December 17, 2013

Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur

Paleontoloqlar ilk dəfə insanın əcdadlarından biri olan, Keniyada yaşadığı hesab edilən Homo erectus növünə aid 1,4 milyon il yaşı olan əl sümüyü fosilini tapdıqlarına dair məlumat yaydılar. Alimlərin dediyinə görə tapılmış fosil insan təkamülündəki boşluğu doldurur. Tədqiqatla əlaqədar məqalə 16 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

Kolumbiya şəhərində yerləşən Missuri Universitetindən (ABŞ) olan Carol Ward deyir:

"Bu sümüyü xüsusi edən - biləklə birləşməsini təmin edən stiloid prosesidir. Bu ana qədər belə çıxıntılara biz yalnız neandertallar və müasir insanlarda rast gəlmişdik. Bu çıxıntı əlin artan çevikliyinin əlamətidir, hansı ki qədim insanlara obyektlərdən bərt tutunmağa və onları dəqiqliklə hərəkət etdirməyə icazə verirdi. Skeletin bu xüsusiyyəti bizim 1,5 milyon il ərzində sağ qala bilməyimizə əsas səbəb idi."

Ward və həmkarlar qazıntı işlərini Keniyada yerləşən Turkana gölü yaxınlığında apardılar. Bu ərazidə alimlər əvvəllər də Homo bölgüsünün nümayəndələrinə aid qalıqlara rast gəlmişdilər. Bunlar arasında "Turkana oğlanı" adlı məşhur fosil də yer alır.

Alimlər yerli çöküntülərdə qədim insanın bilək sümüyü ilə orta barmağını birləşdirən sümüyü tapmaqla əhəmiyyətli kəşfə imza atdılar. Qeyd edilir ki, sümük strukturu üzərində aparılacaq işlər əcdadın alətlərdən istifadə edib-edə bilmədiyini və nə dərəcədə çevik olduğunu göstərəcək.

Sümük strukturunu analiz edən elm adamları, onu müasir insanın, şimpanzenin, neandertalın və digər yaxın növlərin anoloji sümükləri ilə müqayisə etdilər. Nəticədə sümüyün sahibinin anotomik olaraq qədim hominid və şimpanzelərdən çox, müasir insanlara və neandertallara yaxın olduğu məlum oldu. Əldə edilən məlumatlarla insan əlinin təkamülünə dair müzakirələrə son qoyulduğunu deyən elm adamları, çevik əl təkamülü tarixini daha 500 min il geri daşımalı olduqlarını da qeyd etdilər.

Qaynaq: Phys.orgScienceDaily
daha ətraflı...

December 16, 2013

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı

Çinin qərbində yerləşən Junggar ərazisində tapılan, 159 milyon il əvvəl yaşadığı aydın olan tüklü dinozavr növünün fosilləri ilk dəfə alimlərə dinozavr barmaqlarının necə quşların qanadlarına çəvrildiyi mövzusunda məlumatlar verir. Tədqiqatla əlaqədar məqalə 17 iyun 2009 tarixində Nature jurnalında yayımlandı.

Təkamül nəzəriyyəsinə əsasən müasir quşlar dinozavrlardan ayrılmış və sağ qalmış yeganə qoldur, buna baxmayaraq qədim sürünənləri araşdıran paleontoloqlar barmaq falanqalarından necə qanad strukturunun yarandığını dəqiq izah edə bilmirdilər. Hesab edilir ki, qanadlar sürünənlərin ikinci, üçüncü və dördüncü barmaqlarının birgə təkamülü nəticəsində formalaşmışdır - illərdir quşların embrion inkişafı üzərində aparılan təcrübələr bunu dəstəkləyir. Quşların əcdadı hesab edilən teropodlarda (ikiayaqlı sürünənlər) isə birinci, ikinci və üçüncü barmaqlar daha çox inkişaf etmişdi. Bir konfiqurasiyadan digərinə keçid son illərə qədər sirr olaraq qalırdı.

Çin Elmlər Akademiyası və Paleontologiya və Paleoantropologiya İnstitutundan olan prof. Xi Xung, Vaşinqton Universitetindən (ABŞ) olan həmkarları ilə birlikdə uzunmüddətli qazıntı işlərindən sonra Qobi səhrasında bir dinozavr növünə aid fosillərə rast gəldi. Alimlər növün ön üzvlərini araşdırarkən birinci barmağın ciddi şəkildə kiçildiyini, ikinci barmağın ölçülərininsə böyüdüyünü gördülər. Belə ki, barmaq falanqaları ilə birləşən bilək sümükləri ikinci, üçüncü və dördüncü barmaqlara uyğun gəlirdi (quşlardaki kimi), falanqalar özləri isə birinci, ikinci və üçüncü barmaq falanqalarına oxşayırdı (dinozavrlardaki kimi).


