December 9, 2015

Tiktaalik ilə Çin Timsahının (Alligator sinensis) Əlaqəsizliyi

Tiktaalik roseae 2004-cü ildə Kanadanın şimalında yerləşən Ellesmere (Elsmir) Adasında tapılmışdır. Tiktaalik balıqlarda olduğu kimi primitiv çənəyə, pulcuqlara və üzgəclərə sahib olmaqla bərabər balıqların edə bilmədiyi şəkildə üzgəclərini quruda hərəkət etmək üçün istifadə edə bilirdi. Buna müvafiq olaraq quru onurğalılarında gördüyümüz amma balıqlarda müşahidə olunmayan inkişaf etmiş döş qəfəsi, boynu və müasir timsahlarınkı kimi başı olsa da eynilə balıqlar kimi suda da yaşayırdı. Yəni həm suda həm də quruda yaşayan canlılara aid bir çox xüsusiyyətə sahib idi və bu baxımdan, keçid fosillərinə gözəl bir nümunə olmaqdadır.
Təkamül əleyhdarları, Tiktaalikin başının Alligator sinensis timsahına, fosilin digər hissələrinin isə eyni layda olan balıqlara aid olduğunu, tapıntılarını ən məşhur elmi jurnal olan "Nature"də nəşr edən mütəxəssislərin insanları aldatmaq üçün yalan danışdıqlarını və saxta bir fosili təbliğ etməyə çalışdıqlarını söyləyirlər. Amma bunu, heç bir elmi təhlil və ya etibarlı arqumentlə dəstəkləyə bilmir, yalnız "elə olduğuna inanmanızı" gözləyirlər. Halbuki iddialarının əsassızlığı, taksonomiya və fosillərdən cüzi anlayışı olanlar üçün son dərəcə aydındır:

1. Timsahların ən erkən əcdadlarına 225 milyon il əvvəldə rast gəlməkdəyik. Müasir timsahlar isə 84 milyon il əvvəl, Alligator sinensis isə yalnız 700.000 il əvvəl təkamülləşmişdir. Tiktaalik isə 375 milyon il əvvəl, yəni var olmuş bütün timsahlardan öncə yaşamış bir heyvan növüdür. 

2. Timsahlar dinozavrlara gedəcək budaqdan ayrılmış bir heyvan qrupudur. Dinozavrlar, 250 milyon il əvvəl təkamülləşməyə başlamış bir üst dəstədir. Bu səbəbdən Tiktaalikin dinozavrların erkən dövründə onlardan ayrılaraq təkamülləşən timsahlarla bir əlaqəsi mümkün deyil. 

3. Timsahlar Sürünənlər Sinifinə aiddirlər. Sürünənlər diapsid canlılardır. Yəni kəllənin üst qismində, göz yuvalarından əlavə, hər tərəfdə 2 dənə olmaqla cəmi 4 dənə böyük oyuq/çuxur vardır. Bu çuxurlar, bütün sürünənlərdə və quşlarda müşahidə edilir. Fotoşəkildən görə biləcəyiniz kimi, Alligator sinensisdə də bunlar vardır. Bu çuxurları olmayan bir canlının timsah, xüsusilə də Alligator sinensis olması qeyri-mümkündür. Ancaq aşağıdakı Tiktaalik kəlləsinə baxdıqda, yalnız bir dəlik olduğunu görürük:
Təkcə sonuncu fakt Tiktaalikin balıqlarla sürünənlər arasında bir keçid növü olduğunu təsdiq edir. Çünki balıqlar, "anapsid" heyvanlardır. Kəllələrində dəlik yoxdur. Sürünənlər, yuxarıda qeyd etdiyimiz kimi, diapsid canlılardır. Tiktaalik isə, bunların tam ortasında, hər iki tərəfdə 1 dənə olmaqla cəmi 2 dəliyə malikdir (göz yuvaları istisna olmaqla). Yalnız göz xəttinin üzərindəki dəliklərə sahib olan bu cür canlılara "eurapsidlər" adı verilməkdədir. Eynilə Tiktaalik kimi, digər bütün eurapsidlərin (plesiosaurlar və bənzərləri) nəsli kəsilmişdir. Ancaq eynilə digər nümunələr kimi, Tiktaalik də çox maraqlı keçid növüdür.

