September 22, 2015

Kainatın qarşımıza çıxardığı ən maraqlı 7 fakt


  7. Almaz Planet ( 55 Cancri e )
                                              

30 avqust 2004-cü ildə kəşf olunub. Bu planet Yerdən təxminən 2 dəfə böyük və 40 işıq ili uzaqlıqdadır. Planetin ən nəzərəçarpan xüsusiyyəti tamamən almazdan ibarət olmasıdır. Səth temperaturunun təxminən 1600°S olduğu ehtimal olunur. Çox sürətlə fırlandığı üçün, bu planetdə 1 il 18 saata bərabərdir. Alimlərin planet haqqında dedikləri belədir: “Planetə baxdığınızda qayalıqlarla örtülü bir səth görünür. Lakin kimyəvi strukturu fərqlidir. Su və Qranit təbəqəsi əvəzinə Almaz ilə örtülüdür.”

6. Qaynar Buz Planeti ( Gliese 436 b )


2004-cü ildə Dr.Paul Butler və Geoffrey Marcy'nin rəhbəri olduqları araşdırma qrupu tərəfindən kəşf edilmişdir. Səth temperaturu 400°S -dən çox olmasına baxmayaraq, cazibə qüvvəsinin çox böyük olması, böyük bir təzyiq yaratmaqdadır. Bu təzyiq, su buxarını səth üzərində qatılaşdırıb isti buz kütləsinə çevirir. Bunun nəticəsidir ki, planetin səthində 400°S -də çox qaynar buz kütləsi mövcuddur.

5. Qaranlıq Planet ( Tres 2b )


Tres-2b bizim Günəş sistemimizdən 750 işıq ili uzaqlıqdadır. 21 avqust 2006-cı ildə Kepler Kosmik Peyki tərəfindən aşkar edilmişdir. 2011-ci ildə, bilinən ən qaranlıq planet olaraq qeyd edilmişdir.  Bunun səbəbi, səthinə düşən işığın sadəcə 1%-ni əks etdirib, qalanını udmasıdır. Ətrafında işıq qaynaqları olmasına baxmayaraq, səthi zülmət qaranlıqdır. 

4. Bilinən Ən Böyük Su Kütləsi


Yerdən 12 işıq ili uzaqlıqda olan bu su kütləsi, 2011-ci ildə NASA tərəfindən kəşf olunmuşdur. Aparılan araşdırmalara görə; Bu planetdə, Yerin bütün okeanlarındakı suyun 140 trilyon qatı qədər su mövcuddur. Buxar halında olan su kütləsinin ətrafını, "Kuasar" adlandırılan və ortasında qara dəlik olan cisim bürüyür. Araşdırmanı icra edən qruplardan birinin prezidenti Bradford; etdikləri bu kəşfin, düşünülənin əksinə suyun kainatda hətta ən qədim zamanlardan bəri mövcud olduğu fikrini dəstəklədiyini vurğuladı.

3. Nəhəng Alkohol Buludları ( Sagittarius B )


Sagittarius B adlı bu bulud, 2001-ci ildə kəşf edilmişdir. Qaz və Toz buludlarından ibarət olan Sagittarius B'nin tərkibində milyonlarla litr alkohol mövcuddur. Araşdırma aparan qrupun üzvü Barry Turner, Sagittarius'da tapdıqları bu alkoholun olduqca mühüm olduğunu, kosmosda sərbəst halda mövcud olan mürəkkəb tərkibinin öyrənilməsinin bir çox elmi araşdırmaya təkan verəcəyini vurğulamışdır. Bu buludların yeganə mənfi tərəfi Yerdən olduqca çox, təxminən 26 min işıq ili uzaqlıqda olmasıdır.

2. Bilinən Ən Böyük Quruluş


Kuasar, kainatın uzaq küncündə, ağlasığmaz enerji ilə parıldayan adalara verilən addır. Böyük Kuasar qrupu isə 73 ədəd Kuasardan ibarət olan və təxminən 4 milyard işıq ili genişliyində olan bir struktura sahibdir. Südyolu qalaktikasından 40.000 dəfə böyük olan bu quruluş o qədər böyükdür ki, hal-hazırda bilinən astronomiya modelləri bu quruluşu izah etməkdə aciz qalır.

