January 29, 2014

Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı

Yaponiya və ABŞ-dan olan bioloqlar kök hüceyrələrini əldə etməyin orijinal üsulunu kəşf etdilər. Bu üsul heç bir quruluş və gen müdaxiləsinə ehtiyac qoymadan yetkin hüceyrələrin kök hüceyrələrinə yenidən proqramlaşdırılmasını təmin edir. Tədqiqatla əlaqədar məqalə 29 yanvar 2014 tarixində Nature jurnalında dərc edildi.

Harvard Universitetindən (ABŞ) olan Haruko Obokata, RIKEN Universitetindən (Yaponiya) olan Teruhiko Wakayama və həmkarları yeni doğulmuş siçandan alınan ağ qan hüceyrələrini yüksək turşulu mühitə yerləşdirdikdən sonra onların tədricən kök hüceyrələrinə çevrildiyini aydınlaşdırdılar. Bu fenomenə alimlər STAP (qıcıqlandırıcıların təsiri altında plüripotentliyin əldə edilməsi) adını verdilər.

Alimlər qeyd edirlər ki, bu kök hüceyrələri hər mənada "bütövdurlər". Onlar orqanizmin ayrı-ayrı toxumalarına çevrilməklə yanaşı həm də mövcud embriona yerləşə bilirlər. Ximerizasiya adlanan bu xüsusiyyət embrional və "yenidən proqramlaşdırılmış" kök hüceyrələrinin əsas xassəsi hesab olunur.

Bioloqların sözlərinə görə, bu hüceyrələrin əsas çatışmazlığı onların uzun müddət ərzində azad bölünmə bacarığının az olmasıdır. Bununla yanaşı hüceyrələri "yenidən proqramlaşdırılmış" kök hüceyrələrinin qida mühitinə yerləşdirdikdə onlar inkişaf etməyə başlayır və embrional hüceyrələrin analoquna çevrilir.

Bu hüceyrələrin digər maraqlı xüsusiyyəti plasenta hüceyrələrinə çevrilə bilməsidir. Digər kök hüceyrələri tiplərində çox nadir hallarda baş verən bu hadisənin STAP-hüceyrələrinə xas olması mövcud geniş potensiala dair məlumatlar təqdim edir.

Alimlər anoloji təcrübələri müvəffəqiyyətli şəkildə beyin neyronları, əzələ hüceyrələri və bir həftəlik siçanlardan alınmış digər hüceyrələrlə aparmağa nail oldular. STAP üzərində aparılacaq növbəti tədqiqatların nəticələrinin belə hüceyrələrin terapiya məqsədli istifadə edilib-edilə bilməyəcəyini anlamaq üçün yardım təmin edəcəyi güman edilir.

"Hansı yeni perspektivlərin qarşımızda açıldığını təsəvvür etmək çətindir. Yeni metodika nəinki regenerativ tibbdə, həm də xərçəng müalicəsində istifadə edilə bilər", - Haruko Obokata deyir.

Qaynaq: Nature , Phys.org
daha ətraflı...

Qalaktikanı tərk edən ulduzlar tapıldı


"Sloan Digital Sky Survey" layihəsinin əldə etdiyi məlumatların analiz işləri nəticəsində yeni hipersürətli ulduz qrupu aşkar olundu. Əvvəlki hipersürətli ulduz tiplərindən fərqli olaraq, 20 Günəş ölçüsündəki ulduzdan ibarət bu qrupun sürət artırmasına səbəb Samanyolunun mərkəzindəki superkütləli qara dəlik və qarşılıqlı təsirlər deyil.

"Tipik hipersürətli ulduzlar daha böyükdür, mavi rəngdədir və uçuşlarını qalaktikanın mərkəzindən başlayırlar. Bizim tapdığımız ulduzlar isə onlarla müqayisədə çox da böyük deyillər və çox maraqlısı budur ki, uçuşları qalaktikanın nüvəsindən başlamayıb", - yeni hipersürətli ulduz qrupunu tapmış astrofiziklərdən biri olan Lauren Palladino deyir.