Aradakı fərqlərin siyahısı bu şəkildə yüzlərlə olacaq şəkildə çoxaldıla bilər. Yəni Tiktaalikin başı bu timsahınkına bənzəsə də çənə quruluşu daha primitivdir və onunla heç bir əlaqəsi yoxdur. Ayrıca fosillərin tapılmasından sonrakı illərdə, bir neçə institut və universitetlərdə aparılan paralel araşdırmalarda, fosilin bütün parçalarının bir-biriylə uyğun və qəti olaraq tək bir növə aid olduğu dəqiqləşdirilmişdir. Digər tərəfdən özündən əvvəl təkamülləşmiş şüa üzgəcli balıqlar, solekantlar, ağciyərli balıqlar, Eustenopteron, Panderichthis ilə özündən sonra təkamülləşmiş olan Acanthostega, Ichtyostega və Tulerpeton ilə birlikdə sudan quruya çıxan canlılar arasında möcüzəvi bir ara-keçid növü olduğu bütün elm ictimaiyyəti tərəfindən qəbul edilməkdədir.

daha ətraflı...

December 1, 2015

Xəyallara daldığınıza görə narahat olmağa dəyməz

Oturun və heç bir şey düşünmədən rahatlanın… Çətindir? Bəli, bunu etmək elə də asan deyil. Beyni istirahət rejiminə keçirməyə çalışsanız belə fərqli xəyal dünyalarına daldığınızı görərsiniz. Lakin geniş yayılmış düşüncənin əksinə olaraq bu boş xəyallar faydalı ola bilər.

Nevroloqlar uzun müddət beynin bir iş görərkən güclü işlədiyini, boş dayanarkən isə istirahət etdiyini düşünürdü. Könüllülər üzərində aparılan təcrübələrdə barmaq hərəkətləri, zehni hesablama (mental aritmetik) etmə, şəkillərə baxma kimi tapşırıqlar əsnasında insanların beyin müayinəsi aparılır və hansı bölgələrin aktiv olduğu, beynin davranışlara necə nəzarət etdiyi aşkarlanmağa çalışılır.

Nevroloqlar fərqli fəaliyyətlərdə beynin necə işlədiyini görmək üçün təcrübə aralarında onu neytral vəziyyətə gətirəcək bir üsul tapmağa çalışırlar. Bunu təmin etmək üçün təcrübədə iştirak edənlərdən qara ekran üzərindəki ağ xaç işarəsinə baxmaları istənilir. Nə isə düşünməsi istənməyən beynin neytral vəziyyətə düşəcəyi fərz edilir. Lakin elə olmur.

Düşünməyən beyində fəaliyyət

Bunu ilk olaraq 20 il əvvəl Medical College of Wisconsin tələbəsi Bharat Biswal fərq edir. O, beynin rahatlanması istənən mərhələdə belə beyindəki aktivliyin davam etməsini və bunun koordinasiyalı bir fəaliyyət olduğunu aşkarlayır.

1997-ci ildə Gordon Schulman müxtəlif beyin müayinələrinin nəticələrini araşdıraraq insanların xüsusi bir mövzuya diqqət verdiyi zaman beyində hansı bölgələrin aktiv hala gəldiyini görməyə çalışarkən tam əksini fərq etdi: Heç bir şey etmədiyimizdə aktiv hala gələn bölgəni.

İnsanlar istirahətdən fəaliyyətə keçdikdə beynin daha aktiv olması gözlənilir. Amma Schulman bu vəziyyətdə beynin bəzi bölgələrinin davamlı olaraq daha az aktiv hala gəldiyini gördü. Yəni, beyin müayinə cihazları içində bir şey etmədən səssizcə yatarkən insanların beynində bəzi bölgələr hər hansı bir iş edərkən olduğundan daha aktiv hala gəlirdi.

Beynin heç bir zaman istirahət etmədiyinin başa düşülməsi bir az zaman aldı. Nevroloqlar uzun müddət ehtiyac olmadıqda beyindəki fəaliyyətlərin dayandığını sanırdı.

İstirahət edərkən belə məşğul

Hal-hazırda beynin "istirahət etmə anında" məşğul olduğunu göstərən üç mindən çox araşdırma var. Bəzi alimlər beyin heç bir zaman istirahət etmədiyi üçün bu terminə qarşı çıxır. Onun yerinə, "beynin sakitlik rejimi" terminindən istifadə edirlər.

Görəsən düşünməyən beyin nəyə görə bu qədər aktivdir? Bu mövzuda bir çox nəzəriyyə olsa da hələ ki tam razılaşma əldə edilməmişdir. Lakin bu fəaliyyətlər yaddaşın möhkəmlənməsində rol oynamış ola bilər.

Beyin sakit buraxıldıqda əsasən gələcək barəsində cəmləşdiyini bilirik, axşam nə yeyəcəyimiz, gələn həftə hara gedəcəyimiz və sair. Beynin gələcəyi xəyal etmə ilə əlaqədar hissələri də "beynin sakitlik rejimi" içində olur. Yəni, sanki beynimiz xüsusi bir vəzifə ilə məşğul olmadığı zamanlarda gələcəyə xüsusi diqqət yetirmək üçün təkmilləşmişdir.