1. Qaranlıq Maddə və Qaranlıq Enerji


Kainatda müşahidə etdiyimiz bütün cisimlər, planetlər, ulduzlar, kuasarlar və ya qalaktikalar kainatın sadəcə 5%-ni əhatə etməkdədirlər. Digər 95%-lik hissənin; qoxlaya, dada, toxuna, duya və görə bilmədiyimiz, qısaca olaraq, 5 hissiyat orqanımız ilə qəbul edə bilmədiyimiz qaranlıq maddə və qaranlıq enerjidən ibarət olduğu düşünülür. Haqqında yox deyiləbiləcək qədər az məlumata sahib olduğumuz qaranlıq maddə və qaranlıq enerjini müşahidə, test edə bilməsək də, müşahidə olunan cisimlər üzərində yaratdıqları təsir səbəbindən mövcud olduğu qəbul edilir. Qaranlıq maddə və qaranlıq enerji, bilinən fizika qanunlarını və astronomiya teoremlərini sarsıdacaq dərəcədə sirlərlə dolu ola bilər.


daha ətraflı...

September 19, 2015

Bir Mutasiya, Təkhüceyrəlilikdən Çoxhüceyrəliliyə Təkamüldə Əhəmiyyətli Rol Oynadı!

Təkamül tarixinin ən əhəmiyyətli pillələrindən olan çoxhüceyrəli həyatın təkamülünə doğru atılan ilk addımın, bir gen üzərində meydana gələn nöqtə mutasiya (DNT-nin tərkibində olan azot əsaslarından -T,S,A,Q- birinin digəri ilə əvəz olunması) ilə tətiklənə bildiyi göstərildi. Minnesota Universitetinin Bioloji Elmlər Bölümünün alimləri William Ratcliff ve Michael Travisano tərəfindən 2012-ci ildə nəşr olunmuş çoxhüceyrəli həyatın təkamülünə dair bir araşdırmada, təkhüceyrəli maya göbələklərindən, çoxhüceyrəli primitiv (‘qar dənəsi' adı verilən) strukturların təkamülünün, uyğun şərtlərdə, yalnız 60 gün içində reallaşa bildiyi göstərilmişdi. Araşdırma aparan qrup, işlərinə davam edərək 2015-ci ilin Yanvar ayında yeni məqalə dərc etdilər. Yeni məqalədə, laboratoriyada təkamülləşmiş "qar-dənəsi" hüceyrə yığınlarında ana-bala hüceyrələrin bir-birlərinə birləşmələrinə səbəb olan mutasiyalardan ən əsas olanını təyin edirlər.
Laboratoriyada təkamülləşən çoxhüceyrəli strukturlarda, hüceyrə yığınının, ana-bala hüceyrənin bölünmə sonrası - təkhüceyrəli əcdadlardan fərqli olaraq- ayrılmaması nəticəsində meydana gəldiyi müşahidə edilmişdi.
Yeni araşdırmada alimlər, əcdad təkhüceyrələri və təkamülün ilk 7 günündə seçilmiş sadə çoxhüceyrəli yığınları müqayisə etdilər. Bunu edə bilmək üçün, təcrübə əsnasında hər gün yaranan hüceyrələrin bir qismi "canlandırıla bilər fosil qeydi" şəklində -80 santiqrad dərəcəli dondurucuda saxlanmışdı. Təkamülün iki fərqli mərhələsini təmsil edən, yeni təkhüceyrəli və 7 günlük sadə çoxhüceyrəli yığınlar arasında, hansı genlərin ifadəsinin(*) dəyişdiyinə baxdılar.
Məqalədə, gen ifadəsi nisbətləri təkamül müddətində ən çox azalan 10 gendən 7-sinin, hüceyrələrin səthinə yerləşən və ana-bala hüceyrə ayrılmasında rol oynayan zülalları sintez edən genlər olduqları göstərilir.
Bu 7 gen, təkhüceyrəli əcdadlarda əhəmiyyətli dərəcədə ifadə edilməkdədir. Gen ifadəsi nəticəsində sintez edilən zülallar, ana-bala hüceyrələrin xarici səthlərinin bir-birlərindən fiziki olaraq ayrılmasını təmin edir. Təkamülün yalnız 7-ci günündə seçilmiş sadə çoxhüceyrəli yığınlarda isə, bu 7 gen, əcdad hüceyrələrdəki nümunələrlə müqayisə edildikdə, 3-16 qat arasında, daha az ifadə edilməkdədir. Bunun nəticəsində də 7-ci gün seçilmiş hüceyrə yığınlarında ana-bala hüceyrə ayrılması reallaşmayıb, çoxhüceyrəli strukturlar təkamülləşməyə başlayır.
