December 17, 2013

"Sosial qarışqalar"

Qarışqalar ən yüksək səviyyədə təkamül etmiş həşərat ailəsidir. Qarışqa koloniyası əmək bölgüsünə əsaslanan mürəkkəb sosial quruluşa malikdir. Qarışqaların bəzi növləri informasiya ötürmə qabiliyyəti yüksək olan “dillə” ünsiyyət qururlar. Bundan başqa, bir çox növlər digər həşərat növləri ilə rahat birgəyaşayış qabiliyyəti nümayiş etdirirlər. Qarışqaların sosiallığı (birgəyaşayış, əmək intizamı, qaydalara riayət və s.) insan cəmiyyətindən qat-qat yüksək səviyyədədir ki, bu da qarışqa ailəsinin insandan çox daha əvvəl (70-120 milyon il) təkamül etməsi ilə bağlıdır. Şəkildə qarışqa yuvasının şaquli kəsiyi üzrə quruluşu göstərilmişdir. Bu quruluş yuva sakinlərinin hərəkət rahatlığı, hər bir kameranın funksiyasına uyğun olaraq qarışqalar tərəfindən ideal şəkildə inşa olunur. 

Şəklə izahat:

1. Müxtəlif təbii komponentlərdən düzəldilmiş örtük yuvanı fərqli hava şəraitindən qorumaq üçündür. İşçi qarışqalar bu örtüyü daim təmir edir və yeniləyirlər;
2. Günəş şüaları ilə qızdırılan kamera. Yazda qarışqalar bu kameradan isinmək üçün istifadə edirlər;
3. Çıxışlardan biri. Əsgər qarışqalar tərəfindən qorunur, həm də yuvanın hava ventilyasiyasını təmin edir; 
4. “Məzarlıq”. Ölmüş qarışqaların cəsədi və lazımsız qalıqlar buraya yığılır.
5. Qışlama kamerası. Yuva sakinləri soyuq qış aylarını burda keçirirlər, yarımyuxulu vəziyyətdə.
6. “Çörək ambarı”. Dən ehtiyatı burada toplanır.
7. Ana qarışqanın kamerası. Ana qarışqa burda yaşamaqla gündə 1500-dək yumurta qoyur. İşçi qarışqalar ona qulluq edirlər. 
8. Yumurtalar, sürfələr və puplar bu kameralara yerləşdirilir.
9. “Pəyə” – mənənələrin saxlandığı kamera.
10. “Ət anbarı”. Tırtıllar və digər qənimətlər toplanır.

Qaynaq: «Эволюция», 2013, Ⅶ1 (15)
daha ətraflı...

Kambalakimilər, kamuflyaj və təkamül

Kamuflyaj mövzusunda mütəxəssislərdən biri Pleuronectiformes fəsiləsindən olan kambalakimilərdir. Kambalakimilər təkcə ovlarını tutmaq və ovçularından qaçmaq üçün mütəxəssisləşdikləri kamuflyaj qabiliyyətləriylə deyil, eyni zamanda təkamülün ən dəqiq dəlillərindən birini bizlərə təqdim etdikləri səbəbindən elm ictimaiyyətində olduqca məşhurdurlar.

Kambalakimilər özlərini dəniz döşəmələrindəki qumlu sahələrə basdırıb ovlarını gözləyən və ya ovçularından gizlənən növdürlər. Lakin ömürlərinin böyük hissəsini okean döşəməsində yan yataraq keçirən balıqlar üçün bir gözün davamlı qumun içinə baxması təkamül baxımından üstünlük deyil. Kambalakimilər təkamül prosesinin hər mərhələsində belə yastı formada su dibində yatan növlər deyildilər. Yaxın qohumları, onlara olduqca oxşayan, ancaq yastı olmayan, normal şəkildə üzən balıqlar da mövcuddur. Növün genetik analizi edildiyində və fosil qeydləri araşdırıldığında bir fakt gözə dəyir: növün altda qalan gözü təkamül müddəti ərzində mərhələli olaraq üst tərəfə sürüşmüşdür (keçmişdir). Elə eynən təkamül biologiyasının nəzərdə tutduğu kimi, gözün bir tərəfdən digərinə sürüşməsi əsnasında bu keçidin tam olaraq tamamlanmadığı nəsillərə aid fosillər tapılmışdır.




