February 14, 2018

Eşqin təkamülü və niyə aşiq oluruq?


Onu görürsünüz... Gözlərinə baxdığınız, qoxusunu duyduğunuz, bədəninə toxunduğunuz zaman yerə-göyə sığmırsınız. Ürək döyüntüləriniz sürətlənir, üzünüz qızarır, döş qəfəsiniz üzərində bir ağırlıq hiss edirsiniz. Qarnınızda sanki "kəpənəklər uçuşur". Əgər təsir kifayət qədər güclüdürsə düzləriniz zəifləyir və halsızlaşmağa başlayırsınız. 

Yalnız bu qədər də deyil! Tərləyirsiniz, göz bəbəkləriniz böyüyür. Ətrafa, tər qoxunuzla qarışacaq şəkildə az miqdarda qoxu hormonları (feromonlar) saçmağa başlayırsınız. Bunların miqdarı, təsirləndiyiniz adamın yanında qalmağa davam etdiyiniz müddətdə daha da artır. Bu arada iştahınız itir, mədə və bağırsaqlarınız daha yavaş işləməyə başlayır, ağzınız quruyur. Çünki bədən əsas funksiyalardan olan çoxalma (seks) instinktinə yönəlmişdir. Beyninizin fəaliyyəti artır, bədən, var olma məqsədini həyata keçirmək üçün hazır vəziyyətə gətirilir. 

Siz, aşiqsiniz.

Bəli, eşqi tərif etmək mövzusunda ədəbiyyatçılar və filosoflar qədər müvəffəqiyyətli olmadığımızı qəbul edirik. Çox təəssüf ki, bu günə qədər öyrədilən və xəyallarınızdakı eşqi izah edə bilmirik. Lakin bir mövzuda dəqiq şəkildə iddialıyıq: Eşqi sizə bu günə qədər edilənlərin hər birindən daha həqiqi və dəqiq şəkildə izah edə, mövzuyla əlaqədar elmi reallıqları ortaya qoya və sizə "əsl eşq"dən kənar, "eşqin həqiqətlərini" izah edə bilərik. Bu məqaləmizdə də bunu etməyə çalışacağıq. Ümid edirik ki, faydalı olacaqdır.


Bildiyiniz kimi eşq mövzusunda minlərlə şeirlər yazılmış, mədhiyyələr qoşulmuş, mahnılar bəstələnmiş, əfsanələr uydurulmuş, nağıllar yaradılmış və eşqin gücü, qulaqdan qulağa, "ürəkdən ürəyə" bütün dünyanı ələ almışdır (aha, indi deyəsən bir az ədəbi oldu, nə deyirsiniz?). Yaxşı, bütün bu bənzətmələr və az qala heç bir zaman həqiqəti əks etdirməyən şişirdilmiş hekayələr bir tərəfə, doğrudan da, görəsən eşq nədir? Niyə aşiq oluruq? Daha əhəmiyyətlisi, eşq kimi bir duyğu təkamül prosesində hansı səbəbdən inkişaf etmiş, qorunmuş və dəstəklənmişdir? Digər heyvanlar da aşiq olurmu? Eşqin sevgidən fərqi varmı və varsa nədir? 

İlk olaraq, az əvvəl də toxunduğumuz kimi eşq, heç də ədəbi kitablarda göstərilən "sehirli" bir mexanizmə sahib deyil, əksinə, olduqca adi və mexaniki olaraq inkişaf edən bir duyğudur. Elmi baxımdan, ən fundamental duyğu olan qorxudan və ya bir çox heyvan növündə görülən xoşbəxtlikdən elə bir fərqi yoxdur. Əlbəttə insanların bu duyğunu şişirtmələri və mədəni təkamülləri daxilində izah etmələri son dərəcə təbiidir və elm adamları tərəfindən anlaşılandır. Bu, növümüzü qismən fərqləndirən xüsusiyyətlərdən biridir və bu cür cazibədar, həqiqəti əks etdirməyən, ancaq insan daxilindəki estetik duyğulara xitab edən tərifləri çox da kiçiltməmək lazım olduğunun da fərqindəyik. Nəticədə mədəni subyektlərimizin hər biri insanı "insan" etməyə xidmət edir və buna ədəbi izahlarımız da daxildir. Lakin şeirlər və dərin fəlsəfi düşüncələr insanı bir yerə qədər xoşbəxt etsə və müxtəlif mövzularda dərin düşüncələrə sövq etsə də, bir nöqtədən sonra beyin, istər istəməz "Bütün bunlar xoşdur, amma eşqin arxasında gizlənən həqiqət nədir?" deyə soruşacaqdır. Onda bu sualın cavabını yalnız elm verə bilər. 

Eşq Nədir?

