January 20, 2014

Seks beyin fəaliyyətini gücləndirir

ABŞ və Cənubi Koreyadan olan tədqiqatçılar orta yaşlı siçovul və siçanlar üzərində bir neçə tədqiqat apardıqdan sonra maraqlı nəticələr əldə etdilər.

Maryland Universitetindən olan psixoloqlar seksual təcrübənin, qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa keçidinə cavabdeh olan hipokampdaki yeni neyronların inkişafını stimullaşdırdığını aşkar etdilər.

Təcrübənin nəticələri seksual əlaqədən sonra yetkin siçovullarda neyrogenez prosesinin sürətləndiyini göstərdi: beyinləri faktiki olaraq cavanlaşırdı. Seksual fəaliyyətin qarşısı alındıqda isə neyronların artımı prosesi yenidən zəifləyir, beyin funksiyası aktivliyinin sürəti azalırdı.

Cənubi Koreyanın Kontuk Universitetindən olan bir qrup tədqiqatçı belə qənaətə gəldi ki, davamlı seks müvəffəqiyyətli şəkildə stressin beynə verdiyi mənfi təsirin qarşısını alır. Beyindəki neyronların artımını tormozlayan məhz stressdir. Seksual əlaqədən sonra isə bu funksiya bərpa olunur.

Qaynaq: Telegraph
daha ətraflı...

January 15, 2014

Arxa üzvlərin təkamülü aydınlaşdırıldı

Balıqlar və dördayaqlı heyvanlar arasındaki keçidi meydana gətirən möhtəşəm qorunmuş Tiktaalik fosillərini araşdıran paleontoloqlar "quruda yeriməyə yarayan" arxa üzvlərin hesab edildiyi kimi qədim amfibilərdə deyil, hələ balıqlarda təkamülləşdiyini aydınlaşdırdılar. Tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

2004-cü ildə tiktaaliki tapmış Chicago Universitetindən (ABŞ) olan paleontoloq prof. Neil Shubin deyir:

"Əvvəlki nəzəriyyələrə əsasən balıqlara xas olan "ön idarəli" hərəkətdən "tam idarəli" hərəkətə artıq dördayaqlı heyvanların meydana gəlməsindən sonra keçid almışıq. Görünür, bu keçid hələ balıqlar arasında, sonraki nəsillərin quruya çıxmasından əvvəl başlanıb."

Shubin və həmkarlarının əldə etdiyi ilk tapıntılar bütöv deyildi - onlar yalnız tiktaalikin kəllə sümüyü, qabırğa və ön üzvlərinə rast gəlmişdilər. Tiktaalikin kəşfi həqiqətən də inqilabi hadisə oldu - onun "elastik" boynu, primitiv ağ ciyəri və geniş döş qəfəsi balıqlar və qədim dördayaqlı heyvanlar arasındaki "ara keçid" olduğundan xəbər verirdi.

Shubinin tədqiqatçı qrupu tiktaalikin ilk dəfə tapıldığı Ellesmere adasında fosilin tam versiyasını əldə etmək üçün qazıntı işlərinə davam etdi. Son 10 il ərzində alimlər daha dörd fosili tapmağa nail olmuşdular, bunlardan bəziləri də aşağı üzgəc sümükləri və skeletin digər hissələrinin fraqmentlərini daşıyırdı.

Bütün qalıqları birləşdirərək paleontoloqlar maraqlı nəticəyə gəldilər: tiktaaliklər çanaq bənzəri sümüyə və heyvanlarda yeriməyi təmin edən arxa üzvlərin dəstəklədiyi bir neçə sümüyə sahib idi. Bu fakt "tam idarəli" davranışın hələ balıqlar arasında təkamülləşdiyi fikrini əminliklə irəli sürməyə icazə verir.

