January 10, 2018

Alzheymer xəstəliyi beyində necə yayılır?

Qərbdə əqli zəifliyin əsas səbəbi olan Alzheymer, təxminən 47 milyon insanın əziyyət çəkdiyi dağıdıcı bir beyin xəstəliyidir. Təəssüf ki, bu xəstəliyi müalicə etmək və ya amansız inkişafını ləngitmək istiqamətində hələ effektiv müalicə üsuluna sahib deyilik. 

Alzheymer xəstəliyi, beyində beta-amiloidtau adlı iki anormal zülalın toplanması nəticəsində meydana çıxır. Tau zülalı, neyronların və neyron şəbəkələrinin ölümünə səbəb olaraq beyin bölgələrinin bir-biri ilə normal əlaqə yaratmağının qarşısını almağı baxımından xüsusilə əhəmiyyətlidir. Əksər hallarda, tau patologiyası ilk mərhələdə beynin yaddaş mərkəzləri olaraq bilinən entorinal korteks və hippokamp bölgələrində ortaya çıxır. Bu proses, xəstəlik əlamətlərinin meydana çıxmasından bir neçə il əvvəl baş verir. 

Tau getdikcə artaraq bütün beyində görünməyə başlyır. Bu vəziyyət, xəstəlik simptomlarında səciyyəvi irəliləyişə səbəb olur. Başlanğıcdakı yaddaş itkisi, insanın müstəqilliyini itirməsinə səbəb olan düşüncə və davranış pozulmaları ilə müşayiət olunur. Bunun necə baş verdiyi mübahisəlidir. 

Transneyronal Yayılma 

2018-ci il 5 Yanvar tarixində "Brain"də yayımlanan bir araşdırmada, tau zülalının əlaqəli neyronlar arasında yayılmağına dair ilk dəlillər təqdim edilir. Bu çox mühüm addımdır, çünki yayılma erkən mərhələdə dayandırılsa, Alzheymer xəstəliyinin qarşısı da alına və ya inkişafı dondurula bilər. 

"Transneyronal yayılma" ideyası, keçmişdə təklif edilmiş və siçanlar üzərində aparılan araşdırmalarla dəstəklənmişdir. Sağlam bir siçanın beyninə yeridilmiş anormal tau sürətlə yayılmış və siçanda əqli zəifliyə səbəb olmuşdur. Lakin, əvvəllər eyni prosesin insanlarda da baş verdiyi göstərilməmişdir. Yeridilən tau miqdarı nisbətən yüksək və xəstəliyin inkişafı, insanlarda olduğundan daha sürətli baş verdiyi üçün siçanlar üzərində aparılan araşdırmalardan əldə edilən faktlar mübahisəli idi. 

Yeni tədqiqatda, 2 müasir beyin müayinəsi üsulundan istifadə edildi. Bunlardan biri, müəyyən molekulların varlığını aşkar etmək üçün beyni diqqətlə yoxlamağa şərait yaradan pozitron emission tomoqrafiya (PET) idi. Bunun sayəsində, yaşayan xəstələrdəki anormal tauyu birbaşa müşahidə edir və beynin hər bir bölgəsində nə qədər olduğunu dəqiqliklə görə bilirik. 

Digəri isə, beynin qan dövranını canlı şəkildə izləməyə imkan verən funksional maqnit rezonans tomoqrafiyası (fMRT) idi. Bu üsul, bir-biri ilə əlaqə yaradan beyin bölgələrinin ortaya çıxardığı fəaliyyəti müşahidə etməyə imkan verir. İlk dəfə olaraq, eyni insanları hər iki üsulla müayinə edərək, Alzheymer xəstəliyi olan insanlardakı beyin əlaqələrini, anormal tau yayılması ilə birbaşa izah etmək mümkün oldu. 

Beyin əlaqələrini analiz etmək üçün "qrafik analiz" adlı riyazi texnikanın istifadə edildiyi araşdırmada, beyin bərabər ölçülü 598 bölgəyə ayrıldı. Sonra, bölgələr arasındakı əlaqələr sosial şəbəkə kimi araşdırılaraq bir bölgənin əlaqə sayı, neçə "dostluq" qrupuna qatıldığı və beyin bölgələrinin neçəsinin eyni zamanda bir-biri ilə rabitə yaratdığı kimi faktorlar qiymətləndirildi. 

Qrip epidemiyası zamanı yoluxmaq və xəstəliyi başqalarına da yaymaq ehtimalı çox olan insanlar, ictimai əlaqələri yüksək olanlardır. Bənzər şəkildə, transneyronal yayılma fərziyyəsi də əlaqəsi güclü olan beyin bölgələrinin daha çox tau toplayacağını təxmin edir. Nəticə gözlənildiyi kimi oldu. Bu əlaqə, hər bir beyin şəbəkəsində olduğu qədər bütün beyində də mövcud idi. 

Əvvəllər tau zülalının, yüksək metabolik ehtiyac səbəbi ilə və ya qonşu bölgələrdən kömək gəlməməyi nəticəsində müdafiəsiz vəziyyətə düşən beyin bölgələrində ortaya çıxa biləcəyi önə sürülmüşdü. Bu amillər neyronal ölüm baxımından əhəmiyyəti olsa da, araşdırmada anormal tau toplanmasının əsas səbəbləri arasında yer almadı. 

Əlavə olaraq, yüngül dərketmə pozğunluğundan ciddi Alzheymer xəstəliyinə qədər fərqli xəstəlik ağırlığı diapozonunda olan xəstələrə baxaraq, tau toplanmağının səbəbləri nəticələrindən ayrıla bildi. Alzheymer xəstəliyində tau miqdarının artmasının, beyindəki əlaqələrin azalmasına və digər əlaqələrin də getdikcə təsadüfi hal almağına səbəb olduğu görüldü. 

Uzunmüddətli Əlaqələr  

Sonda Alzheymer xəstəliyi tapıntıları, təxminən hər 100.000 nəfərdən üçündə müşahidə edilən proqressiv supranuklear iflic (PSİ) adlı nadir bir xəstəliklə müqayisə edildi. Bu xəstəliyə də tau zülalı səbəb olur, lakin beyin əsası ilə məhdudlaşır. PSİ-də, tapıntıların transneyronal yayılmanı dəstəkləmədiyini ortaya qoydu. Bunun səbəbi, anormal tau patologiyasının qeyd olunan xəstəliklərdəki fərqli quruluşu ola bilər. Tau, Alzheymer xəstəliyində "qoşa spiral liflər", PSİ-də isə "düz liflər" şəklindədir. 

Araşdırma qrupu, PSİ inkişaf etdikcə birbaşa uzunmüddətli əlaqələrin xüsusi olaraq zərər gördüyünü ortaya qoydu. Bu da məlumatın beyində dolayı bir yol tapmalı olduğu mənasını verir. Bu vəziyyət, PSİ xəstələrindən bir sual soruşduqda nəyə görə ləng ancaq doğru cavab verdiklərini açıqlaya bilir. 

Beləliklə, Alzheymer xəstələrində transneyronal yayılmaya dair dəlillər, tau patologiyasının beyində ciddi bir ziyan meydana gətirmədən əvvəl qarşısının alınmasına və yeni müalicə strategiyalarının inkişaf etdirilməsinə dair mühüm fikirlər təqdim edir.


Mənbə: neurosciencenews.com
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top