Eşqin elmi tərəfini anlamaq istəyən, əvvəlcə bunu bilməli və qəbul etməlidir: Eşq, bədənimizdəki başqa proseslər kimi, tamamilə biokimyəvi reaksiyalardan ibarətdir və heç bir metafizik və mütləq olaraq "mücərrəd" olan bir məna daşımır! Çox vaxt insanlar bunu qəbul etməkdə çətinlik çəkirlər və böyük ehtimalla bu sətirlərin oxucuları olaraq siz də qeyd etdiyimiz həqiqəti inadla, bəlkə də acıqla rədd edəcəksiniz. Çünki bir çox insan, xüsusilə eşq kimi çox vaxt müsbət, ancaq yeri gəldikdə əzab verə bilən "epik" duyğulardan danışdıqda, mövzunun ədəbi və fəlsəfi dərinliyi içərisində itməkdə və reallıqdan uzaqlaşmaqdadırlar. Həqiqət, son dərəcə sadə bir şəkildə gözümüzün qarşısındadır: eşq, bütün duyğular kimi neyronal və hormonal yollar vasitəsi ilə izah edilir. Bunu məqalə boyunca görəcəksiniz. 

Yəqin ki çoxunuzu güldürəcək qədər sadə görünən, lakin cəmiyyət içərisində mövcud olan yanlış inanclarla əlaqədar olaraq qeyd etmək istədiyimiz ikinci əhəmiyyətli nöqtə budur: eşq, qəti şəkildə ürəklə əlaqədar bir duyğu deyil və başqa duyğular kimi yalnız və yalnız beyində meydana gəlir. Yəni, bütün duyğular kimi "eşq" də beyində yaranr, beyində qəbul edilir və beyində bitir. Beyində baş verən bu proseslər digər orqanlara təsir etsə də, yaşanan duyğuların təsirlənən orqanlarla (məsələn ürəklə, əzələlərlə, bağırsaqlarla) heç bir əlaqəsi yoxdur. 


Bu dəqiqləşdirmələrdən sonra, gələk eşqin tərifinə... Məşhur Merriam-Webster lüğətində olduqca sadə bir şəkildə təyin olunmaqdadır: 

"Eşq, güclü bir bağlılıq hissi və fərdi bağlanma duyğusudur". Biz bu duyğunu sevgi və eşq deyə iki şəkildə araşdırsaq da, İngilis dilində belə bir fərq yoxdur və hər növ sevgi üçün "eşq" sözü istifadə edilməkdədir. Bu səbəbdən, lüğətdəki eşqin yalnız kişi və qadın arasındakı sevgi olaraq düşünülməsi doğru olmayacaq. Ancaq bu məqalədəki eşqin, "fərdin öz cinsi oriyentasiyası daxilində, maraq duyduğu cinsə qarşı sıx sevgi duyma halı", yəni gündəlik həyatda istifadə etdiyimiz "eşq" olduğunu ifadə etmək istəyirik. 

Eşqin Təkamül Əsasları

Eşq, bütün duyğular kimi adi və məşhur bir duyğu olduğuna görə, bioloji olaraq araşdırıla bilməsi lazımdır. Bu duyğu, bir deyil müxtəlif elm sahələri tərəfindən araşdırılmaqdadır. Məsələn bunlar arasında təkamül psixologiyası, təkamül biologiyası, antropologiya və neyrofiziologiya vardır. Biz mövzunu yalnız təkamül biologiyası və neyrofiziologiya baxımından ələ alacağıq.

İlk olaraq, eşqin hansı səbəbdən təkamülləşdiyini, yəni elmi mənşəyini izah etməkdə fayda görürük. Bu sayədə, aşiq olduğumuz zaman bədənimizdə meydana gələn bioloji və fiziki dəyişikliklərin səbəblərini daha asan anlaya biləcəyik.

Eşqin təkamülləşməsinin səbəblərini tam olaraq bilmək çox təəssüf ki mümkün deyil. Çünki duyğular, arxalarında fosillər buraxmır və birbaşa genlərlə analiz edilmirlər: fərddən fərdə, zamandan zamana, məkandan məkana dəyişə bilir və ətraf mühitlə, insanın öz keçmişi ilə və başqa nə qədər amillə çox möhkəm əlaqədədirlər. Hələ ki eşq kimi fərdin bütün xüsusiyyətlərinin cəminə bağlı olaraq ortaya çıxan bir duyğunun, bundan yüz minlərlə və hətta milyonlarla il əvvəlki versiyalarını görə bilməyimizin hər hansı bir yolu yoxdur. Lakin təkamül biologiyasında tez-tez müraciət edilən bir üsul olaraq, müasir (insan da daxil olmaqla) heyvan növlərinin sevgi anlayışlarına/davranışlarına baxaraq və bunlar arasındakı bənzərliklər ilə əkslikləri təhlil edərək, təkamül prosesindəki davranışları təyin etmək mümkündür. Üstəlik bu davranışların fizioloji mənşələrini anladıqca, genlər üzərindən gedərək hansı dəyişmələr yaşandığını və təkamül prosesində eşqin nə kimi əsasları tapıldığı mövzusunda nəticələr əldə edə bilər, bu nəticələri fərqli heyvan qruplarında test edərək səhv çıxara bilərik. 

