February 22, 2018

Kainatda mövcud olan ulduz növləri


Ulduzlar da canlı varlıqlar kimi növlərə ayrılır. Ulduz növləri, yaranma anındakı kütləsindən tutmuş, ömrü boyunca baş verən dəyişmələrə qədər bir çox amil tərəfindən təyin olunur. Bu yazımızda, kainatda görə biləcəyimiz müəyyən ulduz növlərinə və onların əsas strukturlarına nəzər yetirəcəyik.

Ulduzların "sağlam ömür" yaşadığı bir zaman kəsiyi vardır. Astronomlar ulduzların bu balanslı və sağlam ömür hissəsini "ana mərhələ" olaraq xarakterizə edirlər. Ulduz bu müddət ərzində, nüvəsindəki çox sıx maddənin böyük qismini meydana gətirən hidrogeni heliuma çevirərək enerji istehsal edir.

Ana mərhələ ulduzları kütlələrinə görə (Günəşin kütləsini "1" olaraq götürürük) təsnif edildikdə, ən ağırdan ən yüngülə doğru, simvolik olaraq O, B, A, F, G, KM hərfləri ilə adlandırılır. Bu hərflər, ulduzun kütləsini və eyni zamanda spektr növünü göstərir.

Bu şəkildə, O-B spektr növünə aid bir ulduzun mavi, K-M spektr növünə aid digər ulduzun isə narıncı işıltısı görülür

Ana mərhələnin müddəti ulduzun doğum anındakı kütləsinə görə fərqlilik göstərsə də, gənclik günləri əvvəl-axır sona çatan ulduzumuz dəyişməyə və fərqli növlərə çevriləcəyi mərhələyə daxil olmağa başlayır. Ümumi prinsip belədir: ulduzun kütləsi nə qədər azdırsa o qədər uzun yaşayar. İndi, bir-bir müəyyən ulduz növlərinə baxaq.

1. "Proxima Centauri" Tipli Qırmızı Cırtdan Ulduzlar (M Spektr Sinfi)


Günəşin 7.5-60%-i qədər kütləyə sahib olan M sinif qırmızı cırtdan ulduzların ana mərhələdə keçirdikləri müddət kütlələrinə görə 70 milyard il ilə bir neçə trilyon il arasında dəyişir. Kütləsi ən çox olanlar ömürlərinin sonunda ağ cırtdana çevrilərək ölürlər. Daha aşağı kütləli cırtdanlar isə, yavaşca sönərək qara cırtdana çevriləcək. 13.8 milyard yaşlı kainatda, indiyə qədər heç bir qırmızı cırtdan ulduz ana mərhələdən çıxıb qara cırtdana çevrilərək ölməmişdir.

Qırmızı cırtdan ulduzlar, kainatda sayca ən çox olanlardır və bütün ulduzların 80%-ni təşkil edirlər.

2. "Epsilon Eridani" Tipli Narıncı Cırtdan Ulduzlar (K Spektr Sinfi)


Günəşin 60-85%-i qədər kütləyə sahib olan K sinif narıncı cırtdan ulduzların ana mərhələdə keçirdikləri müddət, kütlələrindən asılı olaraq 20-50 milyard ildir. Bu müddətin sonunda, əvvəl qırmızı nəhəng ulduza, sonra isə planetar dumanlıq meydana gətirərək ağ cırtdana çevrilib ölürlər. Kainatda, bu günə qədər heç bir K sinif ana mərhələ ulduzu qırmızı nəhəngə çevriləcək qədər yaşlanmamış və ölməmişdir.

Narıncı cırtdan ulduzlar, kainatda var olan ulduzların təxminən 8%-ni təşkil edirlər.

3. "Günəş" Tipli Sarı Ulduzlar (G Spektr Sinfi)


Günəşin 85-110%-i qədər kütləyə sahib olan G sinif sarı cırtdan ulduzlar, kütlələrindən asılı olaraq 8-15 milyard il ana mərhələdə qalır və sonradan qırmızı nəhəngə çevrilirlər. Sonda isə planetar dumanlıq meydana gətirib ağ cırtdana çevrilərək həyatlarını başa vururlar. Kainatda bu günə qədər yaranan Günəş kimi ulduzların yarıya yaxını ya qırmızı nəhəngə çevrilmiş, ya da ağ cırtdana çevrilərək ölmüşdür.

Sarı ulduzlar, kainatda var olan ulduzların təxminən 3.5%-ni təşkil edirlər.

4. "Sirius" Tipli Ağ Ulduzlar (A və F Spektr Sinfi)


Günəşdən 1.5-2.5 dəfə artıq kütləyə sahib olan A və F sinif ulduzların ana mərhələsi, kütləsindən asılı olaraq təxminən 300 milyon il ilə 4 milyard il arasında bir müddəti əhatə edər. Bu müddətin sonunda ulduz qırmızı nəhəngə çevrilir. Sonra, əvvəl planetar dumanlığa və nəhayət ağ cırtdana çevrilərək ölür. Bu gün var olan qırmızı nəhəng ulduzlarla ağ cırtdanların çox böyük bir qismi A və F sinif ulduzların yaşlanması və ölməsi nəticəsində meydana gəlmişdir.

Kainatda bu gün mövcud olan ana mərhələdəki ulduzların 0.7%-i A, 2%-i F sinif ulduzlardır.

5. "Eta Carinae" Tipli Mavi-Ağ Nəhəng Ulduzlar (O və B Spektr Sinfi)


Günəşdən 3.5-120 dəfə artıq kütləyə sahib olan O və B sinif nəhəng ulduzlar üçün ana mərhələ, kütləsindən asılı olaraq 1-150 milyon ildir. Bu müddətin sonunda ulduz sürətlə qırmızı nəhəngə, sonra isə, ən böyük kütləli olanlar supernova partlaması nəticəsində neytron ulduzuna və ya qara dəliyə çevrilir. Daha aşağı kütləli olanlar isə, qırmızı nəhəng mərhələsindən sonra planetar dumanlıq meydana gətirərək ağ cırtdan kimi həyatla vidalaşırlar.

Bu ulduzlar, kainatda ən az ulduz növüdür və bütün ulduzların yalnız 0.1%-i B, 0.00001%-i O sinif ulduzlardır.

6. "Betelgeuse" Tipli Qırmızı Nəhəng Ulduzlar


Ana mərhələnin sonuna gəlib yaşlanan ulduzun nüvəsindəki hidrogen azaldıqda, artıq ulduzu doğulduğu gündən bəri daxilə çökməyə məcbur edən cazibə qüvvəsinin qarşısını alan şüalanma təzyiqi azalır və ulduzun hidrostatik tarazlığı pozulur. Pozulan tarazlıq səbəbi ilə cazibə qüvvəsi üstünlüyü ələ alır və ulduzu meydana gətirən maddə öz ağırlığı altında daxilə çöküb sıxılmağa başlayır.

Günəşin indiki və 5 milyard il sonrakı ölçüləri

Ulduz çökdükcə, sıxışan nüvə bölgəsindəki təzyiq və istilik artır. Təzyiq və sıxılmanın yaratdığı istilik nüvədə 100 milyon santiqrad dərəcəyə çatdıqda, nüvədə yığılmış helium atomları, birləşərək karbon atomları meydana gətirməyə başlayır.

Eyni anda, nüvə ətrafında fəaliyyətsiz qalmış bütün hidrogen də reaksiyaya daxil olur. Ortaya çıxan bu ani və böyük enerji ulduzun çökməsinə maneə törətdiyi kimi, başqa bir hadisəyə də səbəb olur: Ulduz genişlənməyə başlayır. Bu genişlənən ulduzlara "qırmızı nəhəng" deyirik.

Tipik qırmızı nəhəng ulduz, başlanğıc kütləsinə görə ana mərhələdəki diametrindən 100, hətta bir neçə min dəfə böyük ölçüyə çata bilər.

7. Ölü Ulduzlar


Bu yazımızda saydığımız müəyyən ulduz növləri, "ulduzların enerji istehsal edib hələ də parlamağa davam etdikləri" müddət içində görülürlər. Neytron ulduzuAğ Cırtdan ulduzlar, artıq enerji yaratmaq qabiliyyətini itirmiş, ölü ulduzlardır və onları ulduz növləri adı altında təsnif etməyimiz doğru olmaz. 

Bundan əlavə, bəzən səhv olaraq ulduz kimi xarakterizə edilən "Qəhvəyi Cırtdan" adlı göy cisimləri də ulduz deyil. 


Mənbə: kozmikanafor.com
daha ətraflı...

February 19, 2018

Elm inkarçılığının 5 əsas xüsusiyyəti və həll yolları


Elmi həqiqətləri rədd etməyin, təhlükəli ictimai nəticələri vardır. Məsələn, insan immunçatmamazlığı virusunun (İİV) qazanılmış immun çatmamazlığı sindromuna (QİÇS) səbəb olmadığına dair inanclar Cənubi Afrikada 330.000-dən çox adamın ölümünə, siqaretlə xərçəng xəstəliyi arasındakı əlaqənin rədd edilməsi isə bütün dünyada milyonlarla erkən ölümə səbəb oldu. Peyvənd əleyhdarları sayəsində, qarşısı alına bilən xəstəliklər əvvəlki gücünə qovuşmağa başladı. 

Elmin inkar edilməsi, özümüzü görməməzliyə vuracağımız və ya rədd edə biləcəyimiz bir vəziyyət deyil. Yaxşı, bəs əks mübarizədə ortaya tutarlı cavablar çıxarmaq mövzusunda elmi araşdırmalar nə deyir? Ortaq qənaət, həllin, elmi ünsiyyəti gücləndirmək lazım olduğu istiqamətindədir. Lakin aparılan araşdırmalar, insanların mövcud inancını və ya dünya görüşünü təhdid edən dəlil təqdim etməyinizin, istənmədən də olsa onların mövcud inanclarını gücləndirərək əks təsirə səbəb ola biləcəyini ortaya qoyur. Bu vəziyyətə "əks zərbə təsiri" deyilir. Bu təsirə dair ilk elmi təcrübələrin tarixi 1975-ci ilə qədər uzanır. 