Araşdırmaçılar, 7 genin ifadə səviyyələrini təşkil edən ACE2 adlı ortaq bir gen olduğunu müəyyən edirlər. ACE2 adlı genin DNT ardıcıllığı araşdırıldıqda, fərqli təcrübə balonlarında müstəqil olaraq təkamülləşən qar-dənəsi strukturlarından yarısında, bu genin mutasiyaya uğramış olduğu göstərilir. Bu mutasiyalar nəticəsində, ACE2 geninin kodlaşdırdığı Ace2 zülalının quruluşu dəyişməkdədir. Quruluşu dəyişən mutant Ace2-zülalı, ifadələrinə nəzarət etdiyi hədəf genləri əvvəlki kimi aktivləşdirmir. Bu genlərdən, ana-bala ayrılmasında rol oynayan 7 ədəd hədəf zülalın miqdarları da böyük nisbətdə düşür.
Bu tapıntı təcrübi olaraq da sübut edilir. Bunun üçün araşdırmaçılar, təkhüceyrəli əcdadlarda ACE2 genini genetik üsullarla tamamən sildilər. Bu təkhüceyrəli strukturların, təcrübədə təkamülləşən sadə çoxhüceyrəli yığınlarda olduğu kimi bir-birlərinə yapışdıqlarını, yəni "çoxhüceyrəliləştikləri" görüldü.
Bununla da kifayətlənməyib, 7 günlük seçmə nəticəsində təkamülləşən sadə çoxhüceyrəli yığınlarda mutasiyaya uğramış funksiyasız ACE2 genini, bu dəfə, mutasiyaya uğramamış əcdad ACE2 gen kopyası ilə dəyişdirən araşdırmaçılar, təkamülləşmiş çoxhüceyrəli yığınların, təkhüceyrəli əcdadlar kimi davrandıqlarını göstərirlər.
Qısaca olaraq, çoxhüceyrəli yığınların təkamülündə yalnız bir gen üzərində meydana gələn tək bir hərf dəyişməsi ilə, çox əhəmiyyətli bu təkamül "sıçramasının" ilk addımının, təxminlərdən daha sadə bir genetik dəyişmə ilə atıla biləcəyini göstərməkdədir.
Qeydlər:
Şəkil: Sol-üst şəkildə ACE2 geninin funksional oldugu (mutasiyaya uğramamış) əcdad təkhüceyrələr görünməkdədir. Sağ-üst şəkildə, əlaqədar gen mutasiyaya uğradıldıqda (silindikdə), 'qar-dənəsi' strukturlarına bənzər şəkildə, hüceyrələrin sadəcə bir-birlərinə yapışdığı müşahidə edilməkdədir. Sol-alt şəkildə, 7 gün seçilmə nəticəsində təkamülləşməyə başlayan sadə çoxhüceyrəli 'qar-dənəsi' görülməkdədir - bu hüceyrələrdə ACE2 geni nöqtə mutasiyası ehtiva edir. Sağ-alt şəkildə, 7 gün sonunda təkamülləşmiş soldakı strukturlardan, ACE2 geni funksiyalı (mutasiyaya uğramamış) bir kopya ilə dəyişdirildiyində, təkamülləşmiş yığınlar, əcdad təkhüceyrəli strukturlar kimi (təkhüceyrəli fərdlər olaraq) davranmağa başlayır.
(*) Gen ifadəsi: Genlər DNT üzərində təyin olunmuş hərf (nukleotid) silsiləsidır. Bu hərf silsiləsi, funksional (məsələn ana-bala hüceyrə ayrılmasına cavabdeh) vahidlər olan zülallar sintez edərkən, əvvəlcə ara molekul olan, mRNT (məlumat RNT-si) molekulu sintez edilməkdədir. Əlaqədar mRNT molekulunun sintez edilməsinə ‘gen ifadəsi' adı verilir. mRNT molekulları miqdarındakı artım və ya azalmalar bilvasitə olaraq zülal molekulları miqdarındakı artım və ya azalmalara uyğun gəlməkdədir. Bir zülal miqdarının azalması isə, bu araşdırmada göstərildiyi kimi, əlaqədar funksiyanın (ana-bala hüceyrə ayrılması) reallaşmamasına səbəb olur.
daha ətraflı...