İlk baxışda, eşqin təkamülləşməsinin ən kritik səbəblərindən birinin seks olduğu açıq şəkildə görüləcəkdir. Çünki artıq bilindiyi kimi, ən mürəkkəb heyvan növlərindən ən sadə quruluşlu bakteriyalara qədər bütün canlılar yaşamaq və çoxalmaq instinktləri üzərində qurulmuş bir genetik struktura sahibdir. Bu, həyatın var ola bilməsinin ən əsas qanunudur. Bu yolda, yaşamaq və ya çoxalmaq müvəffəqiyyətini artıracaq hər amil və üsul bir üstünlük olacaq və bu səbəbdən təbii proseslər sırasına seçiləcəkdir. Eşq də, çoxalmanı təmin etməyi və zəmanət altına almağı baxımından əhəmiyyətli bir amildir. Çünki, fərdlərin bir-birini anlaması və bir-birinə bağlanması üçün çox güclü bir hormonal amildir və bu sayədə, romantik bərabərlikdən baş verəcək cinsi birləşmə şansını qat-qat artırır. Bir duyğu olaraq eşq bu prosesi, empatiyaəlaqə qurma kimi ikincili duyğuları özündə saxlayaraq edir. İndi buna misal göstərək:

Xəyali bir mühit düşünək: 100-ü qadın və 100-ü kişi olmaqla hər biri 200 nəfərdən ibarət A və B qrupları olsun. İzahat asan olsun deyə hamının heteroseksual olduğunu düşünək, yəni kişilər qadınlardan, qadınlar da kişilərdən xoşlansın. A qrupunda, empatiya, əlaqə qurma, sevgi və nəhayət eşq kimi duyğular olsun. B qrupunda isə bu duyğuların heç olmadığını fərz edək. Bu vəziyyətdə, iki qrup sərbəst şəkildə buraxıldıqda, çoxalma müvəffəqiyyətləri təkamül baxımından eşqin hansı səbəbdən təkamülləşdiyinə dair fikirlər verəcək: Böyük ehtimalla, bir-birinə qarşı empatiya, sevgi və eşq duyan populyasiyalarda, özünə uyğun hesab etdiyi fərdə qarşı bağlanma, arzulama və sevgi duyma kimi hisslər, nəhayət cinsi müvəffəqiyyəti də gətirəcəkdir. Digər qrupda isə, hamı ilə təsadüfi cütləşmə, çox böyük ehtimalla bir-biriylə uyğunluğu olmayan fərdlərin cütləşmə ehtimalını artıracaq, bu da populyasiyanın gələcəyini təhlükə altına alacaqdır. Yəni eşq, seksin qarşısını açan və onu sığortalayan bir mexanizm olaraq təkamülləşmiş ola bilər. Bu yəqin ki belədir.


Burada başa düşülməsi lazım olan başqa bir vacib nöqtə var: Fərdi ehtiyat plan. Bir adama aşiq olub olmayacağımızı, oxşar şəkildə, kimə aşiq olacağımızı da seçə bilməməkdəyik. Bunun səbəbini heç düşündünüzmü? Bir kişi olduğunuzu düşünək: Bir qadına aşiq olduğunuzda, əvvəlcə dayanıb "Burnu 30 dərəcə əyriliyə sahib, gözləri bir-birindən 5 santimetr aralıı və mavi, saçları 56 santimetr uzunluqda və sarı, boyu 1.66 metr və çəkisi 55 kiloqram. Bu qız tam mənlikdir!" deyə düşünərsinizmi? Əlbəttə xeyr. Bir baxış belə, beyninizin anidən bir şəxsə bağlanmasına səbəb ola bilər. Təkamül üstünlüyü də burdan qaynaqlanmaqdadır: İmkan olan hər mühitdə cinsi müvəffəqiyyətə çatmaqdansa, o cinsi müvəffəqiyyəti təmin edəcək amilləri yaratmağınıza səbəb olacaq bir duyğunun təkamülləşməsi son dərəcə faydalıdır.

Bizim "fərdi ehtiyat plan" olaraq təyin etdiyimiz amil, eşq daxilində məhz buna görə əhəmiyyətlidir. Sizin kimə aşiq olacağınızı, bioloji və mədəni ehtiyat planınız təyin etməkdədir. Bioloji quruluşunuz, yəni genetik və inkişaf xüsusiyyətləriniz sizin ilk baxışdakı seçimlərinizi təyin etməkdə rol oynayır. Mədəni xüsusiyyətləriniz isə, aşiq olacağınız şəxslərin sizin üçün ictimai mənada nə qədər uyğun olduğunu müəyyənləşdirməyinizi təmin edəcəkdir. Bəzən ilk baxışda çox yaraşıqlı hesab etdiyimiz insanlar, onlarla danışdıqdan və ictimai-mədəni vəziyyətini anladıqdan sonra gözümüzdən düşür. Tam əksinə, ilk baxışda bəyənmədiyimiz şəxslərlə danışdıqca, onlara sevgi duyduğumuzu da fərq edə bilərik. Beləliklə beyniniz, bütün bu proseslər olarkən, sizin ictimai-bioloji ehtiyat planınız ilə bu şəxsin ehtiyat planı arasındakı uyğunluğa bağlı olaraq eşq duyğusunu, sizin nəzarətinizdən tamamilə müstəqil olaraq reallaşdıra bilməkdədir. Fərdi zövqlərimizin genetik və ekoloji bir çox amildən ötəri bir-birindən tamamilə fərqli olması, eşqin hədəflərinin də tamamilə fərqli olmasına səbəb olur. Buna görə bəzən cütləri bir-birinə yaraşdırmaz və layiq görmərik; ya da tam əksinə, bir-birinə yaraşdırarıq.

