March 30, 2013

Fosilləri tapılmış bir canlı yenidən necə bərpa edilir?

Hal-hazırda çox aktual olan Canlı Qalıqları (bundan sonra Qalıqlar yazacağıq) mövzusunda insanları maraqlandıran bəzi suallara aydınlıq gətirmək istəyirik. 
Qalıqlar çəkilərkən hansı üsullardan istifadə olunur? Yumşaq toxumalar qalıqlarda iz buraxmadığı halda bu şəkillər necə çəkilir? Fərqli rəssamlar fərqli şəkillər çəkdiyi halda hansı şəkillərə güvənmək olar? kimi suallar bu sahə ilə yeni maraqlanan insanları dərindən düşündürməkdədir.

Qeyd etmək istəyirik ki, bu mövzu son dərəcə əhatəli və əslində bir o qədər də əyləncəli bir mövzudur. Təbii ki əyləncəli olması, mövzunun ciddiliyinə heç bir xələl gətirmir; ancaq bu da gerçəkdir ki, bu sahədə çalışan elm rəssamları, tam bir detektiv kimi işləyib ən yaxşı nəticələrə çatmaq üçün tapa bildikləri bütün məlumatları toplamaqdadırlar. İndi isə onların nəfəs kəsən həyatlarına bir nəzər salaq.

Çox təəssüf ki, gözlənilməz vəziyyətlər istisna olmaqla (qətran Qalıqlar kimi), qalıqların üzərində yumşaq toxumalara rast gəlmək mümkün deyildir. Bu səbəbdən də çıxarılan sümüklər, xüsusi analizlərdən keçərək saxlanılır və buna əsasən müqayisəli metodlara müraciət edilərək, canlılar yenidən yaradılır. Bu işi həyata keçirən insanlara elm rəssamı deyilir. Bu insanlar, normal bir rəssamdan fərqli olaraq, elmlə iç-içə yaşamaqda və ümumiyyətlə həvəskar və ya professional olaraq bir elm sahəsinə xidmət etməkdədirlər. Onların vəzifəsi, qalıqları araşdırıb mütəxəssislərdən lazımlı məlumatları almaq və qalıqların sahibi olan canlıların şəklini çəkməkdir. Vəzifələri, bəzən yalnız canlılarla da məhdudlaşmır; çox vaxt, indiki vaxtda var olan bir mühitin çox qədim zamanlardakı (məsələn bundan 700 milyon il əvvəl, bu gün Nyu York şəhəri olan yer) şəkillərini də çəkirlər. Bəzən də hər ikisini birləşdirərək; həm canlını, həm də mühiti tək bir şəkildə təqdim edirlər.

Bu iş, əsasən polis rəssamlarının gördükləri işə bənzəyir. Onlar da, şahidlərdən və ya əldə etdikləri tapıntılardan yola çıxaraq qatillərin və ya şübhəlilərin şəkillərini (ümumiyyətlə portretlərini) çəkirlər. Bu, çox ciddi bir detektivlik əhvalatıdır. Burada əsas məsuliyyət, rəssamla birlikdə, iddianı izləyən və doğru nəticə çıxarmalı olan polislərin də üzərinə düşməkdədir. Polislər, rəssama lazımlı məlumatları verir və rəssam da buna əsasən şəkil çəkir. Filmlərdən izlədiyimiz və ya gerçək həyatda bəzən şahid olduğumuz kimi, bu rəssamların şəkilləri həqiqətən çox müvəffəqiyyətlidir və orijinalıyla demək olar ki eynidir.

Bu nöqtədə, iki anlayışdan bəhs etməkdə fayda görürük: Restavrasiya (hissələrin bərpası) bir qalıqdakı əskikləri bağlamaq məqsədiylə edilən bir əməliyyatdır. Ümumiyyətlə anatomik əlaqələrə baxılaraq aparılır və qalığın çatmayan hissələri tamamlanır. Məsələn əlinizdə qabaq qola (ətrafa) aid bir sümük və oynaqların quruluşu varsa, digər bir sümüyün anatomiyasını bunlara baxaraq çıxara bilərsiniz; qalıq olaraq əlinizdə olmasa belə. Məhz bu əməliyyata restavrasiya deyilir. Bu əməliyyat da yenə elm və sənət insanları tərəfindən aparılır.
Rekonstruksiya (canlının bərpası) isə, qalıqlara baxaraq canlının nəyə bənzədiyini ortaya çıxarma işinə verilən addır.