Kanzas Universitetindən bir psixoloq, Xristian gəncə, İsanın yenidən dirilməyəcəyinə dair yalnız iştirakçının reaksiyasının nə olacağını görmək məqsədi ilə uydurulmuş dəlillər təqdim etmişdi. Ortaya çıxan nəticə çox da çaşdırıcı deyildi. Onun inancını təhdid edən bu dəlillərə verdiyi reaksiya inancının daha da güclənməsinə səbəb olmuşdu. Bu tərzdə bir reaksiyanın necə olduğunu görmək üçün, siz də oxşar sadə təcrübələr apara bilərsiniz.

Təkamül Nəzəriyyəsinin bu şəkildə inkar edilməsinin səbəblərindən biri də budur.  Çünki təkamül, insanların mövcud inanclarını təhdid edən güclü dəlillər təqdim edir. Nəticədə, hər nə qədər artıq tragikomik bir hal almış olsa da, alacağınız cavablardan biri böyük ehtimalla yenə elmi qavrama və məlumatdan məhrum olan "Niyə indiki meymunlar insan olmur?" sualı olacaqdır. Bu sual sizi güldürsə də, qarşı tərəfdə mövcud inancın daha da güclənməsinə səbəb olan özünütəsdiq həzzinə səbəb olur. 

Məsələn, ABŞ-da Respublikaçılara İraqda kütləvi qırğın silahlarının istifadə edilmədiyinə dair dəlillər təqdim edildikdə, bu vəziyyət tam əks təsirə səbəb olmuş və insanların İraqda kütləvi qırğın silahının istifadə edildiyinə dair inanclarını daha da gücləndirmişdi.

Bir araşdırmada, siyasi mühafizəkarlar, iqlim dəyişməsində insan təsirinin böyük olduğu ilə əlaqədar elmi konsensus əldə edildiyinə dair məlumatlandırıldıqda, onların, insanların iqlim dəyişməsinə səbəb olduğu iddiasını daha az qəbul etdikləri görüldü. 

"Personality and Social Psychology"nin illik simpoziumunda qeyd edilən bir tədqiqatda, müəyyən mövzu üzərində sadəcə dəlillər və məlumatlara diqqət ayırmağın bir insanın düşüncəsini dəyişdirmək üçün kafi olmadığını, hətta onun öz "həqiqətlərini" əks hücum olaraq təqdim etmə meylini ortaya çıxardığını göstərir.

Elmi Rədd Etmə Yanaşmasının 5 Əsas Xüsusiyyəti 

Elmi rədd etmə, 5 əsas və bir çox xarakterik amilin uyğun şəkildə istifadə edildiyi yanaşmadır. İnkarçılar, fikirlərinin əsassız qalmasından əksər hallarda narahatlıq duymaz, hətta bunu ortodoks dominantlığa və siyasi doğruçuluğa qarşı öz intellektual cəsarətlərinin təzahürü olaraq görürlər. Ən məşhur xüsusiyyətlərindən biri də özlərini tez-tez Qalileyə bənzətmələridir.

1. Saxta Mütəxəssislər 

Bunlar, müəyyən bir sahədə mütəxəssis olmaq məqsədi güdən, lakin fikirləri mövcud elmi məlumat ilə tamamilə tutarsız olanlardır. Saxta mütəxəssis fikirlərinə müraciət edilən mübahisələr, ümumiyyətlə əsl mütəxəssislərin və araşdırmaçıların qaralandığı və günahlandırıldığı, aparılan araşdırmaların dəyərsizləşdirilməyə çalışıldığı və şübhəylə yanaşılmasına çatdırıldığı bir nəticəyə doğru çevrilir.

2. Məntiqi Yanılma 

Məsələn, siqaret tərəfdarı olan qruplar, Hitlerin də siqaret əleyhinə kompaniyaları müdafiə etdiyini, bu səbəbdən siqaret əleyhinə araşdırmaların neo-faşistlərin nəzarətində olduğunu irəli sürür. Məntiqi yanılmalar, əks arqumenti çürütmək üçün, səhv dilemmalar meydana gətirməyi, diqqət və marağı başqa istiqamətə yönəltməyi və arqumenti dəyişdirmək üçün ad hominem tərzli məqsədli cəhdləri ehtiva edir. 

3. Araşdırmanın Çata Bilməyəcəyi İmkansız Gözləntilər Yaratmaq 

Məsələn, iqlim dəyişməsi həqiqətini rədd edənlər, termometrin icadından əvvəlki etibarlı temperatur qeydlərinin əskikliyinə işarə edir. Bəziləri isə, bir fenomenə dair fikrı tamamilə rədd etmənin vasitəsi olaraq riyazi modelləşdirmələrin özündəki naməlumluğu istifadə edir. 

4. Seçici Yanaşma

Elmi rədd edənlərin bir başqa xüsusiyyəti isə seçici yanaşmadır. Bu xüsusiyyət, bir mövzu barəsində güclü elmi razılığa baxmayaraq, nisbətən zəif araşdırmadakı qüsurları axtarıb tapmaq ya da obyektivliyi zəif olan bir araşdırmanın məlumatlarını istifadə edərək bütün mövzunu gözdən salmağa çalışmaq şəklində özünü göstərir.

5. Konspirasiya Nəzəriyyələri

Elmi baxışların böyük əksəriyyəti bir şeyin doğru olduğunu qəbul etsə də, inkarçılar, elm adamlarının bu nəticəyə gəlmək üçün sübutları müstəqil olaraq araşdırdığını etiraf etməyəcək. Elmi işlərdəki "resenziya" prosesi, konspirasiyaçılar tərəfindən, əks görüşlərin sıxışdırıldığı, nəticələri dəstəkləməyən dəlillərin və ya məntiqi əsası olmayan düşüncələrin təhlil edildiyi bir müddət olaraq qiymətləndirilir. 

Daha Çox Elmi Dəlil, Müqaviməti Gücləndirir 

İronik şəkildə, müəyyən mövzuya dair elmi həqiqətləri rədd edən bir insana daha çox elmi dəlil təqdim etmə cəhdi, rədd etmə davranışı ilə bağlı ictimai elmi araşdırmaları gözardı edən çox da yararlı bir üsul deyil. Yəni məsələnin mənşəyinə dair problemi həll etməsəniz, effektiv həll üsulu da tətbiq edə bilməzsiniz. Problemin böyük bir qismi, insanların elmi nəticələri siyasi, dini ya da ictimai mühakimələrindən yola çıxaraq qiymətləndirməsindən qaynaqlanır. Bu səbəbdən, insanın dünya görüşünün güclü təsirlərini nəzərə almadan edilən elmi ünsiyyət cəhdləri, əksər hallarda faydasız olur. 

Keçmişdə aparılan araşdırmalar, düşüncələri dəyişdirməyin bu cür çətin olmasının səbəblərindən birinin, hər hansı bir insana bir mövzuya dair yeni dünyagörüşləri təqdim etmənin, qaçılmaz olaraq onun beynində mövcud dərkini gücləndirən məlumat şəbəkələrinin ortaya çıxması olduğunu irəli sürmüşdü.

Elmin Rədd Edilməsinə Elmi Yolla Necə Cavab Verə Bilərik? 

Problemin cavabı bir psixologiya sahəsi olan "peyvənd nəzəriyyəsi"ndədir. Peyvənd düşüncəsi, sadəcə peyvənd mexanizminin analogiyasıdır. Bir virusun yayılmasına maneə törətmək üçün, virusun daha zəif formasının təqdim edilməsi lazımdır. Bu sadə anlayış, təcrübədə milyonlarla insanın həyatını xilas etmişdir. 

Psixologiya sahəsində isə, peyvənd nəzəriyyəsi, məlumatın peyvənd edilməsinin tətbiqini nəzərdə tutur. Belə ki, elm öyrədərkən, özümüzü yalnız elmi yolla ifadə etməli olduğumuzu hiss edirik. Yəni sağlam qavrama üçün lazımı məlumat veririk. Bu vəziyyət, eynilə xəstə insanlara vitaminlər vermək kimidir.  Lakin, vitaminlər virusa qarşı immunitet yaratmaq nöqtəsində faydasızdır. 

Burada, fikir yanılması meydana gətirməyə bənzəyən bir hərəkət vardır. Yaxşı elmi fikir sahibi ola bilərsiniz. Ancaq, elmi təhrif edən bir miflə qarşılaşsanız, elm və bu mif arasındakı qarşıdurmayla üz-üzə qalırsınız. Və əgər ki, elmi təhrif edən bu texnikanın necə istifadə edildiyini anlamasanız, bu qarşıdurmanı aradan qaldıracaq həll tapmaqda çətinlik çəkərsiniz. 

Peyvənd nəzəriyyəsi sahəsindəki yarım əsrlik araşdırmalar, səhv məlumatın təsirini azaltmağın ən yaxşı üsulunun bu səhv məlumatın daha zəif formasının insanlara təqdim edilməsi olduğunu göstərir. Bunu bacarmağın yolu da, mifdəki yanılmaları açıqlamaqdan keçir. İnsanlar elmi təhrif etmədə istifadə edilən texnikaları anlasa, miflərin yerinə həqiqətləri qoya biləcək yanaşmanı asanlıqla ortaya çıxara bilər. 

Peyvənd etmə nəzəriyyəsinin funksionallığını göstərməyin bəlkə də ən gözəl yollarından biri peyvəndə dair bir mifə toxunmaq olacaq. Məsələn, peyvəndin autizmə səbəb olduğunu iddia edən məşhur mifə baxaq. 