Bu səbəbdən, təkamül nəzərindən baxdıqda, A və B qrupları arasındakı uğurlu cütləşmə nisbəti müqayisə ediləcək olsa, A qrupunun daha müvəffəqiyyətli balalar törədə bilmə ehtimalı yüksəkdir. Bəlkə B qrupu da müvəffəqiyyətli ola biləcək (çünki çoxalmağı bacarırlar); lakin A qrupunun balaları, nəsillər keçdikcə, B qrupundan daha üstün ola biləcək. Təkamül analizi ancaq bu şəkildə aparıla bilər: uzun müddətdə, nəsillər boyunca iki populyasiya içərisindəki uyğunlaşma müvəffəqiyyəti qrafiklərinin necə dəyişdiyi əhəmiyyətlidir. Hətta dəyişən mühit şərtlərində, eşq və bağlılıq kimi duyğular sayəsində uyğun fərdlərin bir-biriylə cütləşməsi, gələcək nəsillərin daha uyğun olmasını təmin edə bilər. Bütün bunların, təkamül biologiyası daxilində çox sadə bir səbəbi vardır: cinsi seçmə.  Beyninizin, ilk mərhələdə tamamilə instinktiv olaraq etdiyi seçimlər, ən güclü təkamül mexanizmlərindən biri olan cinsi seçmənin fəaliyyətini əks etdirir. 

Bu yazımızın mövzusu olmadığı üçün ətraflı məlumat verməsək də, cinsi seçmənin təsir etdiyi davranışların da eşqlə əlaqədar hərəkətlərimizdə böyük rol oynadığını deyə bilərik. Ancaq çox qısa və sadə şəkildə yekunlaşdıracaq olsaq, bir növün içərisindəki fərqli cinsdən olan fərdlərin, özləriylə ən uyğun olacaq fərdləri istər instinktiv, istərsə də düşünərək seçməsi, təbiətin ən fundamental qanunlarından biri olan cinsi seçməni əks etdirir. Bütün canlıların xüsusilə instinktiv davranışları, seçmə nəticəsində müvəffəqiyyətli ola biləcək şəkildə xüsusiləşmişdir. Əlbəttə, hər vaxt olduğu kimi, populyasiya daxilində geniş bir müxtəliflik (variasiya) vardır: Bəzi fərdlər daha məqsədəuyğun seçimlər edə biləcək xüsusiyyətlərə sahibkən, bəziləri bundan məhrumdur. Dəyişən ətraf mühit şərtləri daxilində, bu müxtəliflik çərçivəsində ən uyğunların davamlı seçilməyi təkamülə səbəb olacaqdır. Bu təkamülün içərisində eşq kimi duyğular da, cinsi seçmə (başqa sözlə təkamül) tərəfindən dəstəklənir. 

Növümüzün (və digər bir çox növün) kişi və qadınları, bir-birini müəyyən xüsusiyyətlərə görə seçirlər və özlərinə uyğun gördükləri xüsusiyyətdə olanlarla cütləşməyə üstünlük verirlər. Bu, təkamülün cinsi seçmə mexanizmidir. Cinsi seçmə, beyin baxımından olduqca inkişaf etmiş heyvan növü olan insanda yalnız fiziki xüsusiyyətlərə görə deyil, əvvəl qeyd etdiyimiz kimi ehtiyat plan məlumatlarımıza bağlı olaraq da edilməkdədir. Ancaq nə olursa olsun, ortada bir seçim vardır və bu, təkamül prosesində gələcək nəsillərdəki fərdlərin (balalarımızın) genetik quruluşuna birbaşa təsir edir.

Bu səbəbdən, cinsi seçmənin təsirli olmadığı, yəni cinslərin bir-birini hər hansı bir əhəmiyyətli şərtə bağlı olaraq seçmədikləri, təsadüfi cütləşən növlər belə indiki vaxtda həyatda qala bilməkdədir; ancaq bir çox növdə cinsi seçmə keçərlidir. Bunun səbəbi, eşq, sevgi və bağlılıq duyğularının populyasiyanın cinsi müvəffəqiyyətini artırması ola bilər.

Eyni zamanda, eşqin yalnız cinsi müvəffəqiyyət üçün təkamülləşmədiyini düşünən bir çox elm adamı da var. Çünki həm insan, həm də digər heyvan növləri araşdırılacaq olsa, hər eşqin sonu, seks ilə bitməməkdədir. Bənzər şəkildə hər seks, eşqə dair duyğuları da daşımamaqdadır. Məsələn cütləşmədən sonra erkəyin başını qopararaq yeyən dişi dəvədəlləyinin və ya bənzər şəkildə balalamadan sonra erkəyi öldürən bir "qara dul" hörümçəyinin o əsnada çox da eşq dolu duyğulara sahib olmadığı aşkardır (təbii ki dəvədəlləyinin eşq anlayışı bizdən çox fərqli deyilsə). Bu vəziyyətdə, eşqin təkamül keçmişində başqa bir səbəb də gizlənmiş ola bilər. Təkamül psixoloqları, bu mövzunun detallarını işıqlandırmaq üçün əmək sərf etməkdədirlər. İndi bu mövzudakı bəzi əhəmiyyətli tapıntılara toxunaq.