Qeyd etmək lazımdır ki, qalaktikanı tərk etmək heç də asan deyil: bunun üçün ulduzların güclü kinetik enerjiyə ehtiyacı var. Əgər fırlanan Samanyolu qalaktikasındaki ulduzun orta sürəti saatda 970 min kilometrdirsə, o halda qalaktikanın qollarından qurtulmaq üçün ulduz saatda minimum 1,6 milyon kilometrə qədər sürətini yüksəltməlidir.

Belə sürəti əsasən ikili sistemlərə daxil olmuş və ya qalaktikanın mərkəzindəki superkütləli qara dəliyə çox yaxınlaşmış ulduzlar yığır. Ulduzlardan biri qara dəliyin təsirinə düşdükdə digər ulduz mürəkkəb qarşılıqlı qravitasion təsirlər nəticəsində yüksək sürətlə uzaqlara atılır. Bu gün 18 hipersürətli ulduzlar elm dünyasına məlumdur - onların hər birisi qalaktikanın mərkəzinə yaxın yerdə doğulmuş gənc nəhəng mavi ulduzlardır.

Palladino və həmkarlarının tapdığı yeni hipersürətli ulduzlar isə nə böyük ölçülərə sahibdirlər, nə də gəncdirlər. Alimlər hesab edir ki bu ulduzlar Samanyolunun qızğın nüvəsindən bir qədər uzaqda formalaşmış olmalıdır. Sözsüz ki onlara lazımlı yüksək sürəti verə bilmiş mexanizm də tamamilə fərqlidir. Ulduzların qalaktikanı tərk etməsinə səbəb olan faktorlar dəqiq olaraq məlum deyil. Amma həmin faktorlar nə olursa olsun, qalaktikanın mərkəzindəki superkütləli qara dəliyin gücü ilə müqayisə edilə biləcək bir təsiri olduğu açıq-aşkardır.

Qaynaq: Space
daha ətraflı...

January 28, 2014

Şizofreniyanın təbiəti genetikdir

Alimlər şizofreniyanın meydana gəlməsinin səbəblərini aydınlaşdırmağa yardım təmin edə biləcək genetik mutasiyaları aşkar etdilər. Xəstəliyin genetik təməli əvvəllər hesab edildiyindən daha qəlizdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə bu gün dünyada 24 milyona yaxın insan şizofreniyadan əziyyət çəkir. Bu, düşüncə və emosional reaksiya proseslərinin pozulması ilə əlaqəli olan polimorf psixiki və əqli xəstəlikdir. Şizofreniyanın əsas əlamətləri hallüsinasiyalar (qarabasma), sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır. Xəstəliyin meydana gəlməsinə səbəb olan dəqiq faktorlar hələlik tapılmamışdır.

Cardiff Universiteti (Britaniya) üzvləri başçılığında bir beynəlxalq tədqiqatçı qrup şizofreniyanın səbəblərini aydınlaşdırmağa kömək edəcək yeni genetik mutasiyalar tapdı. Daha əvvəl aparılmış tədqiqat işlərinin nəticələrinə görə xəstəliyin səbəbi genlər idi.

Yeni tədqiqatda alimlər 623 şizofreniya xəstələri və onların valideynlərindən alınmış qan nümunələrinin DNT hissələrini araşdırdılar və şizofreniklərdə olan, onların valideynlərində isə olmayan de novo mutasiyalarına (yeni qazanılmış mutasiyalar) rast gəldilər. Mütəxəssislər tapdıqları mutasiyaların xəstəliyin təkanverici mexanizmində müəyyən rolu olduğunu qeyd etdilər. Həmçinin bu mutasiyaların beyin sinir hüceyrələri arasındaki əlaqə gücü, beynin inkişafı, öyrənmə və yaddaş kimi bacarıqlarla əlaqəli zülal dəstlərini məhv edə biləcəyi məlum oldu.

"Yeni məlumatlar beynin funksiyaları ilə əlaqəli mutasiyalar və zülalların vacibliyini təsdiqləyir", - tədqiqatda iştirak edən Mike Owen deyir.

Şizofreniya və digər psixiki xəstəliklərin eyni mexanizminin olub-olmadığını aydınlaşdırmaq üçün alimlər tədqiqatları davam etdirməli olduqlarını bildirirlər.

Qaynaq: Medical News Today
daha ətraflı...

