January 29, 2014

Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı

Yaponiya və ABŞ-dan olan bioloqlar kök hüceyrələrini əldə etməyin orijinal üsulunu kəşf etdilər. Bu üsul heç bir quruluş və gen müdaxiləsinə ehtiyac qoymadan yetkin hüceyrələrin kök hüceyrələrinə yenidən proqramlaşdırılmasını təmin edir. Tədqiqatla əlaqədar məqalə 29 yanvar 2014 tarixində Nature jurnalında dərc edildi.

Harvard Universitetindən (ABŞ) olan Haruko Obokata, RIKEN Universitetindən (Yaponiya) olan Teruhiko Wakayama və həmkarları yeni doğulmuş siçandan alınan ağ qan hüceyrələrini yüksək turşulu mühitə yerləşdirdikdən sonra onların tədricən kök hüceyrələrinə çevrildiyini aydınlaşdırdılar. Bu fenomenə alimlər STAP (qıcıqlandırıcıların təsiri altında plüripotentliyin əldə edilməsi) adını verdilər.

Alimlər qeyd edirlər ki, bu kök hüceyrələri hər mənada "bütövdurlər". Onlar orqanizmin ayrı-ayrı toxumalarına çevrilməklə yanaşı həm də mövcud embriona yerləşə bilirlər. Ximerizasiya adlanan bu xüsusiyyət embrional və "yenidən proqramlaşdırılmış" kök hüceyrələrinin əsas xassəsi hesab olunur.

Bioloqların sözlərinə görə, bu hüceyrələrin əsas çatışmazlığı onların uzun müddət ərzində azad bölünmə bacarığının az olmasıdır. Bununla yanaşı hüceyrələri "yenidən proqramlaşdırılmış" kök hüceyrələrinin qida mühitinə yerləşdirdikdə onlar inkişaf etməyə başlayır və embrional hüceyrələrin analoquna çevrilir.

Bu hüceyrələrin digər maraqlı xüsusiyyəti plasenta hüceyrələrinə çevrilə bilməsidir. Digər kök hüceyrələri tiplərində çox nadir hallarda baş verən bu hadisənin STAP-hüceyrələrinə xas olması mövcud geniş potensiala dair məlumatlar təqdim edir.

Alimlər anoloji təcrübələri müvəffəqiyyətli şəkildə beyin neyronları, əzələ hüceyrələri və bir həftəlik siçanlardan alınmış digər hüceyrələrlə aparmağa nail oldular. STAP üzərində aparılacaq növbəti tədqiqatların nəticələrinin belə hüceyrələrin terapiya məqsədli istifadə edilib-edilə bilməyəcəyini anlamaq üçün yardım təmin edəcəyi güman edilir.

"Hansı yeni perspektivlərin qarşımızda açıldığını təsəvvür etmək çətindir. Yeni metodika nəinki regenerativ tibbdə, həm də xərçəng müalicəsində istifadə edilə bilər", - Haruko Obokata deyir.

Qaynaq: Nature , Phys.org
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top