"İri arxa üzgəclərin tiktaalikə qayıq kimi üzmə təmin etdiyini iddia etmək üçün bütün əsaslar var. Digər yandan, o, bunları həm də quruya çıxdıqda addımlar atmaq üçün istifadə edə bilirdi. Afrikalı ikitənəffüslü balıqlar oxşar üzvlərə sahibdirlər və suyun dibində qaça bilirlər", - Shubin sözlərinə əlavə edir.

Qaynaq: Pnas.org , Sci-News 
daha ətraflı...

January 7, 2014

"Mars One" layihəsi üçün 1058 nəfər seçildi

Yerə dönüşü planlaşdırılmayan Mars ekspedisiyası təklif edən Mars One layihəsinin təşkilatçıları ilk turun nəticələrinə görə artıq missiyada iştirak etmək üçün müraciət etmiş insanlar arasından ən uyğun 1058-i seçiblər.

İlk iştirakçı qrup 200.000-dən çox ərizənin araşdırılmasından sonra müəyyənləşib. Layihənin təsisçisi Bas Lansdorpun dediyinə görə ilk turun seçkilərini keçmiş namizədlər Qırmızı planetdə qurulacaq ilk insan koloniyası haqda yalnış təsəvvürlər formalaşdırırlar.


"Bizim məqsədimiz kimin fiziki və psixoloji baxımdan Marsda insanlığın ilk təmsilçisi ola biləcəyini aydınlaşdırmaqdan ibarətdir. Bu kəsləri missiyaya bir o qədər də ciddi yanaşmayanlardan ayırmağa çalışırıq." - Bas Lansdorp qeyd edir.

CBS telekanalının verdiyi məlumata görə ilk seçki turunu keçə bilmiş namizədlərin əksəriyyəti ABŞ vətəndaşlarıdır (297 nəfər). İkinci pillədə 75 nəfər namizədlə Kanada yer alır. Üçüncü yerin sahibi 63 namizədlə Hindistan, dördüncü isə 52 nəfərlə Rusiyadır. İkinci tura 107 ölkədən olan namizədlər keçid alıb.

Növbəti seçki prosesləri bir neçə mərhələdən ibarət olacaq. Təşkilatçılar namizədlər arasında Marsda fiziki və psixoloji baxımdan yaşaya biləcək ən uyğunlarını müəyyənləşdirməyə çalışacaqlar. Bununla belə əlavə ərizələrin də qəbul olunması gözlənilir.

Layihənin qanunlarına görə namizədlərin yaşı 18-dən yuxarı olmalıdır, həmçinin məqsədə çatmada qəti qərarlar verə bilən, tez adaptasiya ola bilən və insanlarla yaxşı əlaqələr qura bilən, yaradıcı kəslər olmalıdır. İngilis dili layihənin əsas dili hesab edilir.

Mars One layihəsi 2023-cü ildə Marsa ilk pilotlu ekspedisiyanın yerinə yetirilməsini planlaşdırır. Qonşu planetə göndəriləcək İlk dörd namizəd oranın ilk sakinləri olacaq və həyatlarının sonuna qədər hazırlanacaq bazada yaşayacaqlar.

Qaynaq: RİA
daha ətraflı...

Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı

2013-cü ilin sonlarında fotoqraf Culi Belancer zəmilərdəki qeyri-adi görünüşlü dairələri çəkdikdən sonra fotoşəkillər bu mövzuda yeni mübahisələrə səbəb olmuşdu.

San-Fransiskonun cənubunda yerləşən Çualar adlı kiçik şəhərdə, göründüyü qədərilə, qazon biçən maşınlarla hazırlanmış dairələrin mənası nə idi? Axmaq zarafat? Yadplanetlilərə ünvanlanmış mesaj? Yoxsa yadplanetlilərin bizə mesajı?

Bir müddət sonra zəmilərdəki dairələr elə yarandığı kimi qeyri-adi şəkildə yoxa çıxdıqda diskussiyalar növbəti fazaya keçid aldı. Bəziləri fotoqrafı falsifikasiyada günahlandırdı, digərləri isə sirli dairələrin yadplanetlilərə aid olub-olmadığı haqda müzakirələrə davam etdi.