Qədim avropalı mavi gözlü və qarabəniz idi

Paleogenetiklər 7 min il əvvəl İspaniyanın şimalındaki mağaraların birində yaşamış qədim avropalının sümüklərinin DNT-sini oxuyub onun mavi gözlərinin və həddindən artıq qarabəniz dərisinin olduğunu aydınlaşdırdılar. Tədqiqatla əlaqədar məqalə 26 yanvar 2014 tarixində Nature jurnalında dərc edildi.

"Bu insanın tipik afrikalı genlərinin versiyasına sahib olduğu bizim üçün gözlənilməzdir, hansı ki dərinin piqmentasiyasına nəzarət edir. Bu da onu ehtimalla olduqca qarabəniz, bəlkə də qaradərili edirdi, lakin dəqiq tonu müəyyən edə bilmirik. Daha da heyrətləndirici olan budur ki, avropalıların gözünün mavi rəngdə olmasına səbəb olan gen variasiyalarına bu insan da sahib idi. Nəzərə alsaq ki bütün digər əlamətlərə görə o Şimali Avropadandır, belə halda genomunu unikal hesab etməliyik", - Barselonada yerləşən Təkamül Biologiyası İnstitutundan (İspaniya) olan Carles Lalueza-Fox deyir.

Lalueza-Fox və həmkarları 10-5 min il əvvəl, mezolit dövrünün ortası və sonlarında La Braña-Arintero mağarasında yaşamış insanın qalıqlarını araşdırdılar. 2006-cı ildə paleontoloqlar bu mağarada orta yaşlı kişi qalıqlarına rast gəlmişdilər. Qalıqların illər ərzində yaxşı qorunduğu alimlərə genomu dəqiqliklə bərpa etməyə yardım təmin etdi.

Alimlər ilk öncə qədim insanın immun sisteminə və maddələr mübadiləsinə nəzarət edən genlərlə maraqlandılar. Dediklərinə görə, genomun fraqmentlərində olan quruluş fərqləri ovçu-toplayıcı avropalıların niyə yeni məskunlaşmış əkinçilərlə rəqabət apara bilmədiklərini izah edə bilər.

Genetiklər mağara sakininin südü həzm etməyə qadir olmadığı kimi bir neçə fərq aşkar etdilər, lakin onları olduqca heyrətləndirən qədim insanın xarici görünüşü və mənşəyi oldu. Belə ki, bu insanın yaxın qohumlarının müasir Şimali Avropa xalqları olduğu məlum oldu: gözləri, eynən onların əksəriyyəti kimi mavi rəngdə idi. Dərisi isə inanılmaz dərəcədə qarabəniz idi. Lalueza-Fox yaxın zamanda digər mağara sakininin qalıqlarının DNT-sini bərpa edərək məlumatları bir daha yoxlayacaqlarını qeyd etdi.

Qaynaq: Nature , NBC News
daha ətraflı...

Plastik hüceyrə yaradıldı

Elm adamları ilk dəfə kimyəvi reaksiyalara girə bilən funksiyalı orqanelləri olan süni plastik eukariot (nüvəli) hüceyrə yaratmağa nail olublar. Bu uğurun polimer orqanizmlər yaratmaq yolunda atılmış böyük addım olduğu hesab edilir. Alimlərin təcrübəsi və nəticələr Angewandte Chemie jurnalının son buraxılışında dərc olundu.

Prokariot hüceyrələrdən fərqli olaraq membrana ilə əhatəyə alınan eukariot hüceyrələr genetik aparatı olan xüsusi orqanellərə sahib olurlar və bölünərək artırlar. Bu orqanellər davamlı olaraq mürəkkəb kimyəvi reaksiyalara girirlər.

İndiyəcən kimyəvi laboratoriyalarda belə bir effektivliyə çatmaq mümkün olmamışdı. Nijmegendə yerləşən Radboud Universitetindən (Hollandiya) olan alimlər polimerlərdən təşkil olunmuş plastik eukariot hüceyrə yaradaraq elm dünyasının vacib uğurlarından birinə imza atdılar.

"Həmkarlarımız əsasən biologiya üzrə işlər aparırlar, məsələn, yağ turşularından hüceyrələr yaratmağa çalışırlar. Bəlkə biz də gələcəkdə bununla məşğul olacağıq. Bizim yaxın hədəfimiz hüceyrənin özünü enerji ilə təmin etməyini təşkil etməkdir", - orqanellərin bərpa işi üzərində işləyən professor Jan van Hest deyir.