Harvard Tibb Məktəbində çalışan Moshe Bar bunun xəyal qurmaqla əlaqədar olduğunu, xəyal qurmanın isə olmamış hadisələrlə əlaqədar yaddaş meydana gəlməsini təmin etdiyini qeyd edir. Bunun bizə "ön təcrübə" imkanı verdiyi, beləcə xəyal etdiyimiz mövzuda qərar almamızı asanlaşdırdığı düşünülür. Məsələn hər hansı bir nəqliyyat vasitəsinə minən bir çox insan onun qəzaya uğrayacağını xəyalındə canlandırır. Və nə vaxtsa bu baş versə daha əvvəlki xəyal qurma dövründə meydana gəlmiş yaddaş ortaya çıxacaq və sərnişinin necə davranması mövzusunda qərar verməsini asanlaşdıracaq.

"Qaranlıq enerji"

Bu ilin Sentyabr ayında Oxford Universitetində edilən bir araşdırmada istirahət edərkən beynin hansı bölgələrinin bir-biriylə əlaqəli olduğunu görmək üçün 460 insanın beyin müayinəsi aparıldı. Nəticələr, bu əlaqələrin gücünün adamın yaddaş gücü, təhsili və fiziki dayanıqlılığıyla əlaqəli olduğunu göstərdi. Xəyal qurarkən belə beynin bəzi bölgələri sanki ehtiyac ola bilər məqsədiylə əlaqə halında qalırdı.

Beynin heç bir zaman istirahət etmədiyi faktı bir sirrin həll edilməsini də təmin edə bilər. Beyin normal halda gördüyü işə görə 5% enerji istifadə etməsi lazım olarkən nəyə görə 20% enerji istifadə edir? Nevroloq Marcus Raichlenin beynin "qaranlıq enerjisi" olaraq xarakterizə etdiyi bu 15%-lik enerji itkisi məhz bu istirahət etmə fəaliyyətlərində sərf edilmiş ola bilər.

Sakit vəziyyətdə ya da başqa bir işlə məşğul olarkən beynimizin xəyallara dalmasına və düşünməsinə maneə törətmənin nə qədər çətin olduğunu hamımız bilirik. Amma bunun faydalı olduğunu bilmək bəlkə beynimizə daha fərqli baxmamızı təmin edəcəkdir.

daha ətraflı...

November 29, 2015

Tardiqradların inanılmaz dözümlü olmasına yad genlər səbəb ola bilər

Şimali Karolina Universitetinin bioloqları müəyyən ediblər ki, tardiqradların genomunun 17.5%-i digər canlılardan alınmış genlərdən ibarətdir. Belə qeyri-adi qabiliyyəti sayəsində, bu mikroskopik su onurğasızı, ən ekstremal şəraitlərə, hətta açıq kosmosa uyğunlaşa bilir. Təfərrüatlar "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında nəşr olunmuşdur. 

"Hypsibius dujardini" növündən olan tardiqrad genomunun təhlili göstərdi ki, bu genlərin 17,5%-i digər canlılardan götürülüb. "Donorların" seçimi də çox rəngarəng olmuşdur: 1300 növ bakteriya, 40 növ ibtidai, 91 növ göbələk, 45 növ bitki və 6 növ virus.

Araşdırmanın rəhbəri Thomas Boothby deyir: "Əvvəl fikirləşdik ki, götürdüyümüz nümunələrə digər genlərin qarışması səhv nəticələrə səbəb olmuşdur. Lakin təkrar ciddi təhlillər nəticələrin düzgün olduğunu göstərdi."

Görünür bir çox hallarda məhz bu yad genlər tardiqradları ekstremal şəraitdə yaşamaq üzrə "rekordçu" edirlər. Bu canlılar yüksək radiasiya şəraitində, açıq kosmosda və hətta orqanizmlərinin tam susuzlaşması zamanı sağ qala bilir.
                                              

Yeri gəlmişkən, məhz susuzlaşma, ola bilsin ki tardiqradların digər canlılardan gen almasında həlledici rol oynayır. Adətən bitki və heyvanlarda orqanizmin susuzlaşması zamanı hüceyrə membranı öz strukturunu itirir, nəticədə iri molekullar, o cümlədən DNT xaricə keçir. Bu əksər canlı üçün ölüm deməkdir. Lakin tardiqradlar susuzlaşma bitdikdən sonra təsadüfi olaraq yaxınlıqda yerləşən canlılardan öz genlərini geri "toplaya" bilirlər. 

