Çox az insan tapılar ki qrip xəstəliyinin pəncəsinə düşməsin. Onu gözardı etsək də, qrip əslində ildə yarım milyon insanın ölümünə səbəb ola bilən, təhsildə və iş fəaliyyətində problemlər yaradan olduqca ciddi bir xəstəlikdir. Bu yazımızda qısa olaraq qrip xəstəliyinə toxunacaq, sonra isə qrip haqqında doğru bildiyimiz səhvlərə işıq tutacağıq.
Qrip və ya İnfluenza
Tənəffüs yollarımızı hədəf alan bir çox fərqli virus mövcuddur: adenoviruslar, rinoviruslar, koronaviruslar və sair. Bu tip mikroorqanizmlərin səbəb olduğu infeksiyalara ümumilikdə yuxarı tənəffüs yolu infeksiyaları deyilir və ortaya çıxan narahatlıq, asqırma, bəzən öskürək kimi əlamətlər həm yoluxdumuz virusun xüsusiyyətinə həm də əsas hədəf yerinə görə dəyişkənlik göstərir. Məsələn daha çox burnumuzun selikli qişasını hədəf alan rinovirus infeksiyalarında güclü burun axıntısı ilə müşayiət olunan zökəm xəstəliyi keçirir və adətən bu tip yuxarı tənəffüs yolu infeksiyalarının hamısına qrip deyirik. Ancaq bu düzgün bir ifadə deyil. Çünki həqiqi qrip olduqca şiddətli əlamətlərlə müşayiət olunan və influenza virusunun törətdiyi xüsusi yuxarı tənəffüs yolu infeksiyasıdır. Influenza burun, boğaz və ağciyərlərə yerləşərək çox ciddi ağırlaşmalara səbəb olan, hətta bəzi hallarda ölümlə nəticələnən, olduqca yoluxucu bir virusdur.
Elektron mikroskopu altında 100.000 dəfə böyüdülmüş qrip virusu |
Influenza viruslarının bir başqa xüsusiyyəti də sürətli mutasiyaya uğramaları və hər il özlərini dəyişdirmələridir. Bu səbəbdən bir dəfə qrip keçirmək bu xoşagəlməz xəstəliyə qarşı immunitet qazanmağımıza kifayət etmir. Bu il xəstələnsək belə növbəti il dəyişikliyə uğramış yeni bir qrip virusu ilə qarşılaşdığımız zaman təkrar qrip ola bilirik.
Qrip olan insanlarda, əsasən yuxarı tənəffüs yolu infeksiyalarında müşahidə edilən əlamətlər ortaya çıxır: yüksək hərarət, öskürək, boğaz ağrısı, şiddətli əzələ və oynaq ağrıları, halsızlıq, baş ağrısı, burun axıntısı və bəzən də qusma xəstəliyin əsas əlamətləridir. Qrip xəstəliyini digər bu tipli xəstəliklərdən ayıran ən əhəmiyyətli göstərici isə bu əlamətlərin olduqca şiddətli olmasıdır.
Qrip xəstəliyinin inkubasiya müddəti 1-4 gün arasında dəyişir və çox hallarda virusa yoluxduqdan 2 gün sonra əlamətlər özünü biruzə verməyə başlayır. Əlamətlər adətən birdən ortaya çıxıb bir neçə saat ərzində olduqca ağır xəstəlik tablosu yaradır. Ancaq maraqlı bir məqam var, qrip virusuna yoluxan insanlar xəstəlik əlamətləri ortaya çıxmadan bir gün əvvəl ətrafa virus yaymağa başlayırlar. Bu da virusun hansı səbəbdən son dərəcə yoluxucu olduğunu açıqlayan səbəblərdən biridir. Xəstə olduğumuzu hiss etmədən başqa insanları da virusla yoluxdurmağa başlayırıq!
İnkubasiya dövründən sonra meydana çıxan xəstəlik əlamətləri təxminən bir həftə davam edir və sonra yaxşılaşma baş verir. Ancaq yaşlılar, körpələr, immun sistemi zəif insanlar, bronxial astma və ürək-damar xəstəlikləri kimi problemləri olanlarda daha ağır formada müşahidə edilə bilər. Bəzi hallarda pnevmoniya, sinusit, bronxit kimi ağırlaşmalara və hətta ölümə də səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə hər il 3-5 milyon insanda qrip ağırlaşmaları baş verir və təxminən 500 min insan həyatını itirir.