Təməl struktur kimi tədqiqatçılar su damcısını istifadə edərək onun ətrafında polimer hüceyrə qurdular. Əldə edilən hüceyrə təbii eukariot hüceyrələr kimi bölünmüş membranalara sahib idi. Süni canlı hüceyrə içərisində, eynən təbiətdə olduğu kimi fermentlərin iştirakı ilə mürəkkəb kimyəvi reaksiyalar baş verirdi. Fluoressens işıqlandırmanı istifadə edən van Hest və həmkarı Ruud Peters zəncir reaksiyasını göstərərək polimer hüceyrədə orqanellərin funksional olduğunu sübut etdilər.

"Biz, hüceyrə içərisindəki kimyəvi elementlərin orqanellərə olan hərəkətini ələ almağa çalışırıq. Əgər buna nail olsaq canlı hüceyrədə baş verən prosesləri anlamaqda dəyərli məlumatlara yiyələnəcəyik", - van Hest sözlərinə əlavə edir.

Qaynaq: ScienceDaily
daha ətraflı...

January 26, 2014

Həyat ola biləcək planetlərin sayı daha çoxdur

Həyatın mövcudluğu üçün əlverişli olan planetlər Yerə oxşamaya da bilər. Belə planetlərdən bir neçəsində isə həyat üçün şərtlər Yerdəkindən daha rahat ola bilər. Astrobiology jurnalında dərc olunan məqaləyə görə cırtdan ulduzlar ətrafında dövr edən planetlərdə həyat ehtimalı yüksəkdir.

Həyat üçün əlverişli planetlərin axtarışları işində astronomlar əsasən Yerə oxşar obyektləri tapmağa çalışırlar. McMaster Universitetindən (Kanada) olan Rene Heller və Weber Dövlət Universitetindən (ABŞ) olan John Armstrong isə yaşayış ola biləcək planetlərin sayının hesab edildiyindən daha çox olduğu qənaətindədirlər.

"Digər planetlərdəki şərtlər həyatın yaranması və inkişafı üçün daha da əlverişli ola bilər. Üstəlik yaşayış ola biləcək tək yer planetlər deyil, həm də onların peykləridir", - məqalənin müəllifləri olan Heller və Armstrong deyir.

Onlar hesab edir ki, astronomların nəzərə aldığı əsas parametr - planetlə ulduzu arasındaki məsafədən başqa, planetin səthinin temperaturunu müəyyən edən digər faktorlar da var. Bunlardan biri planetlə ulduzu arasındaki cazibə qüvvəsinin qarşılıqlı təsirləri nəticəsində meydana gələn "axın qüvvələridir".

Bu qüvvələr planeti darta və sıxa bilər, nəticədə isə planet kifayət qədər qızışa bilər. Bunun ən gözəl nümunəsini Yupiter və peyki Europa arasındaki qarşılıqlı təsirlərdə görürük. Alimlər bu təsirin orbiti dairəvi vəziyyətə gətirəcəyini deyirlər, bu səbəbdən planet digər səma cismlərinin də təsirinə məruz qalmalıdır.

Həmçinin Yeri kütlə baxımından qabaqlayan nəhəng planetlərdə də həyat əlamətlərinə ehtimal var. Belə planetlərin dərinliklərindəki tektonik aktivliklər daha uzunmüddətlidir, səthi şiddətli radiasiyadan qoruyan maqnit sahələri daha güclüdür, atmosfer daha qalındır və daha hamar səth səbəbindən okeanlar daha kiçikdir.

Heller və Armstrong bir dəfə planetdə yaranmış canlılığın, oranın təbii şərtlərinin daha yaxşılaşmasına səbəb olduğunu düşünürlər. Məqalənin müəllifləri bu tip planetlərin, Günəşi ölçüdə geridə qoyan uzunömürlü ulduzlar ətrafında tapıla biləcəyi qənaətindədirlər. Bu namizədlərin roluna ən uyğun olanlar Günəş sisteminin qonşusu - "Alpha Centauri B" kimi narıncı cırtdan ulduzlardır. Qeyd etmək lazımdır ki, Alpha Centauri B sistemində Yerə kütlə baxımından oxşar bir planet dövr edir.