Bütün bu səbəblərdən müasir fərdlərin çoxunun iki gözü də yastı şəkildə yatdığı vaxt yuxarı dönük olacaq. Beləcə ov və ovçularını iki gözüylə də təqib edə bilər. Lakin növün bədən planı hələ də yan yatmış bir balığa oxşamadığından anatomiyası olduqca qəribədir.

Qaynaq: Evrim Ağacı
daha ətraflı...

Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur

Paleontoloqlar ilk dəfə insanın əcdadlarından biri olan, Keniyada yaşadığı hesab edilən Homo erectus növünə aid 1,4 milyon il yaşı olan əl sümüyü fosilini tapdıqlarına dair məlumat yaydılar. Alimlərin dediyinə görə tapılmış fosil insan təkamülündəki boşluğu doldurur. Tədqiqatla əlaqədar məqalə 16 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

Kolumbiya şəhərində yerləşən Missuri Universitetindən (ABŞ) olan Carol Ward deyir:

"Bu sümüyü xüsusi edən - biləklə birləşməsini təmin edən stiloid prosesidir. Bu ana qədər belə çıxıntılara biz yalnız neandertallar və müasir insanlarda rast gəlmişdik. Bu çıxıntı əlin artan çevikliyinin əlamətidir, hansı ki qədim insanlara obyektlərdən bərt tutunmağa və onları dəqiqliklə hərəkət etdirməyə icazə verirdi. Skeletin bu xüsusiyyəti bizim 1,5 milyon il ərzində sağ qala bilməyimizə əsas səbəb idi."

Ward və həmkarlar qazıntı işlərini Keniyada yerləşən Turkana gölü yaxınlığında apardılar. Bu ərazidə alimlər əvvəllər də Homo bölgüsünün nümayəndələrinə aid qalıqlara rast gəlmişdilər. Bunlar arasında "Turkana oğlanı" adlı məşhur fosil də yer alır.

Alimlər yerli çöküntülərdə qədim insanın bilək sümüyü ilə orta barmağını birləşdirən sümüyü tapmaqla əhəmiyyətli kəşfə imza atdılar. Qeyd edilir ki, sümük strukturu üzərində aparılacaq işlər əcdadın alətlərdən istifadə edib-edə bilmədiyini və nə dərəcədə çevik olduğunu göstərəcək.

Sümük strukturunu analiz edən elm adamları, onu müasir insanın, şimpanzenin, neandertalın və digər yaxın növlərin anoloji sümükləri ilə müqayisə etdilər. Nəticədə sümüyün sahibinin anotomik olaraq qədim hominid və şimpanzelərdən çox, müasir insanlara və neandertallara yaxın olduğu məlum oldu. Əldə edilən məlumatlarla insan əlinin təkamülünə dair müzakirələrə son qoyulduğunu deyən elm adamları, çevik əl təkamülü tarixini daha 500 min il geri daşımalı olduqlarını da qeyd etdilər.

Qaynaq: Phys.orgScienceDaily
daha ətraflı...

December 16, 2013

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı

Çinin qərbində yerləşən Junggar ərazisində tapılan, 159 milyon il əvvəl yaşadığı aydın olan tüklü dinozavr növünün fosilləri ilk dəfə alimlərə dinozavr barmaqlarının necə quşların qanadlarına çəvrildiyi mövzusunda məlumatlar verir. Tədqiqatla əlaqədar məqalə 17 iyun 2009 tarixində Nature jurnalında yayımlandı.

Təkamül nəzəriyyəsinə əsasən müasir quşlar dinozavrlardan ayrılmış və sağ qalmış yeganə qoldur, buna baxmayaraq qədim sürünənləri araşdıran paleontoloqlar barmaq falanqalarından necə qanad strukturunun yarandığını dəqiq izah edə bilmirdilər. Hesab edilir ki, qanadlar sürünənlərin ikinci, üçüncü və dördüncü barmaqlarının birgə təkamülü nəticəsində formalaşmışdır - illərdir quşların embrion inkişafı üzərində aparılan təcrübələr bunu dəstəkləyir. Quşların əcdadı hesab edilən teropodlarda (ikiayaqlı sürünənlər) isə birinci, ikinci və üçüncü barmaqlar daha çox inkişaf etmişdi. Bir konfiqurasiyadan digərinə keçid son illərə qədər sirr olaraq qalırdı.