Qrip insanlar arasında əsasən hava-damcı yolu ilə yayılır. Xəstələrin hər bir öskürmə və asqırması ilə ətrafa təxminən yarım milyon virus saçılır. 2 metr uzağa saçılan və havada asılı qalan damcılar içində olan viruslar növbəti qurbanlarını nəfəs alınan hava ilə yoluxdururlar. Eyni zamanda xəstələrin xüsusilə əllərinə öskürdükdən sonra tutduqları qapı, telefon, avtobus tutacaqlarından yeni potensial sahiblərinin əllərinə, oradan da ağızlarına keçə bilirlər. Qripdən qorunmaq üçün ən əhəmiyyətli tədbirlərdən biri əllərin tez-tez yuyulması və digəri də xəstələrin özlərini mümkün qədər digər insanlardan uzaq tutmasıdır. Yəni qrip olduqda izdihamlı yerlərə, işə getməmək, ümumi nəqliyyatdan istifadə etməmək, övladınız qrip olduqda digər uşaqlara keçməyinə maneə törətmək üçün məktəbə göndərməmək olduqca əhəmiyyətlidir. Bir başqa vacib qoruyucu tədbir isə qrip peyvəndidir ki buna da bir azdan daha ətraflı toxunacağıq.
Öskürmə və asqırma ilə ətrafa yarım milyon virus saçırıq |
Qrip barəsində doğru bildiyimiz səhvlər
1. Yaş saçla gəzmə, qalın geyin, yoxsa qrip olarsan!
Düşünülənin əksinə qrip xəstəliyinin üşüməklə, soyuqlamaqla birbaşa əlaqəsi yoxdur. Yuxarıda da bəhs etdiyimiz kimi, qrip viruslar səbəbi ilə ortaya çıxan yoluxucu bir xəstəlikdir. Yəni bədəninizə Influenza virusu düşmədiyi müddətdə qrip olmağınız qeyri-mümkündür.
Lakin qrip xəstəliyinin soyuq havalarda və xüsusilə qış mövsümündə daha çox müşahidə edildiyi də hamımızın diqqətindən qaçmayan bir faktdır. Bunun bir neçə səbəbi var.
Ən əhəmiyyətli səbəb soyuq havada qapalı və izdihamlı məkanlarda daha çox vaxt keçirmiş olmağımızdır. Havalar soyuduqca olduğumuz məkanların şüşələrini bağlayır, kafe və restoranlarda digər insanlara daha yaxın oturmağı seçirik. Bu vəziyyət daha çox insanla yaxın təmasda olmağımıza, eyni havanı tənəffüs etməyimizə səbəb olur. Beləcə bu insanlardan birinin ətrafa qrip virusu yayması daha çox insanın bu virusa yoluxmağına səbəb olur. Qapalı məkanlar yalnız qış mövsümündə deyil, kondisionerlərin çox istifadə edildiyi isti hava şərtlərində də qrip olma ehtimalımızı artırır.
Qapalı və izdihamlı məkanlar virusun yayılması üçün çox əlverişlidir |
Soyuq qış aylarında qrip olma ehtimalımız artsa da unutmamaq lazımdır ki, xəstəliyin mənbəyi insandan insana yoluxan viruslardır. Yəni Antarktikaya belə getsəniz, nə qədər soyuq olsa da qrip olmazsınız. (Amma Antarktikaya getsəniz pinqvinlərdən quş qripinə yoluxmayacağınıza zəmanət verə bilmərik!)
2. Gəncəm, sağlamam, qoy qrip məndən qorxsun!
Bəli, qrip ümumiyyətlə gənc və sağlam insanlarda daha yüngül keçir və ən ciddi qrip hadisələri körpələrdə və yaşlılarda müşahidə edilir. Ancaq bəzi istisnalar var. Bəzi qrip növləri gənc insanlara daha şiddətli təsir edir. Məsələn, 1918-ci ildə baş verən və dünyada hər 5 adamdan birini xəstə edib, hər 25 adamdan birinin ölümünə səbəb olan məşhur İspan qripi bu istisnalardan biridir. Bu epidemiyada ölənlərin əksəriyyəti 20-40 yaş arası gənc və sağlam insanlar idi. Bənzər şəkildə 2009-cu ildə Meksikada başlayıb dünyaya yayılan donuz qripi də daha çox gənc insanlarda ölümə gətirib çıxardı. Mütəxəssislər bu vəziyyətin bəzi virus tiplərində ortaya çıxan infeksiyaya immun sistemi güclü insanların orqanizmlərinin şiddətli reaksiya verməsi səbəbi ilə baş verdiyini düşünürlər. Bir çox halda, qripə bağlı ölüm səbəbi sitokin fırtınası deyilən və bədənin immun sistem reaksiyalarından biri olan sitokin tipli amillərin həddən artıq ifraz olunması nəticəsində ortaya çıxan ağırlaşmalardır.