Qaynaq: Astrobiology , Phys.org
daha ətraflı...

Ardipithecus ramidus'un insanlarla olan əlaqəsi tapıldı

ScienceDaily jurnalında 6 yanvar 2014 tarixində dərc olunan yeni bir tədqiqatla bağlı məqalədə Ardipithecus ramidus'un (Afrika qitəsinin şərqində təxminən 4,4 milyon il əvvəl yaşamış bir hominid növü) daha sonralar təkamülləşmiş Australopithecus və qədim insanlar ilə yaxın əlaqəsinin olduğu qeyd edilir.

Hər nə qədər Ardipithecus ramidus quyruqsuz meymun ölçülərində bir beyinə sahib olsa və ağaclara dırmaşmaq üçün istifadə edilən böyük "qavrayıcı" bir baş barmağa sahib olsa da, iki ayağı üzərində yeriyə bilmişdi və almaz formasında üst it dişlərinə malik idi. Bu diş quruluşu şimpanzelərin çeynəmək üçün istifadə etdikləri "V" formasında olan dişlərə oxşamır. Antropoloqlar bu xüsusiyyətləri arxaik hominid insan və quyruqsuz meymun əlaqələrindəki nəsil ağacının hansı hissəsinə yerləşdirəcəkləri mövzusunda hər hansı bir ortaq nəticəyə gəlməmişdilər.

İndi isə aparılmış yeni bir tədqiqatda alimlər Ardipithecus ramidus'u Australopithecus'la və müasir insanlarla əlaqələndirən, amma quyruqsuz meymunlarla əlaqələndirməyən bir oxşarlığı tapdılar. Hominidlər Australopithecus və homo ilə nisbi olaraq qısa, geniş mərkəzi cranial döşəməsini və tympanic, petrous və basioccipital komponentlərinin əlaqəli modifikasiyalarını paylaşır.

Arizona Dövlət Universitetindən olan məqalənin müəllifi William Kimbel hesab edir ki, Ardipithecus kəllə sümüyünün çox kiçik ölçüsü və cranial döşəməsinin insana olan oxşarlığı çaşdırıcıdır. Cranial döşəməsinin filogenetikası tədqiqatlar aparmaq ya da təbii təkamül əlaqələrini aydınlaşdırmaq üçün dəyərli mənbədir, çünki burnun anotomik mürəkkəbliyi və beyinlə, duruşla və çeynəmə sistemiylə olan əlaqəsi zaman içərisində reallaşan adaptiv təkamül üçün çox sayda imkan təklif edir. Təbii olaraq, insanın cranial döşəməsi quyruqsuz meymunlar və digər primatlardakından diqqətə çarpan şəkildə fərqlənir.

İnsanlarda onurğanın kəllə sümüyü ilə əlaqəsini müəyyənləşdirən strukturlar quyruqsuz meymunlarla müqayisədə daha ön tərəfdədir. Buna əlavə olaraq döşəmə öndən arxaya doğru daha qısadır və qan damarlarının və sinirlərin keçidi üçün olan hər iki tərəfdəki açılışlar daha geniş ayrılmışdır. Bu formanın fərqlilikləri sümüklərin kəllə sümüyü döşəməsi ilə olan yerlərinə təsir etmişdir. Belə ki, quyruqsuz meymun və insan kəllə sümüyü döşəmələrinin təcrid olunmuş hissələrini belə bir-birlərindən ayırmaq olduqca asandır.

Ardipithecus ramidus'un kəllə sümüyünün döşəməsi insanları və Austurolopithecus'u quyruqsuz meymunlardan ayıran təyin edici xüsusiyyətləri göz önünə qoyur. Daha əvvəlki tədqiqatlar insana aid xüsusiyyətlərin 3,4 milyon il əvvəlki, məlum olan ən qədim Australopithecus kəllə sümüklərində mövcud olduğunu göstərmişdi. Yeni tədqiqat insanları, Austurolopithecus'ları və Ardipithecus ramidus'u həyat ağacı üzərində əlaqələndirən anatomik oxşarlıqların katoloqunu genişləndirdi.

Qaynaq: ScienceDaily , Sci-News
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top