Çin Elmlər Akademiyası və Paleontologiya və Paleoantropologiya İnstitutundan olan prof. Xi Xung, Vaşinqton Universitetindən (ABŞ) olan həmkarları ilə birlikdə uzunmüddətli qazıntı işlərindən sonra Qobi səhrasında bir dinozavr növünə aid fosillərə rast gəldi. Alimlər növün ön üzvlərini araşdırarkən birinci barmağın ciddi şəkildə kiçildiyini, ikinci barmağın ölçülərininsə böyüdüyünü gördülər. Belə ki, barmaq falanqaları ilə birləşən bilək sümükləri ikinci, üçüncü və dördüncü barmaqlara uyğun gəlirdi (quşlardaki kimi), falanqalar özləri isə birinci, ikinci və üçüncü barmaq falanqalarına oxşayırdı (dinozavrlardaki kimi).


Limusaurus inextricabilis fosili ilə birlikdə kiçik timsah fosili
Elm adamları tapılmış dinozavrın, üzvlərin qanadlara necə çevrildiyini izah edən keçid növü olduğunu və bu mərhələdə təkamülün mürəkkəb xarakter daşıdığını qeyd edirlər. Limusaurus inextricabilis adı verilən və tərcümədə "bataqlıqda ilişib qalan dinozavr" mənasını verən yeni dinozavr növünün fosilləri Yura dövrünə aid çöküntü qayalıqlarda tapıldı. Bundan başqa çənə quruluşunun analiz işləri göstərdi ki, növün dişləri yox idi, əksinə dinozavr dimdiyə sahib idi. Baxmayaraq ki teropodların əksəriyyəti yırtıcılardır, bu məlumatlar növün otyeyən olduğunu göstərir.

Xi Xung tapıntı ilə əlaqədar bunları deyir:


"Bu dinozavrın kəşfi həqiqətən də möhtəşəm hadisədir, çünki dinozavr üzvlərinin necə təkamülləşdiyi və ilk quşların necə meydana gəldiyinə dair təsəvvürlərimizi dəyişdirir."


Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...

December 15, 2013

Kişilərin burnu niyə daha uzundur?

ABŞ-dan olan tədqiqatçılar kişi və qadın burunları arasındakı ölçü fərqini təyin etdilər. Tədqiqatlar Avropa mənşəli populyasiyalarda kişilərin qadınlardan daha böyük buruna sahib olmasının səbəbinin "oksigen ehtiyacı" olduğunu göstərdi.

Kişi və qadınların burun ölçüləri fərqliliyi düşünüldüyü qədər böyük deyil. ABŞ-ın Lowa Universiteti tərəfindən aparılan tədqiqata görə fərq yalnız 10%-dir. Bu fərqin səbəbi isə əzələ toxumasından qaynaqlanan oksigen tələbidir.

Tədqiqatda 3-20 yaşlarda olan 38 Avropa mənşəli insanın burun ölçüləri qiymətləndirildi. Kişilərin daha böyük burunlu olmasının təməl səbəbi olaraq daha çox yağsız əzələyə sahib olmaları göstərildi. Daha böyük burun əzələ böyüməsini təşviq etdiyi kimi, əzələ nisbətinin qorunmasında da rol oynayır. Burun fərqləri oğlan və qız uşaqlarında ümumiyyətlə 11 yaşında, yetkinliyin başlanğıcıyla meydana çıxır.

American Journal of Physical Anthropology jurnalında dərc olunan araşdırma müasir insanların, daha əzələli olan Neandertallardan niyə nisbətən kiçik burunlu olduğunu da izah edir.

Lowa Universitetindən olan Nathan Holton deyir:


"Qədim insanlarla müqayisədə bədənimiz daha az oksigenə ehtiyac duyduğu üçün burunlarımız kiçildi. Bədən ölçüləri eyni olsa belə burun ölçüləri fərqli olur. Bunun səbəbi yetkinlik dövrüylə başlayan toxuma paylanılması fərqliliyidir."