Təkamül Psixologiyasının Eşqə Yanaşması

Əlaqə... Təkamül prosesində, xüsusilə ictimai quruluşa sahib olan növlərdə, populyasiyanı bir yerdə tutan ən əhəmiyyətli xüsusiyyətlərdən biri, fərdlər arasında yaranan əlaqələrdir. Valideyn ilə övlad, eyni dövrdə doğulmuş fərdlər, erkəklər və dişilər arasında yaranan əlaqələr, ictimai quruluşu gücləndirməkdə və təkamül baxımından üstün mövqeyə keçilməsini təmin edir. Ayrıca bu əlaqə duyğusu, empatiya duyğusunu da özü ilə gətirməkdə və beləliklə, eqoist və müstəqil davranan fərdlər yerinə, bir bütün olaraq hərəkət ədə bilən növlər təkamülləşə bilməkdədir. Bu səbəbdən növün davamlılığı və gücü baxımından eşq duyğusu əhəmiyyət ifadə etmiş ola bilər. Təsadüfi cütləşən fərdlərdə, valideynlər ilə balalar arasındakı sevginin fərqli bir formaya çevrilməsi, cinsiyyətlər arası sevginin təkamülləşməsinə səbəb olmuş ola bilər. Çünki xüsusilə valideyn ilə bala arasındakı sevgi, qarşılıqlı bir gizli mənfəət əlaqəsinə söykənir. 

"Ana sevgisi" mədəni quruluşumuz daxilində hər nə qədər "uca" olsa da, təkamül baxımından olduqca mənfəətçi bir əlaqənin məhsulu olaraq inkişaf etmişdir: Ana, balasına baxaraq özünün daha irəliyə apara bilməyəcəyi genlərinin, gələcək nəsillərə köçürülməsinə nail olur. Bala isə, anası tərəfindən baxılaraq, digər balalara görə üstün mövqeyə keçə bilir. Beləcə həm bala, həm də ana təkamül baxımdan xeyir qazanmış olur. Əlbəttə bu şüurlu və ya məqsədli olaraq edilmir; ancaq orqanizmlərin genetik təchizatının bu cür eqoizmlə yüklənmiş olduğunu göstərən çoxlu məlumat vardır. Xüsusilə mədəni təkamülümüz sayəsində inkişaf etdirdiyimiz digər ictimai xüsusiyyətlər, bu cür eqoizmləri çox vaxt sıxışdırmaqdadır. Məsələn başqasının övladına və hətta başqa növlərin balalarına, tamamilə qarşılıqsız kimi görünən bir sevgi bəsləyə bilirik (bu sevginin belə qarşılıqlı olduğunu iddia bir çox elm adamı olsa da).

Bu səbəbdən eşqin təkamülünün əsasları, cinsi motivlər və cəmiyyət fərdləri arasındakı əlaqənin, növün davamlılığına qatqı təmin etməsinə söykənməkdədir deyə bilərik.


Başqa əhəmiyyətli nöqtə, valideynlər arasında qurulacaq əlaqənin balalar üçün əhəmiyyət kəsb etmiş olmasıdır. Çox növdə erkəklər, cütləşmədən sonra yuvanı tərk edərək yeni potensial partnyorlar axtarmağa başlayır. Bu, bəzi növlər üçün faydalı strategiya olsa da, növümüz üçün müsbət hal olduğu deyilə bilməz. Çünki beynimizin təkamülündən və başımızın böyüklüyündən ötəri, iki ayaq üzərində yaşamağa uyğun növümüzün doğumu olduqca ağrılı bir hal almış, təkamül prosesində körpələrin və qadınların bədənləri bu çətin doğuşu reallaşdıra biləcək bəzi dəyişmələr keçirmişdir: kəlləmiz yumşaq və elastik olaraq doğuluruq, analar doğuma yaxın ağrıkəsici təsiri olan hormonlar ifraz edirlər və sair. Ancaq hamısından əhəmiyyətlisi, növümüzün körpələri, inkişaflarının hələ çox əvvəlindəykən doğulur və inkişaf mərhələlərinin böyük qismini, ana bətnindən kənarda, vəhşi həyat içərisində keçirirlər (indiki vaxtda bu həyat artıq hər kəs üçün "vəhşi" olmasa da). Bu səbəbdən növümüzün körpələri, təkamül baxımdan olduqca sərfəsiz mövqedədir. Lakin belə bir böyük beyin üçün, iki ayaq üzərində dayanan və dolayısı ilə doğum kanalı dar qalmaq məcburiyyətində olan bir növ daxilində, bu şəkildə təkamül qaçılmazdır. Beləliklə, bioloji təkamülün formalaşdırdığı mədəniyyət, insan valideynlərinin arasındakı əlaqəni gücləndirəcək şəkildə inkişaf etmişdir. Bunu bacara bilməyənlər və ya bu vəziyyətə uyğunlaşmayanlar hər nəsildə ələnmişdir.