Son dərəcə məşhur olan bu mifin ortaya çıxmasının səbəbi "Lancet"də dərc olunan bir araşdırmadır. Araşdırmanın saxta olduğu sonradan aydın olmuş və jurnal tərəfindən nəşrdən qaldırılmışdır. Lakin, autizm inkişafının bəzi uşaqlarda peyvənd edildikləri vaxtlara uyğun gəlməsi mifin yayılmasına səbəb olmuşdur. 

Bu mifin istifadə etdiyi məntiq hiyləsi "post hoc, ergo propter hoc" Latınca, "bundan sonra, elə isə buna görə" şəklindədir. Məsələn, X və Y hadisəsi ardıcıl baş vermiş iki hadisə olsun. Məğzi "post hoc" olan bu məntiqi hiylə hadisəyə bu şəkildə yaxınlaşır, Y hadisəsi, X hadisəsindən sonra olduğu üçün, Y hadisəsinin səbəbi X hadisəsidir. Reallıqda isə, Y hadisəsi, X hadisəsi olmasa da baş verəcəkdi. 

Halbuki səbəb göstərməyin yeganə yolu, statistik baxımdan dəqiq elmi araşdırmalar aparmaq olacaq. Bir çox araşdırma, bu mövzunu ciddi öyrənmiş və autizmlə peyvənd arasında hər hansı əlaqə müəyyən olunmamışdır. 

Digər tərəfdən silahlanma yarışı kimi, yeni kompleks məlumat əvvəlkinə üstün gəldikdə, razısalma əsasən, yeni məlumatı mövcud bəzi köhnə məlumatlarla birləşdirərək təqdim etdikdə mümkün olur. Məsələn, "bəli, qatıqda bakteriya var, ancaq bu bakteriya faydalı ola bilər" kimi. Əgər bu şəkildə edilməzsə, cəhdlər böyük ehtimalla boşa çıxacaq və köhnə dünyagörüşü insanın şüurunda daha şiddətli bir müdafiəyə səbəb olacaqdır. 

"Peyvənd Edilmiş Beyinlər" 

Elmi həqiqəti rədd edən adamı, ona daha çox elmi fakt təqdim etmədən də razı sala bilərsiniz. Bunu, elmi rədd edən iddiaların zəif tərəflərini özünə göstərmək yolu ilə etmək olar. Yəni, səhv məlumata qarşı peyvənd edə bilərsiniz. 

Peyvənd etmə nəzəriyyəsinin praktik tətbiqləri, məktəblərdə xüsusilə Təbiət Elmləri dərslərində qavrama yanılmasına əsaslanan (başqa sözlə aqnotoloji əsaslı tədris) tədrisdə özünü göstərir. Bu təhsil forması, elm haqqındakı qavrama yanılmalarını çürüdərək verilən təhsili ehtiva edir. Bu yanaşma, sadəcə elm öyrədən ənənəvi təhsil üsullarından daha çox təhsil qazancları ilə nəticələnir. 

Elmi rədd edən yanaşmalara, əsasən daha güclü elmi arqumentlərlə cavab verilməyə çalışılır. Lakin, bu vəziyyət ehtiyacın yalnız yarısıdır. Elmi araşdırmalar, bizə bir həll təqdim edir: İnsanları, elmi rədd edən iddiaların daha zəif formaları ilə üzbəüz buraxın; beləliklə elmi rədd etmə davranışına dair müqavimət inkişaf etdirmələrinə səbəb olarsınız.


Mənbə: bilimfili.com
daha ətraflı...

February 14, 2018

Eşqin təkamülü və niyə aşiq oluruq?


Onu görürsünüz... Gözlərinə baxdığınız, qoxusunu duyduğunuz, bədəninə toxunduğunuz zaman yerə-göyə sığmırsınız. Ürək döyüntüləriniz sürətlənir, üzünüz qızarır, döş qəfəsiniz üzərində bir ağırlıq hiss edirsiniz. Qarnınızda sanki "kəpənəklər uçuşur". Əgər təsir kifayət qədər güclüdürsə düzləriniz zəifləyir və halsızlaşmağa başlayırsınız. 

Yalnız bu qədər də deyil! Tərləyirsiniz, göz bəbəkləriniz böyüyür. Ətrafa, tər qoxunuzla qarışacaq şəkildə az miqdarda qoxu hormonları (feromonlar) saçmağa başlayırsınız. Bunların miqdarı, təsirləndiyiniz adamın yanında qalmağa davam etdiyiniz müddətdə daha da artır. Bu arada iştahınız itir, mədə və bağırsaqlarınız daha yavaş işləməyə başlayır, ağzınız quruyur. Çünki bədən əsas funksiyalardan olan çoxalma (seks) instinktinə yönəlmişdir. Beyninizin fəaliyyəti artır, bədən, var olma məqsədini həyata keçirmək üçün hazır vəziyyətə gətirilir. 

Siz, aşiqsiniz.

Bəli, eşqi tərif etmək mövzusunda ədəbiyyatçılar və filosoflar qədər müvəffəqiyyətli olmadığımızı qəbul edirik. Çox təəssüf ki, bu günə qədər öyrədilən və xəyallarınızdakı eşqi izah edə bilmirik. Lakin bir mövzuda dəqiq şəkildə iddialıyıq: Eşqi sizə bu günə qədər edilənlərin hər birindən daha həqiqi və dəqiq şəkildə izah edə, mövzuyla əlaqədar elmi reallıqları ortaya qoya və sizə "əsl eşq"dən kənar, "eşqin həqiqətlərini" izah edə bilərik. Bu məqaləmizdə də bunu etməyə çalışacağıq. Ümid edirik ki, faydalı olacaqdır.


Bildiyiniz kimi eşq mövzusunda minlərlə şeirlər yazılmış, mədhiyyələr qoşulmuş, mahnılar bəstələnmiş, əfsanələr uydurulmuş, nağıllar yaradılmış və eşqin gücü, qulaqdan qulağa, "ürəkdən ürəyə" bütün dünyanı ələ almışdır (aha, indi deyəsən bir az ədəbi oldu, nə deyirsiniz?). Yaxşı, bütün bu bənzətmələr və az qala heç bir zaman həqiqəti əks etdirməyən şişirdilmiş hekayələr bir tərəfə, doğrudan da, görəsən eşq nədir? Niyə aşiq oluruq? Daha əhəmiyyətlisi, eşq kimi bir duyğu təkamül prosesində hansı səbəbdən inkişaf etmiş, qorunmuş və dəstəklənmişdir? Digər heyvanlar da aşiq olurmu? Eşqin sevgidən fərqi varmı və varsa nədir? 

İlk olaraq, az əvvəl də toxunduğumuz kimi eşq, heç də ədəbi kitablarda göstərilən "sehirli" bir mexanizmə sahib deyil, əksinə, olduqca adi və mexaniki olaraq inkişaf edən bir duyğudur. Elmi baxımdan, ən fundamental duyğu olan qorxudan və ya bir çox heyvan növündə görülən xoşbəxtlikdən elə bir fərqi yoxdur. Əlbəttə insanların bu duyğunu şişirtmələri və mədəni təkamülləri daxilində izah etmələri son dərəcə təbiidir və elm adamları tərəfindən anlaşılandır. Bu, növümüzü qismən fərqləndirən xüsusiyyətlərdən biridir və bu cür cazibədar, həqiqəti əks etdirməyən, ancaq insan daxilindəki estetik duyğulara xitab edən tərifləri çox da kiçiltməmək lazım olduğunun da fərqindəyik. Nəticədə mədəni subyektlərimizin hər biri insanı "insan" etməyə xidmət edir və buna ədəbi izahlarımız da daxildir. Lakin şeirlər və dərin fəlsəfi düşüncələr insanı bir yerə qədər xoşbəxt etsə və müxtəlif mövzularda dərin düşüncələrə sövq etsə də, bir nöqtədən sonra beyin, istər istəməz "Bütün bunlar xoşdur, amma eşqin arxasında gizlənən həqiqət nədir?" deyə soruşacaqdır. Onda bu sualın cavabını yalnız elm verə bilər. 

Eşq Nədir?

Eşqin elmi tərəfini anlamaq istəyən, əvvəlcə bunu bilməli və qəbul etməlidir: Eşq, bədənimizdəki başqa proseslər kimi, tamamilə biokimyəvi reaksiyalardan ibarətdir və heç bir metafizik və mütləq olaraq "mücərrəd" olan bir məna daşımır! Çox vaxt insanlar bunu qəbul etməkdə çətinlik çəkirlər və böyük ehtimalla bu sətirlərin oxucuları olaraq siz də qeyd etdiyimiz həqiqəti inadla, bəlkə də acıqla rədd edəcəksiniz. Çünki bir çox insan, xüsusilə eşq kimi çox vaxt müsbət, ancaq yeri gəldikdə əzab verə bilən "epik" duyğulardan danışdıqda, mövzunun ədəbi və fəlsəfi dərinliyi içərisində itməkdə və reallıqdan uzaqlaşmaqdadırlar. Həqiqət, son dərəcə sadə bir şəkildə gözümüzün qarşısındadır: eşq, bütün duyğular kimi neyronal və hormonal yollar vasitəsi ilə izah edilir. Bunu məqalə boyunca görəcəksiniz. 

Yəqin ki çoxunuzu güldürəcək qədər sadə görünən, lakin cəmiyyət içərisində mövcud olan yanlış inanclarla əlaqədar olaraq qeyd etmək istədiyimiz ikinci əhəmiyyətli nöqtə budur: eşq, qəti şəkildə ürəklə əlaqədar bir duyğu deyil və başqa duyğular kimi yalnız və yalnız beyində meydana gəlir. Yəni, bütün duyğular kimi "eşq" də beyində yaranr, beyində qəbul edilir və beyində bitir. Beyində baş verən bu proseslər digər orqanlara təsir etsə də, yaşanan duyğuların təsirlənən orqanlarla (məsələn ürəklə, əzələlərlə, bağırsaqlarla) heç bir əlaqəsi yoxdur. 