Limusaurus inextricabilis fosili ilə birlikdə kiçik timsah fosili
Elm adamları tapılmış dinozavrın, üzvlərin qanadlara necə çevrildiyini izah edən keçid növü olduğunu və bu mərhələdə təkamülün mürəkkəb xarakter daşıdığını qeyd edirlər. Limusaurus inextricabilis adı verilən və tərcümədə "bataqlıqda ilişib qalan dinozavr" mənasını verən yeni dinozavr növünün fosilləri Yura dövrünə aid çöküntü qayalıqlarda tapıldı. Bundan başqa çənə quruluşunun analiz işləri göstərdi ki, növün dişləri yox idi, əksinə dinozavr dimdiyə sahib idi. Baxmayaraq ki teropodların əksəriyyəti yırtıcılardır, bu məlumatlar növün otyeyən olduğunu göstərir.

Xi Xung tapıntı ilə əlaqədar bunları deyir:


"Bu dinozavrın kəşfi həqiqətən də möhtəşəm hadisədir, çünki dinozavr üzvlərinin necə təkamülləşdiyi və ilk quşların necə meydana gəldiyinə dair təsəvvürlərimizi dəyişdirir."


Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...

December 15, 2013

Kişilərin burnu niyə daha uzundur?

ABŞ-dan olan tədqiqatçılar kişi və qadın burunları arasındakı ölçü fərqini təyin etdilər. Tədqiqatlar Avropa mənşəli populyasiyalarda kişilərin qadınlardan daha böyük buruna sahib olmasının səbəbinin "oksigen ehtiyacı" olduğunu göstərdi.

Kişi və qadınların burun ölçüləri fərqliliyi düşünüldüyü qədər böyük deyil. ABŞ-ın Lowa Universiteti tərəfindən aparılan tədqiqata görə fərq yalnız 10%-dir. Bu fərqin səbəbi isə əzələ toxumasından qaynaqlanan oksigen tələbidir.

Tədqiqatda 3-20 yaşlarda olan 38 Avropa mənşəli insanın burun ölçüləri qiymətləndirildi. Kişilərin daha böyük burunlu olmasının təməl səbəbi olaraq daha çox yağsız əzələyə sahib olmaları göstərildi. Daha böyük burun əzələ böyüməsini təşviq etdiyi kimi, əzələ nisbətinin qorunmasında da rol oynayır. Burun fərqləri oğlan və qız uşaqlarında ümumiyyətlə 11 yaşında, yetkinliyin başlanğıcıyla meydana çıxır.

American Journal of Physical Anthropology jurnalında dərc olunan araşdırma müasir insanların, daha əzələli olan Neandertallardan niyə nisbətən kiçik burunlu olduğunu da izah edir.

Lowa Universitetindən olan Nathan Holton deyir:


"Qədim insanlarla müqayisədə bədənimiz daha az oksigenə ehtiyac duyduğu üçün burunlarımız kiçildi. Bədən ölçüləri eyni olsa belə burun ölçüləri fərqli olur. Bunun səbəbi yetkinlik dövrüylə başlayan toxuma paylanılması fərqliliyidir."



Alimlər fərqli mədəniyyətlərdəki tapıntıların da əlavə olunması lazım olan yeni araşdırmalar aparılacağını bildirdilər.

Qaynaq: Sekulyarizm.org
daha ətraflı...

İkinci İran meymunu kosmosa uçdu

İran dövlət televiziyası, içində meymun olan ikinci araşdırma raketinin kosmosa göndərildiyi xəbərini yaydı. Xəbərdə yer üzündən 120 kilometr hündürlüyə qalxmış raketin 15 dəqiqədən sonra müvəffəqiyyətlə geri döndüyü, "Fərqam" adlı meymunun da sağ olduğu bildirildi.

Tədqiqatçıların əldə etdikləri məlumatların kosmos biologiyası, fiziologiya, kosmik və bio-tibbi elmlər kimi bir çox kosmos texnologiyası sahəsindəki araşdırmalarda istifadə ediləcəyi planlaşdırılır. İranlı alimlər bu uğuru kosmosa insan göndərmə məsələsində bir addım daha yaxınlaşma olaraq qiymətləndirdilər.

