Təkamül əleyhdarlarının Təkamül Nəzəriyyəsinə qarşı istifadə etdikləri ən məşhur iddialardan biri də "Təkamül Nəzəriyyəsi yalnız bir nəzəriyyədir" cümləsidir. Və əslinə baxsanız cümlənin özü texniki olaraq doğrudur. Bəli, təkamül nəzəriyyəsi, təbii ki bir nəzəriyyədir. Bunu kim inkar edə bilər ki? Ancaq əminik ki, səbr göstərib yazımızı sona qədər oxuyacaq insanların içərisindən, "xeyr, təkamül nəzəriyyəsi bir nəzəriyyə deyil" deyənlər də çıxacaq. Heç olmasa Təkamül Nəzəriyyəsinə dair bir mifi dağıtmağa çalışarkən, bir başqa elmi terminə dair yanılmanı da ortadan qaldırmış olacağıq.
Nəzəriyyə Nədir?
Əvvəlcə bu cümləni quran insanlar, əsasən elmdə istifadə edilən bu anlayışın mənasının, bu anlayışı gündəlik həyatda özlərinin istifadə etdiklərindən fərqsiz olduğunu düşünür. Səhvin başladığı yer məhz bu nöqtədir.
Lakin unutmamaq lazımdır ki, gündəlik həyatda istifadə edilən "Nəzəriyyə" sözünün tərifi, elmi tərifdən fərqlidir.
Məşhur istifadədə, nəzəriyyə sözü ümumiyyətlə "təxmin", "düşüncə" və ya "şəxsi fikir" mənasında istifadə edilir. Ancaq, elmi anlayışlarda vəziyyət belə deyil.
Elmi ədəbiyyatda: Nəzəriyyə, mövcud şərtlərin bəzi xüsusiyyətlərinin elmi izahıdır və elmi nəzəriyyələr üçün əsasən üç şərt vardır:
1. Dəlillərlə dəstəklənir.
2. Test edilə və səhv çıxarıla bilir.
3. Yeni ehtimallar meydana gətirmək üçün istifadə edilə bilir.
Nəzəriyyələr Elmi Dəlillərlə Dəstəklənir
İlk şərtin də göstərdiyi kimi elmdəki "nəzəriyyə" sözü, "təxmin", "güman" və ya buna bənzər bir mənanı verməməkdədir. Halbuki, elmdə istifadə edilən nəzəriyyə anlayışı dəlillərlə güclü şəkildə dəstəklənən elmi şərhlərə verilən addır. Bir elm adamı, hər hansı obyektin və ya hadisənin səbəblərini açıqlamaq istədikdə, əvvəl müşahidə edir, müşahidələrinə və məlumatlara söykənən bir təxmin formalaşdırır. Və bu təxmin hipotez (fərziyyə) adlanır. Qurulan hipotez sonradan təcrübələr və müşahidələrlə test edilə, kifayət qədər dəlillə dəstəklənə və mövzu edildiyi testləri təkrar-təkrar keçə bilsə, nəzəriyyəyə çevrilir. Təkamül Nəzəriyyəsi, bu standartları uğurla keçərək heç bir testdə müvəffəqiyyətsiz olmamışdır və nəzəriyyəni dəstəkləyən dəlillər davamlı olaraq artmaqdadır.
Test Edilə və Səhv Çıxarıla Bilər
Gələk ikinci şərtimizə: Elmi nəzəriyyə test edilə və səhv çıxarıla bilər olmalıdır. Bəli, səhv çıxarıla bilər olmalıdır. Elmin təbiətində səhv çıxarılmaq vardır və elmi qiymətli edən həqiqətlərdən biri də budur. Ancaq elmi çürüdəcək olan da elmin özüdür. Əgər hipotezin səhv olduğunu göstərə biləcək bir elmi test və ya məlumat varsa o hipotez elmi ədəbiyyatda "nəzəriyyə" adını ala bilməz. Təkamül bu şərtlərə cavab verərək nəzəriyyə adını almışdır. Məsələn, hər bir yeni fosil və ya növ kəşfi təkamülün bir testidir. Yeni kəşf edilən bir növ, bütün canlıları təsnif etmək üçün istifadə edilən "təkamül ağacı" qəlibinə uyğun gəlmirsə və ya qaya təbəqələrində olan bir fosil bu "ağac"da olan digər nümunələrdən ciddi şəkildə fərqlidirsə, Təkamül Nəzəriyyəsi əhəmiyyətli dərəcədə dəyişə bilər.
