Təsadüf
Təsadüf, bir-biri ilə əlaqəsiz, aralarında bir bağ olmayan və ya təyin oluna bilməyən hadisələrin eyni zamanda ortaya çıxması, baş verməsi deməkdir. Ancaq fərq edə biləcəyiniz başqa bir əhəmiyyətli nöqtə, təsadüf sözünün əslində elmi terminologiyada mövcud olmamasıdır. Təsadüf, "xalq dili" deyə təyin edə biləcəyimiz, sistematikləşdirilməmiş dilin bir məhsuludur. Elmdə bir qarşılığı yoxdur. Bu o demək deyil ki elmi mövzularda təsadüflərə rast gəlmirik. Məsələn bir təcrübə borusunu lazım olan masaya deyil, digər masaya qoyduğunuzda gözlədiyiniz nəticəni ala bilərsiniz. Masanın əslində təcrübədə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Ancaq təsadüfən, təcrübə o masada deyil bu masada olarkən baş vermişdir. Bu, elmi araşdırmada ola biləcək bir təsadüfdür.
Yəni bir hadisəni "təsadüf" olaraq təyin etmək, o hadisənin səbəb-nəticə əlaqələri içərisində reallaşmadığı mənasını vermir. Bir hadisənin təsadüfən meydana gəlməsi, onun həqiqətini azaldan bir vəziyyət deyil. Kainatda bir-birinə bağlı olmayan, ancaq fərqli yollardan irəliləyən səbəb-nəticə xətlərinin uyğun gəlməsindən ötəri bir yerdə reallaşa bilən təsadüfü hadisələr vardır. Hər vaxt olmuşdur, hər vaxt olacaqdır. Təsadüflük, mövzunun elmiliyinə və ya həqiqətinə kölgə salan bir vəziyyət deyil. Ancaq bir hadisənin "təsadüfən" reallaşdığını söyləmək, o hadisənin necə və hansı səbəbdən meydana gəldiyi ilə əlaqədar çox məlumat vermir. Məhz bu səbəblə elmdə "təsadüflər" çox da xoşagələn məvhumlar deyil.
Elmdə təsadüfləri təyin etmək üçün daha obyektiv, daha "məlumat dəyəri yüksək" təriflərə ehtiyacımız vardır. Burada riyaziyyat və ümumiyyətlə statistika köməyimizə çatır. Bu nöqtədə qarşımıza ehtimal anlayışı çıxır. Riyaziyyat elminin maraq sahələrindən biri olan ehtimal, əsasən bir hadisənin baş verməsiylə əlaqədar məlumatların, mövzuyla əlaqəli bütün məlumatlara olan nisbəti olaraq təyin oluna bilər. Yəni bir hadisənin reallaşma ehtimalı, o hadisəni təyin edən şərtlərin, o hadisə ilə əlaqədar bütün digər hadisələrin və şərtlərin riyazi cəmlərinin nisbətinə bərabərdir. Bu hadisə və şərtlərin cəminə universal çoxluq deyilir. Bu izahdan da anlaya biləcəyiniz kimi bir hadisə ilə əlaqədar sonsuz sayda ehtimal təyin oluna bilər.
Təkamül Təsadüfidir?
Həm bəli, həm də xeyr. Təbii seçmə orqanizmləri müəyyən istiqamətlərdə təkamülləşməyə məcbur edən, nəyin yararlı nəyin yararsız olduğunu süzgəcdən keçirən ciddi bir sınaq prosesidir. Ancaq, bu prosesdə təsadüf də müəyyən rola sahibdir.
"New Scientist" jurnalının 1982-ci il 21 Yanvar buraxılışının 140-cı səhifəsində astronom Chandra Wickramasinghenin 1981-ci ildə Arkanzasdakı bir məhkəmədə söylədiklərinə yer verilir. Wickramasinghe belə deyir:
"Həyatın təsadüf nəticəsində meydana çıxması, dəmir yığını üzərindən keçən bir fırtınanın Boeing-747 meydana gətirməsi qədər ağlasığmaz bir ehtimaldır."
Wickramasinghenin həmkarı Fred Hoyle isə sonralar bu məşhur iddianın qasırğa versiyasını qurmuşdu. Bu da bizə göstərir ki, hətta çox ağıllı insanlar belə təkamülü tamamilə səhv anlaya bilər.
Lakin, milyonlarla dəmir yığınıyla başlayıb, hər bir qasırğadan sonra yerdə qalanlara dair ciddi seçmə apararaq uçuşa ən uyğun olanları ayırmaq, bunların milyonlarla kopiyasının yaradılması, milyonlarla yeni qasırğaların meydana gəlməsi, ətraflı silsilə sınaqlar və sairə, ta ki bir növ maşın meydana gətirənə qədər -Boeing747 olmasa da- heç olmasa bir neçə metr uça bilmə qabiliyyətinə sahib bir maşın yaratmaq kimi bir analogiya aparılması daha münasib olardı.