Belə "horizontal" gen mübadiləsi heyvanlar aləmində nadir hadisə sayılsa da, son vaxtlar əldə edilən sübutlar bunun düşünüləndən daha tez-tez baş verdiyini göstərir. Məsələn, bu yaxınlarda məlum olmuşdur ki, digər bir onurğasız heyvan olan Elysia chlorotica növündən olan dəniz ilbizi fotosintez qabiliyyətinə sahib ola bilmək və beləliklə müstəqil şəkildə qidalı maddələr istehsal etmək üçün qidalandığı su yosunlarından "borc" aldığı genlərə sahibdir.
daha ətraflı...

November 22, 2015

Qızlıq Pərdəsi (Hymen) və Təkamül

Qızlıq pərdəsi, bir çox inkişaf etməmiş (və hətta inkişaf etmiş) cəmiyyətdə mədəni mənalar yüklənmiş olan, əslində bioloji baxımdan son dərəcə sadə bir orqandır. Ancaq cinsi münasibətlərə açılan qapının "kilidi" olaraq irəli sürüldüyü üçün, bəlkə də layiq olduğundan daha çox mənanı çiyinlərində daşımaqdadır. Bu yük, təbii ki sadə bir orqan üzərinə deyil, o orqanı daşıyan qadınların üzərinə düşməkdədir. Görəsən bu üzv qadınların bədənində nə səbəbdən vardır? Həqiqətən hər hansı bir mənası varmı? Təkamül müddətində nəyə görə meydana çıxmış və qorunmuşdur? Bu mövzuyla əlaqədar bir neçə məqbul sayıla bilən fərziyyə mövcuddur; ancaq bunların heç biri kifayət qədər güclü deyil və daha çox araşdırmaya ehtiyac duymaqdadır. 

Qızlıq pərdəsi, hələlik bilindiyi qədəriylə, yalnız insanlarda yetkinlikdə də qoruna bilən bir strukturdur! Kaliforniyada yerləşən Scripps Oceanography İnstitutunda çalışan, Stanford Universiteti məzunu Dr. Alistair Hobday və həmkarlarının 23 Avqust 1996-cı ildə "Medical Hypothesis" jurnalının 49-ci nömrəsində nəşr olunan məqalələrinə görə, daha əvvəl edilən bir çox araşdırmanın nəticələrinə əsasən, insanlar qızlıq pərdəsinə sahib olan yeganə heyvan növüdür. Ancaq bəzi yeni doğulmuş inəklərdə və spanyel cinsindən olan itlərdə də bənzər strukturlar müşahidə edilmişdir. Lakin burada diqqətə alınmalı nöqtə budur ki, bir çox məməlidə bu pərdə embrioloji dövrdə meydana gəlməkdə və sonra apoptoz (proqramlı hüceyrə ölümü) mexanizmiylə yox olmaqdadır. Afrika fillərində qızlıq pərdəsi olsa da cütləşmə zamanı deyil doğum əsnasında zədələnməkdədir. 

Ən Güclü Şərhlərdən Biri...

İndiyə qədər ortaya atılan ən güclü fərziyyələrdən biri belədir: Bu orqan, insan iki ayaq üzərinə qalxmadan, meymunlarla olan ortaq atamızdan ayrılmamızdan dərhal sonra təkamülləşmiş, heç olmasa əhəmiyyət qazanmış ola bilər. Daha sonra əcdadlarımız iki ayaq üzərinə qalxmışdır və bu səbəblə hamiləlik müddəti də qısalmışdır. Normal halda digər canlılarda doğumdan əvvəl apoptoz mexanizmiylə yox edilən bu orqan, hamiləliyin qısalmasıyla birlikdə nisbi olaraq tam inkişaf etməmiş körpələrin doğulması nəticəsində, gələcək nəsillərə ötürülmüşdür. Yəni normal halda 12-14 ay ana bətnində qalması lazım olan balalar, hamiləliyin qısalması nəticəsində 9 ay müddətində qalmağa başlamışdır və ümumiyyətlə hamiləliyin son aylarında yox olan qızlıq pərdəsi, bu yeni təkamül nəticəsində (iki ayaq üzərinə qalxmaq və hamiləliyin qısalması) yox edilə bilmədən qalmışdır. Daha sonra Cinsi Seçmə sayəsində qorunan bu orqan, irəli yaşlara qədər qalmağa meylli hala gəlmişdir. Bilavasitə olaraq uşaqlıq yolunu qoruyan qızlıq pərdəsinin Təbii Seçmə tərəfindən də dəstəklənməkdə olduğu və infeksiyaya yoluxma ehtimalını azaldaraq qadınlara çoxalma üstünlüyü təmin etdiyi düşünülməkdədir. 