Restavrasiya ümumiyyətlə onurğalılarda edilir; çünki onurğalıların bütün sümüklərinin qalıqlaşmasına çox nadir hallarda rast gəlinmişdir. Onurğasızların sümük quruluşu isə tamamilə qorunur. Bu, hərəkət miqdarının fərqli olması ilə əlarədardır; onurğalılar çox aktiv hərəkət etdikləri üçün, qalıqlaşmağa uyğun yerlərdə ölmələri ehtimalı çox aşağıdır. Onurğalılar qoşatərəfli simmetrik olduqları üçün, ortadan ikiyə bölündüyündə əldə edilən iki hissədən birindəki sümükləri bilmək, digərini də tapmaq üçün kifayətdir, çünki iki tərəf bir-birinin ayna görünüşüdür.

Elm rəssamları da, bənzər şəkildə işləyirlər. Paleontoloqlar, Arxeoloqlar, Fizioloqlar, Anatomlar kimi elm insanlarından lazımlı məlumatları alır, şərhlərini dinləyir və şəkil çəkirlər. Apardıqları işlər 5 mərhələdən ibarətdir:

1) Araşdırma

Araşdırma, elm insanı ilə sənətçinin fikir mübadiləsilə başlayır. Elm insanı, sənətçiyə bəzi əsas məlumatları verir: qalığın yaşını, tapıldığı bölgəni, bölgənin qalığın meydana gəldiyi dövrdəki iqlim və təbiət şərtlərini, bu canlıya təsir edə biləcək digər canlıların ətraflı bir siyahısını, mühitə dair öz fikirini, nümunəyə aid vəsaitlərin məlumatını, əldəki bütün fotoşəkilləri, mövzuyla əlaqədar elmi tərifləri, əlaqədar məqalələri və bunun kimi digər məlumatların hamısını... Ayrıca əgər bilinirsə qalığın qohumlarına ya da təkamül tarixinə dair məlumatları da rəssama çatdırır. Əslində bu araşdırma və mövzu üzərindəki müzakirələr şəkil çəkildiyi müddətdə davam edir və əsaslı arqumentlərlə dəstəklənir.

Bu nöqtədə bilinməsi lazım olan əhəmiyyətli bir məlumat budur: Bəzən, bəzi qalıqlar, bizlərin xəyal edə biləcəyindən daha çox məlumat verə bilər. Bu, elm insanları arasında son dərəcə normal və rast gəlinən bir faktdır; ancaq digər insanlar bunu xəyallarına belə gətirə bilməzlər. Məsələn Çarlz Darvin, Biql gəzintisi əsnasında yalnız tək bir dişdən, canlının bir çox xüsusiyyətini təxmin etmiş və hətta növü təsvir etmişdir. Daha sonra diş, İngiltərədəki mütəxəssislər tərəfindən araşdırılmış və Darvinin təxmninin tamamilə doğru olduğu tapılmışdır. Həqiqətən də yalnız bir diş sayəsində onun quruluşunu və xüsusiyyətlərini araşdıraraq heyvanın qidalanma tipini, yaşadığı mühiti və bədən böyüklüyünü bilmək mümkündür.

2) İnşa (Kompozisiya)

Sənətçi, kifayət qədər məlumat əldə etdikdən sonra, kobud da olsa beynində yaranan şəkli uzun düşünmələr və analizlər sonrasında kağıza çəkir. Bu inşa, mühitin ümumi xəttlərini, işığın düşmə bucağı və miqdarını, mühitdə ola biləcək canlıları və yerlərini, vs. ehtiva edir. Əgər ki çəkiləcək olan bir mühit deyil, tək bir canlıdırsa, əldəki qalıqlara baxılır və əldə edilən məlumatlar işığında onun nəyə bənzəyə biləcəyi, əzələ quruluşu, böyüklüyü və digər xüsusiyyətləri nəzərə alınaraq bir şəkil çəkilir. Daha sonra elm adamı şəkli araşdıraraq qiymətləndirir və şərhlər verir.