İran 28 yanvar 2013 tarixində içində canlı daşıyan "Qabaqcıl" adlı ilk araşdırma raketini kosmosa göndərmiş və meymunun fotoşəklini nümayiş etdirmişdi. Lakin bu fotoşəklin həqiqi olub-olmadığı bir çox mübahisələrə səbəb olmuşdu.

Alimlər ilk raketdən fərqli olaraq yeni raketin kapsula içindəki canlının daha az zərər görməsi üçün kosmosa maye yanacaq istifadə edərək buraxıldığını deyirlər. İran "Omid" (Ümid) adındakı ilk yerli raketini 2009-cu ildə kosmosa göndərmişdi. İlk iranlı astronavtın isə 2020-ci ildə kosmosa göndəriləcəyi planlaşdırılır.

Qaynaq: BBC News
daha ətraflı...

İnsan DNT-sinin ikinci kodu tapıldı

ABŞ-ın Vaşinqton Universitetindən olan tədqiqatçılar insan DNT-sinin "əks" tərəfini tapdıqlarını açıqladılar. Bu kəşfin insan DNT-sinin daha yaxşı oxunması və anlaşılması üçün bir növ vasitə olduğu hesab edilir. Tədqiqatın nəticələri 13 dekabr 2013 tarixində Science jurnalında dərc edildi.

DNT-nin bu "ikinci kodu" molekulyar genetiklərə mutasiya proseslərinin əsasları və mahiyyətini anlamaq üçün məlumat təmin edir. Alimlər uzun müddət gizli qalmış bu ikinci kodun tapılmasıyla bir çox xəstəliklərin sağaldılmasının mümkün olacağını bildirirlər.

Bu vacib kəşfə imza atan Vaşinqton Universitetindən olan genetik prof. John Stamatoyannopoulos apardıqları təcrübədə əsas məqsədin insan genomunun bioloji funksiyalarının kod dəstinin öyrənilməsi olduğunu qeyd etdi.

Zülal yaratmada DNT-nin "təlimatlar" alma mənbəyi olduğu elm adamlarına uzun müddətdir ki məlum idi, yeni tapıntı isə onlara DNT-nin "ikinci dilinin" də mövcud olduğunu göstərdi. Alimlər bu "dillərdən" birincisin amin turşularının ardıcıllığına cavabdeh olduğunu bilirdilər. DNT-nin ikinci dili isə sanki birincinin üzərinə yerləşdirilmiş şəkildədir və əlavə təlimatlar təqdim edir.

Bu ikinci dil birincinin üstündə gizlənərək və mürəkkəb qarşılıqlı təsirə sahib olduğu üçün 40 ildən çoxdur ki elm adamlarından qaçırdı. Beləliklə, DNT-nin bəzi kodonları iki fərqli funksiya daşımalıdır. Bunlardan biri zülal ardıcıllıqlarının kodlaşdırılması, digəri isə genlər üzərində nəzarətdir. Son anda onlar sabitləşdirici amil kimi də çıxış edə bilərlər.

Alimlər bu tapıntının insan genomu layihəsindən sonra ikinci ən əhəmiyyətli irəliləyiş olduğunu hesab edirlər.

Qaynaq: RedOrbit
daha ətraflı...

December 14, 2013

Dinozavrların "qatili" həyatı kosmosa yaydı

Alimlər asteroid və kometlərin, xüsusilə dinozavrların məhvinə səbəb olan asteroidin Yerlə toqquşmasından sonra maddələrlə dolu Yer "qırıntılarının" qoparaq kosmosa və həyatın yaranması üçün əlverişli şəraitləri olan Marsa və Yupiterin peyklərinə düşə bilmə ehtimalının yüksək olduğu qənaətinə gəldilər.

Astrobiology jurnalında yayımlanan xəbərə görə, həmkarları ilə birlikdə tədqiqat aparan Pensilvaniya Ştatı Universitetindən olan Rachel Worth belə deyir:


"Yaşayış olan planetlə güclü toqquşduqda fraqment qopa, kainatı səyahət edə, planetlərə və ya peyklərə düşə bilər. Əgər qırıntıda müqaviməti kifayət qədər güclü olan orqanizmlər olsa, onlar həyatın yaranmasına səbəb ola bilərlər. Onillərdir elm adamları Günəş sisteminin bu cür obyektlərini modelləşdirməyə çalışırdılar, lakin texniki məhdudiyyətlər buna əngəl olurdu."