Nəticə

Bu mövzu, bizim cəmiyyətimizdə də son dərəcə əhəmiyyət kəsb edən bir mövzudur. Ancaq bilinməsi lazım olan elmi fakt belədir: Qızlıq pərdəsi, bioloji olaraq çox ciddi bir məna ifadə etmir və hələ də rudimentləşməmiş olmasının səbəbi isə Cinsi Seçmə ola bilər(bir çox xalqlarda kişilərin bakirə qadınlara üstünlük verməsinə görə). Bu səbəblə, insanların insanlıqdan çıxaraq qadınlara qarşı bəzi aqressiv davranışlara meyl etməsi, savadsızlıq və cahillikdən irəli gəlməkdədir. Hətta bəzi mədəni əlaqələrdə məna daşımış olsa belə, müəyyən zəka səviyyəsinə, mədəniyyətə və təhsilə sahib fərdlərdə bu tip sadə bioloji faktların, həyati ictimai əlaqələrə təsir etməsinə imkan verilməməlidir. Biz, insanın zəka mövzusunda ən inkişaf etmiş heyvan olduğunu bilir və qəbul edirik. Və insanın sahib olduğu davranışların və ictimai əlaqələrin də, bu zəkaya uyğun səviyyədə inkişaf etməsinə çalışmalıyıq.

Bu quruluşun funksiyasıyla əlaqədar araşdırmalar hələ də davam etdirilməkdədir və qəti cavablar, daha ətraflı araşdırmalardan sonra verilə biləcəkdir.

daha ətraflı...

November 8, 2015

Cəhalət qurbanı olan filosof qadın: İsgəndəriyyəli Hipatiya

Hipatiya, əsərləri bu günə qədər qalmış ilk qadın riyaziyyatçıdır. 370-415-ci illər arasında yaşamışdır; İsgəndəriyyədə doğulub, orada da ölmüşdür. Hipatiyanın başına gələnlərin səbəblərini anlaya bilmək üçün əvvəlcə o dövrlərin İsgəndəriyyəsi haqqında qısa məlumat yəqin ki faydalı olar;

İsgəndəriyyə, Makedoniya hökmdarı və Aristotelin şagirdi Böyük İskəndər tərəfindən e.ə. 332-ci ildə Misirdə qurulmuş bir şəhərdir. İsgəndərin ölümündən sonra (e.ə. 323-cü il), onun ən güvəndiyi general olan Ptolemaios və ailəsi tərəfindən idarə olundu. Çox böyük bir universitet və kitabxana quruldu. Dövrün ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri oldu. İsgəndəriyyəlilər müstəqilliklərini bir müddət Roma İmperatorluğundan qorumağı  bacarsalar da, e.ə. 80-ci ildə təslim oldular. 326-cı ildə, İmperator 1-ci Konstantin, Romanın intriqalarından xilas ola bilmək məqsədiylə Roma İmperatorluğunun paytaxtını şərqə çəkmək istədi və Konstantinopolu yəni İstanbulu qurdu. Dərhal sonra da xristianlığı qəbul etdi. Paqanlarla Xristianların mübarizəsi 5-ci əsrə qədər davam etdi. Daha sonra da görəcəyimiz kimi, Yəhudilərin və Yunan paqanlarının aktiv olduğu İskəndəriyyə də bu mübarizədən öz payını aldı …



Hipatiyanın atası Teon, İsgəndəriyyə Universitetində riyaziyyat müəllimi idi. Daha sonra universitetin rektoru oldu. Hipatiya, İsgəndəriyyədəki zəngin elmi mühitdən faydalandı. Artıq gənc yaşlarında sual verməyi, araşdırmanı və şübhə etməyi öyrəndi. Teon, qızını qüsursuz bir insan olaraq böyütmək istəyirdi. Qızının təhsili ilə ciddi maraqlandı, həm müəllimi həm də dostu oldu. Sənətkarlıq, şeir, fəlsəfə, din, astronomiya, astrologiya, riyaziyyat sahələrində mükəmməl məlumatlanması üçün əlindən gələni etdi. Çox yaxşı bir müəllim idi. Öyrətdiyi mövzuları sevir və sevgisini tələbələrinə də ötürə bilirdi. Dövrün böyük dinlərini qızına öyrətdi. Doqmalara və dinlərə batmasına imkan vermədi. 

Qızının yalnız əqli deyil, fiziki inkişafına da xüsusi diqqət yetirdi. Günün müəyyən saatları idmana ayrılmışdı. Hipatiya üzməyi, avar çəkməyi, ata minməyi, dağa dırmanmağı öyrəndi… İllər sonra Hipatiya atasından öyrəndikləri ilə öz-özünə öyrəndiklərini ümumiləşdirib belə yazdı; "Nağıllar nağıl kimi, əfsanələr əfsanə kimi izah edilməlidir. Boş inancları gerçək deyə öyrətməkdən daha qorxunc bir şey ola bilməz. Uşaq ağlı bunları qəbul edər və uşaq səhv şeylərə inanar. Bu səhv inanclardan təmizlənmək çox çətin olur, uzun illər alır. İnsanlar boş inanclara bir gerçək kimi inanıb uğrunda döyüşürlər."


