December 2, 2013

Kosmik səyahət tunelləri

Kainatımız fiziki qanunauyğunluqlar daxilində baş verən olduqca maraqlı hadisələrə şahidlik edir. Yeni-yeni kosmik teleskoplar hər gün kaimatımız haqda yeni məlumatlar öyrənməyimizi təmin edir. Müasir dövrdə Yerə bir çox xüsusiyyətləri ilə oxşar planetlərin mövcudluğundan əmin olmuşuq. Orada həyatın olub-olmadığını təsdiqləmək işin ən çətin mərhələsidir. Bu günki teleskoplarımız və kosmik aparatlarımızla, təəssüf ki həmin planetləri yaxından izləmək imkanına sahib deyilik. Bu planetlərə səfər edəcək işıq sürətilə hərəkət edən kosmik gəmilərin hazırlanması da başqa bir çətinlikdir: bəlkə də heç vaxt işıq sürətilə hərəkətdə ola bilməyəcəyik, çünki obyektin daha yüksək sürətlə irəliləməsi üçün daha çox enerjiyə ehtiyac var, daha çox enerji də obyektin daha ağır olmağına səbəb olur. Beləliklə, daha ağır obyekt də yüksək sürətlərlə hərəkət etməyə imkan vermir.

Buna baxmayaraq kosmik səyahətlər etmək üçün digər üsullar da var. Bunlardan bəziləri hələlik sadəcə hipotez olaraq ortaya atılmışdır və növbəti bir neçə illər ərzində təsdiqlənmələrinə ehtimal çox azdır.

Belə üsullardan biri də hiperməkanda köpük içərisində hərəkət edən kosmik gəmi variantıdır. Bu səyahət variantı mənfi enerjiyə ehtiyac duyur, lakin mənfi enerjinin mövcudluğu hələlik sübut edilməmişdir. Buna baxmayaraq bəzi astrofiziklər mənfi enerjinin əslində gözümüz qarşısında olduğunu iddia edirlər. Belə ki, kvant mexanikasına əsasən bizim təsəvvür etdiyimiz boş məkan (kosmos) əslində heç də boş deyil. Alimlər sirrli mənfi enerjinin məhz bizim boşluq hesab etdiyimiz kosmosda gizləndiyini hesab edirlər, baxmayaraq ki bunu da təsdiq etmək üçün yetərli imkanlara sahib deyilik.

Bir digər variant kosmik tunellər hazırlayıb, onlar sayəsində (metronu, yeraltı tunelləri təsəvvür edin) lazımlı yerə daha tez səyahət etməkdən ibarətdir. Bu fərziyyə Eynşteynin nisbilik nəzəriyyəsinə əsaslanır. Məkanın müəyyən hissələrini bükərək (qatlayaraq), ardından ona lazımlı formanı verib tunel hazırlamaq ən azı nəzəri olaraq mümkündür. Fərz edin ki sizin yaşadığınız kainat bir düz vərəqdir. Bu vərəqin bir başından digərinə səyahət etmək istəyirsiniz, amma bu istəyiniz sizin ölçünüzə görə olduqca uzun məsafə qətt etməyinizi tələb edir. Bu məsafənin qətt edilməyəcək qədər uzun olduğunu düşünün. Lakin əlimizdə fizika adlandırdığımız möcüzə var. Məkan, əslində əyilə, qatlana və bükülə biləcək formadır. Gəlin vərəqi kosmik məkan kimi düşünək: yaşadığımız vərəqi (məkanı) bükərək, olduğumuz hissəsini çatmaq istədiyimiz hissə ilə birləşdirməyə cəhd edək. Və ya, vərəqi lazım olduğu kimi qatlayıb bir üzündən digər üzünə açılan "dəlik" yaradaq. Beləliklə çox uzun məsafəni çox az bir müddət ərzində və yüksək sürətə ehtiyac duymadan keçmiş olarıq.

Məkanı lazımlı şəkildə bükərək bir başından digərinə tunel açmaq üsulu

Kosmosu da belə bir vərəq kimi təsəvvür etmək lazımdır. Nisbilik nəzəriyyəsinə əsaslanan bu üsul digərlərindən daha real və asan görünür. Buna baxmayaraq daha çox elmi-fantastika kimi səslənən "kosmik tunellər" gələcəyin elminin mövzusudur. Bu səyahət variantını reallaşdırmaq üçün mütləq daha inkişaf etmiş texnologiyalara sahib olmaq lazımdır.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top