Unutmayın ki, virusa yoluxduqdan sonra hələ xəstə olduğunuzu bilmədən ətrafınıza virus saçıb başqalarını da xəstələndirməyə başlayırsınız. Siz gənc və sağlam olsanız belə, virus sizi bir tramplin kimi istifadə edərək köməksiz körpələrə ya da yaşlılara keçə və sizin olmasa belə onların ölümünə və ya qalıcı zədələnməyə səbəb ola bilər. Buna görə də yaşınız neçə olursa olsun qrip xəstəliyindən qorunmaq bir xalq sağlamlığı öhdəçiliyidir.
3. C vitamini qəbul etdim, portağal yedim, mənə heç nə olmaz!
Çox təəssüf ki C vitamininin qripə qarşı əhəmiyyətli bir qoruyucu və müalicəvi təsiri yoxdur. Bu vitaminin qrip zamanı müsbət təsir göstərdiyi əfsanəsi nobel mükafatlı kimyaçı Linus Paulinq tərəfindən irəli sürülmüş və yüzlərlə araşdırma ilə artıq çürüdülmüşdür. Ancaq çox yaxşı satış vasitəsi olduğu üçün bütün qrip dərmanları limon və portağal şəkilləri ilə satışa çıxarılır, ya da tərkibində C vitamini olduğu xüsusi qeyd edilir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, C vitamini ancaq yüksək dozalarda qrip müddətini ancaq bir neçə saat qısaltmağa yarayır. Yüksək dozanın başqa riskləri ola biləcəyindən yalnız bir neçə saatlıq üstünlük təmin etmək üçün bu üsuldan istifadə etmək mənasızdır. Amma bu əlbəttə ki qrip olduqda portağal yeməyin demək deyil, təzə meyvə və tərəvəzin faydalı olduğu bir çox dietoloqun ortaq qənaətidir.
Toyuq şorbası, cökə, nanə və limon kimi vasitələrin xəstəliyin sağalmasına müsbət təsiri yoxdur |
Daha əvvəl qeyd etdiyimiz kimi, qrip viral xəstəlikdir və virusları öldürmək o qədər də asan deyil. Toyuq şorbası, cökə, nanə və limon kimi vasitələrin virusları öldürüb qrip xəstəliyini yaxşılaşdırmaq kimi təsirləri yoxdur, sadəcə soyuqdan quruyan selikli qişaları nəmləndirərək xəstəliyin əlamətlərini yüngülləşdirdiyinə görə özünüzü daha yaxşı hiss etməyinizi təmin edəcəkdir. Amma qrip zamanı bol maye qəbul etmək çox vacibdir.
5. Qrip xəstəliyim antibiotik qəbul edən kimi keçdi. Həkim yazmadı amma aptekdən soruşub aldım.
Antibiotiklər qrip viruslarına heç bir şəkildə təsir etmirlər. Əksinə, onların rezistent (antibiotiklərə qarşı davamlı) bakteriya yaratmaq kimi zərəri var. Çox adam qrip olduqdan bir neçə gün sonra antibiotik istifadə etməyə başlayır. Xəstəlik təxminən 7-ci gün özbaşına yaxşılaşdıqda bunun antibiotik sayəsində baş verdiyini düşünür. Antibiotiklərin, bədənimizdəki faydalı bakteriyalara da mənfi təsirləri çoxdur. Bu səbəbdən qrip olduqda antibiotik istifadə etməyə çalışmayın, həkiminizə antibiotik yazması üçün israr etməyin, ya da özbaşınıza gedib aptekdən antibiotik almayın. Bəzən viral infeksiyaya bakterial infeksiyaların (orta qulaq iltahabı, pnevmoniya kimi) qoşulması hallarında ortaya çıxan ikincili infeksiyanı müalicə etmək üçün antibiotik istifadə edilə bilər. Çox təəssüf ki, ölkəmizdə xəstələrin israrı səbəbi ilə xəstəni məmnun etmək üçün gərəksiz antibiotik yazan həkimlər də az deyil.
6. Qrip peyvəndi olduğum il bir neçə dəfə xəstələndim. Peyvənd işə yaramır.
Qrip xəstəliyinə qarşı ən yaxşı qorunma üsullarından biri qrip peyvəndi etdirməkdir. Qrip peyvəndi digər viral xəstəlik peyvəndlərindən bir az fərqlidir.
Viral xəstəliklərin çoxunda (parotit, qızılca və s.) xəstəlik törədən viruslar sürətli mutasiyaya uğramır. Məsələn 5 yaşınızda qarşılaşdığınız qızılca virusu ilə 15 yaşınızda qarşılaşdığınız qızılca virusu demək olar ki eynidir və immun sisteminiz bu virusla ilk qarşılaşdığı zaman inkişaf etdirdiyi müdafiə mexanizmlərini ikinci qarşılaşmada da istifadə edə bilir. Buna görə də bu xəstəliklərə qarşı inkişaf etdirilən peyvəndlər bir dəfə xəstələnsək belə uzun müddətli müdafiə təmin edirlər.
