Yerə dönüşü planlaşdırılmayan Mars ekspedisiyası təklif edən Mars One layihəsinin təşkilatçıları ilk turun nəticələrinə görə artıq missiyada iştirak etmək üçün müraciət etmiş insanlar arasından ən uyğun 1058-i seçiblər.
İlk iştirakçı qrup 200.000-dən çox ərizənin araşdırılmasından sonra müəyyənləşib. Layihənin təsisçisi Bas Lansdorpun dediyinə görə ilk turun seçkilərini keçmiş namizədlər Qırmızı planetdə qurulacaq ilk insan koloniyası haqda yalnış təsəvvürlər formalaşdırırlar.
"Bizim məqsədimiz kimin fiziki və psixoloji baxımdan Marsda insanlığın ilk təmsilçisi ola biləcəyini aydınlaşdırmaqdan ibarətdir. Bu kəsləri missiyaya bir o qədər də ciddi yanaşmayanlardan ayırmağa çalışırıq." - Bas Lansdorp qeyd edir.
CBS telekanalının verdiyi məlumata görə ilk seçki turunu keçə bilmiş namizədlərin əksəriyyəti ABŞ vətəndaşlarıdır (297 nəfər). İkinci pillədə 75 nəfər namizədlə Kanada yer alır. Üçüncü yerin sahibi 63 namizədlə Hindistan, dördüncü isə 52 nəfərlə Rusiyadır. İkinci tura 107 ölkədən olan namizədlər keçid alıb.
Növbəti seçki prosesləri bir neçə mərhələdən ibarət olacaq. Təşkilatçılar namizədlər arasında Marsda fiziki və psixoloji baxımdan yaşaya biləcək ən uyğunlarını müəyyənləşdirməyə çalışacaqlar. Bununla belə əlavə ərizələrin də qəbul olunması gözlənilir.
Layihənin qanunlarına görə namizədlərin yaşı 18-dən yuxarı olmalıdır, həmçinin məqsədə çatmada qəti qərarlar verə bilən, tez adaptasiya ola bilən və insanlarla yaxşı əlaqələr qura bilən, yaradıcı kəslər olmalıdır. İngilis dili layihənin əsas dili hesab edilir.
Mars One layihəsi 2023-cü ildə Marsa ilk pilotlu ekspedisiyanın yerinə yetirilməsini planlaşdırır. Qonşu planetə göndəriləcək İlk dörd namizəd oranın ilk sakinləri olacaq və həyatlarının sonuna qədər hazırlanacaq bazada yaşayacaqlar.
Qaynaq: RİA
daha ətraflı...
2013-cü ilin sonlarında fotoqraf Culi Belancer zəmilərdəki qeyri-adi görünüşlü dairələri çəkdikdən sonra fotoşəkillər bu mövzuda yeni mübahisələrə səbəb olmuşdu.
San-Fransiskonun cənubunda yerləşən Çualar adlı kiçik şəhərdə, göründüyü qədərilə, qazon biçən maşınlarla hazırlanmış dairələrin mənası nə idi? Axmaq zarafat? Yadplanetlilərə ünvanlanmış mesaj? Yoxsa yadplanetlilərin bizə mesajı?
Bir müddət sonra zəmilərdəki dairələr elə yarandığı kimi qeyri-adi şəkildə yoxa çıxdıqda diskussiyalar növbəti fazaya keçid aldı. Bəziləri fotoqrafı falsifikasiyada günahlandırdı, digərləri isə sirli dairələrin yadplanetlilərə aid olub-olmadığı haqda müzakirələrə davam etdi.
Nəhayət mübahisələrin ən qızğın yerində xəbər agentliklərindən birinin redaksiyasına anonim zəng gəldi. Zəng edən şəxs qeyri-adi dairələrin müəllifinin dünyaca məşhur çip istehsalçılarından olan NVIDIA şirkəti olduğunu, dairələrdən ibarət rəsminsə yeni məhsullarının reklamı üçün hazırlandığını dedi.
Artıq bu məlumat öz təsdiqini tapdı. Ötən həftənin bazar günü Las Veqasda təşkil olunmuş press-konfransın sərgisində NVIDIA şirkətinin prezidenti Cen-Sun Xuan mobil telefonlar üçün planlaşdırılmış yeni çipin ictimaiyyətə tanıdılması üçün öz marketinq bölməsinə şəxsən belə bir reklam sifarişi verdiyini açıqladı.