Hipatiya böyüdükdən sonra səyahətə çıxdı. Romaya və Afinaya getdi. Afinalı filosof, neoplatonçu Plutarxdan dərslər aldı. Bu səfəri əsnasında riyaziyyatçı olaraq məşhurlaşdı. İsgəndəriyyəyə geri döndüyündə universitetdə riyaziyyat və fəlsəfə tədris etməsi istəndi. Böyük sevinclə qəbul etdi. Hipatiya çox sevilən, yaxşı bir müəllim idi. Tarixçi Sokrat (Afinalı məşhur filosof Sokrat deyil.) Hipatiyanın həm sinifinin həm də evinin şagirdlərlə, dövrün alim və mütəfəkkirləriylə dolub daşdığını yazır. Avropadan, Asiyadan və Afrikadan şagirdlər yalnız Hipatiyanın şagirdi olmaq üçün axın-axın İsgəndəriyyəyə gəlirdilər. Əsasən Diofantın məşhur Arifmetika adlı kitabından dərs verərdi.

Hipatiya riyaziyyata aid bir çox kitab yazmışdır. Çox təəssüf ki bu kitablardan bizə ancaq parçaları qalmışdır. Kitabların çoxu İsgəndəriyyə yanğınında və Serapis məbədinin azğın xalq tərəfindən yandırılması zamanı zərər görmüşdür. Atasıyla birlikdə Evklidin Elementlər kitabında düzəlişlər etmişdir və bu haqda ən azı bir kitab yazdığı bilinir. Diofantın astronomiya mövzusundakı işlərinə əlavə olan bir əsərinin parçaları 15-ci əsrdə Vatikan kitabxanasında tapılmışdır. Hipatiyanın bir də "Apolloniusun Konusları Üzərinə" adlı bir kitab yazdığı bilinir. Hipatiyadan sonra 17-ci əsrin 2-ci yarısına qədər bu mövzuya toxunulmamışdır. Ta ki Dekart, Ferma, Nyuton və Leybnitsə qədər. Həmçinin, əlimizdə Ptolemeyin astronomiya və Diofantın arifmetika kitablarına düşən qeydləri var. Hipatiya, səma müşahidələrində, su təmizləmədə, dənizçilikdə istifadə edilən müxtəlif kəşfləriylə məşhurdur. O elə məşhur idi ki, tez-tez "İsgəndəriyyəli filosof" ya da "İsgəndəriyyəli ilham pərisi" ünvanlı məktublar alırdı.


Hipatiya, özünü neoplatonçular deyilən bir düşüncə məktəbinə aid edirdi. Bu məktəbin elmi düşüncə üsulu Xristianların doqmatik və fanatik düşüncələriylə ziddiyyət təşkil edirdi. 412-ci ildə, İsgəndəriyyə kilsəsinin rəhbərliyinə Kiril adlı bir adam təyin edildi. Kiril qatı Xristian idi. Dövlət işlərindən də əlini çəkməmişdi. Tabeliyində Parabolari deyilən soyğunçu ordu var idi. Parabolarilər əvvəlcə bu günün "Qızıl Aypara"sı vəzifəsini görürdülər. Daha sonra məqsədlərindən çıxaraq vəhşiliyə başladılar. Kiril paqanlara hücum etməyə ən zəiflərdən başladı. Çox yandırıb dağıtdı, günahsız insanlar öldürdü. Sonra növbə İsgəndəriyyənin qurulmasından bəri xüsusi qanunlarla qorunan və sülh içində yaşayan Yəhudilərə çatdı. Sinaqoqlarını yerlə bir edib onları şəhərdən qovdu. Misir müfəttişi Orestes, Kirilin etdikləri barədə hökumətə şikayət etsə də bir nəticə əldə edə bilmədi.

Kiril yalnız dini gücü deyil, siyasi gücü də ələ keçirmək istəyirdi. Bu səbəblə Orestes və yaxınları yox edilməli, heç olmasa Orestes zəiflədilməli idi. Hipatiya, Orestesin yaxın yoldaşlarının ən əhəmiyyətlisi və ən başda gələnlərindən idi. Həm hörmətli, həm məlumatlı, həm də məşhur idi. Eyni zamanda yaxşı natiqlik qabiliyyəti vardı. Hipatiya ortadan qaldırılmalı idi. Şəhərdə Oresteslə Kirilin dostluqlarına yeganə maneənin Hipatiya olduğu söz-söhbətləri gəzirdi.


