December 3, 2016

Təkamül Nəzəriyyəsinə Dair Miflər-1: "Mutasiyalar Yalnız Zərər Verir"


Yəqin ki, "Bütün mutasiyalar zərərlidir və ümumiyyətlə, canlılar üçün ölümcüldür.", "Elm adamları tədqiq edilmiş bütün mutasiyaların heç birinin canlının həyat prosesinə müsbət təsir etmədiyi nəticəsinə gəlmişdir." kimi fikirlərlə tez-tez qarşılaşırsınız. Bu yazıda (və gələcəkdə hazırlamağı düşündüyümüz silsilə yazılarda) mövzuya qısa ekskursiya edib belə iddiaların əsassız olduğunu göstərməyə çalışacağıq. 

Bioloqlar mutasiyaların yeni xüsusiyyətlərin və hətta yeni növlərin meydana çıxmasına necə səbəb olduğuna dair minlərlə nümunə təqdim edirlər. Bu iddia göstərilən elmi dəlillərin qarşısında əsassız olmaqla yanaşı məntiqi baxımdan da qeyri-mümkündür.

Bir çox insan yeniyetmə dövründən etibarən süd həzm etmək qabiliyyətini itirir. Ancaq, bir neçə min il əvvəl sığırların əhliləşdirilməsindən sonra, Avropa və Afrikadakı müxtəlif insan qrupları südü yetkinlikdə də həzm etməyə davam etmələrinə səbəb olan mutasiyalara məruz qalmışlar. Genetik araşdırmalar bu mutasiyalar arasında çox güclü seçmə baş verdiyini, beləliklə də onların tamamilə faydalı hala gəldiklərini ortaya qoyur.

Bioloqlar bu vəziyyəti xüsusiyyət qazanılması olaraq görürlər. Yəni, mühitdəki bir dəyişmə (inək südünün ərzaq kimi yararlı olması), insanların bu dəyişiklikdən istifadə etməyinə (yetkin dövrlərdə südü həzm edə bilmə qabiliyyəti qazanmağına) imkan verən genetik mutasiya şəklində əks olunur. Lakin yaradılışçılar, uşaqlıqdan sonra süd həzm edən fermentin istehsalını dayandırmaq qabiliyyətinin itirilməsini anormallıq kimi qəbul edir.

Qazanılan xüsusiyyətin müsbət və ya mənfi olduğunu təyin etməyə çalışmaqla vəziyyəti daha da qəlizləşdirmək yerinə, gəlin son illərdə bioloqlar tərəfindən ortaya çıxarılan digər kəşflərə nəzər salaq. Məsələn, assidilərin (sürfəsixordalılar yarımtipinə aid dəniz canlısı sinfi) genomunda görülən kiçik bir dəyişmə canlının birkameralı ürəyini, ikikameralı işlək ürəyə çevirə bilir. Şübhəsiz ki, bu yararlı bir xüsusiyyət olaraq sayılar, deyilmi? 

Bəzi meymunlar TRIM5 adlı zülalda mutasiyaya sahibdirlər, hansı ki, funksiyasını itirmiş başqa bir zülal parçasının bu zülala yapışmasına səbəb olur. Nəticədə, hüceyrələri İİV (HIV) kimi retroviruslara yoluxmaqdan qoruyan TRIM5-CypA adlı hibrid zülal ortaya çıxır. Bir mutasiya tamamilə yeni, həyati əhəmiyyətli funksiyaya sahib bir zülalın meydana çıxmasına səbəb olur. Yeni zülal, yeni vəzifə, yeni xüsusiyyət yaranır.

Baş vermə ehtimalı son dərəcə aşağı bir hadisə olmasına baxmayaraq, TRIM5-CypA zülalı iki ayrı meymun qrupunu təkamülləşdirdi. Ümumiyyətlə, yeni bir genin təkamülü bir mutasiyadan daha əhəmiyyətlidir, ancaq bu vəziyyət bir mutasiya nəticəsində ortaya çıxa bilən dəyişmənin gözəl bir nümunəsidir. Yeni genin təkamülləşməsinin ən əsas yolu mövcud bir genin kopiyalanmasıdır. İki və ya daha çox kopiya ortaya çıxdıqda, hər kopiya fərqli istiqamətlərdən təkamülləşə bilər.

Genlərin ya da bütün genomun kopiyalanmasına hər yerdə rast gəlinir. Məsələn, müasir pivə mayası əcdadının bütün genomu kopiyalanmasaydı, bu gün pivə və şərab olmayacaqdı. Aydın olur ki, hər birimizdə bəzi genlərin əlavə kopiyaları var və bu "kopiya sayı müxtəlifliyi fenomeni" adlanır.

Daha mürəkkəb bədən quruluşunun təkamülü, embrional inkişafda mühüm rola sahib Hox genlərinin qismən təkrarlanan kopiyalayarının bir nəticəsi olaraq görülür. Bioloqlar, ardıcıl mutasiyaların meduza və anemonların əcdadlarındakı protoHox genlərinin daha kompleks məməlilərin 39 Hox geninə necə çevrilməsi üzərində araşdırma aparırlar.

Mutasiyalar yeni növlərin təkamülünə səbəb ola bilərmi? 

Bəli, ola bilər. Abalon molyusklarının müxtəlif növləri yumurta səthindəki "kilidə" yapışan spermatozoidlər üzərindəki "açar" zülalda meydana gələn bir mutasiyadan təkamülləşmişlər. Qeyri-mümkün kimi görünə bilər, lakin bəzi yumurtalar qeyri-adi spermalar tərəfindən nüfuz edilməyə (mayalanmağa) hazır olurlar. Eyni hadisə meyvə ağcaqanadlarında da görülür və digər bir çox canlıda da görülməsi mümkündür. Maya göbələklərində yeni növlərin yaranmasına səbəb olan mutasiyalar yalnız təsbit edilməklə qalmamış, hətta əksinə çevrilmişlər.

Misalların siyahısını artırmaq olar, ancaq hələlik bunlarla kifayətlənirik. Bir başqa iddia isə "mutasiyaların əksinə çevrilə bilməyəcəyi" şəklindədir. Bir çox mutasiya, sonrakı mutasiyalarla geri dönməyi bacarır -məsələn, DNT-nin tərkib hissələrindən olan azot əsası Adenin əvvəl Quaninə və sonra isə yenidən Adeninə çevrilə bilir. Əslində, tərs mutasiya və ya "geri dönmə" hadisəsinə çox rast gəlinir. Məntiqlə, əksinə mutasiya, xüsusiyyət itkisinə səbəb olan hər hansı bir mutasiya üçün faydalı olmalıdır. Dolayısıyla, mutasiyaların xüsusiyyətləri itirdiyi və yeni xüsusiyyətlər qazandırmadığı iddiası yalnız elmi faktlara deyil, eyni zamanda məntiqə də zidddir.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top