Xuan deyir:
"Yeni çipimiz faktiki olaraq uçurum üzərindən körpü döşədi, artıq mobil telefonlar güc baxımından kompyuterlərdən geri qalmayacaq."
Qaynaq: naked-science.ru
daha ətraflı...
NASA-nın hazırladığı yeni nəsil Super Ball Bot robotu yüngüllüyü və çevikliyi ilə bataqlıq ərazilərdə hərəkət edə bilər. Robotun Saturnun ən böyük peyki Titan üzərində araşdırmalar aparacağı qeyd edilir.
Titanın səthi yüngül buz və çöküntü ilə örtülüdür və Günəş sistemində kolonizisiya üçün ən əlverişli namizədlərdən biridir.
Yeni robotun yüngül qollardan və əsaslardan ibarət konstruksiyası təhlükəli ərazilərdə rahat şəkildə tədqiqatlar aparmağa imkan təmin edir. Bununla belə hündürlüklərdən düşdükdə sıradan çıxma təhlükəsi yoxdur. Sərt və bataqlıq yerlərdə hərəkət edə bilir.
Robotun dözümlülüyü onu 100 km hündürlükdən, üstəlik heç bir xüsusi paraşüt və əyləc mühərriyinə ehtiyac duymadan peykin səthinə buraxa bilmək imkanı yaradır.
Saturnun peyki Titanın səthini maksimal effektiv öyrənmək üçün NASA gələcəkdə bu tip robotlardan bir neçəsini kosmik gəmi içərisində peykə göndərməyi planlaşdırır. Buna baxmayaraq yaxın gələcəkdə belə bir addımın atılmayacağı bildirilir.
Qaynaq: naked-science.ru
daha ətraflı...
Ulduzuna yalnız bir üzünü çevirmiş (sinxron) Yerə oxşar ekzoplanetlərdə həyat üçün əlverişli şərtlər mövcud ola bilər. 31 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən xəbərə görə sinxron ekzoplanetlərin qaranlıq tərəfi okeanlardaki axınlar səbəbindən qızışa bilər, bu davamlı proses də həyatı dəstəkləyə bilər.
Son on il ərzində planetoloqlar bir neçə min ekzoplanet aşkar ediblər. Bunlar arasında onlarla "superyerlər" və Yer əkizlərinə də rast gəlinir. Əksəriyyəti zəif və soyuq cırtdan-ulduzlar ətrafında dövr edir. Axın qüvvəsi səbəbindən bu planetlərin bir çoxu ulduzuna yalnız bir üzünü çevirmiş vəziyyətdədir, yəni öz oxu ətrafında dövr edə bilmir. Bu tip ekzoplanetlərin qaranlıq və işıqlı üzləri arasındaki kəskin temperatur fərqləri həyat əlamətləri daşıya biləcəkləri mövzusunda şübhələrə səbəb olurdu.
Pekin Universitetindən (Çin) olan Yongyun Hu və Jun Yang bu düşüncənin yalnış olduğunu və sinxron ekzoplanetlərin yarımkürələri arasında istilik mübadiləsi ola biləcəyini hesab edirlər. Alimlər bu prosesin baş verə biləcəyini göstərmək üçün ekzoplanetlərin okean və temperatur fəaliyyətini izah edən iqlim modelini istifadə etdilər. Bu üsul Gliese 581g planetinin müşahidələri və oradan alınmış məlumatlar köməyi ilə inkişaf etdirilmişdir.
Alimlər bu tip planetlərdə Yer okeanını xatırladan qlobal okeanın mövcud ola biləcəyi qənaətindədirlər. Bu ideyaya əsaslanıb Gliese 581g'nin "virtual əkizinin" atmosferində karbon-dioksid nisbətini dəyişdirərək bir neçə iqlim simulyasiyası keçirdilər.
Tədqiqatın nəticələri hətta havasında aşağı CO2 konsentrasiyaları olduqda və cırtdan-ulduzundan uzaq məsafədə yerləşdikdə belə Gliese 581g'nin qaranlıq üzündə maye okeanın mövcud ola biləcəyini göstərdi. Planetoloqlar bunun səbəbi kimi okean axınlarının istiliyi ekvatordan qaranlıq üzə doğru daşıya biləcəyi olduğunu qeyd edirlər.