Təkamüldə də nəzərdə tutulmayan və gözlənilməz şəkildə reallaşan, bir-biriylə birbaşa əlaqəsi olmayan hadisələr var. Çünki təsadüflər (və ya ehtimal analizləri) təbiətin bir gerçəyidir. Ancaq təkamüldə "Bu hadisə təsadüfən oldu" deyərkən demək istədiyimiz, kor təsadüflə nə isə yaranması deyil. Nəzərdə tutulan, reallaşan o hadisənin hər hansı bir xüsusi mənaya sahib olmadığıdır. Məsələn dəniz heyvanlarının quru heyvanlarına təkamülləşmiş olmasını bir "təsadüf" olaraq görə bilərsiniz. Onlar quruya adaptasiya olmaq məcburiyyətində idilər? Xeyr. Sadəcə, yox da ola bilərdilər... Ya da tamamilə başqa bir xüsusiyyət təkamülləşər və sularda müdhiş müvəffəqiyyətə çata bilərdilər. Ancaq quruda yaşayacaq şəkildə təkamülləşdilər. Belə bir istiqamətə getmələrinin arxasında duran elmi səbəblər addım-addım izlənilə bilər. Ancaq nəticədə olan, təsadüfdür. Canlıların sudan quruya çıxmasının xüsusi ya da planlanmış bir səbəbi yoxdur. Ancaq bu vəziyyət, suda yaşayan canlıların quruda yaşayan canlılara təkamülləşdiyi gerçəyini dəyişdirməməkdə və ya bu məlumatın etibarlılığını azaltmamaqdadır.
Təkamül Mexanizmləri
İndi isə təkamülün əsas mexanizmlərindən olan Təbii Seçmə və Mutasiyalara nəzər salaq. Təbii Seçmə canlılarda digər mexanizmlər və təbii proseslər səbəbiylə meydana gələn variasiyaların təbii şərtlər altında canlının mühitə ən uyğun (adaptasiya) olanlarının seçilməsi və çoxalması, beləcə özlərindəki bu variasiyalara səbəb olan "güclü" (adaptasiya olmağı təmin edən) genləri balalarına ötürə bilməsi olaraq təyin oluna bilər. Təbii Seçmədə, heç bir təsadüfilik amili yoxdur. Variasiyalara Təbii Seçmə səbəb olmur (buna az sonra toxunacağıq), Təbii Seçmə, yalnız bu canlıların təbiətdə şəxsi bacarıqlarından və genetik xüsusiyyətlərindən ötəri seçilmələri və ya ələnilmələri deməkdir. Təbiət şərtlərinin özü təsadüfidir. 3645-ci ilin Yanvar ayının 24-də havanın temperaturunu, rütubəti, bitkilərin yayılmasını və digərlərini bilməyimiz qeyri-mümkündür. Ancaq müəyyən bir istilik aralığında olmasını təxmini olaraq hesablaya bilər və nəzərdə tuta bilərik (bir hadisənin təsadüfü olmasının, onun elmi olaraq analiz edilə bilməyəcəyi mənasını vermədiyini xatırlayın). Ancaq təkamül bu vəziyyəti özündən kənarda saxlayır və var olan şərtləri "keçici normalar" olaraq görür. O anda mühit necədirsə, ona ən uyğun olanlar seçilir, digərləri ələnir. Burada bir təsadüfilik amilindən bəhs edilə bilməz. Təkamülü "tam təsadüfilik"dən çıxaran ən əhəmiyyətli səbəb, seçmənin təsadüfi olmamasıdır.
Təbii seçmə yolu ilə təkamül iki pilləli bir prosesdir və yalnız ilk pillə təsadüfidir: mutasiyalar təsadüfən meydana çıxan hadisələrdir, lakin həyatda qala bilmələri təsadüfə bağlı deyil. Təbii seçmə, üstünlüklər qazandıran bəzi mutasiyaları qoruyur və fiziki dünya nəyin yararlı nəyin yararsız olduğuna dair çox sərt məhdudiyyətlər qoyur. Nəticədə orqanizmlər müəyyən istiqamətlərdə təkamülləşirlər.
Mutasiyalar təkamülün ən təsadüfi mexanizmlərindən biridir. Lakin, təsadüfü olması "müşahidə edilə bilməz" olduğu mənasını verməməkdədir. Mutasiya, ümumiyyətlə müxtəlif amillərin təsirindən genetik materialın təsadüfi dəyişməsi deməkdir. Ancaq mutasiyaların təsadüfi olmasından daha təbii bir şey ola bilməz. Bu anda kreslonuzda ya da yatağınızda bu yazını oxuyarkən bədəninizə bir çox fərqli baxımdan radioaktiv şüalar daxil olmaqdadır. Bir neçə dərəcə sağa ya da sola dönməniz, bədəninizin hansı hüceyrələrinin bu şüalardan necə təsirləndiyini dəyişdirə bilməkdədir. Bu şüalar, hüceyrələrinizdəki DNT-yə təsir edərək mutasiyalara səbəb olur. Belə deyil başqa şəkildə oturmağınız, bu deyil digər hüceyrənizin və nükleotidinizin mutasiyaya uğramasına səbəb ola bilər. Mutasiyaların təsadüfiliyi belədir və bu, son dərəcə normaldır. Ancaq unutmayın ki, mutasiyalar təkamülün əsas səbəbi deyil. Mutasiyalar, təkamülün xammalını yaradan ana mənbədir. Yəni təsadüfi dəyişmələr, təsadüfi müxtəlifliyə gətirir. Bu müxtəliflik içərisindən, o ankı təbiət şərtlərinə bağlı olaraq bəziləri seçilir, digərləri ələnir. Və bunun nəticəsində təkamül reallaşır. Yəni müxtəlifliyin təsadüfi meydana gəlmiş olması, təkamülün təsadüfi olduğunu göstərmir. Çünki təsadüfiliyi olmayan seçmə mexanizmləri olmadan, təsadüfi yaradılan müxtəlifliyin heç bir mənası yoxdur.
Mənbələr:
1. www.newscientist.com/article/dn13698-evolution-myths-evolution-is-random/
2. www.evrimagaci.org/makale/13
0 şərh var:
Post a Comment