November 8, 2014

"Interstellar" və zaman səyahəti mövzusu

Zaman səyahəti insanların müxtəlif dövrlərdə ən sevdiyi mövzulardan biri olub. Belə səyahət forması fantastların romanlarında və rejissorların filmlərində hər ötən il daha çox əks olunur. Bir neçə gün əvvəl böyük ekranlara çıxmış "Interstellar" (Ulduzlararası) filmi də bu mövzunu elmi fantastika həvəskarlarına yüksək səviyyədə çatdırır.

Hələlik əsas məsələyə qayıdaq: zaman səyahəti. Həqiqətən də belə bir səyahət mümkündürmü, yoxsa bu sadəcə fantaziyası güclü yazıçıların uydurmasıdır? Pis xəbərlərdən başlayaq. Yəqin ki, heç vaxt zamanda keçmişə qayıdıb, Misir ehramlarının necə inşa olunduğunu görməyəcəyik. Son yüzillik ərzində bir çox alimlər zaman səyahətinin yalnız gələcəyə doğru ola biləcəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürüblər. Geriyə, keçmişə dönüş isə xeyli çətin məsələdir. Elə isə mümkünsüzdür, yoxsa...?

Bu gün zaman səyahəti üzrə araşdırmaları tənzimləyən nəzəri elmin bünövrəsini Albert Eynşteyn salıb. Sözsüz ki, Qaliley və Puankare kimi alimlər də bu istiqamətə vacib töhfə veriblər, lakin məhz Eynşteynin nəzəriyyələri bəşəriyyətin zaman və məkan barədə təsəvvürlərini lazımlı yönə dəyişdirmişdi. Məhz bu alimin elmi işləri sayəsində biz hələ də zaman səyahətinin real ola biləcəyinə inanırıq.

Alimlər zamanda sıçrayış etməyin mümkün üsullarından birinin köstəbək dəlikləri (soxulcan dəlikləri) və ya "Eynşteyn - Rozen körpüsü" olduğunu hesab edirlər. Elmi fantastik filmlərdə tez-tez hər hansı bir tunelin zaman və məkanda iki punktu birləşdirdiyi situasiyası göstərilir ki, bu yolla qəhramanlar inanılmaz macəralara atılırlar. Ümumi nisbilik nəzəriyyəsi belə tunellərin mümkünlüyünü dəstəkləyir.


Hələ 1935-ci ildə Eynşteyn öz həmkarı Natan Rozenlə köstəbək dəliklərinin mövcud olduğunu iddia etmişdilər. Amma həqiqətdir ki, o vaxtdan bu günə qədər belə bir tunelə rast gəlməmişik. Bir çox alimlər soxulcan dəliklərinin zaman və məkanda necə bir funksiyaya malik ola biləcəkləri ilə bağlı öz nəzəriyyələrini irəli sürürdülər. Stiven Hokinq və Kip Torn, yəqin ki, bu elm sahəsinə ən böyük töhfə verənlərdəndir. Məhz Kaliforniya Texnologiya İnstitutundan olan nəzəri fizik Kip Torn "Interstellar" filminin ərsəyə gətirilməsi üçün rejissor Kristofer Nolana elmi əsaslı ssenari hazırlamağa yardım edib.

Gəlin bir anlıq təsəvvür edək ki, Eynşteyn haqlı idi və köstəbək dəlikləri həqiqətən mövcuddur. 80-ci illərin sonlarında Kip Torn soxulcan dəliyinin insanlar tərəfindən zaman maşını kimi istifadə edilə biləcəyini bəyan etdi. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən, soxulcan dəliyi bir-birindən xeyli aralı məsafədə yerləşən iki nöqtəni birləşdirən qısa körpü rolunu oynaya bilər. Müəyyən köstəbək dəliyi tipləri köməyilə isə nəinki məkanda, hətta zamanda səyahət reallaşdırmaq mümkündür. Özü də ki, həm gələcəyə, həm də keçmişə.