Belə bir mexanizm qapalı ekzoplanetlərdə kifayət qədər rahat həyat şərtləri yarada bilər. Alimlər bu tip planetlərdə okeanların mövcudluğunu təsdiqləmək üçün artıq yeni texnikaların inkişaf etdirilməsi lazım olduğunu vurğulayırlar.
Qaynaq: Phys.org , ArsTechnica
daha ətraflı...
İnsan fotoşəkildəki bir başqa insanın gözündə əks olunan sifəti izləyərək üçüncü insanı tanıya bilər. 26 dekabr 2013 tarixində PLoS One jurnalında yayımlanan məlumata görə yeni üsul cinayətlərin açılmasına yardım təmin edə bilər.
York və Glasgow universitetlərindən (Britaniya) olan tədqiqatçılar insanların yüksək keyfiyyətli şəxsiyyət vəsiqəsi fotoşəkillərini bir neçə dəfə böyüdərək onların gözündə əks olunan fotoqrafın görünüşünü əldə etməyə çalışdılar.
Tədqiqatda iştirak edən könüllülərdən böyüdülmüş fotoşəkillərdə kimlərin əksinin olduğunu aydınlaşdırmaq istəndi. Böyüdülmüş yüksək keyfiyyətli fotoşəkillərdəki insanların gözündə əks olunan fotoqraflar arasında yad olanları 71%, tanış olanları isə 84% dəqiqliklə tanındı.
York Universitetindən olan Rob Jenkins deyir:
"Göz bəbəyi tünd güzgüyə oxşayır. Orada əks olunan görünüşü əldə etmək üçün onu yaxınlaşdırıb kontrastını tənzimləməlisiniz. Belə halda şəkil çəkdirən obyektin sifəti onun gözündə əks olunan sifətdən 30 min dəfə böyükdür. Tapıntılarımız insanın möhtəşəm sifət tanıma bacarığının altından xətt çəkir."
Tədqiqatçıların dediyinə görə əldə olunan nəticələr məhkəmə işlərində cinayətin qurbanı olmuş insanların cinayətkar tərəfindən çəkilmiş fotoşəkillərini araşdıraraq onu tapmaq üçün istifadə edilə bilər. Hesab edilir ki bu üsul xüsusilə cinsi zorakılığa məruz qalmış və ya qaçırılmış insanlara yardım edəcək.
Qaynaq: PLoS One , NBC News
daha ətraflı...
Günəş sistemindən kənar minlərlə planetlərin tapılmış olduğuna baxmayaraq onların peyklərini qeydə almaq indiyə qədər mümkün olmamışdır. Astrofiziklər ilk dəfə yad sistem peykinə bu qədər yaxınlaşmış ola biləcəklərini qeyd edirlər.
23 dekabr 2013 tarixində Nature jurnalında yayımlanan xəbərə görə ilk ekzopeyk hesab edilə biləcək obyekt qravitasion mikrolinza texnikası ilə tapıldı. Notre Dame du Lac Universitetindən (ABŞ) olan tədqiqatçılar - David Bennett və həmkarları ilk mokrolinza effektinin 2011-ci ildə qeydə alındığını deyirlər. O vaxt Yerdən 2.000 işıq ili uzaqlıqda yerləşən bir ulduz sistemini müşahidə edərkən parlaqlığın kifayət qədər artdığı fərq edilmişdi, bir saat sonra isə daha bir parlaqlıq qeydə alınmışdı. Astronomlar izlənilən ulduzun diskindən iki ağır kütləli obyektin keçdiyi qənaətinə gəlmişdilər. Böyük ehtimalla bunlar ekzoplanet və onun ekzopeyki idi.
Bennett və həmkarları belə cütlüklərin aşkar edilməsi üçün iki fərqli ssenari hazırladılar. Birinci variantda Günəş sisteminə nisbətən yaxın hərəkət edən ekzoplanet və onun peyki öyrənildi. Belə olduqda ekzoplanet Yerdən 1.800 işıq ili uzaqlıqda yerləşməlidir, kütləsi isə Yupiterinkindən 4 dəfə artıq olmalıdır. Ekzoplanetin peykinin ağırlığı isə Yerin yarısına bərabər olmalıdır.