Burada qeyd etmək istədiyimiz nöqtə budur: Canlıların anatomiyası ümumiyyətlə bənzərdir və taksonomiya, bu mövzuda çox iş görməkdədir. Məsələn məməlilərdə, bir balinanın sümük quruluşu, əzələ quruluşu ilə düz mütənasibdir və bu da böyüklüklə əlaqəlidir. Bənzər şəkildə bir siçan, bir balinayla müqayisə edildiyində, balinanın kiçik bir modeli kimidir. Əzələ-sümük nisbəti bənzərdir; yalnız "sıxışdırılmış bir balina"nı xatırladır. Digər tərəfdən orqanların quruluşu, əlbəttə ki təkamül müddətində dəyişmiş ola bilər; bu da qalıqlar vasitəsilə və analizlərdən sonra ortaya çıxır. Qeyd etdiyimiz kimi bir diş sümüyünün quruluş və forması belə elm insanlarına yüzlərlə məlumat verə bilər.

3) Boyama

Ümumiyyətlə boyama, akril boyası ilə edilir; çünki bu boya, xətaları bağlamaq baxımından ən asan istifadə edilə biləcək boyadır. Əksər hallarda, elm insanının istiqamətləndirmələri daxilində, şəkil üzərində tənzimləmələr aparılır. Rəngləmə, ümumiyyətlə dövrün mühit şərtləri nəzərə alınaraq edilir. Hər nə qədər rənglər çox əhəmiyyətli olmasa da, bu tip şəkillərdə karandaşdan da istifadə olunaraq xətaları minimuma endirmək hədəflənir.
Rəngləmənin ən asan yolu, qalığı olan canlının günümüzdəki qohumlarının rənglərinə baxmaqdır. Çox vaxt rəngləmələr, buraxılacaq səhvlər gözə alınaraq, bu qohumların rənglərinə bənzər və ya köhnə mühit şərtləri bilinirsə, bunlar nəzərə alınaraq edilir.

4) Tənqid

Şəklin hər mərhələsində və az qala hər bir fırça toxunuşunda, elm insanı və sənətçi qarşılıqlı olaraq şəkli tənqid edirlər. Rənglər təşkil edilir, ölçülər nizamlanır, şəkil ilə gerçək mühit şərtlərinin uyğunlaşması araşdırılır, vs. Lazımlı tənzimləmələr addım-addım aparılır və hər dəfə geriyə və irəliyə dönük tənqidlər edilir.

5) Bitirmə

Ümumiyyətlə şəkillər, başqa elm insanlarına göstərilərək, düzgünlükləri yoxlanılır. Bəzən, birdən çox elm insanı və sənətçi bir-birilərilə əlaqə olmadan şəkillər çəkir və sonra bu fərqli şəkillər üzərində düşünülərək ən doğrusunu seçirlər.

Qisaca olaraq, qalıqlardan canlını yaratmaq son dərəcə xırdalıq tələb edən və əhatəli bir işdir. Elm insanları, heç bir iddialarını "uydurma" yoluna müraciət edərək etməzlər və bir şəkil, səhv olsa da, mütləq bir dayağı olaraq "o şəkildə" çəkilmişdir. Bəzən elmdən kənar qaynaqlar və ümumiyyətlə elm düşmənləri, elm insanları və şəkillərinə, "Baxın, hər şəkil bir-birindən fərqlidir, bu elm insanları heç nə anlamırlar, uydururlar!" kimi mənasız, səviyyəsiz və nifrət dolu ifadələrlə hücum etməyə və bu şəkildə anlamadıqları Təkamül Biologiyasını hörmətdən salmağa çalışırlar. Bu səylər əlbəttə ki hər zaman nəticəsiz qalmağa məhkumdur. Fərqli şəkillərin səbəbi, əldəki tapıntıların şərh olunması ilə əlaqədardır. Təbii ki elm insanları uydurma iş etməməkdədirlər. Elm düşmənlərinin bu şəkildəki hücumları, elmi anlamamalarından və şəxsi əməllərindən qaynaqlanmaqdadır. Ağıllı bir insan, işin gerçəyini düşünməli və elmi elm insanlarından öyrənməlidir.

Bu şəkillərin hamısı, burada toxuna bilməyəcəyimiz qədər əhatəli metodlar ilə edilməkdədir; bu, elmdir! Bu səbəbdən şəkili də, elmi metod daxilində çəkilmək məcburiyyətindədir. Bu metod, tərəfsiz və etibarlıdır. Sonda sizlərə bir neçə metod adı sayaraq yazımızı bitiririk: Homoloq İstinad Nöqtəsi Üsulu, İncə Nömrə Novu Üsulu, 3D Morfologiya Üsulu, Nömrəvi Üsullar, Stereolitoqraf, vs.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top