Riyaziyyat tarixinin ən qorxunc cinayəti üçün mühit hazır idi. Provakatorların da köməyiylə, soyğunçular, işsizlər, cahillər Xristian olmayan Hipatiyaya qarşı qızışdırılır. Hipatiya, universitetdən evə qayıdarkən dindarların hücumuna uğrayır. Əvvəl dərisi soyulur, sonra parçalanaraq yandırılır. Törədilən cinayət barəsində istintaq aparılsa da rüşvət və güc nümayişi sayəsində nəticələnmədən bağlanır. Kiril, Hipatiyanın ölmədiyini və Romada olduğunu deyərək İsgəndəriyyəliləri aldatmağa çalışsa da Tarixi aldada bilmir.

Hipatiyanın xatirəsini əbədiləşdirmək üçün bir asteroid və ayda bir krater onun adı ilə adlandırılmışdır. Həmçinin, onun həyatından bəhs edən əsərlər yazılmış, teatr tamaşaları hazırlanmış və nəhayət 2009-cu ildə "Aqora" filmi çəkilmişdir.
daha ətraflı...

November 3, 2015

Kvant fizikası sahəsində böyük nailiyyət

Cornell Universiteti fiziklərinin apardığı bir təcrübə, Kvant Zeno Effektinin ilk dəfə təcrübi olaraq sübut edilməsini təmin etdi. Atom və atomaltı səviyyələrdə maddə və enerjinin davranışlarını öyrənən kvant mexanikası, əhəmiyyətli bir sualı da cavablamış oldu. Yunan filosofu Eleyalı Zenonun şərəfinə adlandırılan və bu günə qədər kvant mexanikasının ən çox müzakirə edilən mövzularından biri olan Zeno Effekti, ilk dəfə təcrübi olaraq sübut edildi.

1954-cü ildə məşhur riyaziyyatçı Alan Turing tərəfindən təyin olunduğu üçün Turing paradoksu olaraq da bilinən Zeno Effekti, atom səviyyəsindəki bir sistemin müşahidə edildiyi zaman dəyişməyəcəyini nəzərdə tutur. Zeno Effekti bu günə qədər təcrübə mühitində müşahidə edilmədiyi üçün şübhə altında qalan bir nəzəriyyə olsa da, Cornell Universiteti araşdırmaçıları yeni işləriylə bu şübhələrə son qoydular. Nəticələri "Physical Review Letters" jurnalının 2 Oktyabr 2015-ci il buraxılışında nəşr olunmuş təcrübə, fizik Dr. Mukund Vengalattore-nin ultra-soyuq laboratoriyasında reallaşdırıldı. Burada, mütləq sıfırdan yalnız 0,000000001 dərəcə yüksək temperaturlara qədər soyudulmuş maddələrin fizikası araşdırılır.

Qaz buludu halında olan təxminən bir milyard Rubidium atomunu soyuq vakuum kamerada soyudan Yogesh Patil və Srivatsan Chakram, atomların müşahidə edildikləri müddətdə hərəkət etmədiklərini və ya daha yavaş hərəkət etdiklərini təsbit etdilər.

İnkişaf etdirdikləri yeni lazer müşahidə sisteminin köməyi ilə atomları mikroskop altında araşdıran fiziklər, lazer işığı azaldıqda atomların daha çox hərəkətdə olduğunu, yəni hərəkətliliyin artdığını müşahidə etdilər. Müşahidələrin sıxlığı və lazer işığı artırıldıqda isə atomların hərəkətliliyi demək olar ki dayanma nöqtəsinə gəldi.

Bu nailiyyətdən sonra xüsusilə kvant kompüterləri sahəsində əhəmiyyətli inkişafın yaşana biləcəyi ifadə edilir. Bu kəşf sayəsində kvant kriptoqrafiyasının reallığa çevrilə biləcəyi aydın olarkən, həddindən artıq həssas kvant sensorların da önü açılmış oldu.
daha ətraflı...

October 27, 2015

Günəşin ömrü bitdikdə Yeri toza çevirəcəyi təsdiq edildi


Uzun illərdir müzakirə edilən "ulduzlar öldükdə ətrafındakı planetlərə nə olur?" sualının cavabını, məşhur kosmik teleskop Kepler sayəsində dəqiq şəkildə göstərən NASA, eyni zamanda Günəş və Yerin də gələcəkdə nə ilə üzləşəcəklərinə dair bir görüntü əldə etdi.

