January 28, 2014

Plastik hüceyrə yaradıldı

Elm adamları ilk dəfə kimyəvi reaksiyalara girə bilən funksiyalı orqanelləri olan süni plastik eukariot (nüvəli) hüceyrə yaratmağa nail olublar. Bu uğurun polimer orqanizmlər yaratmaq yolunda atılmış böyük addım olduğu hesab edilir. Alimlərin təcrübəsi və nəticələr Angewandte Chemie jurnalının son buraxılışında dərc olundu.

Prokariot hüceyrələrdən fərqli olaraq membrana ilə əhatəyə alınan eukariot hüceyrələr genetik aparatı olan xüsusi orqanellərə sahib olurlar və bölünərək artırlar. Bu orqanellər davamlı olaraq mürəkkəb kimyəvi reaksiyalara girirlər.

İndiyəcən kimyəvi laboratoriyalarda belə bir effektivliyə çatmaq mümkün olmamışdı. Nijmegendə yerləşən Radboud Universitetindən (Hollandiya) olan alimlər polimerlərdən təşkil olunmuş plastik eukariot hüceyrə yaradaraq elm dünyasının vacib uğurlarından birinə imza atdılar.

"Həmkarlarımız əsasən biologiya üzrə işlər aparırlar, məsələn, yağ turşularından hüceyrələr yaratmağa çalışırlar. Bəlkə biz də gələcəkdə bununla məşğul olacağıq. Bizim yaxın hədəfimiz hüceyrənin özünü enerji ilə təmin etməyini təşkil etməkdir", - orqanellərin bərpa işi üzərində işləyən professor Jan van Hest deyir.

Təməl struktur kimi tədqiqatçılar su damcısını istifadə edərək onun ətrafında polimer hüceyrə qurdular. Əldə edilən hüceyrə təbii eukariot hüceyrələr kimi bölünmüş membranalara sahib idi. Süni canlı hüceyrə içərisində, eynən təbiətdə olduğu kimi fermentlərin iştirakı ilə mürəkkəb kimyəvi reaksiyalar baş verirdi. Fluoressens işıqlandırmanı istifadə edən van Hest və həmkarı Ruud Peters zəncir reaksiyasını göstərərək polimer hüceyrədə orqanellərin funksional olduğunu sübut etdilər.

"Biz, hüceyrə içərisindəki kimyəvi elementlərin orqanellərə olan hərəkətini ələ almağa çalışırıq. Əgər buna nail olsaq canlı hüceyrədə baş verən prosesləri anlamaqda dəyərli məlumatlara yiyələnəcəyik", - van Hest sözlərinə əlavə edir.

Qaynaq: ScienceDaily
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top