November 19, 2013

Lenski təcrübəsi hələ də davam edir

Buraya daxil olaraq bəzi təməl məlumatları əldə edə biləcəyiniz "Lenski təcrübəsi", ya da başqa adıyla "Escherichia coli Uzunmüddətli Təkamül Təcrübəsi Layihəsi" (LTEE), təkamülün laboratoriyada müşahidə edilə biləcəyini göstərən, təkamülün şübhə edilməz fakt olduğunu elmi olaraq ortaya qoyan saysız tədqiqat və işlərdən yalnız biridir. Lakin təkamülə dair məlumat və proqnozlarımızı inkişaf etdirən bir xüsusiyyəti olduğuna görə digərlərindən daha əhəmiyyətlidir.

1988-ci ildə Miçiqan Ştatı Universitetində olan yalnız 12 təcrübə qabındaki E. coli bakteriyaları hal-hazırda 58.000-dən çox nəsil keçirmişdir və təcrübə hələ də davam edir. Təcrübədə, hər 500 nəsildən bir bakteriya populyasiyaları dondurularaq, eynilə fosillərin təkamülün bəzi mərhələlərini bizə göstərdiyi kimi, "fosil qeydləri" əldə edilmişdir. Lenski və tədqiqat qrupu, müəyyən aralıqlarla təcrübə nəticələrini hesabat olaraq elm ictimaiyyətinə çatdırmışdır. Science jurnalında dərc olunan son hesabat olduqca maraqlı məlumatlar verir.

Lenski və həmkarları hesabatda, bakteriyaların mühitə adaptasiya olmada hər hansı sərhəd görmədiklərini, təkamülün davamlı olaraq irəlilədiyi xəbərini çatdırırlar. Yəni mühit dəyişdikcə, bakteriyalar da davamlı olaraq seçmə təzyiqi altında mühitə adaptasiya olmağı davam etdirirlər. Santa Cruzda yerləşən Kaliforniya Universitetindən olan John Thompson belə deyir:

"Bu hesabatda verilən nəticələr, canlıların, yaşadıqları mühitə adaptasiya ola bilmələrində bizim düşündüyümüzdən daha çox üsullar olduğunu göstərir."

Lenski, öz həmkarları ilə birlikdə təcrübənin son 25 ili ərzində, cəmi 41 müxtəlif vaxtlarda dondurulmuş bakteriyaları yenidən həyata gətirərək bu canlılardan yeni populyasiyalar yaratmağa nail olmuşdur. Həmin bu nəsilləri, müasir nəvələriylə bir mühitə yerləşdirərək təkamül uyğunlaşmasının müvəffəqiyyətlərini müşahidə etmişdirlər. Beləcə tədqiqatda görülmüşdür ki, 40.000-ci nəsil ilə 50.000-ci nəsil arasında mühitə uyğunlaşma müvəffəqiyyətində 3%-lik artım yaranmışdır.

Tədqiqatçılar, bir kompyuter modeli istifadə edərək bu təcrübənin 2,5 milyard il ərzində davam etsə nələr ola biləcəyini anlamağa çalışdılar və kompyuter təkamülün hər hansı bir sərhədini göstərə bilmədi. Almaniyada yerləşən Cologne Universitetindən olan Joachim Krug, The Scientist jurnalına bunları bildirdi:

"Təkamüldə hər zaman təmir edilə biləcək şeylər var. Bu səbəbdən, strukturları bir az daha yaxşı hala gətirməyin hər zaman bir yolu var."

Təcrübə, bizlərə təkamüllə bağlı çox əhəmiyyətli məlumatlar verir. Yayılmış inancının əksinə təkamül, bir bakteriyanın bir pişiyə çevrilməsi deyil. Bəli, təkamül müddəti ərzində bakteriyalar kimi primitiv canlılardan yaranan orqanizmlər pişiklərin də, itlərin də, insanların da meydana gəlməsinə səbəb olmuşdur, bu doğrudur. Amma buna səbəb olan şərtlərin və müddətlərin laboratoriyada birə-bir tətbiq olunması qeyri-mümkündür. Ən kiçik bir parametr dəyişikliyi, canlının təkamülündə xaotik dəyişikliklərə səbəb ola bilər. Bu səbəbdən tədqiqatçılar belə bir təkamül dəyişikliyini müşahidə etməyi gözləmirlər, çünki buna heç kimin ömrü çatmayacaq. 80 illik insan ömrü, hətta 200.000 illik Homo sapiens mövcudluğu belə, 3,8 milyard ildir davam edən təkamül üçün dilə gətirilməyə dəyməyəcək müddət aralıqlarıdır.

