February 22, 2018

Kainatda mövcud olan ulduz növləri


Ulduzlar da canlı varlıqlar kimi növlərə ayrılır. Ulduz növləri, yaranma anındakı kütləsindən tutmuş, ömrü boyunca baş verən dəyişmələrə qədər bir çox amil tərəfindən təyin olunur. Bu yazımızda, kainatda görə biləcəyimiz müəyyən ulduz növlərinə və onların əsas strukturlarına nəzər yetirəcəyik.

Ulduzların "sağlam ömür" yaşadığı bir zaman kəsiyi vardır. Astronomlar ulduzların bu balanslı və sağlam ömür hissəsini "ana mərhələ" olaraq xarakterizə edirlər. Ulduz bu müddət ərzində, nüvəsindəki çox sıx maddənin böyük qismini meydana gətirən hidrogeni heliuma çevirərək enerji istehsal edir.

Ana mərhələ ulduzları kütlələrinə görə (Günəşin kütləsini "1" olaraq götürürük) təsnif edildikdə, ən ağırdan ən yüngülə doğru, simvolik olaraq O, B, A, F, G, KM hərfləri ilə adlandırılır. Bu hərflər, ulduzun kütləsini və eyni zamanda spektr növünü göstərir.

Bu şəkildə, O-B spektr növünə aid bir ulduzun mavi, K-M spektr növünə aid digər ulduzun isə narıncı işıltısı görülür

Ana mərhələnin müddəti ulduzun doğum anındakı kütləsinə görə fərqlilik göstərsə də, gənclik günləri əvvəl-axır sona çatan ulduzumuz dəyişməyə və fərqli növlərə çevriləcəyi mərhələyə daxil olmağa başlayır. Ümumi prinsip belədir: ulduzun kütləsi nə qədər azdırsa o qədər uzun yaşayar. İndi, bir-bir müəyyən ulduz növlərinə baxaq.

1. "Proxima Centauri" Tipli Qırmızı Cırtdan Ulduzlar (M Spektr Sinfi)


Günəşin 7.5-60%-i qədər kütləyə sahib olan M sinif qırmızı cırtdan ulduzların ana mərhələdə keçirdikləri müddət kütlələrinə görə 70 milyard il ilə bir neçə trilyon il arasında dəyişir. Kütləsi ən çox olanlar ömürlərinin sonunda ağ cırtdana çevrilərək ölürlər. Daha aşağı kütləli cırtdanlar isə, yavaşca sönərək qara cırtdana çevriləcək. 13.8 milyard yaşlı kainatda, indiyə qədər heç bir qırmızı cırtdan ulduz ana mərhələdən çıxıb qara cırtdana çevrilərək ölməmişdir.

Qırmızı cırtdan ulduzlar, kainatda sayca ən çox olanlardır və bütün ulduzların 80%-ni təşkil edirlər.

2. "Epsilon Eridani" Tipli Narıncı Cırtdan Ulduzlar (K Spektr Sinfi)


Günəşin 60-85%-i qədər kütləyə sahib olan K sinif narıncı cırtdan ulduzların ana mərhələdə keçirdikləri müddət, kütlələrindən asılı olaraq 20-50 milyard ildir. Bu müddətin sonunda, əvvəl qırmızı nəhəng ulduza, sonra isə planetar dumanlıq meydana gətirərək ağ cırtdana çevrilib ölürlər. Kainatda, bu günə qədər heç bir K sinif ana mərhələ ulduzu qırmızı nəhəngə çevriləcək qədər yaşlanmamış və ölməmişdir.

Narıncı cırtdan ulduzlar, kainatda var olan ulduzların təxminən 8%-ni təşkil edirlər.

3. "Günəş" Tipli Sarı Ulduzlar (G Spektr Sinfi)


Günəşin 85-110%-i qədər kütləyə sahib olan G sinif sarı cırtdan ulduzlar, kütlələrindən asılı olaraq 8-15 milyard il ana mərhələdə qalır və sonradan qırmızı nəhəngə çevrilirlər. Sonda isə planetar dumanlıq meydana gətirib ağ cırtdana çevrilərək həyatlarını başa vururlar. Kainatda bu günə qədər yaranan Günəş kimi ulduzların yarıya yaxını ya qırmızı nəhəngə çevrilmiş, ya da ağ cırtdana çevrilərək ölmüşdür.