Bu dəqiqləşdirmələrdən sonra, gələk eşqin tərifinə... Məşhur Merriam-Webster lüğətində olduqca sadə bir şəkildə təyin olunmaqdadır: 

"Eşq, güclü bir bağlılıq hissi və fərdi bağlanma duyğusudur". Biz bu duyğunu sevgi və eşq deyə iki şəkildə araşdırsaq da, İngilis dilində belə bir fərq yoxdur və hər növ sevgi üçün "eşq" sözü istifadə edilməkdədir. Bu səbəbdən, lüğətdəki eşqin yalnız kişi və qadın arasındakı sevgi olaraq düşünülməsi doğru olmayacaq. Ancaq bu məqalədəki eşqin, "fərdin öz cinsi oriyentasiyası daxilində, maraq duyduğu cinsə qarşı sıx sevgi duyma halı", yəni gündəlik həyatda istifadə etdiyimiz "eşq" olduğunu ifadə etmək istəyirik. 

Eşqin Təkamül Əsasları

Eşq, bütün duyğular kimi adi və məşhur bir duyğu olduğuna görə, bioloji olaraq araşdırıla bilməsi lazımdır. Bu duyğu, bir deyil müxtəlif elm sahələri tərəfindən araşdırılmaqdadır. Məsələn bunlar arasında təkamül psixologiyası, təkamül biologiyası, antropologiya və neyrofiziologiya vardır. Biz mövzunu yalnız təkamül biologiyası və neyrofiziologiya baxımından ələ alacağıq.

İlk olaraq, eşqin hansı səbəbdən təkamülləşdiyini, yəni elmi mənşəyini izah etməkdə fayda görürük. Bu sayədə, aşiq olduğumuz zaman bədənimizdə meydana gələn bioloji və fiziki dəyişikliklərin səbəblərini daha asan anlaya biləcəyik.

Eşqin təkamülləşməsinin səbəblərini tam olaraq bilmək çox təəssüf ki mümkün deyil. Çünki duyğular, arxalarında fosillər buraxmır və birbaşa genlərlə analiz edilmirlər: fərddən fərdə, zamandan zamana, məkandan məkana dəyişə bilir və ətraf mühitlə, insanın öz keçmişi ilə və başqa nə qədər amillə çox möhkəm əlaqədədirlər. Hələ ki eşq kimi fərdin bütün xüsusiyyətlərinin cəminə bağlı olaraq ortaya çıxan bir duyğunun, bundan yüz minlərlə və hətta milyonlarla il əvvəlki versiyalarını görə bilməyimizin hər hansı bir yolu yoxdur. Lakin təkamül biologiyasında tez-tez müraciət edilən bir üsul olaraq, müasir (insan da daxil olmaqla) heyvan növlərinin sevgi anlayışlarına/davranışlarına baxaraq və bunlar arasındakı bənzərliklər ilə əkslikləri təhlil edərək, təkamül prosesindəki davranışları təyin etmək mümkündür. Üstəlik bu davranışların fizioloji mənşələrini anladıqca, genlər üzərindən gedərək hansı dəyişmələr yaşandığını və təkamül prosesində eşqin nə kimi əsasları tapıldığı mövzusunda nəticələr əldə edə bilər, bu nəticələri fərqli heyvan qruplarında test edərək səhv çıxara bilərik. 

İlk baxışda, eşqin təkamülləşməsinin ən kritik səbəblərindən birinin seks olduğu açıq şəkildə görüləcəkdir. Çünki artıq bilindiyi kimi, ən mürəkkəb heyvan növlərindən ən sadə quruluşlu bakteriyalara qədər bütün canlılar yaşamaq və çoxalmaq instinktləri üzərində qurulmuş bir genetik struktura sahibdir. Bu, həyatın var ola bilməsinin ən əsas qanunudur. Bu yolda, yaşamaq və ya çoxalmaq müvəffəqiyyətini artıracaq hər amil və üsul bir üstünlük olacaq və bu səbəbdən təbii proseslər sırasına seçiləcəkdir. Eşq də, çoxalmanı təmin etməyi və zəmanət altına almağı baxımından əhəmiyyətli bir amildir. Çünki, fərdlərin bir-birini anlaması və bir-birinə bağlanması üçün çox güclü bir hormonal amildir və bu sayədə, romantik bərabərlikdən baş verəcək cinsi birləşmə şansını qat-qat artırır. Bir duyğu olaraq eşq bu prosesi, empatiyaəlaqə qurma kimi ikincili duyğuları özündə saxlayaraq edir. İndi buna misal göstərək:

Xəyali bir mühit düşünək: 100-ü qadın və 100-ü kişi olmaqla hər biri 200 nəfərdən ibarət A və B qrupları olsun. İzahat asan olsun deyə hamının heteroseksual olduğunu düşünək, yəni kişilər qadınlardan, qadınlar da kişilərdən xoşlansın. A qrupunda, empatiya, əlaqə qurma, sevgi və nəhayət eşq kimi duyğular olsun. B qrupunda isə bu duyğuların heç olmadığını fərz edək. Bu vəziyyətdə, iki qrup sərbəst şəkildə buraxıldıqda, çoxalma müvəffəqiyyətləri təkamül baxımından eşqin hansı səbəbdən təkamülləşdiyinə dair fikirlər verəcək: Böyük ehtimalla, bir-birinə qarşı empatiya, sevgi və eşq duyan populyasiyalarda, özünə uyğun hesab etdiyi fərdə qarşı bağlanma, arzulama və sevgi duyma kimi hisslər, nəhayət cinsi müvəffəqiyyəti də gətirəcəkdir. Digər qrupda isə, hamı ilə təsadüfi cütləşmə, çox böyük ehtimalla bir-biriylə uyğunluğu olmayan fərdlərin cütləşmə ehtimalını artıracaq, bu da populyasiyanın gələcəyini təhlükə altına alacaqdır. Yəni eşq, seksin qarşısını açan və onu sığortalayan bir mexanizm olaraq təkamülləşmiş ola bilər. Bu yəqin ki belədir.


Burada başa düşülməsi lazım olan başqa bir vacib nöqtə var: Fərdi ehtiyat plan. Bir adama aşiq olub olmayacağımızı, oxşar şəkildə, kimə aşiq olacağımızı da seçə bilməməkdəyik. Bunun səbəbini heç düşündünüzmü? Bir kişi olduğunuzu düşünək: Bir qadına aşiq olduğunuzda, əvvəlcə dayanıb "Burnu 30 dərəcə əyriliyə sahib, gözləri bir-birindən 5 santimetr aralıı və mavi, saçları 56 santimetr uzunluqda və sarı, boyu 1.66 metr və çəkisi 55 kiloqram. Bu qız tam mənlikdir!" deyə düşünərsinizmi? Əlbəttə xeyr. Bir baxış belə, beyninizin anidən bir şəxsə bağlanmasına səbəb ola bilər. Təkamül üstünlüyü də burdan qaynaqlanmaqdadır: İmkan olan hər mühitdə cinsi müvəffəqiyyətə çatmaqdansa, o cinsi müvəffəqiyyəti təmin edəcək amilləri yaratmağınıza səbəb olacaq bir duyğunun təkamülləşməsi son dərəcə faydalıdır.

Bizim "fərdi ehtiyat plan" olaraq təyin etdiyimiz amil, eşq daxilində məhz buna görə əhəmiyyətlidir. Sizin kimə aşiq olacağınızı, bioloji və mədəni ehtiyat planınız təyin etməkdədir. Bioloji quruluşunuz, yəni genetik və inkişaf xüsusiyyətləriniz sizin ilk baxışdakı seçimlərinizi təyin etməkdə rol oynayır. Mədəni xüsusiyyətləriniz isə, aşiq olacağınız şəxslərin sizin üçün ictimai mənada nə qədər uyğun olduğunu müəyyənləşdirməyinizi təmin edəcəkdir. Bəzən ilk baxışda çox yaraşıqlı hesab etdiyimiz insanlar, onlarla danışdıqdan və ictimai-mədəni vəziyyətini anladıqdan sonra gözümüzdən düşür. Tam əksinə, ilk baxışda bəyənmədiyimiz şəxslərlə danışdıqca, onlara sevgi duyduğumuzu da fərq edə bilərik. Beləliklə beyniniz, bütün bu proseslər olarkən, sizin ictimai-bioloji ehtiyat planınız ilə bu şəxsin ehtiyat planı arasındakı uyğunluğa bağlı olaraq eşq duyğusunu, sizin nəzarətinizdən tamamilə müstəqil olaraq reallaşdıra bilməkdədir. Fərdi zövqlərimizin genetik və ekoloji bir çox amildən ötəri bir-birindən tamamilə fərqli olması, eşqin hədəflərinin də tamamilə fərqli olmasına səbəb olur. Buna görə bəzən cütləri bir-birinə yaraşdırmaz və layiq görmərik; ya da tam əksinə, bir-birinə yaraşdırarıq.