Worth və həmkarları belə fraqmentlərin Yerdən ayrılaraq digər planetlərə və ya peyklərə düşə bilib, yoxsa bilməyəcəyini yoxlamaq üçün bir kompyuter modeli istifadə etdilər. Bunun üçün ilk öncə son 10 milyon il ərzində güclü asteroid və komet bombalamalarından sonra planetdən nə qədər fraqmentin ayrıla biləcəyini hesabladılar. Belə ki, fraqmentlərin diametri üç metrdən az olmamalı idi - yalnız belə halda mikroorqanizmlər radiasiyadan qoruna bilərdilər. Ardından alimlər obyektlərin istiqamət xəritəsi hazırlanması işinə keçid aldılar.

Nəticələr Yer fraqmentlərinin böyük miqdarının Veneraya düşə biləcəyini göstərdi - təxminən 26 milyon qırıntı. Merkuriyə düşən pay 730 min oldu. Marsa qədər çata bilmiş qırıntıların təxmini sayının 360 min olduğu bildirildi, amma buna baxmayaraq elm adamları Marsı həyat potensialı üçün digər iki planetdən üstün hesab etməyə davam edirlər. Mars səthindən göndərilən son tədqiqat nəticələri də alimlərə ümid verir. Bunlardan başqa həyat üçün lazımlı şərtlərə Yupiterin peyki Europa'da da rast gəlinir. Oraya, alimlərin hesablamalarına görə, 15 min Yer nümunəsi düşmüş ola bilər.

Worth və həmkarları həmçinin diametri 10 km-dən az olmamış 65 milyon il əvvəl dinozavrların sonunu gətirən "qatil-asteroiddən" də bəhs etdilər. Həmin katastrofik hadisədən sonra təxminən 700 milyon ton Yer fraqmentinin kosmosa dağılmış, onlardan 20 tonunun da Yupiterin peyki Europa'ya düşmüş ola biləcəyi hesab edilir. Bununla belə alimlər maddəli fraqmentlərin kosmik səyahətlər ərzində həm sağ qala, həm də məhv ola biləcəyinin ehtimallar arasında olduğunu qeyd edirlər.

Qaynaq: Independent , BBC News
daha ətraflı...

Kişi və qadın beyni arasında fərq tapıldı

Elm adamları kişilər və qadınlar arasındakı düşünmə və davranış fərqinin arxasında sahib olduqları müxtəlif beyin strukturları ola biləcəyini ortaya qoydular. Tədqiqatda qadın və kişi beyinlərində sinir əlaqələri düzülüşünün fərqlilik göstərdiyi məlum oldu.

Yeni bir tədqiqat qadın və kişi beyni arasındakı fərqliliklərdən birini təsdiq etdi. ABŞ Milli Elmlər Akademiyası tərəfindən dərc olunan məqaləyə görə, tipik kişi beynindəki sinir əlaqələri araşdırdı. Belə ki, kişilərdə sinirlər arasında əlaqələrin beynin eyni yarımkürəsindəki ön və arxa tərəfləri arasında qurulduğu aydın oldu. Qadın beynində isə sinir əlaqələri daha çox sağ və sol yarımkürələr arasında, bir tərəfdən digər tərəfə doğru düzülür.

Kişilərin xəritədə istiqamət tapmaq və əzələ nəzarəti kimi mövqeyi sahələrdə, qadınların isə yaddaş və intuisiya kimi şifahi sahələrdə daha yaxşı olması sinir əlaqələrinin düzülüşündəki fərqlərlə əlaqəlidir.

Alimlər keçmişdə "psixoloji təcrübələrlə" açıqlana bilən qadın və kişilər arasındakı zehni fərqlərin ilk dəfə fiziki xüsusiyyətlərdəki dəyişikliklərlə açıqlana bildiyini qeyd etdilər. Tədqiqata görə, beyin sinirlərinin bağlarındaki fiziki fərqlər yetkinlik dövründə meydana gəlir.

Bundan başqa tədqiqatçılar tapıntının qadın və kişilərin düşüncə quruluşundakı fərqləri öyrənməklə yanaşı, cinsiyyətlə əlaqəli psixoloji narahatlıqların başa düşülməsinə də köməkçi olacağını bildirdilər.

Qaynaq: The Guardian
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top