın yarısının qızılı rəngli olmasına fiziki bir mutasiya səbəb olur. Bu almanın toxumları bu mutasiyanı heç vaxt ötürmür. Təkamül əleyhdarları isə təkamül üçün əhəmiyyətli olmayan fiziki mutasiya nümunələrini göstərərək öz aləmlərində təkamülü çürüdürlər. Misalçün, zərərli mutasiyaya (bəli, hətta zərərli, çünki insan orqanizmindəki təmir mexanizmləri təhlükələri aradan qaldırır) uğramış hər hansı bir fərd cütləşsə, daha doğrusu doğulacaq balasına dəyişikliyə uğramış informasiyasını ötürsə, balası artıq bu dəyişikliyi doğulduğu andan etibarən özü ilə daşıyacaq, ata fərd kimi sonradan yox və bu onun üçün heç də zərərli olmayacaq. Bu proses də təbii seçməylə dəstəkləndikdə və ya bir neçə nəsil sonrasında artıq ilk köklü dəyişiklikləri ortaya çıxaracaq. Gen dəyişikliyinə səbəb olan proseslər yalnız mutasiyalar deyil. Həmçinin ikinci mexanizmlər hesab olunan Crossing-over və Transpozonlar da genlərin (sıçrayışlarla) dəyişikliyə uğramasına səbəb olur.
7. Təkamülün məqsədi insanları alçaltmaqdır
Təkamül - bütün canlı növlərinin primitiv quruluşlu bir hüceyrədən zamanla ayrılaraq, müxtəlif mexanizmlər sayəsində bir-birlərindən dəyişilərək, cinsi və coğrafi izolyasiyalara uğrayaraq ortaya çıxdıqlarını izah edən sahədir. İstədiyiniz hər hansı iki canlı növü götürün və onların hər birisinin təkamül keçmişini araşdırın. Əcdad növləri hesaba alaraq daha da geriyə doğru irəliləyin - mütləq hər hansı bir nöqtədə həmin iki canlının bir növ olduğunu və bir-birindən ayrıldığını görəcəksiniz. Bütün canlıları eynən bu cür araşdırmaq olar. Nəhayət, bütün canlıların bir-biriylə qohum olduqlarını görəcəksiniz. Antitəkamülçülər insanların ağlında belə bir fikir yaradırlar ki, güya Təkamül təliminin əsas məqsədi İnsanları meymun hesab edib onları təhqir etməkdir. Birincisi, təkamül yalnız İnsanları maraqlandıran bir proses deyil. Təkamül, necə ki insanlarla şimpanzenin genetik sübutlarla və fosillərlə yaxın qohum növ olduqlarını iddia edir, eləcə də eyni üsulla canavarla itin, şicanla yarasanın, kenquru ilə koalanın yaxın növlər olduğunu ortaya qoyur. Məqsəd - bütün canlıların bir-birinin qohumu olduğunu göstərməkdir, daha iti canavar olmaqda və ya yarasanı siçan olmaqda ittiham etmək deyil! Eqoist insan, özünü bütün digər canlılardan üstün hesab edir və sözün əsl mənasında hər şeyin var olma səbəbini özündə görür. İnsan, intellekt baxımından digər canlılardan üstün ola bilər, lakin qaçış baxımından pələngdən geri qalır, qoxu duyma baxımından itlər insanları geridə qoyur, görmə qabiliyyəti baxımından sprutlardan dəfələrlə geridədir. Qısacası, təkamül insanların da digər canlı növləri kimi təbiətin bir parçası olduğunu izah edən sahədir, nə insanları meymun olmaqda ittiham edir, nə də onları alçaldır. Təkamülün ortaya qoyduğu faktları və dəlilləri rədd edən və heç cür qəbul etmək istəməyən təkamül əleyhdarları isə açıq aydındır ki nəzəriyyəni araşdırmaqdan çəkinirlər və bəzi elmdən kənar qaynaqların yalan manipulyasiyalarına aldanırlar. Bunu bilmələri lazımdır ki, hər zaman Elm qalib gəlir.
Ümidvarıq, yazı faydalı oldu.
* İlk hüceyrənin yaranması ilə əlaqədar yazı
* İnsanın təkamülü və ara keçidləri ilə əlaqədar yazı
* Ara keçid anlayışı ilə əlaqədar yazı
0 şərh var:
Post a Comment