Bu səbəbdən, təkamül nəzərindən baxdıqda, A və B qrupları arasındakı uğurlu cütləşmə nisbəti müqayisə ediləcək olsa, A qrupunun daha müvəffəqiyyətli balalar törədə bilmə ehtimalı yüksəkdir. Bəlkə B qrupu da müvəffəqiyyətli ola biləcək (çünki çoxalmağı bacarırlar); lakin A qrupunun balaları, nəsillər keçdikcə, B qrupundan daha üstün ola biləcək. Təkamül analizi ancaq bu şəkildə aparıla bilər: uzun müddətdə, nəsillər boyunca iki populyasiya içərisindəki uyğunlaşma müvəffəqiyyəti qrafiklərinin necə dəyişdiyi əhəmiyyətlidir. Hətta dəyişən mühit şərtlərində, eşq və bağlılıq kimi duyğular sayəsində uyğun fərdlərin bir-biriylə cütləşməsi, gələcək nəsillərin daha uyğun olmasını təmin edə bilər. Bütün bunların, təkamül biologiyası daxilində çox sadə bir səbəbi vardır: cinsi seçmə.  Beyninizin, ilk mərhələdə tamamilə instinktiv olaraq etdiyi seçimlər, ən güclü təkamül mexanizmlərindən biri olan cinsi seçmənin fəaliyyətini əks etdirir. 

Bu yazımızın mövzusu olmadığı üçün ətraflı məlumat verməsək də, cinsi seçmənin təsir etdiyi davranışların da eşqlə əlaqədar hərəkətlərimizdə böyük rol oynadığını deyə bilərik. Ancaq çox qısa və sadə şəkildə yekunlaşdıracaq olsaq, bir növün içərisindəki fərqli cinsdən olan fərdlərin, özləriylə ən uyğun olacaq fərdləri istər instinktiv, istərsə də düşünərək seçməsi, təbiətin ən fundamental qanunlarından biri olan cinsi seçməni əks etdirir. Bütün canlıların xüsusilə instinktiv davranışları, seçmə nəticəsində müvəffəqiyyətli ola biləcək şəkildə xüsusiləşmişdir. Əlbəttə, hər vaxt olduğu kimi, populyasiya daxilində geniş bir müxtəliflik (variasiya) vardır: Bəzi fərdlər daha məqsədəuyğun seçimlər edə biləcək xüsusiyyətlərə sahibkən, bəziləri bundan məhrumdur. Dəyişən ətraf mühit şərtləri daxilində, bu müxtəliflik çərçivəsində ən uyğunların davamlı seçilməyi təkamülə səbəb olacaqdır. Bu təkamülün içərisində eşq kimi duyğular da, cinsi seçmə (başqa sözlə təkamül) tərəfindən dəstəklənir. 

Növümüzün (və digər bir çox növün) kişi və qadınları, bir-birini müəyyən xüsusiyyətlərə görə seçirlər və özlərinə uyğun gördükləri xüsusiyyətdə olanlarla cütləşməyə üstünlük verirlər. Bu, təkamülün cinsi seçmə mexanizmidir. Cinsi seçmə, beyin baxımından olduqca inkişaf etmiş heyvan növü olan insanda yalnız fiziki xüsusiyyətlərə görə deyil, əvvəl qeyd etdiyimiz kimi ehtiyat plan məlumatlarımıza bağlı olaraq da edilməkdədir. Ancaq nə olursa olsun, ortada bir seçim vardır və bu, təkamül prosesində gələcək nəsillərdəki fərdlərin (balalarımızın) genetik quruluşuna birbaşa təsir edir.

Bu səbəbdən, cinsi seçmənin təsirli olmadığı, yəni cinslərin bir-birini hər hansı bir əhəmiyyətli şərtə bağlı olaraq seçmədikləri, təsadüfi cütləşən növlər belə indiki vaxtda həyatda qala bilməkdədir; ancaq bir çox növdə cinsi seçmə keçərlidir. Bunun səbəbi, eşq, sevgi və bağlılıq duyğularının populyasiyanın cinsi müvəffəqiyyətini artırması ola bilər.

Eyni zamanda, eşqin yalnız cinsi müvəffəqiyyət üçün təkamülləşmədiyini düşünən bir çox elm adamı da var. Çünki həm insan, həm də digər heyvan növləri araşdırılacaq olsa, hər eşqin sonu, seks ilə bitməməkdədir. Bənzər şəkildə hər seks, eşqə dair duyğuları da daşımamaqdadır. Məsələn cütləşmədən sonra erkəyin başını qopararaq yeyən dişi dəvədəlləyinin və ya bənzər şəkildə balalamadan sonra erkəyi öldürən bir "qara dul" hörümçəyinin o əsnada çox da eşq dolu duyğulara sahib olmadığı aşkardır (təbii ki dəvədəlləyinin eşq anlayışı bizdən çox fərqli deyilsə). Bu vəziyyətdə, eşqin təkamül keçmişində başqa bir səbəb də gizlənmiş ola bilər. Təkamül psixoloqları, bu mövzunun detallarını işıqlandırmaq üçün əmək sərf etməkdədirlər. İndi bu mövzudakı bəzi əhəmiyyətli tapıntılara toxunaq.

Təkamül Psixologiyasının Eşqə Yanaşması

Əlaqə... Təkamül prosesində, xüsusilə ictimai quruluşa sahib olan növlərdə, populyasiyanı bir yerdə tutan ən əhəmiyyətli xüsusiyyətlərdən biri, fərdlər arasında yaranan əlaqələrdir. Valideyn ilə övlad, eyni dövrdə doğulmuş fərdlər, erkəklər və dişilər arasında yaranan əlaqələr, ictimai quruluşu gücləndirməkdə və təkamül baxımından üstün mövqeyə keçilməsini təmin edir. Ayrıca bu əlaqə duyğusu, empatiya duyğusunu da özü ilə gətirməkdə və beləliklə, eqoist və müstəqil davranan fərdlər yerinə, bir bütün olaraq hərəkət ədə bilən növlər təkamülləşə bilməkdədir. Bu səbəbdən növün davamlılığı və gücü baxımından eşq duyğusu əhəmiyyət ifadə etmiş ola bilər. Təsadüfi cütləşən fərdlərdə, valideynlər ilə balalar arasındakı sevginin fərqli bir formaya çevrilməsi, cinsiyyətlər arası sevginin təkamülləşməsinə səbəb olmuş ola bilər. Çünki xüsusilə valideyn ilə bala arasındakı sevgi, qarşılıqlı bir gizli mənfəət əlaqəsinə söykənir. 

"Ana sevgisi" mədəni quruluşumuz daxilində hər nə qədər "uca" olsa da, təkamül baxımından olduqca mənfəətçi bir əlaqənin məhsulu olaraq inkişaf etmişdir: Ana, balasına baxaraq özünün daha irəliyə apara bilməyəcəyi genlərinin, gələcək nəsillərə köçürülməsinə nail olur. Bala isə, anası tərəfindən baxılaraq, digər balalara görə üstün mövqeyə keçə bilir. Beləcə həm bala, həm də ana təkamül baxımdan xeyir qazanmış olur. Əlbəttə bu şüurlu və ya məqsədli olaraq edilmir; ancaq orqanizmlərin genetik təchizatının bu cür eqoizmlə yüklənmiş olduğunu göstərən çoxlu məlumat vardır. Xüsusilə mədəni təkamülümüz sayəsində inkişaf etdirdiyimiz digər ictimai xüsusiyyətlər, bu cür eqoizmləri çox vaxt sıxışdırmaqdadır. Məsələn başqasının övladına və hətta başqa növlərin balalarına, tamamilə qarşılıqsız kimi görünən bir sevgi bəsləyə bilirik (bu sevginin belə qarşılıqlı olduğunu iddia bir çox elm adamı olsa da).

Bu səbəbdən eşqin təkamülünün əsasları, cinsi motivlər və cəmiyyət fərdləri arasındakı əlaqənin, növün davamlılığına qatqı təmin etməsinə söykənməkdədir deyə bilərik.


Başqa əhəmiyyətli nöqtə, valideynlər arasında qurulacaq əlaqənin balalar üçün əhəmiyyət kəsb etmiş olmasıdır. Çox növdə erkəklər, cütləşmədən sonra yuvanı tərk edərək yeni potensial partnyorlar axtarmağa başlayır. Bu, bəzi növlər üçün faydalı strategiya olsa da, növümüz üçün müsbət hal olduğu deyilə bilməz. Çünki beynimizin təkamülündən və başımızın böyüklüyündən ötəri, iki ayaq üzərində yaşamağa uyğun növümüzün doğumu olduqca ağrılı bir hal almış, təkamül prosesində körpələrin və qadınların bədənləri bu çətin doğuşu reallaşdıra biləcək bəzi dəyişmələr keçirmişdir: kəlləmiz yumşaq və elastik olaraq doğuluruq, analar doğuma yaxın ağrıkəsici təsiri olan hormonlar ifraz edirlər və sair. Ancaq hamısından əhəmiyyətlisi, növümüzün körpələri, inkişaflarının hələ çox əvvəlindəykən doğulur və inkişaf mərhələlərinin böyük qismini, ana bətnindən kənarda, vəhşi həyat içərisində keçirirlər (indiki vaxtda bu həyat artıq hər kəs üçün "vəhşi" olmasa da). Bu səbəbdən növümüzün körpələri, təkamül baxımdan olduqca sərfəsiz mövqedədir. Lakin belə bir böyük beyin üçün, iki ayaq üzərində dayanan və dolayısı ilə doğum kanalı dar qalmaq məcburiyyətində olan bir növ daxilində, bu şəkildə təkamül qaçılmazdır. Beləliklə, bioloji təkamülün formalaşdırdığı mədəniyyət, insan valideynlərinin arasındakı əlaqəni gücləndirəcək şəkildə inkişaf etmişdir. Bunu bacara bilməyənlər və ya bu vəziyyətə uyğunlaşmayanlar hər nəsildə ələnmişdir.