Bunun necə olduğunu anlamaq olduqca sadədir: hər insanın, təkamül prosesi daxilində sahib olduğu xarakterlər vardır. Bunu yazı içərisində "fərdi ehtiyat plan" olaraq təyin etmişdik. Bu ehtiyat plan səbəbindən, bəzi fərdlər ailə anlayışına və sevgiyə daha meylli olarkən, bəziləri bundan uzaqdır. Bu səbəbdən vəhşi həyatda, əgər ki ailə və bütünlük anlayışlarını dəstəkləyəcək vəziyyətlər meydana gəldisə (ki az əvvəl izah etdiyimiz səbəblərlə növümüz üzərində belə bir təzyiq meydana gəlmişdir), bir-birinə daha çox bağlılıq duyan və dolayısı ilə ailə qurmağa və ailəni davam etdirməyə meylli olanlar üstün mövqedə olacaqlar. Bu üstünlüyün təkamül prosesində davamlı seçilməyi, eşq kimi bağlılıq duyğularının inkişafını və güclənməsini təmin etmiş ola bilər. Birlikdə yaşayaraq balalarını uzun müddət və daha güclü şəkildə qoruyan fərdlər, qaçılmaz olaraq daha üstün olacaqlar. Bu səbəbdən, öz genlərinin qarışığı olan balalar arasından da, bu meylə ən uyğun genlərə sahib olanlar və bu duyğulara sadiq olaraq böyüdülən fərdlər, vəhşi həyatda daha üstün olacaqlar. Bu da eşq kimi duyğuların hər nəsildə daha da artması və populyasiya daxilində sabitlənməsi mənasını verir.

Gördüyünüz kimi eşqin təkamülünü bir istiqamətdə araşdırmaq olduqca çətindir. Doğum formamızdan, iki ayaq üzərində gedəcək şəkildə təkamülümüzə, beyin quruluşumuza və böyüklüyünə qədər bir çox amil, eşq kimi bir duyğunun təkamülündə rol oynamış ola bilər. Ancaq nə olursa olsun, eşqin təkamül baxımdan faydalı olması, bu xüsusiyyətin növümüzdə qorunmasını təmin etmişdir.

Digər Heyvanlar Da Aşiq Olurmu? 

Təkamül mövzusunu tamamlamadan əvvəl, digər heyvan növlərinə qısaca nəzər yetirməkdə fayda olduğunu düşünürük. Ən nəhayət təkamül, var olmuş, var olan və var olacaq bütün növlərin bir-biri ilə qohum olduğu həqiqətini bizə göstərdi. Bu vəziyyətdə, sahib olduğumuz xüsusiyyətlərin eynilərini və ya bənzərlərini bizə daha yaxın növlərdə görməyi gözləmək son dərəcə təbiidir.

Əslində digər növlərdə eşq qədər güclü bir sevgi amilinə birbaşa rast gəlinmir. Bu, təkamül biologiyasında son dərəcə aludə olduğumuz bir vəziyyətdir. Çünki eşq bir duyğu olaraq beyində olub bitən məvhumdur və bizim beynimiz qədər inkişaf etmiş beynə sahib heç bir canlı təkamülləşməmişdir. Bu vəziyyətdə beyin mənşəli bir amilin bu mürəkkəblikdə, bir başqa növdə olmasını gözləmək doğru olmayacaq. Lakin buna baxmayaraq, bir çox başqa heyvan növündə sevgi anlayışının olduğunu görürük. Xüsusilə də romantik baxımdan son dərəcə inkişaf etmiş bir canlı qrupu olan məməli heyvanlarda…

Heyvanların yalnız instinktlərlə hərəkət etmədikləri, bizim kimi şüur, dərrakə və düşüncə sahibi olduqları bu gün artıq geniş şəkildə bilinən və qəbul edilən bir həqiqətdir. Bu canlıları robot və ya proqramlaşdırılmış maşın olaraq görmək tamamilə səhvdir. Başqa heyvanlar da düşünərək qərar verə və seçim edə bilir. Ancaq eşq kimi demək olar ki tamamilə instinktiv olan duyğularda onsuz da ağıla çox yer qalmamaqda və şüurlu seçimlər əhəmiyyətsiz sayılmaqdadır.


Digər heyvanların da həzz, empatiya, ağrı, kədər, utanma, qəzəb duyduqlarını çox dəqiq şəkildə bilirik. Yaxşı, bəs eşq? Tam olaraq "eşq" formasında təyin oluna biləcəyi barəsində hələ qəti bir məlumat olmasa da, heyvanların sevgi duyduqları bəllidir. Bir itin sahibinə duyduğu heyranlıq və bağlılıq bunun ən məşhur nümunələrindən biridir. Ayrıca ən yaxın qohumumuz olan bonobo meymunlarının bəzi populyasiyalarında, eynilə insanlarda eşqin təkamülündə olduğu kimi, bir-birinə sevgi duyan və bağlılıqları daha güclü olan fərdlərin balalarının daha üstün olduğunu göstərən məlumatlar əldə edilmişdir. Yəni onlarda da, bizdəki kimi bir eşq duyğusunun təkamülləşmiş və ya təkamülləşir olması mümkündür.

