June 11, 2017

Ac qalmaq bəzi insanlarda aqressivliyə səbəb olur


Nə vaxtsa ac olduğunuz zaman heç kimə isə acıqlandınızmı? Və ya kim isə ac olduğu zaman sizə acıqlandımı? Əgər belədirsə, deməli siz bəzi ac insanlarda özünü əsəbilik və dalaşqanlıqla biruzə verən "hangry" ("hungry"-ac və "angry"-qəzəbli sözlərindən əmələ gəlib) fenomeni ilə qarşılaşmısınız.

Bəs "hanger" fenomeni nədən qaynaqlanır? Nəyə görə bu fenomen yalnız bəzi insanlarda müşahidə edilir? Cavab, bədənimiz qida ehtiyacı hiss etdiyi zaman meydana çıxan bəzi proseslərlə əlaqəlidir.

"Hanger"in fiziologiyası

Karbohidratlar, zülallar və yağlar, yəni yediyiniz hər şey, sadə şəkər (qlükoza kimi), aminturşular və sərbəst yağ turşuları şəklində həzm olunur. Bu qida maddələri sizin qanınıza keçdikdən sonra orqan və toxumalara yayılaraq enerji üçün istifadə olunur.

Son yeməkdən sonra vaxt ötdükcə, qanınızda dövr edən bu qida maddələrinin miqdarı azalmağa başlayır. Əgər qandakı qlükoza səviyyəsi çox düşərsə, beyniniz bunu həyat üçün təhlükəli vəziyyət kimi qəbul edəcəkdir. Fəaliyyətini qorumaq üçün müxtəlif qida maddələrindən istifadə edən bir çox orqan və toxumalardan fərqli olaraq, beyniniz öz işini görmək üçün ciddi şəkildə qlükozadan asılıdır.

Yəqin ki, beyninizin qlükozadan asılı olduğunu artıq hiss etmisiniz; ac olduğunuzda və qanda qlükozanın səviyyəsi düşdükdə sadə məsələlər sizə çətin görünə bilər. Siz çətinliklə toparlana, bəsit səhvlərə yol verə, sözlərinizin dolaşıq və anlaşılmaz olduğunu fərq edə bilərsiniz.

Ac olduğunuz zaman çox çətin ola biləcək başqa bir məqam, insanlarla kobud rəftar etməmək kimi sosial olaraq qəbul edilən normalar çərçivəsində davranmaqdır. Beləliklə, ciddi iş yoldaşlarınızla dalaşmaqdan yayınmaq üçün yetərli beyin gücünə sahib olsanız da, ehtiyatı əldən verərək həyat yoldaşınız və dostlarınız kimi sizə ən yaxın olan və ən çox qayğınıza qalan insanlara qeyri-ixtiyari hirslənə bilərsiniz. Deyilənlər tanış gəlir?

Orqanizmin Verdiyi Başqa Reaksiya

Qandakı qlükoza səviyyəsinin düşməyindən başqa, insanların "hangry" olmasının bir səbəbi də qlükoza əks-tənzimləyici reaksiyadır. 

Qlükoza miqdarı qanda müəyyən həddən aşağı düşdükdə, beyniniz bədəninizdəki bəzi orqanlara qan dövranındakı qlükoza miqdarını artıran hormonları sintez və ifraz etmək üçün tapşırıqlar göndərir.

Dörd əsas qlükoza əks-tənzimləyici hormon bunlardır: beynin dərinliklərində yerləşən hipofiz vəzidə sintez olunan böyümə hormonu-somatotropin; Mədəaltı vəzidə sintez olunan qlükaqon; və hər ikisi böyrəküstü vəzidə sintez olunan adrenalin və kortizol. Son iki əks-tənzimləyici hormon, yalnız aşağı qlükoza səviyyəsi stresi yaşadığınız zaman deyil, bütün gərgin hallarda qan dövranına ifraz olunan stress hormanlarıdır.

Adrenalin, təhlükəsizliyinizi təhdid edən bir şeyi gördüyünüz, eşitdiyiniz və hətta fikirləşdiyiniz zaman keçirdiyiniz ani qorxuya qarşı "döyüş və ya qaç" cavabı ilə qana ifraz olunan əhəmiyyətli hormondur.