Bunun necə olduğunu anlamaq olduqca sadədir: hər insanın, təkamül prosesi daxilində sahib olduğu xarakterlər vardır. Bunu yazı içərisində "fərdi ehtiyat plan" olaraq təyin etmişdik. Bu ehtiyat plan səbəbindən, bəzi fərdlər ailə anlayışına və sevgiyə daha meylli olarkən, bəziləri bundan uzaqdır. Bu səbəbdən vəhşi həyatda, əgər ki ailə və bütünlük anlayışlarını dəstəkləyəcək vəziyyətlər meydana gəldisə (ki az əvvəl izah etdiyimiz səbəblərlə növümüz üzərində belə bir təzyiq meydana gəlmişdir), bir-birinə daha çox bağlılıq duyan və dolayısı ilə ailə qurmağa və ailəni davam etdirməyə meylli olanlar üstün mövqedə olacaqlar. Bu üstünlüyün təkamül prosesində davamlı seçilməyi, eşq kimi bağlılıq duyğularının inkişafını və güclənməsini təmin etmiş ola bilər. Birlikdə yaşayaraq balalarını uzun müddət və daha güclü şəkildə qoruyan fərdlər, qaçılmaz olaraq daha üstün olacaqlar. Bu səbəbdən, öz genlərinin qarışığı olan balalar arasından da, bu meylə ən uyğun genlərə sahib olanlar və bu duyğulara sadiq olaraq böyüdülən fərdlər, vəhşi həyatda daha üstün olacaqlar. Bu da eşq kimi duyğuların hər nəsildə daha da artması və populyasiya daxilində sabitlənməsi mənasını verir.

Gördüyünüz kimi eşqin təkamülünü bir istiqamətdə araşdırmaq olduqca çətindir. Doğum formamızdan, iki ayaq üzərində gedəcək şəkildə təkamülümüzə, beyin quruluşumuza və böyüklüyünə qədər bir çox amil, eşq kimi bir duyğunun təkamülündə rol oynamış ola bilər. Ancaq nə olursa olsun, eşqin təkamül baxımdan faydalı olması, bu xüsusiyyətin növümüzdə qorunmasını təmin etmişdir.

Digər Heyvanlar Da Aşiq Olurmu? 

Təkamül mövzusunu tamamlamadan əvvəl, digər heyvan növlərinə qısaca nəzər yetirməkdə fayda olduğunu düşünürük. Ən nəhayət təkamül, var olmuş, var olan və var olacaq bütün növlərin bir-biri ilə qohum olduğu həqiqətini bizə göstərdi. Bu vəziyyətdə, sahib olduğumuz xüsusiyyətlərin eynilərini və ya bənzərlərini bizə daha yaxın növlərdə görməyi gözləmək son dərəcə təbiidir.

Əslində digər növlərdə eşq qədər güclü bir sevgi amilinə birbaşa rast gəlinmir. Bu, təkamül biologiyasında son dərəcə aludə olduğumuz bir vəziyyətdir. Çünki eşq bir duyğu olaraq beyində olub bitən məvhumdur və bizim beynimiz qədər inkişaf etmiş beynə sahib heç bir canlı təkamülləşməmişdir. Bu vəziyyətdə beyin mənşəli bir amilin bu mürəkkəblikdə, bir başqa növdə olmasını gözləmək doğru olmayacaq. Lakin buna baxmayaraq, bir çox başqa heyvan növündə sevgi anlayışının olduğunu görürük. Xüsusilə də romantik baxımdan son dərəcə inkişaf etmiş bir canlı qrupu olan məməli heyvanlarda…

Heyvanların yalnız instinktlərlə hərəkət etmədikləri, bizim kimi şüur, dərrakə və düşüncə sahibi olduqları bu gün artıq geniş şəkildə bilinən və qəbul edilən bir həqiqətdir. Bu canlıları robot və ya proqramlaşdırılmış maşın olaraq görmək tamamilə səhvdir. Başqa heyvanlar da düşünərək qərar verə və seçim edə bilir. Ancaq eşq kimi demək olar ki tamamilə instinktiv olan duyğularda onsuz da ağıla çox yer qalmamaqda və şüurlu seçimlər əhəmiyyətsiz sayılmaqdadır.


Digər heyvanların da həzz, empatiya, ağrı, kədər, utanma, qəzəb duyduqlarını çox dəqiq şəkildə bilirik. Yaxşı, bəs eşq? Tam olaraq "eşq" formasında təyin oluna biləcəyi barəsində hələ qəti bir məlumat olmasa da, heyvanların sevgi duyduqları bəllidir. Bir itin sahibinə duyduğu heyranlıq və bağlılıq bunun ən məşhur nümunələrindən biridir. Ayrıca ən yaxın qohumumuz olan bonobo meymunlarının bəzi populyasiyalarında, eynilə insanlarda eşqin təkamülündə olduğu kimi, bir-birinə sevgi duyan və bağlılıqları daha güclü olan fərdlərin balalarının daha üstün olduğunu göstərən məlumatlar əldə edilmişdir. Yəni onlarda da, bizdəki kimi bir eşq duyğusunun təkamülləşmiş və ya təkamülləşir olması mümkündür.

Növümüzü fərqli edən xüsusiyyətimizin beynimiz olduğunu qeyd etmişdik. Digər heyvanlarda, bənzər duyğular təkamülləşmiş olmasına baxmayaraq, bunların bizdəki qədər mürəkkəb olmamasının səbəblərindən biri beynimizin təkamülüdür. Bir başqa səbəb isə, bu təkamülə paralel olaraq inkişaf edən ictimai-mədəni keyfiyyətlərimizdir. Yəni növümüz, çox mürəkkəb bir ictimai şəbəkəyə malikdir və bu, bioloji təkamül nəticəsində ortaya çıxan bir çox xüsusiyyətin, mədəniyyət çərçivəsində yenidən təyin olunmasına səbəb olmuşdur. Bu çox dərin və tamam ayrı bir mövzudur; ancaq eşqin ədəbi və fəlsəfi şərhləri, indiki vaxtda homoseksuallara edilən təzyiqlər və eşq ilə əlaqəli başqa amillər araşdırılacaq olsa, bu mövzunun arxasında bioloji təkamüldən əlavə digər amillərin də olduğuni göstərir. Mədəni olan hər şeyin əsasında, bioloji ehtiyat plan yatdığını görə bilərik. Bu səbəbdən, digər heyvanlar üzərindəki araşdırmalar artdıqca, eşqin təkamül mənşələrinə daha dəqiq bir işıq tutulacağı ortadadır. Hələlik, digər heyvanların bir çoxunun, bizdəki qədər mürəkkəb olmasa da, sevgi anlayışları olduğunu söyləmək böyük ehtimalla səhv olmayacaq.


Eşqin Neyrogen Əsasları

Eşqin neyrogen əsasları, bizə o əsnada nələri və niyə hiss etdiyimizə dair çox dəqiq məlumatlar təqdim etməkdədir. Əvvəlcə, eşqin bütün duyğular kimi tamamilə hormonal proseslər nəticəsində bədənimizdə baş verən reaksiyaların cəmində hiss edilən bir duyğu olduğunu xatırlayaq. Yəni eşqi anlamaq istəyiriksə, arxasındakı neyrokimyəvi əsasları anlamağımız lazımdır.

Eşq duyğusuna səbəb olan əsas hormonlar və kimyəvi maddələr olaraq qarşımıza sinir böyümə faktoru, testosteron, estrogen, dofamin, norepinefrin (noradrenalin), serotonin, oksitosin və son olaraq vazopressin çıxır. Göründüyü kimi eşqin bizə qarmaqarışıq hisslər yaşatmasının səbəbi, olduqca mürəkkəb bir hormonal tarazlığa söykənmiş olmasıdır.

İndi isə, təkamül biologiyası ilə əlaqədar şərhlərimizdən də yola çıxaraq, özümüzə uyğun hesab etdiyimiz (bioloji və ya mədəni olaraq) bir fərdlə qarşılaşdığımızda, bu hormonların bədənimizdə hansı dəyişmələr yaratdığına nəzər salaq:

Testosteron: Xüsusilə ilk aşiq olma anında və oxşar vəziyyətlərdə təsirli bir cinsi hormondur. Maraq duyduğunuz cinsə qarşı şəhvət və istək duymağınıza və onu arzulamağınıza səbəb olur. Qadınlarda az miqdarda olur və eyni funksiyaları vardır; ancaq kişilərdə bundan əlavə, eşqin ilk mərhələlərində penisin və xayaların cinsi birləşməyə hazırlanmasını təmin edir. 

Estrogen: Xüsusilə ilk aşiq olma anında və oxşar vəziyyətlərdə təsirli bir cinsi hormondur. Maraq duyduğunuz cinsə qarşı şəhvət və istək duymanıza və onu arzulamağınıza səbəb olur. Kişilərdə az miqdarda olur və eyni funksiyaları vardır; ancaq qadınlarda bundan əlavə, uşaqlıq yolunun və uşaqlığın cinsi birləşməyə hazırlanmasını təmin edir. 

Sinir Böyümə Faktoru: Eşq hormonları arasına nisbi olaraq yeni qatılan bu kimyəvi maddə, xüsusilə ilk aşiq olduğumuz zamanlarda sürətlə artır, 1 ildən sonra isə tədricən azalır və əvvəlki səviyyəsinə dönür. Alimlər bu səbəbdən, eşq ömrünün əslində 1-2 il civarında olduğunu düşünür. Bu da əsasən məntiqlidir; çünki insanın bir nəfərə bağlanması, təkamül müxtəlifliyi qarşısında maneə yaratmaqdadır. İnsanın mədəni quruluşu, onu birnigahlı ictimai həyata məcbur etmişdir. İlk zamankı kimi bir eşq duyğusu olmasa belə cütlər həm ictimai məsuliyyətləri səbəbi ilə, həm də bir-birinə duyduqları bağlılıq və sevgi əlaqələrindən ötəri uzun müddət birlikdə qala bilməkdədir. Ancaq təkrar etmək lazımdır ki, həm insan, həm də yaxın qohumları, ictimai olaraq birnigahlı olsalar belə, cinsi olaraq çoxnigahlı olacaq şəkildə təkamülləşmiş növlərdir.

