December 17, 2013

Qara dəliyin içində

Deyək ki kosmik gəmimizə mindik və qalaktikamızın mərkəzindəki milyon Günəş kütləsinə sahib olan qara dəliyə doğru yönəldik. Qara dəlikdən bir qədər uzaqda mürərriki dayandıraq, nə baş verəcəyini gözləyək.

Əvvəlcə heç bir təsir hiss etməyəcəyik. Sərbəstdüşmə halında olduğumuzdan bədənimiz və gəmimiz eyni şəkildə çəkiləcək və düşəcək; amma özümüzü ağırlıqsız hiss edəcəyik. Dəliyə yaxınlaşdıqca cazibə qüvvəsinin təsirini artıq hiss etməyə başlayacağıq.

Mərkəzə yaxınlaşdıqca bu qüvvələr artacaq və nəticədə bizi kiçik parçalara (atomlara) ayıraraq qara dəliyin içinə salacaq. Bu təbii ki ölümcül hadisə olardı, amma gəlin fərz edək ki ölümsüzük və ya hətta kiçik hissələrə ayrıldıqdan sonra belə müşahidə etməyə qadirik.

İçəri düşsək nə görərdik? Olduqca qeyri adi, amma eyni zamanda fiziki qanunauyğunluqlar daxilində baş verən təbii hadisələri görərdik. Qara dəliyin qravitasiyası işığı büküb onun yolunu dəyişdirdiyinə görə uzaqlardakı obyektlərin (ulduzlar və s.) görünüşləri içəridə əcaib formalarda təhrif olardı. Sərhədi (qara dəliyə daxil olma) keçdiyimiz anda hər hansı xüsusi bir şey meydana gəlməzdi; keçdikdən sonra da çöldə nələrin baş verdiyini görə bilərdik, çünki çöldəki cismlərdən gələn işıqlar qara dəliyi keçə və bizə qədər çata bilər. Amma çöldən kimsə izləsəydi, qara dəlik içərisində nələrin baş verdiyindən xəbərsiz olardı, çünki artıq içəridəki işıq geri qayıdıb çölə çıxa bilməzdi.
daha ətraflı...

Beyin ağrı hiss edə bilməz

Bədənimizdəki sinirlərin böyük miqdarını saxlayan və bədəndəki bütün proseslərə nəzarət edən, qavrayış, düşüncə, hiss, zəka və s. faktların mərkəzi olan beynimizin özü heç vaxt ağrı hiss edə bilməz. Çünki beynimizdə ağrı reseptorları yoxdur. Burada diqqət yetirilməsi lazım olan bir nöqtə var: Beyin özü bir orqandır. Baş dərinizin altında yatan sinirlər və reseptorlar ağrını beynə çatdırırlar. Bu səbəbdən başınızı bir yerə vurduğunuzda təbii olaraq ağrı hiss edirsiniz. Amma hər hansı bir şəkildə (məsələn narkoz köməyi ilə) kəllə sümüyünüzü açsaq, ardından narkozun təsirini aradan qaldırsaq və beyninizə bıçaq soxsaq (heç bir damara zərər yetirməyərək), beynin özündən asılı heç bir ağrı hiss etməzdiniz (amma təbii ki bıçağın təsiri olan hissənin funksiyası pozulardı, o ayrı).

Bundan başqa daha maraqlı bir məlumat verə bilərik: baş ağrısı beyindən qaynaqlanan ağrı deyil! Çünki, dediyimiz kimi beyin ağrı hiss edə bilməz. Baş ağrısının meydana gəldiyi yerlər beynin yanlarında yerləşən toxumalardakı, qan damarlarındakı, xarici sinirlərdəki və əzələlərdəki ağrılardır. Bəzi hallarda bu damarlar və əzələlər həddindən artıq çox şişir və təzyiq yaradaraq ağrıya səbəb olur. Oxşar şəkildə, həddindən artıq çox əzələ və damar sıxılması da sinirlər üzərində təzyiq yaradaraq baş ağrısına səbəb ola bilər. Amma səbəbi nə olursa olsun, miqren kimi ciddi nevroloji xəstəliklər də daxil olmaqla, heç bir baş ağrısı beynin özündən və beyindəki sinirlərdən qaynaqlanmır.
daha ətraflı...