Növümüzü fərqli edən xüsusiyyətimizin beynimiz olduğunu qeyd etmişdik. Digər heyvanlarda, bənzər duyğular təkamülləşmiş olmasına baxmayaraq, bunların bizdəki qədər mürəkkəb olmamasının səbəblərindən biri beynimizin təkamülüdür. Bir başqa səbəb isə, bu təkamülə paralel olaraq inkişaf edən ictimai-mədəni keyfiyyətlərimizdir. Yəni növümüz, çox mürəkkəb bir ictimai şəbəkəyə malikdir və bu, bioloji təkamül nəticəsində ortaya çıxan bir çox xüsusiyyətin, mədəniyyət çərçivəsində yenidən təyin olunmasına səbəb olmuşdur. Bu çox dərin və tamam ayrı bir mövzudur; ancaq eşqin ədəbi və fəlsəfi şərhləri, indiki vaxtda homoseksuallara edilən təzyiqlər və eşq ilə əlaqəli başqa amillər araşdırılacaq olsa, bu mövzunun arxasında bioloji təkamüldən əlavə digər amillərin də olduğuni göstərir. Mədəni olan hər şeyin əsasında, bioloji ehtiyat plan yatdığını görə bilərik. Bu səbəbdən, digər heyvanlar üzərindəki araşdırmalar artdıqca, eşqin təkamül mənşələrinə daha dəqiq bir işıq tutulacağı ortadadır. Hələlik, digər heyvanların bir çoxunun, bizdəki qədər mürəkkəb olmasa da, sevgi anlayışları olduğunu söyləmək böyük ehtimalla səhv olmayacaq.


Eşqin Neyrogen Əsasları

Eşqin neyrogen əsasları, bizə o əsnada nələri və niyə hiss etdiyimizə dair çox dəqiq məlumatlar təqdim etməkdədir. Əvvəlcə, eşqin bütün duyğular kimi tamamilə hormonal proseslər nəticəsində bədənimizdə baş verən reaksiyaların cəmində hiss edilən bir duyğu olduğunu xatırlayaq. Yəni eşqi anlamaq istəyiriksə, arxasındakı neyrokimyəvi əsasları anlamağımız lazımdır.

Eşq duyğusuna səbəb olan əsas hormonlar və kimyəvi maddələr olaraq qarşımıza sinir böyümə faktoru, testosteron, estrogen, dofamin, norepinefrin (noradrenalin), serotonin, oksitosin və son olaraq vazopressin çıxır. Göründüyü kimi eşqin bizə qarmaqarışıq hisslər yaşatmasının səbəbi, olduqca mürəkkəb bir hormonal tarazlığa söykənmiş olmasıdır.

İndi isə, təkamül biologiyası ilə əlaqədar şərhlərimizdən də yola çıxaraq, özümüzə uyğun hesab etdiyimiz (bioloji və ya mədəni olaraq) bir fərdlə qarşılaşdığımızda, bu hormonların bədənimizdə hansı dəyişmələr yaratdığına nəzər salaq:

Testosteron: Xüsusilə ilk aşiq olma anında və oxşar vəziyyətlərdə təsirli bir cinsi hormondur. Maraq duyduğunuz cinsə qarşı şəhvət və istək duymağınıza və onu arzulamağınıza səbəb olur. Qadınlarda az miqdarda olur və eyni funksiyaları vardır; ancaq kişilərdə bundan əlavə, eşqin ilk mərhələlərində penisin və xayaların cinsi birləşməyə hazırlanmasını təmin edir. 

Estrogen: Xüsusilə ilk aşiq olma anında və oxşar vəziyyətlərdə təsirli bir cinsi hormondur. Maraq duyduğunuz cinsə qarşı şəhvət və istək duymanıza və onu arzulamağınıza səbəb olur. Kişilərdə az miqdarda olur və eyni funksiyaları vardır; ancaq qadınlarda bundan əlavə, uşaqlıq yolunun və uşaqlığın cinsi birləşməyə hazırlanmasını təmin edir. 

Sinir Böyümə Faktoru: Eşq hormonları arasına nisbi olaraq yeni qatılan bu kimyəvi maddə, xüsusilə ilk aşiq olduğumuz zamanlarda sürətlə artır, 1 ildən sonra isə tədricən azalır və əvvəlki səviyyəsinə dönür. Alimlər bu səbəbdən, eşq ömrünün əslində 1-2 il civarında olduğunu düşünür. Bu da əsasən məntiqlidir; çünki insanın bir nəfərə bağlanması, təkamül müxtəlifliyi qarşısında maneə yaratmaqdadır. İnsanın mədəni quruluşu, onu birnigahlı ictimai həyata məcbur etmişdir. İlk zamankı kimi bir eşq duyğusu olmasa belə cütlər həm ictimai məsuliyyətləri səbəbi ilə, həm də bir-birinə duyduqları bağlılıq və sevgi əlaqələrindən ötəri uzun müddət birlikdə qala bilməkdədir. Ancaq təkrar etmək lazımdır ki, həm insan, həm də yaxın qohumları, ictimai olaraq birnigahlı olsalar belə, cinsi olaraq çoxnigahlı olacaq şəkildə təkamülləşmiş növlərdir.