Sarı ulduzlar, kainatda var olan ulduzların təxminən 3.5%-ni təşkil edirlər.

4. "Sirius" Tipli Ağ Ulduzlar (A və F Spektr Sinfi)


Günəşdən 1.5-2.5 dəfə artıq kütləyə sahib olan A və F sinif ulduzların ana mərhələsi, kütləsindən asılı olaraq təxminən 300 milyon il ilə 4 milyard il arasında bir müddəti əhatə edər. Bu müddətin sonunda ulduz qırmızı nəhəngə çevrilir. Sonra, əvvəl planetar dumanlığa və nəhayət ağ cırtdana çevrilərək ölür. Bu gün var olan qırmızı nəhəng ulduzlarla ağ cırtdanların çox böyük bir qismi A və F sinif ulduzların yaşlanması və ölməsi nəticəsində meydana gəlmişdir.

Kainatda bu gün mövcud olan ana mərhələdəki ulduzların 0.7%-i A, 2%-i F sinif ulduzlardır.

5. "Eta Carinae" Tipli Mavi-Ağ Nəhəng Ulduzlar (O və B Spektr Sinfi)


Günəşdən 3.5-120 dəfə artıq kütləyə sahib olan O və B sinif nəhəng ulduzlar üçün ana mərhələ, kütləsindən asılı olaraq 1-150 milyon ildir. Bu müddətin sonunda ulduz sürətlə qırmızı nəhəngə, sonra isə, ən böyük kütləli olanlar supernova partlaması nəticəsində neytron ulduzuna və ya qara dəliyə çevrilir. Daha aşağı kütləli olanlar isə, qırmızı nəhəng mərhələsindən sonra planetar dumanlıq meydana gətirərək ağ cırtdan kimi həyatla vidalaşırlar.

Bu ulduzlar, kainatda ən az ulduz növüdür və bütün ulduzların yalnız 0.1%-i B, 0.00001%-i O sinif ulduzlardır.

6. "Betelgeuse" Tipli Qırmızı Nəhəng Ulduzlar


Ana mərhələnin sonuna gəlib yaşlanan ulduzun nüvəsindəki hidrogen azaldıqda, artıq ulduzu doğulduğu gündən bəri daxilə çökməyə məcbur edən cazibə qüvvəsinin qarşısını alan şüalanma təzyiqi azalır və ulduzun hidrostatik tarazlığı pozulur. Pozulan tarazlıq səbəbi ilə cazibə qüvvəsi üstünlüyü ələ alır və ulduzu meydana gətirən maddə öz ağırlığı altında daxilə çöküb sıxılmağa başlayır.

Günəşin indiki və 5 milyard il sonrakı ölçüləri

Ulduz çökdükcə, sıxışan nüvə bölgəsindəki təzyiq və istilik artır. Təzyiq və sıxılmanın yaratdığı istilik nüvədə 100 milyon santiqrad dərəcəyə çatdıqda, nüvədə yığılmış helium atomları, birləşərək karbon atomları meydana gətirməyə başlayır.

Eyni anda, nüvə ətrafında fəaliyyətsiz qalmış bütün hidrogen də reaksiyaya daxil olur. Ortaya çıxan bu ani və böyük enerji ulduzun çökməsinə maneə törətdiyi kimi, başqa bir hadisəyə də səbəb olur: Ulduz genişlənməyə başlayır. Bu genişlənən ulduzlara "qırmızı nəhəng" deyirik.

Tipik qırmızı nəhəng ulduz, başlanğıc kütləsinə görə ana mərhələdəki diametrindən 100, hətta bir neçə min dəfə böyük ölçüyə çata bilər.

7. Ölü Ulduzlar


Bu yazımızda saydığımız müəyyən ulduz növləri, "ulduzların enerji istehsal edib hələ də parlamağa davam etdikləri" müddət içində görülürlər. Neytron ulduzuAğ Cırtdan ulduzlar, artıq enerji yaratmaq qabiliyyətini itirmiş, ölü ulduzlardır və onları ulduz növləri adı altında təsnif etməyimiz doğru olmaz. 

Bundan əlavə, bəzən səhv olaraq ulduz kimi xarakterizə edilən "Qəhvəyi Cırtdan" adlı göy cisimləri də ulduz deyil. 


Mənbə: kozmikanafor.com
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top