Lakin tədqiqatlarda müşahidə edilənlər olduqca dəqiqdir: canlılar, yaşadıqları mühitə adaptasiya olurlar. Bu mühitə adaptasiya ola bilmək üçün strukturlar dəyişilmək məcburiyyətindədir: fizioloji dəyişiklik, anatomik dəyişiklik, hətta davranışlarda olan dəyişikliklər... Bunların hamısı bir yerdə yığıldıqda, müəyyən bir müddət keçdikdən sonra canlılar o qədər fərqliləşirlər ki, bəlkə kənardan baxıldığında hələ də əcdad növlə eyni quruluşdaymış kimi görünsə də, tamamilə yeni bir canlı növü təkamülləşir. Təkamül də məhz bu şəkildə irəliləyir.

Qaynaq: The Scientist
daha ətraflı...

November 18, 2013

Qara dəliyin içində ola bilərik

Rusiyalı alimlər Böyük Partlayış nəzəriyyəsinə alternativ yeni bir nəzəriyyə hazırladılar. Bunun üçün Fizika İnstitutu Astrokosmik Mərkəzinin (ACFİ) üzvləri qara dəliklərin digər tərəfini müşahidə etmək qərarına gəldilər.

Nəzəri fizik Vladimir Lukaş açıqlamasında bunları dedi:

"Təbii ki qara dəliklərin içinə baxmaq qeyri-mümkündür, amma biz, klassik nisbilik nəzəriyyəsinin işləmədiyi yerlərdə riyazi modellə fotonların ötürülməsi prosesini izləməyə nail olduq."


Qara dəlik - cazibə qüvvəsi həddindən artıq güclü olan obyektdir, hətta işıq belə ondan qaça bilmir, daha dəqiq desək, işığın hissəcikləri olan fotonlar. Məhz bu nöqtədə nə zaman, nə də məkanın mövcud olmadığı, yalnız sonsuz sıxlığın müşahidə edildiyi sinqulyarlıq adlandırılan ərazi başlayır.

Bu gün kainatımızın Böyük Partlayış nəticəsində belə bir sinqulyarlıqdan meydana gəldiyi hesab edilir. Amma daha bir neçə sual cavablandırılmamış qalır: partlayışa səbəb nə idi və partlayışdan əvvəl nə var idi?

Vladimir Lukaş və həmkarı Vladimir Strokov, sinqulyarlıq ərazisini "hamarlaşdıran" xüsusi riyazı prosedur hazırlayaraq, fotonların qara dəliyin digər tərəfindən çıxmasını təmin etdilər və sinqulyarlıq ərazisinin digər tərəfinə boylandılar.

Lukaş belə izah edir:


"Bunu, qapı sayəsində bir-birindən ayrılmış iki otaq kimi təsəvvür edə bilərsiniz. Biz qapının digər tərəfində necə bir dünya olduğunu bilmirik, orada da bizim dünyanın necə bir yer olduğu məlum deyil. Qapını açmaq mümkün deyil, amma qapıya gözcük yerləşdirib içəri baxa bilərik."


İndiyə qədər aşılmamış səddi aşmağa çalışan rus alimləri, qara dəliklərin digər tərəfində başqa bir kainatın formalaşma prosesinin getdiyini aşkar etdilər. Bizim kainatdan qara dəliyə düşən maddə, qara dəliyin daxilində güclü qravitasiyaya çevrilir.


"Deyişən, həmçinin də qravitasion sahələrdə hissəciklərin yaranma effekti fizikaya məlumdur. Ulduzun qara dəliyə çökməsi prosesi baş verdikdə hissəciklərin yaranmasını təmin edən güclü qravitasiya sahəsi meydana gəlir. Genişlənməyə impuls verildikdə, kosmik oyunun içinə maddələri tutub böyük həcmlərə qədər şişirdən proseslər daxil olur." - Lukaş açıqlamasında belə dedi.