Dofamin: Neyronal mediator olan dofamin adlı kimyəvi maddə, ifraz olunduğu zaman bədəndə xoşbəxtlik və rahatlıq hisslərini oyandırır. İnsana əlavə enerji və diqqət verir. Bu sayədə, diqqətiniz aşiq olduğunuz fərdə cəmlənir və ona qovuşmaq üçün lazım olan əlavə enerji və diqqət təmin edilir. Bu da, təkamül baxımından irəli sürülən arqumentləri dəstəkləyir. Ayrıca, aşiq olmaqdan xoşlanmağımızın səbəbi, bu gözəl duyğulardır. Müxtəlif narkotik və sakitləşdirici dərmanların yaratdığı eyni təsirə səbəb olur.

Noradrenalin: Aşiq olduğumuz zaman keçirdiyimiz stresə qarşı ifraz olunan hormondur. Stress, fərd üzərində yaradılan hər cür ekoloji təzyiqdən qaynaqlana bilər və eşq, bu təzyiqlərdən yalnız biridir. Ancaq noradrenalinin ifraz olunması səbəbi ilə ürək döyüntüləri sürətlənir, dodaqlar və ağız quruyur, əzələlərə gedən qan artır, mədə və bağırsaq əzələləri boşalır. Bu da yenə, ola biləcək bir cütləşməyə hazırlıq mərhələsi olaraq görülə bilər. Noradrenalin səbəbi ilə, aşiq olduğumuzda ürək döyüntüləri sürətləndiyindən və mədəmizdəki əzələlər boşaldığından, "ürək ilə aşiq olduğumuzu" və "qarınımızda kəpənəklər uçuşduğunu" hiss edirik. Amma aşiq olan orqan beyindir.

Serotonin: Başlıca xoşbəxtlik hormonu olan serotonin, eşqin əsas hormonları arasında yer alır. Aşiq olduğumuzda, başqasını düşünə bilməmək səbəbimiz, serotonin səviyyəsindəki dalğalanmadır. Qısaca aşiq olduğumuz zaman, eynilə ciddi bir xəstəlik olan obsessiv-kompulsiv davranış pozğunluğunda olduğu kimi, həyəcanlı hal alırıq. Bu da yenə, arzulanan hədəfə çatmaq üçün təkamül üstünlüyü təmin edən hormonal tənzimləmədir.

Oksitosin: Sinir Böyümə Faktorunda eşqin ömründən bir az bəhs etmişdik və eşqin texniki olaraq bitməsinə baxmayaraq cütlərin ümumiyyətlə uzun illər bir yerdə qala bildiklərini söyləmişdik. Uzun müddət birlikdə qala bilməyimizi təmin edən, eşqin bir başqa amili olaraq göstərdiyimiz bağlılıq duyğusudur. Oksitosin, bağlılıq duyğumuzu gücləndirərək yoldaşımızdan ayrılmamağımızı təmin edir. Oksitosin səviyyəsində anormallıqlar olan fərdlərin evliliklərinin də müvəffəqiyyətsiz olduğu düşünülür. Ayrıca oksitosinin valideyn-övlad əlaqələrində də yüksək miqdarda ifraz olunması, eşqin təkamül mənşələriylə əlaqədar arqumentlərə dəstək verir. Oksitosin, eyni zamanda orqazm əsnasında da yüksək miqdarda ifraz olunur. Bu da, eşq ilə cinsi münasibətlər arasındakı əlaqə haqqında fikirlər verməkdədir. 

Oksitosin

Vazopressin: Eynilə oksitosin kimi vazopressin də uzun müddət bərabər qalmağı təmin edən hormonlardan biridir. Valideyn-övlad arasında qurulan və ömür boyu davam etməsinin faydalı olduğu bu əlaqələr, cinslər arasında da qurulduqda, ictimai müvəffəqiyyət və sabitlik təmin edilə biləcəyi və bu səbəbdən təkamül prosesində belə bir bağlılıq duyğusunun təkamülləşdiyi düşünülməkdədir. Ayrıca vazopressin, seksdən sonra da ifraz olunur. 

Bu səbəbdən, eşqin təkamül və bioloji mənşəyinə baxdıqda, son dərəcə adi və aydın bir duyğu olduğunu görə bilərik. Əlbəttə mədəni təkamülümüz daxilində eşqə və digər duyğulara mənalar yükləməyimiz son dərəcə başadüşüləndir. Ancaq bunları şişirdərək elmə daxil etməyə çalışmaq lazım deyil. 

Bütün bunları ağılınızın bir küncündə saxlayaraq, eşqlə dolu bir həyat yaşamağınızı arzu edirik.


Mənbə: evrimagaci.org
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top