Halbuki qrip virusu çox sürətlə dəyişdiyi üçün hər il qarşılaşdığımız qrip virusları bir-birindən olduqca fərqlidir. Bu səbəbdən qrip peyvəndinin tərkibinin hər il yenilənməsi lazımdır. Bizim də qarşılaşacağımız yeni qrip mutasiyalarından qorunmaq üçün hər il təkmilləşən yeni peyvənd etdirməyimiz vacibdir.
Qrip peyvəndinin tərkibi qarşımıza çıxacaq epidemiya ehtimallarına görə hər il yenilənir |
Ancaq buna baxmayaraq peyvənd edilmək əhəmiyyətlidir. Çünki peyvənd özünü doğrultduğu halda qripdən qorunduğumuz kimi, tam uyğun gəlməsə belə bənzərlik səbəbi ilə yoluxduğumuz fərqli növ qripi daha yüngül keçirməyimizə səbəb olur.
7. Keçən ay qrip oldum. Ona görə bu il peyvəndə ehtiyac yoxdur.
Yuxarıda qeyd edildiyi kimi, qrip keçirmiş olsanız belə mutasiyaya uğramış qrip ştammının gəlib təkrar başınıza bəla olmayacağına heç bir zəmanət yoxdur. Ya da qrip sandığınız influenza deyil digər virusların səbəb olduğu xəstəliklər ola bilər. Ona görə də qrip keçirdiyinizi düşünsəniz belə peyvənd olmaqda fayda var.
Peyvənd üçün ideal zaman Sentyabr ayı və ya Oktyabr ayının əvvəlidir. Bu aylarda peyvənd olmadınızsa, sonra da peyvənd olmanızda bir problem yoxdur. Peyvənd üçün təklif edilən zaman ən yaxşı qorunmanı təmin etmək üçündür.
8. Qrip peyvəndi etdirdim, peyvənd məni xəstə etdi.
Əzələyə yeridilən klassik qrip peyvəndinin sizi qrip etmə ehtimalı sıfırdır. Çünki peyvənd virusun özünü deyil, virusa aid zülal parçalarını ehtiva edir. Bu zülalların peyvənd ilə bədəninizə yeridilməsi, immun sistemimizin bu zülallara qarşı anticisim yaratması və bu zülalları daşıyan virusun özü ilə qarşılaşdıqda infeksiya ilə mübarizə aparması üçün kifayətdir. Ancaq peyvənddən sonra yüngül qızdırma və inyeksiya yerində ağrı, qızartı, şişkinlik, istilik olması normaldır. Bu əlamətlər peyvəndin sizi xəstə etməyini deyil, bədəninizə daxil olan zülallara qarşı immun sisteminizin verdiyi reaksiyanı göstərir. Bu müddətdə immun sisteminiz yad zülallara qarşı anticisim hazırlamağı öyrənir.
İçində zəiflədilmiş virus daşıyan və zəif ehtimalla da olsa sizi qrip edə biləcək yeganə qrip peyvəndi burundan sprey olaraq istifadə ediləndir. Bu peyvənd ancaq inyeksiya tətbiq edilə bilinməyən insanlara xüsusi hallarda təklif edilir və effektivliyi çox mübahisəlidir.
Bəzən, peyvənddən sonra qrip olduğumuzu düşünməyimizin bir səbəbi də təsadüfən digər virusa, ya da peyvənd içində olmayan qrip virusuna yoluxmağımızdır. Bu təsadüfi hadisədir, ancaq yanlış olaraq səbəb-nəticə əlaqəsi qurmağımıza və xəstəliyimizin səbəbini peyvənddə axtarmağımıza səbəb olur.
9. Qrip peyvəndi autizm yaradır, ona görə özümə də övladıma da etdirmirəm.
Qrip peyvəndi və digər peyvəndlərin autizmə səbəb olduğu iddiası əsassızdır. Peyvəndlərin autizmlə əlaqəsi mövzusunda hazırladığımız yazını buradan ətraflı oxuya bilərsiniz.
Ümid edirik ki, bu yazı sizə qrip olmamaq üçün nələrə diqqət yetirməyiniz və ya qrip olduqdan sonra nə etməyiniz lazım olduğu mövzusunda köməkçi olacaqdır. Siz yenə də ananızın sözünü dinləyin, soyuqda yaş saçla, papaqsız əlcəksiz küçəyə çıxmayın.
Mənbə: Yalansavar
0 şərh var:
Post a Comment