Nəhayət mübahisələrin ən qızğın yerində xəbər agentliklərindən birinin redaksiyasına anonim zəng gəldi. Zəng edən şəxs qeyri-adi dairələrin müəllifinin dünyaca məşhur çip istehsalçılarından olan NVIDIA şirkəti olduğunu, dairələrdən ibarət rəsminsə yeni məhsullarının reklamı üçün hazırlandığını dedi.

Artıq bu məlumat öz təsdiqini tapdı. Ötən həftənin bazar günü Las Veqasda təşkil olunmuş press-konfransın sərgisində NVIDIA şirkətinin prezidenti Cen-Sun Xuan mobil telefonlar üçün planlaşdırılmış yeni çipin ictimaiyyətə tanıdılması üçün öz marketinq bölməsinə şəxsən belə bir reklam sifarişi verdiyini açıqladı.

Xuan deyir:


"Yeni çipimiz faktiki olaraq uçurum üzərindən körpü döşədi, artıq mobil telefonlar güc baxımından kompyuterlərdən geri qalmayacaq."

Qaynaq: naked-science.ru
daha ətraflı...

January 5, 2014

Titan araşdırmaları üçün yeni robot hazırlandı

NASA-nın hazırladığı yeni nəsil Super Ball Bot robotu yüngüllüyü və çevikliyi ilə bataqlıq ərazilərdə hərəkət edə bilər. Robotun Saturnun ən böyük peyki Titan üzərində araşdırmalar aparacağı qeyd edilir. 

Titanın səthi yüngül buz və çöküntü ilə örtülüdür və Günəş sistemində kolonizisiya üçün ən əlverişli namizədlərdən biridir.

Yeni robotun yüngül qollardan və əsaslardan ibarət konstruksiyası təhlükəli ərazilərdə rahat şəkildə tədqiqatlar aparmağa imkan təmin edir. Bununla belə hündürlüklərdən düşdükdə sıradan çıxma təhlükəsi yoxdur. Sərt və bataqlıq yerlərdə hərəkət edə bilir.

Robotun dözümlülüyü onu 100 km hündürlükdən, üstəlik heç bir xüsusi paraşüt və əyləc mühərriyinə ehtiyac duymadan peykin səthinə buraxa bilmək imkanı yaradır.

Saturnun peyki Titanın səthini maksimal effektiv öyrənmək üçün NASA gələcəkdə bu tip robotlardan bir neçəsini kosmik gəmi içərisində peykə göndərməyi planlaşdırır. Buna baxmayaraq yaxın gələcəkdə belə bir addımın atılmayacağı bildirilir.

Videonu izləmək üçün klikləyin.


Qaynaq: naked-science.ru
daha ətraflı...

January 4, 2014

"Sinxron" planetlərin qaranlıq üzündə həyat ola bilər

Ulduzuna yalnız bir üzünü çevirmiş (sinxron) Yerə oxşar ekzoplanetlərdə həyat üçün əlverişli şərtlər mövcud ola bilər. 31 dekabr 2013 tarixində Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən xəbərə görə sinxron ekzoplanetlərin qaranlıq tərəfi okeanlardaki axınlar səbəbindən qızışa bilər, bu davamlı proses də həyatı dəstəkləyə bilər.

Son on il ərzində planetoloqlar bir neçə min ekzoplanet aşkar ediblər. Bunlar arasında onlarla "superyerlər" və Yer əkizlərinə də rast gəlinir. Əksəriyyəti zəif və soyuq cırtdan-ulduzlar ətrafında dövr edir. Axın qüvvəsi səbəbindən bu planetlərin bir çoxu ulduzuna yalnız bir üzünü çevirmiş vəziyyətdədir, yəni öz oxu ətrafında dövr edə bilmir. Bu tip ekzoplanetlərin qaranlıq və işıqlı üzləri arasındaki kəskin temperatur fərqləri həyat əlamətləri daşıya biləcəkləri mövzusunda şübhələrə səbəb olurdu.