Dofamin: Neyronal mediator olan dofamin adlı kimyəvi maddə, ifraz olunduğu zaman bədəndə xoşbəxtlik və rahatlıq hisslərini oyandırır. İnsana əlavə enerji və diqqət verir. Bu sayədə, diqqətiniz aşiq olduğunuz fərdə cəmlənir və ona qovuşmaq üçün lazım olan əlavə enerji və diqqət təmin edilir. Bu da, təkamül baxımından irəli sürülən arqumentləri dəstəkləyir. Ayrıca, aşiq olmaqdan xoşlanmağımızın səbəbi, bu gözəl duyğulardır. Müxtəlif narkotik və sakitləşdirici dərmanların yaratdığı eyni təsirə səbəb olur.

Noradrenalin: Aşiq olduğumuz zaman keçirdiyimiz stresə qarşı ifraz olunan hormondur. Stress, fərd üzərində yaradılan hər cür ekoloji təzyiqdən qaynaqlana bilər və eşq, bu təzyiqlərdən yalnız biridir. Ancaq noradrenalinin ifraz olunması səbəbi ilə ürək döyüntüləri sürətlənir, dodaqlar və ağız quruyur, əzələlərə gedən qan artır, mədə və bağırsaq əzələləri boşalır. Bu da yenə, ola biləcək bir cütləşməyə hazırlıq mərhələsi olaraq görülə bilər. Noradrenalin səbəbi ilə, aşiq olduğumuzda ürək döyüntüləri sürətləndiyindən və mədəmizdəki əzələlər boşaldığından, "ürək ilə aşiq olduğumuzu" və "qarınımızda kəpənəklər uçuşduğunu" hiss edirik. Amma aşiq olan orqan beyindir.

Serotonin: Başlıca xoşbəxtlik hormonu olan serotonin, eşqin əsas hormonları arasında yer alır. Aşiq olduğumuzda, başqasını düşünə bilməmək səbəbimiz, serotonin səviyyəsindəki dalğalanmadır. Qısaca aşiq olduğumuz zaman, eynilə ciddi bir xəstəlik olan obsessiv-kompulsiv davranış pozğunluğunda olduğu kimi, həyəcanlı hal alırıq. Bu da yenə, arzulanan hədəfə çatmaq üçün təkamül üstünlüyü təmin edən hormonal tənzimləmədir.

Oksitosin: Sinir Böyümə Faktorunda eşqin ömründən bir az bəhs etmişdik və eşqin texniki olaraq bitməsinə baxmayaraq cütlərin ümumiyyətlə uzun illər bir yerdə qala bildiklərini söyləmişdik. Uzun müddət birlikdə qala bilməyimizi təmin edən, eşqin bir başqa amili olaraq göstərdiyimiz bağlılıq duyğusudur. Oksitosin, bağlılıq duyğumuzu gücləndirərək yoldaşımızdan ayrılmamağımızı təmin edir. Oksitosin səviyyəsində anormallıqlar olan fərdlərin evliliklərinin də müvəffəqiyyətsiz olduğu düşünülür. Ayrıca oksitosinin valideyn-övlad əlaqələrində də yüksək miqdarda ifraz olunması, eşqin təkamül mənşələriylə əlaqədar arqumentlərə dəstək verir. Oksitosin, eyni zamanda orqazm əsnasında da yüksək miqdarda ifraz olunur. Bu da, eşq ilə cinsi münasibətlər arasındakı əlaqə haqqında fikirlər verməkdədir. 

Oksitosin

Vazopressin: Eynilə oksitosin kimi vazopressin də uzun müddət bərabər qalmağı təmin edən hormonlardan biridir. Valideyn-övlad arasında qurulan və ömür boyu davam etməsinin faydalı olduğu bu əlaqələr, cinslər arasında da qurulduqda, ictimai müvəffəqiyyət və sabitlik təmin edilə biləcəyi və bu səbəbdən təkamül prosesində belə bir bağlılıq duyğusunun təkamülləşdiyi düşünülməkdədir. Ayrıca vazopressin, seksdən sonra da ifraz olunur. 

Bu səbəbdən, eşqin təkamül və bioloji mənşəyinə baxdıqda, son dərəcə adi və aydın bir duyğu olduğunu görə bilərik. Əlbəttə mədəni təkamülümüz daxilində eşqə və digər duyğulara mənalar yükləməyimiz son dərəcə başadüşüləndir. Ancaq bunları şişirdərək elmə daxil etməyə çalışmaq lazım deyil. 

Bütün bunları ağılınızın bir küncündə saxlayaraq, eşqlə dolu bir həyat yaşamağınızı arzu edirik.


Mənbə: evrimagaci.org
daha ətraflı...

February 9, 2018

Toksik metalları həzm edərək kiçik qızıl külçələr istehsal edən bakteriya: C. metallidurans



Mis və qızıl kimi ağır metallar, yüksək miqdarda qəbul edildikdə, bir çox canlı üçün zəhərlidir. Lakin bu vəziyyət, özünü zəhərləmədən ağır metallardan ibarət olan qarışıqdan qiymətli elementləri ayıra bilən C. metallidurans bakteriyası üçün keçərli deyil. Bu bakteriyaların ağır metalları qəbul etməsinin maraqlı bir yan təsiri var: kiçik qızıl külçələrin formalaşması. Martin Lüter Universiteti Halle-Vittenberq (MLU), Münhen Texniki Universiteti (TUM) və Avstraliyada yerləşən Adelaide Universitetindən olan bir qrup araşdırmaçı, bakteriya daxilində baş verən bu molekulyar proseslərin necə reallaşdığını kəşf etdi. Araşdırmanın nəticələri, Royal Society of Chemistry tərəfindən dərc edilən "Metallomics" jurnalında nümayiş olundu.


Çubuğa bənzəyən C. Metallidurans, əsasən tərkibində çox miqdarda ağır metal olan torpaqlarda tapılır. Qızıl bakteriyalara mis ilə eyni şəkildə daxil olur. Mis, C. metallidurans üçün həyati əhəmiyyət daşıyan bir elementdir, ancaq yüksək miqdarda qəbul edildikdə zəhərlidir. Mis və qızıl zərrəcikləri bakteriya ilə təmas etdikdə silsilə kimyəvi proseslər ortaya çıxır. Ümumiyyətlə, həzm edilməsi çətin olan bir formada rast gəlinən mis, sonradan bakteriya tərəfindən daha asan həzm edilə biləcək bir formaya çevrilir və beləlikə hüceyrənin daxilinə qədər çata bilir. Eyni hadisə, qızıl qarışıqlarında da baş verir.

Bakteriya daxilində çox miqdarda mis yığıldıqda, normal halda CupA fermenti tərəfindən bayıra çıxarılır. Ancaq qızıl qarışıqları da mövcud olduqda ferment tormozlanır, zəhərli mis və qızıl qarışıqları hüceyrənin daxilində qalır. Mis və qızılın kombinə edilməsi, əslində təkbaşına olduqlarından daha zəhərli bir vəziyyət meydana gətirir. Bu problemi həll etmək üçün, bakteriyalar CopA adlı başqa bir fermenti aktivləşdirir. Bu ferment isə, mis və qızıl qarışıqlarını əvvəlki daha çətin həzm edilən formalara çevrir. Həzmi çətinləşən mis və qızıl, bu yolla bayıra atılır. Beləliklə, bakteriyanın xaricinə həm mis həm də bir neçə nanometr ölçüdə qızıl külçələri çıxarılır.


Geoloji olaraq meydana gəlmiş qədim qızıl filizlərinin parçalannmasından sonra ortaya çıxan ikincili qızıl mədənlərinin formalaşmasında C. Metallidurans açar rolu oynayır. Aşınma səbəbi ilə meydana gəlmiş toksik qızıl parçacıqları, bu bakteriyalar tərəfindən zəhərsiz qızıl parçacıqlarına çevrilir.


Mənbə: bilimfili.com

daha ətraflı...

January 30, 2018

Ediakaranın gizli bağı və mürəkkəb həyatın mənşəyi


Əsrlər ərzində, Yer üzərindəki canlılar və onların mənşəyi, insanlıq üçün böyük maraq mövzusu oldu. Heyvanların böyük qisminin əcdadı 541 milyon il əvvələ qədər, yəni Kembri Partlayışından sonraya gedib çıxır. Kembri Partlayışı, dənizdə yaşayan bir çox canlının çox qısa müddət ərzində ortaya çıxması hadisəsinə verilən ad olub, xərçənglərin, meduzaların və stridiyaların (molyusklar tipinin ikitaylılar sinifindən ilbiz) əcdadlarının, okeanlardakı üstün canlılar olmasına gətirib çıxarmışdır. Bu hadisədən əvvəlki zamanlarda mövcud olan canlıların hal-hazırda mövcud olanlara heç bənzəmədiyini çox insan bilmir. 

1946-cı ildə Avstraliya hökuməti, Ediakara Təpələrindəki tərk edilmiş mədənləri araşdırmaq üçün bir geoloq təyin etdi. Reg Sprigg adlı bu alim, yamaclardan birinin, çox qədim olduğu görünən parçalanmış qum daşları ilə örtülü olduğunu kəşf etdi. Parçalar çox düz, sanki antik dəniz dibi səthinin hissələri kimi idi. 

Bu zaman ağlına, Adelaide yaxınlıqlarında gördüyü və buradakılara bənzəyən qum daşı parçalarında gözəl şəkildə qorunmuş fosillər gəldi. Paleontoloqlar qum daşı qayalarında hər hansı bir fosil tapmağın mümkünsüz olduğunu bildirsə də, Sprigg bu yamacdakı parçaları araşdırmaq istədi. Həqiqətən də daşlardan birində dairəvi naxış kəşf etdi və meduzaya bənzəyən bir varlığın fosilini tapdığından şübhələnməyə başladı. Elmi jurnalda nəşr olunan məqaləsində, ovuc böyüklüyündə olan bu fosili "Ediacaria" adlandırdı.

