February 25, 2015

Britaniya üç valideynli uşaqları qanuniləşdirdi

Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada üç valideyndən olan körpələr dünyaya gələcək. Britaniya parlamenti uzun sürən debatlardan sonra nəhayət qanunvericiliyə əlavə düzəlişlər edilməsini təsdiqləyib.

Süni mayalandırma ilə bağlı qanuna edilmiş dəyişikliklər Lordlar palatası tərəfindən dəstəklənib (48-ə qarşı 280 səslə). Fevral ayının əvvəlində Britaniya İcmalar palatası da bu təşəbbüsü təqdirəlayiq qiymətləndirmişdi. Beləliklə, süni mayalandırma üsulunda əsas valideynlər və ikinci donor-ana olmaqla, artıq üç insanın genlərindən istifadə etmək mümkündür. Bu sayədə alimlər körpələrdəki irsi xəstəliklərin qarşısını ala biləcəklərinə ümid edirlər.

Konsepsiya "mitoxondri ötürülməsi" adlanan metodika əsasında inkişaf etdirilib. Ata və anaya aid genetik materialla yanaşı, körpə kənar qadından da genetik informasiya ala biləcək. Hər il mitoxondri genlərində pozulmalar rast gəlinən körpələr dünyaya gəlir ki, bu da onların müxtəlif ciddi xəstəliklərdən əziyyət çəkməsilə nəticələnir. Yeni texnologiya köməyilə isə təhlükəli gen mutasiyası daşıyıcıları olan qadınlar dünyaya tam sağlam körpələr gətirə biləcəklər.

Yeni metodika sözsüz ki, mübahisələrdən yan keçməyib. Konsepsiyaya qarşı çıxanlar arasında siyasətçilər, hüquq müdafiəçiləri və katolik kilsəsi var. "Üç valideynli uşaqlara" əks düşərgədə yer alanlar bu gedişlə insanlar üzərində hətta genetik modifikasiyaların da təşkil ediləcəyindən ehtiyatlandıqlarını bildirirlər. Hüquq mudafiəçiləri isə tədqiqatçılarda yetərli təcrübə olmadığını əsas gətirərək, bu addımın qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyini vurğulayırlar.

Bütün bu xəbərdarlıqlara baxmayaraq Britaniya parlamenti yekun qərarını verib. İlk üç valideynli körpənin artıq gələn il dünyaya göz açacağını gözləmək olar.

Həmçinin oxuyun:

Üç valideyndən olan uşaqlar gəlir
Süni DNT-ə sahib orqanizm yaradıldı
Y-xromosomu və kişilər yox olmayacaq
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top