Alimlər bizim kainatın da eynən bu yolla, sanki bir şar kimi şişərək yarandığını bildirdilər. Lukaş, bizim "Genişlənən Kainat" adlandırdığımız obyektin əslində, təxminən 14 milyard il əvvəl şişməsinə impuls verilmiş və qravitasiya təsiri altında olan hissəciklərdən və maddədən ibarət struktur olduğunu hesab edir.

Vladimir Strokov son olaraq bunları əlavə etdi:

"Yəni, biz bir qara dəliyin içindəyik, çöldə isə bizə məlum olmayan bir digər kainat mövcuddur."

Belə halda, ağılda kainatın fərqli məntiqi dünyagörüşü meydana gəlir. Alimlər verdikləri açıqlamada bu yeni nəzəriyyədə Böyük Partlayışın xüsusi yerinin olmadığını deyərkən, onun sadəcə bizim kainatımızın necə yarandığına dair izahlar verdiyini bildirdilər.


Qaynaq: SpacePhys
daha ətraflı...

Darvinin Qara Qutusu "Ağardı"

Əvvəllər təkamülə qarşı iddialarıyla gündəmə gələn biokimyaçı Michael Behe artıq təkamülün fakt olduğuna əmin olmuşdur. Maraqlıdır ki, illər əvvəl irəli sürdüyü və bu gün artıq təkzib edilmiş iddiaları hələ də elm düşmənləri olan kreasionistlər tərəfindən təkamülü gözdən salmaq məqsədi üçün istifadə edilir. Bu, ya onların yeni elmi xəbərləri izləmədiklərindən, ya da hələ də bilərəkdən insanları aldatmaq arzularından qaynaqlana bilər. Kreasionizmə nəyə görə "saxta elm" adı verilmiş olduğunu indi daha yaxşı anlayırıq.

Uzun illər Təbii seçməyə və Təkamül nəzəriyyəsinə münasibətdə əleyhdarlığıyla tanınan və "Sadələşdirilməz Mürəkkəblik" iddiasını irəli sürən Lehigh Universitetindən olan biokimyaçı prof. Michael Behe, 2010-cu ilin dekabr ayında The Quaterly Review of Biology jurnalında dərc etdiyi "Təcrübi Təkamül, Funksiya İtirici Mutasiyalar və Adaptiv Təkamülün İlk Qaydası" başlıqlı məqaləsində təkamül həqiqətini qəbul etdiyini elan etmiş oldu və 1996-cı ildə "Darvinin Qara Qutusu" adıyla çap etdirdiyi kitabıyla Təkamül Biologiyasına qarşı başlatdığı müharibəni, 2000-ci illərdə elmin yeni tədqiqatların gətirdiyi faktlarla dayandırdı. Həmin məqaləyə göz gəzdirə bilərsiniz.

Bu arada, məqalədə olduqca maraqlı məlumatlara rast gəlirik:


- Behe, son 40 ildə edilən təkamül təcrübələrini araşdırır. Bunlar arasında Lenskinin təcrübəsi də var.
- Behe, Lenski təcrübəsini təkamülü aydın şəkildə sübut edən və bir çox suala cavablar verən əhəmiyyətli elmi kəşf olaraq xarakterizə edir.
- Behe, təkamül yoluyla növlərin dəyişə biləcəyini, yeni xüsusiyyətlər qazanıb-itirə biləcəyini və var olan bir xüsusiyyətin bir digər funksiya üçün təkmilləşə bildiyini qəbul edir.
- Behe bu dəyişikliklərin arxasında Molekulyar Təkamülün yer aldığını göstərir.
- Behe, Darvinin təbiətdə müşahidə etdiyi "Adaptiv təkamülü", ya da "Təbii seçməni" molekulyar səviyyəyə endirib öz deyimiylə "Adaptiv Təkamülün İlk Qaydası" adıyla təyin edir.
- Məqaləsinin nəticə hissəsi bu sözlərlə başlayır: "Adaptiv təkamül, növlərin yeni xüsusiyyətlər qazanmasına, xüsusiyyətlər itirməsinə və ya xüsusiyyətlərin modifikasiyasına səbəb ola bilər."
- Məqaləsi bu sözlərlə qurtarır: "Təkamülün saysız qədər istiqaməti var və burada izah etdiklərim də diqqətə dəyərdir."