Mpemba Effekti: İsti su soyuq sudan daha tez donur

1963-cü ildə Tanqanika Respublikasından (hal-hazırda Tanzaniyanın tərkibindədir) olan şagird Erasto Mpemba və yoldaşları məktəbdə dondurma hazırlamaq üçün qaynar südə şəkər əlavə etdilər. Normal halda Erasto qaynar südü soyuducuya qoymadan əvvəl gözləməli idi. Amma o tələsik davranaraq qaynar südü soyuducuya yerləşdirdi. Gözlənilməz şəkildə soyuducuda ən əvvəl Erastonun qaynar qarışığı dondu.

Erasto hadisəni müəlliminə izah etdi amma müəllimi ona inanmadı. Lakin Erasto ruhdan düşməyərək təcrübələrinə davam etdi. Məktəblərində fizika mövzusunda keçirilən konfransda iştirak edən professordan "eyni qablarda 35°S və 100°S-də olan sudan niyə isti olanın daha əvvəl donduğunu" soruşdu. Fizika professoru Dr. Osborne əvvəl sualın səhv olduğunu düşünüb Erastodan sualı təkrarlamasını istədi. Erasto sualı doğru soruşduğunu və bu mövzuda təcrübələr etdiyini bildirdikdə, Dr. Osborne bir təcrübə etməyi qəbul etdi.

Dr. Osborne Dar es Salaam Universitetinə geri döndükdə gənc bir texnikdən bu mövzuyla əlaqədar bir təcrübə etməsini istədi. Texnik təcrübə nəticəsində isti suyun daha əvvəl donduğunu müəyyən etdi. İsti suyun əvvəl donmasına heyrətlənən texnik Dr. Osborneyə "doğru nəticəni(!) alana qədər təcrübəni təkrarlayacağını" söylədi.

Təkrarlanan təcrübələr Erasto Mpembanı haqlı çıxardı və Erasto Dr. Osborne ilə birlikdə bir məqalə dərc etdi. Bu məqalə nəşr olunduqdan bəri isti suyun soyuq sudan əvvəl donması Mpemba Effekti olaraq xatırlanır.

Mpembanın araşdırması bu hadisəni öyrənən ilk araşdırma deyil. Aristotelin 2000 il əvvəl eyni mövzuyla maraqlandığını və bu mövzunu Meteorologica-da yazdığını, 17-ci əsrdə Frensis Bekon və Dekartın da bu mövzuyla əlaqədar təcrübələr etdiyini bilirik.

Mpemba Effekti Hansı Səbəbdən Meydana Gəlir?

Mpemba Effektinə səbəb olan bir çox amil var. Yalnız bir amil və ya fərqli amillərin birləşməsi Mpemba Effektinin baş verməsinə səbəb olur.

Buna səbəb olan amillərdən biri mayelərin kütləsidir. 30°S və 70°S-də eyni qablardakı bərabər kütləli mayelər soyuduqda 70°S olan maye buxarlanma səbəbiylə kütləsinin bir hissəsini itirir. Kütləsini itirən maye daha qısa müddətdə donur. Ayrıca isti suyun buxarlanması zamanı itirilən buxarlanma istiliyi mayenin daha sürətli soyumasına səbəb ola bilər. Ancaq Mpemba Effektini açıqlamaq üçün bu istilik itkisi də təkbaşına yetərli deyil.

Bir başqa təsir suyun qabdakı istilik paylanması səbəbiylə yaranan konveksional axındır. Konveksional istilik ötürülməsi səbəbiylə sabit 30°S-dəki su ilə 100°S-den 30°S-yə qədər soyumuş suyun qabdakı istilik paylanması fərqlilik göstərir. İstilik paylanmasındakı fərq suyun istilikvermə sürətini artıracaq təsirlərə səbəb olur.

Soyuq və isti su gözə eyni görünsələr də fərqli miqdarda həll olmuş qaz ehtiva edə bilərlər. İsti su soyuq suya nisbətən daha az həll olmuş qaz saxlayır. Həll olmuş qaz miqdarı təcrübələrdə istifadə edilən mayelərin əslində eyni olmadığını göstərir. Ancaq həll olmuş qaz miqdarı bərabər olan mayelərdə də Mpemba Effekti müşahidə edilir.