Bunun üçün hər hansı yolla tunelin iki girişindən birini işıq sürətinə çatdırmaq, ardından isə ilkin vəziyyətə qaytarmaq lazımdır. Belə olduqda ikinci giriş (və ya çıxış) hərəkətsiz qalacaq, bu da onun üçün işıq sürəti yığmış digər girişlə müqayisədə zamanın daha sürətli keçdiyi mənasını verəcək. Yəni, girişlərdən biri üçün zaman yavaşlaması effekti meydana gələrkən, digər giriş normal zaman axını ilə mövcudluğuna davam etməli olacaq. Mahiyyətcə, soxulcan dəliyi oxşar manipulyasiyaların ardından indiki zamanla keçmişi birləşdirəcək.

Lakin bu üsulun ciddi məhdudiyyəti var - oxşar köstəbək dəliklərini yaratmaq üçün əlimizdə belə bir texnologiya olsa idi belə, biz, yalnız köstəbək dəliklərini yaratdığımız günə qədər keçmişə qayıda bilərdik. Hər nə qədər çalışsaq da, bu zaman aralığından daha əvvəlinə qayıdış mümkünsüz olardı, çünki daha əvvəlində köstəbək dəliyinə sahib deyildik. Qədim misirlilərin ehramları necə inşa etdiklərini gözlərimizlə görə bilməyəcəyik.

Belə zaman səyahəti üsulunun ikinci çətinliyi isə, bir az əvvəl də oxuduğunuz kimi, tunel girişlərindən birinin işıq sürətini yığmasını təmin etməkdir. 1988-ci ildəki elmi işində Kip Torn həmkarları ilə birlikdə iddia etdi ki, "daha inkişaf etmiş varlıqlar girişlərdən birini qravitasion və ya elektron üsullarla ani olaraq soxulcan dəliyinə yerləşdirərək, belə manevri yerinə yetirə bilərdilər". Bəşəriyyət hələlik bunu reallaşdıracaq səviyyədə deyil. Buna baxmayaraq gələcəyə səfər etməyi öyrənmişik. Birazca.

Son illərdə Eynşteynin möcüzəli nəzəriyyələrinin bəzi aspektlərinin özünü doğrultduğunun şahidi oluruq. Müasir elm dünyasında ən möhtəşəm hadisələrdən biri zaman yavaşlaması mövcudluğunun təsdiq edilməsi oldu. Bütün bu illər ərzində əsaslandığımız təlimlərin dahi alimin nəzəriyyələri olduğuna baxmayaraq, bu hadisənin reallığını göstərən təcrübəni yalnız bir il əvvəl həyata keçirə bildik. Məhz bu fenomen sayəsində gələcəyə səyahət edə bilərik.


Zaman yavaşlaması fenomeni bu ideyaya əsaslanır ki, işləyən saatlar üçün zaman daha yavaş irəliləyir, nəinki dayanmış saatlar üçün. Qravitasion effektlər də həmçinin zamanın irəliləyişinə təsir edə bilir. Obyektə təsir edən cazibə qüvvəsi nə qədər güclüdürsə və obyekt nə qədər sürətlidirsə, təsirə məruz qalmayan digər obyektlə arasındaki zaman fərqliliyi bir o qədər çoxdur. "Interstellar" filmində təsvir olunan qara dəliklər real kosmosda da elə bir ağırlıqda kütləyə sahibdirlər ki, yanlarında yerləşən obyektlər zamanda çox güclü şəkildə yavaşlayırlar.