M83 qalaktikasının qolları

Charles Messier'in məşhur kataloqunda yer alan M83 qalaktikasının spiral qollarından birinə yaxından baxış...

M83, bizə 15 milyon işıq ili uzaqlıqdadır və eynilə bizim qalaktikamız Samanyolu kimi spiral quruluşa malikdir. Gördüyünüz qırmızı sahələr bir çox yeni ulduz istehsal edən kosmik fabriklər - nebulalardır. Əgər Samanyolunun xaricinə çıxıb qalaktikamıza uzaqdan baxa bilsəydik, milyonlarla yeni ulduzun meydana gəldiyi nebulaları görmüş olardıq. Lakin bunu etmək imkanına sahib deyilik və qalaktikamızı ancaq içəridən müşahidə edə bilirik. Amma M83 kimi Samanyolu'na oxşar qalaktikaları bu fotoşəkildə gördüyünüz kimi müşahidə edib öz qalaktikamızın təbiəti haqqında məlumat əldə edə bilərik.
daha ətraflı...

"Sosial qarışqalar"

Qarışqalar ən yüksək səviyyədə təkamül etmiş həşərat ailəsidir. Qarışqa koloniyası əmək bölgüsünə əsaslanan mürəkkəb sosial quruluşa malikdir. Qarışqaların bəzi növləri informasiya ötürmə qabiliyyəti yüksək olan “dillə” ünsiyyət qururlar. Bundan başqa, bir çox növlər digər həşərat növləri ilə rahat birgəyaşayış qabiliyyəti nümayiş etdirirlər. Qarışqaların sosiallığı (birgəyaşayış, əmək intizamı, qaydalara riayət və s.) insan cəmiyyətindən qat-qat yüksək səviyyədədir ki, bu da qarışqa ailəsinin insandan çox daha əvvəl (70-120 milyon il) təkamül etməsi ilə bağlıdır. Şəkildə qarışqa yuvasının şaquli kəsiyi üzrə quruluşu göstərilmişdir. Bu quruluş yuva sakinlərinin hərəkət rahatlığı, hər bir kameranın funksiyasına uyğun olaraq qarışqalar tərəfindən ideal şəkildə inşa olunur. 

Şəklə izahat:

1. Müxtəlif təbii komponentlərdən düzəldilmiş örtük yuvanı fərqli hava şəraitindən qorumaq üçündür. İşçi qarışqalar bu örtüyü daim təmir edir və yeniləyirlər;
2. Günəş şüaları ilə qızdırılan kamera. Yazda qarışqalar bu kameradan isinmək üçün istifadə edirlər;
3. Çıxışlardan biri. Əsgər qarışqalar tərəfindən qorunur, həm də yuvanın hava ventilyasiyasını təmin edir; 
4. “Məzarlıq”. Ölmüş qarışqaların cəsədi və lazımsız qalıqlar buraya yığılır.
5. Qışlama kamerası. Yuva sakinləri soyuq qış aylarını burda keçirirlər, yarımyuxulu vəziyyətdə.
6. “Çörək ambarı”. Dən ehtiyatı burada toplanır.
7. Ana qarışqanın kamerası. Ana qarışqa burda yaşamaqla gündə 1500-dək yumurta qoyur. İşçi qarışqalar ona qulluq edirlər. 
8. Yumurtalar, sürfələr və puplar bu kameralara yerləşdirilir.
9. “Pəyə” – mənənələrin saxlandığı kamera.
10. “Ət anbarı”. Tırtıllar və digər qənimətlər toplanır.

Qaynaq: «Эволюция», 2013, Ⅶ1 (15)
daha ətraflı...