2013-cü ildə dərc olunan bir məqalə Mpemba Effektinə fərqli bir yanaşma gətirdi. Bu məqaləyə görə Mpemba Effektinin səbəbi su molekulları arasındakı hidrogen rabitələridir. Hidrogen rabitələri su molekullarını bir-birlərinə yaxınlaşdırır. Bu səbəblə kovalent rabitələr eynilə yay kimi gərilərək enerji yığırlar.

Su istiləşməyə başlayınca hidrogen rabitələri uzanır və su molekulları arasındakı məsafə də artır. Nəticədə kovalent rabitələr qısalır. Kovalent rabitələrin qısalması enerji itkisinə səbəb olur. Bu enerji itkisi suyun soyuması əsnasında baş verən enerji itkisiylə eynidir. İsti suyun soyuq sudan daha sürətli donmasının səbəbi istilik səbəbiylə qısalmış kovalent rabitələr ola bilər.

Nəticə olaraq başlanğıc parametrlərə və mayenin xüsusiyyətlərinə görə bir çox fərqli səbəb Mpemba Effektinə səbəb olur. Böyük ehtimalla yaxın gələcəkdə bu effekti izah edən daha əhatəli şərhlər tapılacaqdır. Bu təsirin bizə göstərdiyi ən əhəmiyyətli nəticə gündəlik həyatdakı fizikanın öyrəndiyimiz nəzəri məlumatlardan çaşdırıcı şəkildə fərqlilik göstərə bildiyidir.
daha ətraflı...

İşığı Maddəyə Çevirmənin Yolu Kəşf Edilmiş Ola Bilər

"Imperial College London"da çalışan fiziklər, 80 il əvvəl edilə biləcəyi qeyd edildikdə çoxları tərəfindən rədd edilən bir hadisəni reallaşdırmanın yolunu tapmış ola bilər: işıqdan maddə əldə etmək! Fiziklər 1934-cü ildə Breit və Wheeler tərəfindən ilk dəfə irəli sürülən nəzəriyyənin isbat edilə biləcəyini ortaya qoydular.

Breit və Wheeler, yalnız 2 işıq hissəciyini (fotonu) toqquşduraraq bir elektron və pozitron yaradıla biləcəyini irəli sürmüşdülər. Bu, işığı maddəyə çevirmənin təxmin edilə biləcək ən asan yoludur. Hesablamaları nəzəri olaraq güclü görünürdü; ancaq Breit və Wheeler bu təxminlərinin təcrübi olaraq göstərilə biləcəyini düşünmürdülər. Bu laboratoriyalarda heç vaxt müşahidə edilmədi və əvvəlki təcrübələrdə, böyük kütləli yüksək enerjili hissəciklərin təcrübəyə əlavə olunmasına ehtiyac duyulmuşdu.

Nature Photonics jurnalında dərc olunan bir məqalə, tarixdə ilk dəfə Breit və Wheeler tərəfindən irəli sürülən nəzəriyyənin praktikada isbat edilə biləcəyini göstərir. "Foton-foton çarpışdırıcı", mövcud texnologiyamızı istifadə edərək işığı maddəyə çevirə biləcək. Bu təcrübə, kainatın yaranmasının ilk 100 saniyəsi içərisində baş verən prosesləri yenidən yaratmamızı təmin edəcək. Bu çevrilmə həmçinin qamma şüası partlamalarında da müşahidə edilir. Qeyd edilən partlamalar, kainatda bilinən ən güclü partlamalardır və elm adamları tərəfindən həllini gözləyən bir sirrdir.

Alimlər nüvə enerjisindəki maraqsız problemləri bir müddətdir araşdırmaqda idilər. Ancaq yaxın keçmişdə, çalışdıqları mövzuların Breit-Wheeler Nəzəriyyəsinə tətbiq oluna biləcəyini fərq etdilər. Bu kəşf, Maks Plank Nüvə Fizikası İnstitutundakı nəzəri fiziklərin Imperial College London araşdırmaçılarıyla əməkdaşlığı sayəsində edildi.