Kosmik tədqiqat proqramları sayəsində artıq deyə bilərik ki, uzun illərdir özümüz də bilmədən zaman yavaşlaması ilə məşğul idik. Elə bu səbəbdən də Beynəlxalq Kosmik Stansiyasındaki saatlar Yer saatlarından geri qalır. Stansiya çox sürətli hərəkət etdiyindən və ona qarşı cazibə qüvvəsi zəiflədiyindən, onun üçün zaman daha tez gedir. Belə çıxır ki, planetimizin səthinə nə qədər yaxınıqsa, bizim üçün zaman bir o qədər yavaş keçir. Buna görə də Yer saatları ideal dərəcədə üst-üstə düşmür - onlar, dəniz səviyyəsindən müxtəlif hündürlüklərdə yerləşirlər.

Daha bir maraqlı zaman yavaşlaması nümunəsini GPS-peyklərdə müşahidə edə bilərik. Smartfonunuzdaki GPS-çip siqnalları daim Yer üzərində dövr edən 24 müxtəlif peyklərdən alır. Mövqeyinizin təyin edilməsi naviqasion peyklərdən ötürülən sinxronizə siqnallarının qəbulunun vaxt ölçməsi əsasında yerinə yetirilir.

Naviqasion GPS-sistemlərini yaradarkən alimlər aydınlaşdırdılar ki, peyklərin Yer orbiti ilə saatda 14 000 kilometrdən artıq sürətlə hərəkət etdiyi səbəbindən, peyklərə yerləşdirilmiş atom saatları daha tez zaman axışı nümayiş etdirirlər. Bu səbəbdən peyklər hər sutkaya 8 mikrosaniyə itirir. Bu, əlbəttə ki, bir o qədər də çox deyil, amma bu kiçik xəta belə Yerdəki obyektlərin mövqeyini təyin etmə hesablamalarında ciddi səhvlərin meydana gəlməsi üçün kifayətdir. Nəticədə bu tip relyativist effektləri tarazlamaq üçün alimlər peyklərdə vaxt axışına düzəlişlər əlavə edən alqoritmi yazmağa məcbur qaldılar.


Bütün bu kəşflər çox böyük əhəmiyyət daşıyır. Təsəvvür edin ki, bir gün kosmik gəmimizə minmək şansı əldə edib, yüksək sürətlə planetimizdən uzaqlaşsaq, bir müddət keçdikdən sonra isə geri dönsək nələr baş verər. Gələcəyə qayıtsaq. Elmi fantastika kimi səslənir, amma bunların hər birisinin real elmi sübutu var.

Əsas suallar açıq qalır: bu elmi fantastikanı bir gün fəaliyyətə çevirə biləcəyikmi və ya zamanda keçmişə səyahət mümkündürmü? Bu suallara elmin verə biləcəyi cavabları yoxdur, hələlik. Albert Eynşteynin nəzəriyyələri zamanın geri qaytarılmasını istisna edir. Lakin bu, sadəcə kağız üzərindədir. Ola bilsin ki, gələcəkdə planetimizin parlaq zəkalarından biri Eynşteynin səhvə yol verdiyini sübut etsin.

O ki qaldı köstəbək dəlikləri əsaslı zaman maşınlarına - biz, hələlik onların necə qurulduğunu anlamırıq. Öz soxulcan dəliklərimizi də yaratmağı öyrənməmişik. Geriyə yalnız xəyal etmək, fantaziya qurmaq və aramızda gələcəkdən gəlmiş ola biləcək yadplanetliləri axtarmağa davam etmək qalır.

"Interstellar" filmini isə heç olmasa bir dəfə izləməlisiniz, çünki orada toxunulan elmi mövzular bir çoxlarımızı həyatda maraqlandırır. Kristofer Nolan və Kip Tornun birgə əməyi sayəsində bu film sizə köstəbək dəliklərini və qara dəlikləri, zamanın nisbiliyini və çoxölçülü sferanı maksimal qədər elm nöqteyi-nəzərindən nümayiş etdirəcək.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Qara dəliyin içərisində yaşayırıq?
Zaman səyahətçisi internetdə axtarılır
Kompüter modeli zaman səyahətini təsdiqlədi
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top