Gördüyünüz kimi, hər şey aydındır.


Müəllif haqqında qısa xronologiya:


1996 - Behenin "Sadələşdirilməz Mürəkkəblik" dediyi cəfəngiyyatı irəli sürərək təkamülə müharibə başlatması

2001-2005 - Sadələşdirlilməz Mürəkkəblik ilə əlaqələndirilən bütün kompleks strukturların təkamül sayəsində açıqlana bilməsinin təsdiq edilməsi

2005 - Sadələşdirilməz Mürəkkəblik anlayışının son qalası olan "göz" quruluşunun təkamül sayəsində açıqlanması

2006 - Behenin yoxa çıxması

2007-2009 - Behenin təkamülü növ əsasında qəbul etdiyinə dair açıqlaması və tədqiqatlarının dərc edilməsi

2010 - Behenin Təkamülü tam qəbul etməsi
daha ətraflı...

November 17, 2013

Görünməzlik kəşf edildi

Görünməzlik artıq elmi fantastika olmaqdan çıxa bilər. Çinli bir qrup elm adamı görünməzlik təmin edən yeni bir cihaz hazırladı. Amma bu cihaz yalnız müdafiə etmə məqsədi üçün istifadə ediləcək.

Zhejiang Universitetində olan tədqiqatçılar işığı bükə bilən bu cihaz sayəsində obyektləri görünməz hala sala bilirlər. Şüşədən hazırlanmış altıbucaqlı cihazın içindən keçən taxta qələm, balıq və pişik işıq bükmə texnologiyası ilə görünməz oldu.

Alimlər, obyekti pərdələmə cihazıyla sardıqlarını izah edirlər. Bu cihaz, gözümüzə çatmadan əvvəl işığın, gizləmək istədiyimiz obyekti keçməsini və sonra obyektə geri dönməsini təmin edir. Bu sayədə arxa tərəf görünməyə davam edir, cihazın içindən keçən obyekt isə görünməzlik qazanır. Texnologiyanın hazırlanmasında hələ ki ilk mərhələdə olduqlarını deyən alimlər, irəlidə cihazın hərbi məqsədlər üçün istifadə edilə biləcəyini bildirdilər.

Qaynaq: WantChinaTimes
daha ətraflı...

Ən qədim bakterial ekosistem tapıldı

Alimlər Avstraliyada aparılan tədqiqatlarda 3,5 milyard il əvvəlinə aid kompleks bakterial ekosistemin izlərinə rast gəldi. Bu tapıntının, Yerdəki ən qədim həyat nümunəsi olduğu məlum oldu.

Tədqiqatçılar, Qərbi Avstraliyanın Pilbara bölgəsində yerləşən qaya layları üzərində apardıqları tədqiqatda, milyard illər əvvəlinə uzanan həyat izləri tapdı. Guardian'a açıqlama verən Qərbi Avstraliya Universitetindən olan prof. David Wacey, tapıntıların, yer üzündəki həyatın tarixini bir neçə milyon il daha geriyə apardığını dedi. Wacey:


"Pilbara bölgəsi, Yerdə ən az dağılmış qədim qaya strukturlarına sahibdir. Əvvəllər apardığımız tədqiqatlarda 3,45 milyard il əvvəlinə dayanan həyat izləri tapmışdıq. Bu dəfə isə bir az daha geriyə getməyi bacardıq."


Wacey, ekosistemin aşkar edildiyi Dresser qayalığından alınan nümunələrdə qədim bakteriya qrupları tapdıqlarını dedi. Qruplar halında yaşamağa uyğunlaşan bu qədim bakteriya və mikroblar, ehtiyac duyduqları kimyəvi struktura görə qayaların fərqli təbəqələrində yaşamış, işığı sevənləri isə qayaların üst laylarında yerləşmişdir.


Qədim bakteriyaların aid olduğu 3,5 milyard il əvvəlki dövrdə planetin böyük hissəsi okeanlarla örtülmüşdü və temperatur bu günkindən daha yüksək idi. Bakteriyaların meydana gəlməyə başladığı bu dövrdə hələ inkişaf etmiş növlər təkamülləşməmişdi.