Elm adamlarının irəli sürdüyü toqquşma testi iki mərhələdən ibarətdir. İlk öncə araşdırmaçılar həddən artıq güclü və yüksək şiddətli lazer istifadə edərək elektronları işıq sürətinə yaxın bir sürətə çatdıracaqlar. Sonra elektronları qızıl lövhəyə doğru istiqamətləndirəcəklər. Bu sayədə, görə bildiyimiz işıqla müqayisədə milyardlarla qat daha enerjili foton şüaları yaranacaq. Təcrübənin sonrakı mərhələsi isə hohlraum (Alman dilində "boş otaq" deməkdir) deyilən çox kiçik bir qızıl qutu ilə əlaqədardır. Alimlər bu yüksək enerjili lazeri qutunun iç səthinə doğru istiqamətləndirəcək və eynilə ulduzlarda yaranana bənzər bir işıq meydana gətirəcəklər. Sonra isə ilk mərhələdəki foton şüasını bu qızıl qutunun mərkəzindən keçəcək şəkildə istiqamətləndirəcəklər. Beləcə bu iki qaynaqdan gələn fotonlar toqquşacaq, nəticədə elektron və pozitronlar yaranacaqdır. Bunlar da qutunu tərk edərkən təsbit ediləcəklər. Plazma fizikası sahəsində çalışan baş araşdırmaçı Oliver Pike belə deyir:

"Hər nə qədər nəzəriyyə konsept olaraq sadə olsa da, bunu təcrübi olaraq göstərmək çox çətindir. Bu çarpışdırıcı üçün lazım olan fikirləri asanlıqla inkişaf etdirdik. İrəli sürdüyümüz təcrübi dizayn mövcud texnologiya ilə qismən sadə bir şəkildə qurula bilər. Hohlraumların nüvə araşdırmalarındakı ənənəvi istifadələrinin xaricində necə istifadə edilə biləcəkləri üzərində düşünməklə, bir foton çarpışdırıcı üçün lazım olan şərtləri möcüzəvi şəkildə təmin etdiklərini təsbit etdik. Bu təcrübəni reallaşdırma və tamamlama yarışı başladı!"
daha ətraflı...

Homo naledi: İnsanın Təkamül Ağacına Əlavə Olunan Yeni Növ!