"Döyüş və ya qaç" cavabı zamanı asanlıqla başqa bir insana qəzəblə qışqıra biləcəyiniz kimi, qlükoza əks-tənzimləyici cavab zamanı da çoxlu adrenalin ifrazı bənzər reaksiyaya səbəb ola bilər.

Genlər və Qidalanma

Aclığın qəzəb ilə əlaqəli olmağının digər səbəbi, hər ikisinin ortaq genlər tərəfindən idarə edilməyidir. Belə bir gen məhsulu olan neyropeptid Y, ac olduğunuz zaman beynə ifraz olunan təbii kimyəvi maddədir. Neyropeptid Y, Y1 reseptorları da daxil olmaqla beynin müxtəlif reseptorlarına təsir edərək insanları acgözlüyə təhrik edir.

Neyropeptid Y və Y1 reseptoru beyindəki aclıq hissinə nəzarət etməklə yanaşı, həm də qəzəb və ya dalaşqanlığı da tənzimləyir. Bununla əlaqədar olaraq, onurğa beyni mayesində neyropeptid Y miqdarı artıq olan insanlar eyni zamanda yüksək dərəcədə aqressivliyə meyllidirlər.

Gördüyünüz kimi, aclığın sizi qəzəbli olmağa meylli etməyinin müxtəlif səbəbləri ola bilər. "Hanger", şübhəsiz ki, insanlara və heyvanlara çox yaxşı xidmət edən həyatda qalma mexanizmidir. Bunu belə düşünün: əgər ac canlılar geri çəkilsəydi və digərlərinin onlardan qabaq qidalanmalarına nəzakətlə izn verilsəydi, yəqin ki, növləri yox olardı.

Bir çox fizioloji amil "hanger"ə səbəb olarkən, psixososial amillərin də rolu olduğu müəyyən edilmişdir. Məsələn, mədəniyyət söz aqressiyasını birbaşa və ya dolayısı ilə ifadə etməyinizə təsir göstərir. Və biz bu amillərin hər birində fərqli olduğumuz üçün, ac olduqları zaman qəzəbli insanların necə davranacaqlarına dair fərqlərin olması da təəccüblü deyil.

"Hanger"lə mübarizə aparmaq

"Hanger"in öhdəsindən gəlməyin ən asan yolu, çox acımaqdan əvvəl nə isə yeməkdir. "Hanger" vəziyyətində olduğunuz zaman şokolad və kartof çipsi kimi tez hazır olan qidalar arzu etsəniz də, qəlyanaltı qidalar qan qlükozası səviyyəsində böyük artımlara səbəb olur. Ancaq sürətlə parçalandıqları üçün sizi yenidən "hanger"lə üzbəüz buraxa bilərlər. Bu səbəbdən, aclıq hissini mümkün olan ən uzun müddətə yatıran, qida maddələri ilə zəngin, artıq kalorisiz təbii məhsullar düşünün.

Acıyan kimi yemək hər zaman mümkün olmaya bilər. Bu, işdə uzun sürən növbələr, Ramazan ayında tutulan oruc kimi dini ayinlər və ya ciddi enerji məhdudiyyəti tələb edən arıqlama pəhrizləri zamanı ola bilər. Bütün bunlar yalnız həkim məsləhəti ilə icra olunmalıdır.

Bu hallarda, zamanla sizin qlükoza əks-tənzimləyici cavabınızın başlayacağını və qan qlükozası səviyyəsinin stabilləşəcəyini yada salmaq faydalı ola bilər. Həmçinin, ac qaldıqda, bədəniniz enerji əldə etmək üçün öz yağ ehtiyatlarını parçalamağa başlayır və bu zaman yağ metabolizminin məhsullarından olan ketonlar yaranır. Ketonların aclığı nəzarət altında saxlamağa yardımçı olduğu düşünülür, çünki beyniniz qlükoza yerinə ketonları yanacaq kimi istifadə edə bilir.

"Hanger"in qarşısını almağın ən son və rahat yolu çətin vəziyyətlərlə yeməkdən qabaq deyil, sonra məşğul olmaqdır.


Mənbə: theconversation.com/health-check-the-science-of-hangry-or-why-some-people-get-grumpy-when-theyre-hungry-37229
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top