Kambalakimilər, kamuflyaj və təkamül

Kamuflyaj mövzusunda mütəxəssislərdən biri Pleuronectiformes fəsiləsindən olan kambalakimilərdir. Kambalakimilər təkcə ovlarını tutmaq və ovçularından qaçmaq üçün mütəxəssisləşdikləri kamuflyaj qabiliyyətləriylə deyil, eyni zamanda təkamülün ən dəqiq dəlillərindən birini bizlərə təqdim etdikləri səbəbindən elm ictimaiyyətində olduqca məşhurdurlar.

Kambalakimilər özlərini dəniz döşəmələrindəki qumlu sahələrə basdırıb ovlarını gözləyən və ya ovçularından gizlənən növdürlər. Lakin ömürlərinin böyük hissəsini okean döşəməsində yan yataraq keçirən balıqlar üçün bir gözün davamlı qumun içinə baxması təkamül baxımından üstünlük deyil. Kambalakimilər təkamül prosesinin hər mərhələsində belə yastı formada su dibində yatan növlər deyildilər. Yaxın qohumları, onlara olduqca oxşayan, ancaq yastı olmayan, normal şəkildə üzən balıqlar da mövcuddur. Növün genetik analizi edildiyində və fosil qeydləri araşdırıldığında bir fakt gözə dəyir: növün altda qalan gözü təkamül müddəti ərzində mərhələli olaraq üst tərəfə sürüşmüşdür (keçmişdir). Elə eynən təkamül biologiyasının nəzərdə tutduğu kimi, gözün bir tərəfdən digərinə sürüşməsi əsnasında bu keçidin tam olaraq tamamlanmadığı nəsillərə aid fosillər tapılmışdır.




Bütün bu səbəblərdən müasir fərdlərin çoxunun iki gözü də yastı şəkildə yatdığı vaxt yuxarı dönük olacaq. Beləcə ov və ovçularını iki gözüylə də təqib edə bilər. Lakin növün bədən planı hələ də yan yatmış bir balığa oxşamadığından anatomiyası olduqca qəribədir.

Qaynaq: Evrim Ağacı
daha ətraflı...

Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur

Paleontoloqlar ilk dəfə insanın əcdadlarından biri olan, Keniyada yaşadığı hesab edilən Homo erectus növünə aid 1,4 milyon il yaşı olan əl sümüyü fosilini tapdıqlarına dair məlumat yaydılar. Alimlərin dediyinə görə tapılmış fosil insan təkamülündəki boşluğu doldurur. Tədqiqatla əlaqədar məqalə 16 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

Kolumbiya şəhərində yerləşən Missuri Universitetindən (ABŞ) olan Carol Ward deyir:

"Bu sümüyü xüsusi edən - biləklə birləşməsini təmin edən stiloid prosesidir. Bu ana qədər belə çıxıntılara biz yalnız neandertallar və müasir insanlarda rast gəlmişdik. Bu çıxıntı əlin artan çevikliyinin əlamətidir, hansı ki qədim insanlara obyektlərdən bərt tutunmağa və onları dəqiqliklə hərəkət etdirməyə icazə verirdi. Skeletin bu xüsusiyyəti bizim 1,5 milyon il ərzində sağ qala bilməyimizə əsas səbəb idi."

Ward və həmkarlar qazıntı işlərini Keniyada yerləşən Turkana gölü yaxınlığında apardılar. Bu ərazidə alimlər əvvəllər də Homo bölgüsünün nümayəndələrinə aid qalıqlara rast gəlmişdilər. Bunlar arasında "Turkana oğlanı" adlı məşhur fosil də yer alır.

Alimlər yerli çöküntülərdə qədim insanın bilək sümüyü ilə orta barmağını birləşdirən sümüyü tapmaqla əhəmiyyətli kəşfə imza atdılar. Qeyd edilir ki, sümük strukturu üzərində aparılacaq işlər əcdadın alətlərdən istifadə edib-edə bilmədiyini və nə dərəcədə çevik olduğunu göstərəcək.