Witwtersrand Universiteti, National Geographicin köməyi ilə reallaşdırdığı bu kəşfi açıqlayarkən, tapılan yeni növün Homo cinsinə aid olduğunu ifadə etdi. Fəxrlə, budur qarşınızda... Homo naledi!
Bu inanılmaz fosil Afrikada kəşf edildi. Əslində H.naledi 2 il əvvəl kəşf edilmişdir. Fosil ilk olaraq, həvəskar mağara araşdırmaçıları tərəfindən Cənubi Afrikanın məşhur Rising Star mağaralar sistemindəki bir mağarada tapılmışdır. Beləcə Rising Star araşdırmaları başlamış oldu. 21 gün davam edən bu araşdırmalara alimlər və könüllülərin daxil olduğu 60 nəfərlik bir qrup qatıldı. Tədqiqatçılar skeletin tamamlanacağına ümid etdikləri halda üç gün ərzində bundan daha çoxuna sahib olduqlarını fərq etdilər və qrup rəhbəri Lee Berger bu müddəti "çox dəyişik və fövqəladə" olaraq xarakterizə etdi.
Mağara girişindən 90 metr məsafədə yerləşən otaqda yalnız bir növə aid 15 fərdi meydana gətirən 1500 fosil parçası tapıldı. Cənubi Afrikada danışılan yerli Sesotho dilində "ulduz" mənasını verən "naledi" adı, fosillərin tapıldığı otağa hörmət əlaməti olaraq verildi. 1500 sayı çox görünsə də qrup daha minlərlə fosilin orada olduğunu təxmin edir. Berger otağın döşəməsinin fərdlərin sümüklərindən meydana gəldiyini qeyd edir.
Tapılan sümüklər uşaqdan yaşlıya qədər bir çox fərqli yaş qrupunu təmsil edir. Məlumatlar yeni növün primitiv primatlarla müasir primatların mükəmməl bir qarışığına sahib olduğunu göstərir. İki ayaq üzərində dayanan bu hominidin təxminən 150 sm boya sahib olduğu düşünülür. Əlavə olaraq H. naledi, incə, güclü və əzələli oynaqlara sahibdir. İncə quruluşu və uzun qıçları, növün çox çəkiyə sahib ola bilməyəcəyini göstərir. Araşdırmaçılar yeni növün çəkisinin 45 kq. civarında olduğunu təxmin edirlər.
Çox kiçik olan beyinləri, beyni 450 - 550 kubsantimetr olan şimpanze beynindən bir az daha böyük olan bir avstralopit dişisininki ilə az qala eyni böyüklükdədir. Fərdlərinin dişisi və erkəyi arasındakı fiziki ölçü fərqi də çox azdır. Berger fərdlər arasındakı bənzərliyin, əkiz insanların bir-birinə bənzədiyi dərəcədə olduğunu ifadə edir. Buna görə də tapılan fərdlərin yaxın qohum olduğu düşünülür.
H.naledinin üzvlərinə başdan aşağı baxdıqda primitiv primatlardan müasir primatlara keçid görülə bilir. Çiyinlərə və qalça sümüyünə baxıldığında primitiv bir primata bənzədilə biləcək olan növ, sahib olduğu əl və ayaqlar ilə yüksək dərəcədə insana bənzəyir. Ancaq barmaqları bizimkilərdən daha qatlanmışdır. Bu da yeməkləri və ovları daha yaxşı qavramalarına köməkçi olmuş ola bilər. Çiyinlərini isə bizim hərəkət etdirdiyimizdən daha rahat hərəkət etdirə bilirdilər, bu da dırmaşmaq ilə məşğul olduqlarının bir göstəricisidir. Yerə təmas edən ayaqları isə bizimki ilə çox oxşardır.
Yaxşı, bu fərdlər təcrid olunmuş və çatılması bir o qədər çətin olan yerə necə keçdilər? Qrupun söylədiyinə görə ora çatıla biləcək tək açıqlıq 17.5 sm enindədir və başqa da giriləcək yer yoxdur. Orada hər hansı gəmirici ya da quş növünün sümükləri də tapılmır. Nə qədər çətin bir yer olduğunu siz düşünün!
Təbii fəlakət nəticəsində kütləvi ölüm, vəhşi heyvanlar və su vasitəsilə daşınma kimi bütün mümkün variantlar istisna edildikdən sonra alimlər bir variant üzərində dayanmışlar: onlar ölüləri düşünülmüş şəkildə və dəfələrlə bura gətirmişlər. İndiyə qədər bunun yalnız Homo sapiensə aid olduğunu düşünürdük!
"Bu bizlər üçün nə ifadə edir? Həyat ağacımızda var olan ölü basdırmaq bizlərə miras qaldı? Ya da belə soruşaq, ölü basdırmağı onlar icad etdi?" deyə Berger suallar verir.
Növün ən az 2 milyon il, hətta 3 milyon il əvvələ yaxın bir müddətdə yaşamış olduğu düşünülür. Hətta Berger H. naledinin cinsimizin ilk növü olmağa namizəd olduğunu ifadə edir.
daha ətraflı...

Sualtı Mağarada Milyon İllik Meymun Fosili Aşkar Edildi

İnsan Təkamülü Jurnalında (Journal of Human Evolution) dərc olunan məqaləyə əsasən, Dominikan Respublikasında yerləşən bir sualtı mağarada aşkar edilən və demək olar ki dəyişməz qalan milyon illik baldır sümüyü fosili Antillothrix bernensis adlandırılan nəsli kəsilmiş meymuna aiddir. 

Fosil bir neçə il əvvəl Dominikan Respublikasının Altaqrasiya əyalətində aşkar edilmişdir. Melburn Universitetində çalışan Robyn Pickering və həmkarları mağaradakı əhəng daşı qayalarında olan uran, torium, qurğuşun elementlərinin miqdarını ölçməklə fosilin 110 min il xəta nəzərə alınmaqla 1.32 milyon yaşlı olduğunu müəyyən etmişlər.

Sonra, üçölçülü həndəsi morfometriya üsulundan istifadə edərək, qrup təsdiq etdi ki, daşlaşmış baldır fosili həqiqətən Dominikan primatı Antillothrix bernensis-ə məxsusdur. Ayaq formasının modelləşdirilməsi, alimlərə meymunun ətraf mühitdə necə hərəkət etməsini müəyyənləşdirməyə və digər fosillərlə müqayisə etməyə imkan verdi. Kiçik pişik ölçüsündə olan bu ağacda yaşayan meymunun qida rasionunu əsasən meyvələr və yarpaqlar təşkil edirdi. Növ ilk dəfə 1977-ci ildə təsvir edilsə də, tədqiqatçılar indiyə qədər onun haqqında çox az məlumata sahib idi. İnsanların Karib dənizində yerləşən Böyük Antil adalarını yaşayış yerinə çevirməyə başladıqları zamanlarda növün orada mövcud olduğu ehtimal olunur.
daha ətraflı...