Pekin Universitetindən (Çin) olan Yongyun Hu və Jun Yang bu düşüncənin yalnış olduğunu və sinxron ekzoplanetlərin yarımkürələri arasında istilik mübadiləsi ola biləcəyini hesab edirlər. Alimlər bu prosesin baş verə biləcəyini göstərmək üçün ekzoplanetlərin okean və temperatur fəaliyyətini izah edən iqlim modelini istifadə etdilər. Bu üsul Gliese 581g planetinin müşahidələri və oradan alınmış məlumatlar köməyi ilə inkişaf etdirilmişdir.

Alimlər bu tip planetlərdə Yer okeanını xatırladan qlobal okeanın mövcud ola biləcəyi qənaətindədirlər. Bu ideyaya əsaslanıb Gliese 581g'nin "virtual əkizinin" atmosferində karbon-dioksid nisbətini dəyişdirərək bir neçə iqlim simulyasiyası keçirdilər.

Tədqiqatın nəticələri hətta havasında aşağı CO2 konsentrasiyaları olduqda və cırtdan-ulduzundan uzaq məsafədə yerləşdikdə belə Gliese 581g'nin qaranlıq üzündə maye okeanın mövcud ola biləcəyini göstərdi. Planetoloqlar bunun səbəbi kimi okean axınlarının istiliyi ekvatordan qaranlıq üzə doğru daşıya biləcəyi olduğunu qeyd edirlər.

Belə bir mexanizm qapalı ekzoplanetlərdə kifayət qədər rahat həyat şərtləri yarada bilər. Alimlər bu tip planetlərdə okeanların mövcudluğunu təsdiqləmək üçün artıq yeni texnikaların inkişaf etdirilməsi lazım olduğunu vurğulayırlar.

Qaynaq: Phys.org , ArsTechnica
daha ətraflı...

Gözdə əks olunan sifətləri tanıya bilərik

İnsan fotoşəkildəki bir başqa insanın gözündə əks olunan sifəti izləyərək üçüncü insanı tanıya bilər. 26 dekabr 2013 tarixində PLoS One jurnalında yayımlanan məlumata görə yeni üsul cinayətlərin açılmasına yardım təmin edə bilər.

York və Glasgow universitetlərindən (Britaniya) olan tədqiqatçılar insanların yüksək keyfiyyətli şəxsiyyət vəsiqəsi fotoşəkillərini bir neçə dəfə böyüdərək onların gözündə əks olunan fotoqrafın görünüşünü əldə etməyə çalışdılar.

Tədqiqatda iştirak edən könüllülərdən böyüdülmüş fotoşəkillərdə kimlərin əksinin olduğunu aydınlaşdırmaq istəndi. Böyüdülmüş yüksək keyfiyyətli fotoşəkillərdəki insanların gözündə əks olunan fotoqraflar arasında yad olanları 71%, tanış olanları isə 84% dəqiqliklə tanındı. 

York Universitetindən olan Rob Jenkins deyir:

"Göz bəbəyi tünd güzgüyə oxşayır. Orada əks olunan görünüşü əldə etmək üçün onu yaxınlaşdırıb kontrastını tənzimləməlisiniz. Belə halda şəkil çəkdirən obyektin sifəti onun gözündə əks olunan sifətdən 30 min dəfə böyükdür. Tapıntılarımız insanın möhtəşəm sifət tanıma bacarığının altından xətt çəkir."

Tədqiqatçıların dediyinə görə əldə olunan nəticələr məhkəmə işlərində cinayətin qurbanı olmuş insanların cinayətkar tərəfindən çəkilmiş fotoşəkillərini araşdıraraq onu tapmaq üçün istifadə edilə bilər. Hesab edilir ki bu üsul xüsusilə cinsi zorakılığa məruz qalmış və ya qaçırılmış insanlara yardım edəcək.

Qaynaq: PLoS One , NBC News
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top