İkincisi variant Neptunun kütləsinə (17 Yer ağırlığında) bərabər olan palıdı rəngdəki cırtdan planetin ətrafında peyk aşkar etmə versiyasını təklif edir. Belə halda isə təbii peyki ilə birlikdə ekzoplanet Yerdən daha uzaq məsafədə yerləşməlidir.
Alimlər tapılmış ekzoplanetlərlə ekzopeykləri elm ictimaiyyətinə açıqlamağa hələlik tələsmirlər. Planet və peyklərin bir-birlərindən çox uzaq məsafələrdə yer aldıqları faktı (20 milyon km), üstəlik onların öz ulduzları ilə arasındaki məsafənin də çox olması başqa bir ehtimalı önə çıxarır: ekzopeykləri olan ekzoplanetlər bəlkə də planet sistemlərindən atılmış və kosmosda azmış obyektlərdir.
Hər halda müasir üsullarla ilk ekzopeykin varlığını təsdiq etmək qeyri-mümkün görünür. Bu sahədə alimlər daha çox Yerə oxşar planetləri tapmağa səy göstərdiklərini gizlətmirlər.
Qaynaq: Nature , ISC
daha ətraflı...
Beynəlxalq bir tədqiqat qrupunun Neandertal fosilləri üzərində apardığı araşdırmalar müasir insana ən yaxın növün danışma və mürəkkəb dil xüsusiyyətləri inkişaf etdirdiyi fərziyyəsini müdafiə edir.
PLoS One jurnalında 18 dekabr 2013 tarixində yayımlanan tədqiqat hyoid sümüyündəki təkmilləşmənin Neandertallara ünsiyyət qabiliyyəti qazandırdığını göstərir. 1989-cu ildə bu sahədə əldə əldə edilən ilk tapıntılar da inkişaf etdirilir.
Alimlərin 24 il əvvəl İsrailin Kebara mağarasında tapdıqları fosillər danışmaq qabiliyyətinin qazanılmasında böyük rol oynayan hyoid sümüyünün neandertal insanında olduğunu göstərmişdi. Ancaq bir çox homo bölgüsündən olmayan primatlarda da bu sümük danışma təmin edə bilməyəcək şəkildə təkamülləşmişdir.
Elm adamları Neandertalların qırtlaq quruluşunu araşdırmaq üçün 3D X- ray görüntü və mexaniki modelləşdirmə üsullarına əl atdılar. Analizlər Neandertalların hyoid sümüyünün digər sümüklər tərəfindən dəstəkləndiyini, müasir insanlardakı kimi oxşar funksiya yerinə yetirdiyini göstərmiş oldu.
Məqalənin müəllifləri deyirlər:
"Tapıntılar Neandertalların danışma qabiliyyətinə sahib olduğu fikri ilə uyğunluq göstərir."
Alimlər mürəkkəb dillərin təxminən 100 min il əvvəl meydana gəlməyə başladığını düşünürdülər. Əvvəllər müasir insanlar bu qabiliyyəti inkişaf etdirən ilk növ kimi qəbul edilirdi. 1989-cu ildə İsraildə və daha sonra İspaniyada tapılan hyoid fosilləri isə sümüyün tarixinin 500 min il əvvəl yaşamış Homo heidelbergensis'ə qədər uzandığını sübut etdi. Bu növ həm Homo sapiens, həm də Neandertalların əcdadlarından biri idi. Bu da niyə hər iki növün ünsiyyət bacarığına sahib olduğunu uğurlu şəkildə izah edir.
New England Universitetindən olan Stephen Wroe BBC-yə verdiyi açıqlamada dedi:
"Əldə edilən tapıntılar Neandertalların danışa bildiyinə dair qəti dəlil deyil, amma bu iddianı təsdiqləmək üçün əhəmiyyətli bir addımı meydana gətirir."
Almaniyanın Max Plank İnstitutundan olan prof. Dan Dediu isə belə hesab edir:
"Qəti bir nəticəyə gəlmək üçün tezdir, ancaq danışma və dil qabiliyyətinin müasir insandan əvvəlki nəsillərə qədər uzandığını anlayırıq."
Qaynaq: PloS One
daha ətraflı...