December 17, 2013

"Sosial qarışqalar"

Qarışqalar ən yüksək səviyyədə təkamül etmiş həşərat ailəsidir. Qarışqa koloniyası əmək bölgüsünə əsaslanan mürəkkəb sosial quruluşa malikdir. Qarışqaların bəzi növləri informasiya ötürmə qabiliyyəti yüksək olan “dillə” ünsiyyət qururlar. Bundan başqa, bir çox növlər digər həşərat növləri ilə rahat birgəyaşayış qabiliyyəti nümayiş etdirirlər. Qarışqaların sosiallığı (birgəyaşayış, əmək intizamı, qaydalara riayət və s.) insan cəmiyyətindən qat-qat yüksək səviyyədədir ki, bu da qarışqa ailəsinin insandan çox daha əvvəl (70-120 milyon il) təkamül etməsi ilə bağlıdır. Şəkildə qarışqa yuvasının şaquli kəsiyi üzrə quruluşu göstərilmişdir. Bu quruluş yuva sakinlərinin hərəkət rahatlığı, hər bir kameranın funksiyasına uyğun olaraq qarışqalar tərəfindən ideal şəkildə inşa olunur. 

Şəklə izahat:

1. Müxtəlif təbii komponentlərdən düzəldilmiş örtük yuvanı fərqli hava şəraitindən qorumaq üçündür. İşçi qarışqalar bu örtüyü daim təmir edir və yeniləyirlər;
2. Günəş şüaları ilə qızdırılan kamera. Yazda qarışqalar bu kameradan isinmək üçün istifadə edirlər;
3. Çıxışlardan biri. Əsgər qarışqalar tərəfindən qorunur, həm də yuvanın hava ventilyasiyasını təmin edir; 
4. “Məzarlıq”. Ölmüş qarışqaların cəsədi və lazımsız qalıqlar buraya yığılır.
5. Qışlama kamerası. Yuva sakinləri soyuq qış aylarını burda keçirirlər, yarımyuxulu vəziyyətdə.
6. “Çörək ambarı”. Dən ehtiyatı burada toplanır.
7. Ana qarışqanın kamerası. Ana qarışqa burda yaşamaqla gündə 1500-dək yumurta qoyur. İşçi qarışqalar ona qulluq edirlər. 
8. Yumurtalar, sürfələr və puplar bu kameralara yerləşdirilir.
9. “Pəyə” – mənənələrin saxlandığı kamera.
10. “Ət anbarı”. Tırtıllar və digər qənimətlər toplanır.

Qaynaq: «Эволюция», 2013, Ⅶ1 (15)
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top