Sümük strukturunu analiz edən elm adamları, onu müasir insanın, şimpanzenin, neandertalın və digər yaxın növlərin anoloji sümükləri ilə müqayisə etdilər. Nəticədə sümüyün sahibinin anotomik olaraq qədim hominid və şimpanzelərdən çox, müasir insanlara və neandertallara yaxın olduğu məlum oldu. Əldə edilən məlumatlarla insan əlinin təkamülünə dair müzakirələrə son qoyulduğunu deyən elm adamları, çevik əl təkamülü tarixini daha 500 min il geri daşımalı olduqlarını da qeyd etdilər.

Qaynaq: Phys.orgScienceDaily
daha ətraflı...

December 16, 2013

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı

Çinin qərbində yerləşən Junggar ərazisində tapılan, 159 milyon il əvvəl yaşadığı aydın olan tüklü dinozavr növünün fosilləri ilk dəfə alimlərə dinozavr barmaqlarının necə quşların qanadlarına çəvrildiyi mövzusunda məlumatlar verir. Tədqiqatla əlaqədar məqalə 17 iyun 2009 tarixində Nature jurnalında yayımlandı.

Təkamül nəzəriyyəsinə əsasən müasir quşlar dinozavrlardan ayrılmış və sağ qalmış yeganə qoldur, buna baxmayaraq qədim sürünənləri araşdıran paleontoloqlar barmaq falanqalarından necə qanad strukturunun yarandığını dəqiq izah edə bilmirdilər. Hesab edilir ki, qanadlar sürünənlərin ikinci, üçüncü və dördüncü barmaqlarının birgə təkamülü nəticəsində formalaşmışdır - illərdir quşların embrion inkişafı üzərində aparılan təcrübələr bunu dəstəkləyir. Quşların əcdadı hesab edilən teropodlarda (ikiayaqlı sürünənlər) isə birinci, ikinci və üçüncü barmaqlar daha çox inkişaf etmişdi. Bir konfiqurasiyadan digərinə keçid son illərə qədər sirr olaraq qalırdı.

Çin Elmlər Akademiyası və Paleontologiya və Paleoantropologiya İnstitutundan olan prof. Xi Xung, Vaşinqton Universitetindən (ABŞ) olan həmkarları ilə birlikdə uzunmüddətli qazıntı işlərindən sonra Qobi səhrasında bir dinozavr növünə aid fosillərə rast gəldi. Alimlər növün ön üzvlərini araşdırarkən birinci barmağın ciddi şəkildə kiçildiyini, ikinci barmağın ölçülərininsə böyüdüyünü gördülər. Belə ki, barmaq falanqaları ilə birləşən bilək sümükləri ikinci, üçüncü və dördüncü barmaqlara uyğun gəlirdi (quşlardaki kimi), falanqalar özləri isə birinci, ikinci və üçüncü barmaq falanqalarına oxşayırdı (dinozavrlardaki kimi).


Limusaurus inextricabilis fosili ilə birlikdə kiçik timsah fosili
Elm adamları tapılmış dinozavrın, üzvlərin qanadlara necə çevrildiyini izah edən keçid növü olduğunu və bu mərhələdə təkamülün mürəkkəb xarakter daşıdığını qeyd edirlər. Limusaurus inextricabilis adı verilən və tərcümədə "bataqlıqda ilişib qalan dinozavr" mənasını verən yeni dinozavr növünün fosilləri Yura dövrünə aid çöküntü qayalıqlarda tapıldı. Bundan başqa çənə quruluşunun analiz işləri göstərdi ki, növün dişləri yox idi, əksinə dinozavr dimdiyə sahib idi. Baxmayaraq ki teropodların əksəriyyəti yırtıcılardır, bu məlumatlar növün otyeyən olduğunu göstərir.

Xi Xung tapıntı ilə əlaqədar bunları deyir:


"Bu dinozavrın kəşfi həqiqətən də möhtəşəm hadisədir, çünki dinozavr üzvlərinin necə təkamülləşdiyi və ilk quşların necə meydana gəldiyinə dair təsəvvürlərimizi dəyişdirir."


Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top