June 4, 2015

Saturnun peyki Enseladda həyat mümkündürmü?

Ötən il alimlər Saturnun peyklərindən biri Enseladın qalın buz örtüyü altında maye sudan ibarət böyük okeanın mövcud olduğunu aşkar etmişdilər. Elə həmin andaca elm ictimaiyyəti hipotetik yadplanetlilərin yaşaya biləcəyi səma cismlərinin siyahısına Enseladı da aid etdi. Enseladın nüvəsini qızdıracaq Saturnun cazibə qüvvəsi, dərin okean, atmosfer təbəqəsini əvəz edə biləcək qalın buz örtüyü və s. şərtlər səbəbindən bir çox mütəxəssislər yadplanetli canlıları çox uzaqda deyil, elə kosmik ölçülərlə hesabladıqda bir addımlığımızda yerləşən peykdə axtarmağımızın daha məqsədəuyğun olduğunu irəli sürmüşdülər. Amma sözsüz ki iddilar fərziyyədən o yana keçmirdi. Elə isə Enseladda həyatın inkişafı nə dərəcədə mümkündür?

Bir ay əvvəl Kanada və ABŞ-dan olan planetoloqlar nəhayət rəsmi açıqlama verərək, Enseladın həyatın yaranması və inkişafı üçün bütün şərtlərə malik olduğunu bildiriblər. Əldə edilmiş məlumatlar Saturnun peykini Günəş sistemində yerdənkənar həyat nümunəsini tapmaq üçün ən real namizəd edir.

Avtomatik kosmik cihaz "Cassini-Huygens"-in təqdim etdiyi məlumatlar göstərir ki, Enseladdaki qeyzerlər yüksək tərkibli karbon qazı və bir sıra digər birləşmələri ilə fərqlənir. Mütəxəssislər güman edir ki, Saturnun peykindəki sular mineral maddələrlə zəngindir. Məlumatlardan yararlanaraq, alimlər Enselad sularının kimyəvi xüsusiyyətlərinin modelini hazırlayıblar. Hesab edilir ki, duz tərkibinə görə okeanı Yer okeanları ilə müqayisə etmək olar. Enseladın okeanı bundan başqa böyük soda qatılığı və yüksək qələvilik səviyyəsi ilə də fərqlənir.

Bütün bunlar peykin yanar süxurları ilə okean sularının qarşılıqlı əlaqəsindən xəbər verir. Bizim planetdə oxşar şərtlərə Şimali Amerikadakı Mono gölü malikdir. Orada balıqlar yoxdur, amma çubuqşəkilli ekstremofil bakteriyalar olan GFAJ-1 yaşayır. Yerdə varsa, Saturnun peyki Enseladda niyə oxşar mikroorqanizmlər mövcud olmasın?

Enselad Saturnun altıncı ən iri peykidir. Diametri 500 km-ə bərabərdir. 2005-ci ildə "Cassini-Huygens" aparatı oraya yaxınlaşdıqdan sonra peykə maraq daha da artmağa başlamışdı. Saturnun peyklərinin öyrənilməsi işinə həm də NASA və ESA TSSM-in birgə layihəsi həsr edilib. Mütəxəssislər 2030-cu illərdə növbəti dəlillərə yiyələnəcəklərini qeyd edirlər.

"Saturnun peyki Enseladda həyat mümkündürmü?" sualına hələlik verilə biləcək ən doğru cavab nə ola bilər? Mümkündür, amma bunu da nəzərə almaq vacibdir ki, həyatı mümkün edə biləcək şərtlər onu hökmən mövcud etməli də deyil. Yalnız bir şeyi dəqiqliklə qeyd etmək olar ki, tezliklə çox mühim tapıntıların şahidi olacağıq. Bunu, NASA və SETI kimi nüfuzlu kosmik araşdırma mərkəzləri də təsdiqləyir.

Həmçinin oxuyun:

Saturnun peyki Enseladda okean tapıldı
Yadplanetliləri "Dayson kürəsi" köməyilə tapa bilərik
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top