Ulduzlar sahib olduqları həyat mərhələsinin sonlarına gəldikdə bir çöküş yaşamağa başlayırlar. Bu çöküş, ulduzların fərqli mərhələlərdən keçərək forma, həcm və kütlə dəyişməsinə səbəb olur. Bir ulduzun ölmədən əvvəlki son mərhələsi "ağ cücə" mərhələsidir. Bu mərhələdə kütləsinin böyük hissəsini qoruyan lakin həcm baxımından son dərəcə kiçilən ulduzlar, sahib olduqları ölçüyə görə çox böyük cazibə qüvvəsinə çatırlar. Bu mərhələdə əvvəllər normal bir ulduz olan ağ cücə, sahib olduğu cazibə qüvvəsini 300-350 min dəfə artırmış olur.

Kepler, rutin müşahidə funksiyalarından birini yerinə yetirərkən NASA-da çalışan elm adamları bir qeyri-adi vəziyyətin fərqinə vardı. Keplerin görüş sahəsində olan bir ağ cücənin ətrafında tək istiqamətli bir toz buludu vardı. Ağ cücə mərhələsindən əvvəlki mərhələ olan "qırmızı nəhəng" mərhələsində ulduz, həcmini son dərəcə artırır və bir müddətdən sonra enerji baxımından tamamilə tükənmiş olan parçalarını uzağa sovuraraq ağ cücəni meydana gətirir. Bu səbəbdən ağ cücələrin ətrafında bəzi vəziyyətlərdə toz buludu ola bilər. Lakin bu toz buludu yalnız bir tərəfdə müşahidə edilirdi və alimlər, bu toz buludunun bir cismin irəlilədiyi zaman arxasında buraxdığı iz ola biləcəyini düşündülər.

Edilən araşdırmalar nəticəsində ağ cücənin orbitindəki bir planetin bu izi buraxdığı ortaya çıxdı. Ağ cücəyə çox yaxınlaşan planet, son dərəcə güclü olan cazibə sahəsinə qapılaraq ağ cücəyə doğru çəkilmiş və yolun yarısında parçalanaraq toz halına gəlməyə başlamışdı. Elm adamlarının bu planetin digər hissəsinə nə olduğu mövzusunda etdiyi araşdırmalar isə daha maraqlı bir cavabı ortaya çıxardı; ağ cücə planeti yanacaq olaraq istifadə etmişdir.

Çəkərək tərkibinə qatdığı planeti cazibə qüvvəsiylə parçalayan və işə yarayan parçalarını özünə yanacaq edən ağ cücə, illərdir cavablanmayan və bizim planetimizi də maraqlandıran bir çox suala aydınlıq gətirmiş oldu. Bu ağ cücənin yaxınında olan planetə etdikləri, bütün diqqəti bir anda Günəşə doğru çevirdi. Bizim planetimizdə həyatın əsas səbəbi olan Günəş, bildiyiniz kimi bir ulduzdur. Bir gün onun da enerjisi tükənəcək və Günəş, Keplerin göstərdiyi ağ cücədən daha böyük bir planet qətliamına səbəb olacaq.

Enerjisinin bitməsi nəticəsində əvvəl qırmızı nəhəngə, sonra isə ağ cücəyə çevriləcək olan Günəş, həcminin artdığı qırmızı nəhəng mərhələsində əvvəlcə ona yaxın olan Merkurini, ardından Veneranı, bu planetləri yanacağa çevirməsindən dərhal sonra da Yeri udacaq. Bu 3 planeti udan Günəşin qırmızı nəhəng mərhələsi, normal halda olmasından bir az daha uzun sürəcək. Ulduzlar qırmızı nəhəng mərhələsindən sonra Neytron Ulduzu, qara dəlik və ya ağ cücə olurlar. Yəni bu mərhələdə 3 planeti udmuş bir ulduzun nəyə çevriləcəyi tam olaraq bilinmir. Lakin ölçü və kütlə baxımından kainatdakı digər ulduzlarla müqayisədə olduqca kiçik olan Günəşin, son dərəcə sıx olan qara dəliyə və ya yalnız bir çay qaşığı qədərinin 1 milyon tondan çox olduğu bilinən Neytron Ulduzuna çevrilməsi olduqca az bir ehtimaldır.

Günəş 4 milyard ildir varlığını sahib olduğu şəkildə davam etdirir. Elm adamlarına görə həyatının ortalarında olan Günəş, təxminən daha 4 milyard il bu şəkildə qalacaq. Bu müddətin bitməsindən sonra enerjisini itirəcək və Yerin udulmasıyla nəticələnən mərhələyə, bir qırmızı nəhəngə çevrilərək başlamış olacaq. Əgər o vaxta qədər yaşasaq, heç bir şəkildə xilas olma imkanımız olmayan bu hadisə reallaşana qədər insanlığın başqa bir sistemə daşınmış olacağına ümid edirik.
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top