Nəzəriyyələr Yeni Ehtimallar Meydana Gətirmək Üçün İstifadə Edilə Bilər
Son şərt: Elmi nəzəriyyə, gələcəkdə edəcəyimiz yeni kəşflərə dair bir təxmin meydana gətirmədə istifadə edilə bilər. Bir çox həqiqəti açıqlayan hipotez yenidən təkmilləşdirilə bilər. Yəni, bu hipotezin əsas qanunlarını götürüb yeni bir dəlilin və ya hələ bilinməyən bir fenomenin varlığını ortaya çıxarmaq üçün istifadə edə bilərik. Əgər belə təxminlər edilə bilmirsə, yaxud edilə bilir ancaq səhv olduğu göstərilə bilirsə, demək ki, fərziyyəmiz, nəzəriyyə şərtlərini ödəmir və rədd edilməlidir. Təkamül, inanılmaz bir təxmin bacarığına sahibdir (təkamülün gələcəkdə necə olacağına dair bir təxmin inkişaf etdirmək olaraq başa düşülməsin, çünki bu vəziyyət hələ təxmin edilə bilməyən bir çox faktora söykənir, lakin yeni kəşflərin həyat ağacına necə yerləşəcəyinə dair ehtimallar olaraq baxıla bilər). Məsələn, bir fosil ardıcıllığına aid parçanı əlimizdə saxlayırıqsa, qaya araşdırmalarında bu fosillərin digər parçalarının da tapılacağına dair etibarlı bir təxmin inkişaf etdirə bilərik. 1997-ci ilin Yanvar ayında Talk Origins'də müasir qarışqaların əcdadlarının harada tapıla biləcəyinə dair təxmin buna kiçik bir nümunə ola bilər.
Nəzəriyyə və Qanun
"Nəzəriyyə daha çox elm adamıı tərəfindən qəbul edilsə qanun olar"
"Nəzəriyyə sübut edilsə, qanun olar."
Hər iki cümlə də tamamilə səhvdir! Elmi nəzəriyyə və elmi qanun anlayışları bir-birlərindən fərqli anlayışlardır. Elmi qanunlar təbiətin bəzi xüsusiyyətlərinin tərifidir, yəni təsvirlərdir. Yuxarıda da qeyd etdiyimiz kimi, nəzəriyyələr isə təbiətin bəzi xüsusiyyətlərinin şərhləridir. Yəni, qanunlar təsvir (description), nəzəriyyələr isə şərhdir (explanation). Qanunlar bəzi xüsusiyyətləri təsvir edərkən, bu xüsusiyyətlərin şərhini isə nəzəriyyələr edir. Məsələn, Nyutonun Cazibə Qanunu belədir: iki cisim arasındakı cazibə qüvvəsi, bu cisimlərin kütlələrinin hasiliylə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Yəni qanun, vəziyyətin nə olduğunu təsvir edir, lakin cazibənin necə yarandığını və işlədiyini izah etmir. Halbuki, cazibə nəzəriyyəsi -məsələn, Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsi- bu vəziyyətin nə üçün meydana gəldiyini açıqlayır. Astronomiyadakı Hubble Qanunu belə deyir: astronomik obyektlərdən gələn -müşahidə edilən- qırmızıya sürüşən işıq, bu obyektlərdən Yerə qədər olan məsafə ilə mütənasibdir. Böyük Partlama Nəzəriyyəsi isə kainatın genişlənməkdə olduğunu söyləyərək bu hadisəni açıqlayır. Mendelin İrsiyyət Qanunları xüsusiyyətlərin ana və atadan balalara necə keçdiyinin müəyyən elementlərini təsvir edərkən, molekulyar-genetik nəzəriyyələr bu hadisələri, xromosom, gen və DNT strukturlarına söykənərək izah edir. Yəni, nəzəriyyələr daha çox dəlillə dəstəkləndikdə qanun halına gəlməzlər. Əksinə, nəzəriyyələr çatıla bilən "ən yüksək" nöqtədir və elmin hər sahəsində nəzəriyyələrə çatma məqsədi vardır. Əgər elm, yalnız qanunların kəşf edilməsi ilə kifayətlənsə idi, təbii fenomenlər şərh edilmədən sıralanıb qalardı.
Digər tərəfdən, ümumiyyətlə elm adamları tərəfindən qeyd edilməmiş olsa da, yaşayan orqanizmlərin zamanla dəyişdiyini ifadə etmək üçün "Təkamül Qanunu" anlayışından istifadə etmək olar. Bu dəyişmə, həm tapılmış fosillərdə həm də indiki vaxtda nəsildən nəsilə müşahidə edilə bilər. Təkamül Nəzəriyyəsi bu ümumi təsvirin yanında, canlı orqanizmlərin təsadüfi mutasiyalar və təbii seçmədən qaynaqlanan fərqli çoxalma müvəffəqiyyətlərini təcrübədən keçirərək müəyyən detalları açıqlayır. Və hətta, təkamülü dəstəkləyən dəlillər o qədər güclüdür ki, bioloqlar onu şübhə doğurmayan açıq bir həqiqət olaraq adlandırır. Beləcə, təkamül həm nəzəriyyə həm də bir həqiqət olaraq ifadə edilir.
Tətbiq oluna bilən hər testi uğurla keçmiş, güclü dəlillərlə dəstəklənmiş, çox sayda təsdiqlənmiş ehtimallarda istifadə edilmiş, həyatın bəzi xüsusiyyətlərinin məntiqli şərhi: Bu təkamülün vəziyyətinə dair tutarlı bir təsvirdir. Son olaraq, təkamülü aşağılamaq üçün istifadə edilən "yalnız bir nəzəriyyə" ifadəsi təkamülə qarşı deyil, əslində təkamülü daha da möhkəmləndirən güclü arqumentdir. Yalnız çox güclü elmi fikirlər bu ünvanı əldə edirlər.
0 şərh var:
Post a Comment