Alimlər fərqli mədəniyyətlərdəki tapıntıların da əlavə olunması lazım olan yeni araşdırmalar aparılacağını bildirdilər.

Qaynaq: Sekulyarizm.org
daha ətraflı...

İkinci İran meymunu kosmosa uçdu

İran dövlət televiziyası, içində meymun olan ikinci araşdırma raketinin kosmosa göndərildiyi xəbərini yaydı. Xəbərdə yer üzündən 120 kilometr hündürlüyə qalxmış raketin 15 dəqiqədən sonra müvəffəqiyyətlə geri döndüyü, "Fərqam" adlı meymunun da sağ olduğu bildirildi.

Tədqiqatçıların əldə etdikləri məlumatların kosmos biologiyası, fiziologiya, kosmik və bio-tibbi elmlər kimi bir çox kosmos texnologiyası sahəsindəki araşdırmalarda istifadə ediləcəyi planlaşdırılır. İranlı alimlər bu uğuru kosmosa insan göndərmə məsələsində bir addım daha yaxınlaşma olaraq qiymətləndirdilər.

İran 28 yanvar 2013 tarixində içində canlı daşıyan "Qabaqcıl" adlı ilk araşdırma raketini kosmosa göndərmiş və meymunun fotoşəklini nümayiş etdirmişdi. Lakin bu fotoşəklin həqiqi olub-olmadığı bir çox mübahisələrə səbəb olmuşdu.

Alimlər ilk raketdən fərqli olaraq yeni raketin kapsula içindəki canlının daha az zərər görməsi üçün kosmosa maye yanacaq istifadə edərək buraxıldığını deyirlər. İran "Omid" (Ümid) adındakı ilk yerli raketini 2009-cu ildə kosmosa göndərmişdi. İlk iranlı astronavtın isə 2020-ci ildə kosmosa göndəriləcəyi planlaşdırılır.

Qaynaq: BBC News
daha ətraflı...

İnsan DNT-sinin ikinci kodu tapıldı

ABŞ-ın Vaşinqton Universitetindən olan tədqiqatçılar insan DNT-sinin "əks" tərəfini tapdıqlarını açıqladılar. Bu kəşfin insan DNT-sinin daha yaxşı oxunması və anlaşılması üçün bir növ vasitə olduğu hesab edilir. Tədqiqatın nəticələri 13 dekabr 2013 tarixində Science jurnalında dərc edildi.

DNT-nin bu "ikinci kodu" molekulyar genetiklərə mutasiya proseslərinin əsasları və mahiyyətini anlamaq üçün məlumat təmin edir. Alimlər uzun müddət gizli qalmış bu ikinci kodun tapılmasıyla bir çox xəstəliklərin sağaldılmasının mümkün olacağını bildirirlər.

Bu vacib kəşfə imza atan Vaşinqton Universitetindən olan genetik prof. John Stamatoyannopoulos apardıqları təcrübədə əsas məqsədin insan genomunun bioloji funksiyalarının kod dəstinin öyrənilməsi olduğunu qeyd etdi.

Zülal yaratmada DNT-nin "təlimatlar" alma mənbəyi olduğu elm adamlarına uzun müddətdir ki məlum idi, yeni tapıntı isə onlara DNT-nin "ikinci dilinin" də mövcud olduğunu göstərdi. Alimlər bu "dillərdən" birincisin amin turşularının ardıcıllığına cavabdeh olduğunu bilirdilər. DNT-nin ikinci dili isə sanki birincinin üzərinə yerləşdirilmiş şəkildədir və əlavə təlimatlar təqdim edir.

Bu ikinci dil birincinin üstündə gizlənərək və mürəkkəb qarşılıqlı təsirə sahib olduğu üçün 40 ildən çoxdur ki elm adamlarından qaçırdı. Beləliklə, DNT-nin bəzi kodonları iki fərqli funksiya daşımalıdır. Bunlardan biri zülal ardıcıllıqlarının kodlaşdırılması, digəri isə genlər üzərində nəzarətdir. Son anda onlar sabitləşdirici amil kimi də çıxış edə bilərlər.

Alimlər bu tapıntının insan genomu layihəsindən sonra ikinci ən əhəmiyyətli irəliləyiş olduğunu hesab edirlər.

Qaynaq: RedOrbit
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top