Wacey, həmin dövrdə atmosferdə demək olar ki oksigenin heç tapılmadığını, CO2 və metan qazının isə yayılmış olduğunu açıqladı.

Yer üzünün böyük hissəsinin okeanlarla örtülü olduğu dövrdə aktiv vulkanik fəaliyyət yaşanırdı və atmosferdəki sulfid faizi həddindən artıq idi. Yalnız 2,5 milyard il əvvəl nüvəli hüceyrələrə sahib olan canlılar meydana gəlməyə başlamışdı.

Pilbara bölgəsindəki qayalıqların Marsdakı qaya strukturlarına çox oxşadığını deyən Wacey, həmçinin tədqiqatların bizə bir gün başqa bir planetdə həyat olduğuna dair işarələr verə biləcəyini də bildirdi.

Qaynaq: CarnegieScienceScienceDaily
daha ətraflı...

November 16, 2013

4 milyard il əvvəl Mars belə idi

NASA-nın Goddard Kosmik Mərkəzi tərəfindən hazırlanan animasiyada Marsın 4 milyard il əvvəlki halı süni şəkildə göstərildi. Mars səthində olan kəşfiyyatçı ağıllı robotların və peyklərin göndərdiyi məlumatlarla hazırlanan simulyasiyada 4 milyard il əvvəl səmanın göy rəngə çalan bir rəngdə olduğu, səthdə isə göllər və çayların olduğu görülür. Planetin Yerlə müqayisədə daha kiçik olması, mövqeyi etibarilə daha uzaqda yerləşməsi səbəbindən Marsın zamanla müasir halına doğru dəyişildiyi hesab edilir.


daha ətraflı...

Musiqini 30 milyon il əvvəl öyrəndik

Biology Letters jurnalında dərc olunan araşdırmada, həyatımıza musiqi və dilin ilk dəfə 30 milyon il əvvəl girdiyi bildirilir.

Təqiqatda iştirak edən Andrea Ravignani, Discovery News'a verdiyi açıqlamasında, "Musiqili davranışlar ilk addımlar olaraq qəbul edilə bilər. Buna görə də ilk dil hesab olunurlar" dedi.

Vyana Universitetindən olan bioloq Ravignani və həmkarları, tədqiqatda hecalar, sözlər və musiqi qeydləri arasında əlaqə qurma qabiliyyətini araşdırdılar. Nümunə olaraq, Do-Re-Mi doğru qəbul edilərkən, Do-Re-Fa səslərinin gözlənilən ardıcıllığı verməməsi səbəbiylə səhv qəbul edilməsi göstərildi.

Edilən təcrübədə, hər nə qədər insanlar kimi reaksiya verməsələr də, sincabaoxşar meymunlar kiçik bir otağa qoyuldu və onlara müxtəlif musiqilər dinlədildi. Arabir yeməklə doyuzdurulan meymunlar, bu sayədə darıxmadan təcrübəyə adaptasiya oldular. Təcrübədə, Do-Re-Fa kimi yalnış not ardıcıllığı verildiyində, meymunların səsə daha çox diqqət etdiyi müşahidə edildi.

Sincabaoxşar meymunların təcrübədə səs ardıcıllıqları və dəyişmələrini anladıqları sübut edildi. Təcrübə sayəsində, həm dil, həm də musiqi üçün əhəmiyyət daşıyan bu qabiliyyətin insan və meymunların ən son ortaq əcdadı hesab olunan sincabaoxşar meymunların əcdadlarında 30 milyon il əvvəl ortaya çıxdığı iddiası irəli sürüldü.

Alimlər quşlar kimi səs çıxara bilən sincabaoxşar meymunların və şimpanzelər kimi digər növlərin musiqi mövzusunda düşündüyümüzdən daha çox bacarıqlı ola biləcəyini dedilər. Ravignani şimpanzelərin, onlar üçün hazırladıqları xüsusi zərb alətlərinə böyük maraq göstərdiyini bildirdi.

Təcrübə barədə fikirlərini bildirən Wisconsin-Madison Universitetindən olan psixologiya və zoologiya professoru Charles Snowdon bunları dedi:


"Musiqi qabiliyyətinin və qavrayışının qədim insanlarda yaranması yerinə daha qədim bir tarixə malik olması gözləmədiyimiz xəbər deyil."


Qaynaq: ZMEScience
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top