Lakin elm dünyasının səssizliyi, onu xəyal qırıqlığına uğratdı. Əvvəllər heç kim, Ediakara Təpələrindəki qədər qədim qayalarda, miniatür orqanizmlər istisna olmaqla həyat izlərinə rast gəlməmişdi. Spriggin kəşf etdiyi fosilin bir canlı deyil, qeyri-üzvi maddələrin kimyəvi reaksiya məhsullarında ibarət olduğu elan edildi. Alimlərin böyük hissəsi, Sprigg və onun "meduzası"na illər ərzində fikir vermədi. 
Ediakara orqanizmləri

11 il sonra, üç orta məktəb şagirdi İngiltərədəki Charnwood Meşəsi'ndə qayaya dırmanarkən, qayalardan birində qıjı şəklində bir iz müəyyən etdilər. Ediakara Təpələrindən fərqli olaraq, geologiya elmi Birləşmiş Krallıqda olduqca yüksək səviyyədə inkişaf etmişdi. Hər kəs bilirdi ki, meşədəki bu qayalar, nəinki bitki fosilinə, ümumiyyətlə heç bir fosilə sahib ola bilməyəcək qədər yaşlı idi. Bunu, gənclərdən biri olan Roger Mason da bilirdi. Roger qəribə fosilin üzərinə kağız sürtərək onun şəklini kopiyaladı və bu nümunəni Trevor Ford adlı geoloqa göstərdi. Fordun nümayiş etdirdiyi tapıntı, elm dünyasında böyük marağa səbəb oldu. Lakin Spriggin "meduzası" ilə aralarındakı əlaqə, paleontoloq Martın Glaessner tərəfindən 1959-cu ildə fərq edilənə qədər daha 2 il keçdi. Glaessner ayrıca 1920-ci illərdə Namibiyada tapılmış olan və Charnwoodda tapılana bənzəyən 2 başqa fosili də gündəmə gətirdi. 

Bu sırada, Kembri Partlayışından sonrakı həyatın, planetimizin uzun tarixinin yalnız 10%-ni təşkil etdiyi bilinirdi. Ancaq o uzun dövrdən sonraya qalan heç bir makroskopik orqanizmə rast gəlinməmişdi. Amma Charnwood "qıjısı" vəziyyəti dəyişdi və Glaessner elan etdi: Kembri Partlayışından əvvəl mürəkkəb həyat vardı. Bu dövr, Reg Spriggin "meduzası"nı ilk kəşf etdiyi Avstraliya təpələrinə ithaf edilərək rəsmi olaraq "Ediakara Dövrü" adlandırıldı. 

Charnia

Roger Masonun kəşfini dərc etdirən geoloq Ford, qıjıyabənzər fosilə "Charnia" adı vermişdi. Ford, başlanğıcda onun bir yosun olduğunu düşünmüşdü. Amma Glaessner onun çoxhüceyrəli heyvan olduğunu dərhal anladı. Bu, növünün təyin olunan ilk nümunəsi olacaqdı. Charnianın fotosintezə maneə törədəcək qədər qaranlıq olan dərin dəniz mühitində yaşamış olduğu düşünüldü. 

Glaessner, Charnianı hal-hazırda mövcud olan bənzər bir heyvanla, quş lələyini xatırladan yumşaq bir mərcan növü olan dəniz qələmi ilə müqayisə etdi. Dəniz qələmləri, meduzalar və aktiniyalar ilə birlikdə "Cnidaria" qrupunu meydana gətirir. Bu qrupun, bütün heyvanlar arasındakı ən primitiv qruplardan biri olduğu ehtimal edilməkdədir və Prekembri'dən qalma qaya strukturlarında təbii olaraq belə primitiv dəniz canlılarının tapıla biləcəyi düşünülür. 

Sonradan aparılan araşdırmalar, həqiqi dəniz qələmlərinin planet tarixinin çox sonrakı bir zamanında meydana gəldiyini ortaya çıxarmışdır. Bu səbəbdən Charnia ilə dəniz qələmi yaxın qohum sayılmırlar. İnkişaf şəkilləri də bir-birinə bənzəmir. Yəni, bənzərlikləri fərqli təsadüflərin məhsuludur və bu vəziyyət "yaxın təkamül" olaraq bilinir. 

Fosillərin dənəcikli quruluşundan ötəri, bu növün həyat tərzi haqqında çox az məlumata sahibik. Bəzi fosillər dairəvi quruluşdadır. Sanki bədənləri dəniz dibinə sıxılmışdır. Lakin, qidalanmalarını təmin edəcək ağızları və ya həzm orqanları varmış kimi görünmür. Bəzi alimlər, Charnia və qohumlarının qidanı birbaşa sudan əmdiyini irəli sürsə də, bu nöqtədə kimsə qəti danışa bilməz. Tək bildiyimiz, bu qəribə həyat tərzinin, o dövrdə yaşamış olan müxtəlif orqanizmlər tərəfindən mənimsənilmiş məşhur taktika olduğudur. 

Pteridinium və Tribrachidium 

Bu həyat tərzinə sahib olan başqa diqqətəlayiq fosil də "Pteridinium"dur. Charniaya bənzər şəkildə, bu heyvan da görünüşcə quş lələyi şəklində olub, onu dəniz dibinə bağlayacaq bir lövbəri vardı. Charniadan fərqli tərəfi isə, bədən hissələrinin yerləşməsidir. İkitərəfli simmetriyaya sahib bir çox müasir heyvandan fərqli olaraq, Pteridinium öz "yarpaqlarını" üç ayrı istiqamətdə inkişaf etdirmişdir. 
Pteridinium (solda) və Tribrachidium (sağda)

Maraqlıdır ki, bu üçtərəfli simmetriya yalnız Pteridinium və yaxın qohumlarına xas deyil. Dəniz kirpisini xatırladan Trilobozoa adlı kiçik və yuvarlaq heyvan qrupu da bir şəkildə eyni simmetriyanı inkişaf etdirmişdir. Bu qrupun Tribrachidium adlı üzvü, bədən quruluşunda ciddi dəyişiklik edərək, bədəninin ortasından xaricə doğru spirallaşan üç ədəd qol bənzəri quruluş böyütmüşdür. 

Əhəmiyyətsiz bir xüsusiyyət kimi görünsə də, belə qeyri-adi böyümə modeli, bu heyvanların keçmişin qəribə yadigarları olduğunu düşündürür. Pteridinium, Tribrachidium və onların uzun müddət əvvəl ölən yaxın qohumları, necə yaşadıqlarını və bu an həyatda olan qohumlarının kim olduğunu anlamaq üçün bizə çox az dəlil saxlamışlar. 

Ediakara Bağı 

Xarici görünüşlərini kənara qoysaq, bu orqanizmlər başqa bir xüsusiyyət baxımından da xüsusi idi. Yumşaq bədənli canlılar Yer kürəsinin Kembri'dən bu günə qədər olan bütün dövrlərində iz buraxmadan ölmək ilə məşhurdur. Sərt strukturlarının olmaması, müxtəlif səbəblərdən (dalğalar, küləklər, ovçular və s.) onların bir çoxunun tamamilə dağılmasına səbəb olmuşdur. 

Bundan sonrakı geoloji dövrlərdə belə fosil qorunması yalnız yuxarıdakı şərtlər istisna olmaqla xüsusi dövrlərdə müəyyən yerlərdə baş verəcəkdi. Bununla belə, bu müəmmalı Ediakara canlıları, bütün planet səthində iz buraxmaq üçün təbii şərtlərin əməkdaşlıq etdiyi qəribə bir zamanda yaşamış kimi görünürlər. 

Bunun sirri, aydın olduğu qədəri ilə, bu canlıların tapıldığı səthdə yatır. Sürətli heyvanların olmaması, mikrobların okean dibinin səthini kolonizə etməsinə, sonra isə inkişaf etdikləri hər yerdə ifrazat təbəqəsinin yaranmağına imkan verdi. Belə yapışqan təbəqə, okean dibinin stabilləşməyini və heyvanlar üzərində öldükdə bir qəlib funksiyası yerinə yetirməyini təmin etdi. Bu dövr, okean dibinin yapışqan maddələrlə dolu olduğu Palçıq Dövrü idi. 

Bu cür ləng həyat, yırtıcıların da olmamağı ilə birlikdə bu dövr üçün bənzərsiz bir xüsusiyyətdir. Bəzi insanlar Yerin bu dinclik dövrünə, İncil'dəki Cənnət Bağına bənzətmə olaraq Ediakara Bağı adını verdilər. 

Yorgia və Dickinsonia 

Yorgia (solda) və Dickinsonia (sağda)
Həyat Ediakara Dövrü'nün sonlarına doğru addımlarını sürətləndirməyə başladı. Rusiyada mikrobla döşənmiş bir təbəqə, hərəkət qabiliyyəti olan bir canlı tərəfindən "otlanılmış" şəkildə tapıldı. Bunun səbəbkarı, Yorgia adlı disk formalı bir heyvan idi. 

25 sm ölçüyə çata bilən bu canlı, bir yemək qabından böyük deyildi. Ön tərəfdə baş şəkilli bir struktur ilə birlikdə, mərkəzi xətdən yayılan qabırğayabənzər strukturlara sahib idi. Qidalanma üsulu tam olaraq bilinməsə də, böyük ehtimalla Yorgianın qohumu olan Dickinsoniaya aid həzm sistemini xatırladan bəzi daxili orqan nümunələri tapılmışdır. 

Kimberella 

Eyni bölgədə, otlama fəaliyyətinin sübutları ilə fərqli bir heyvan da aşkar edilmişdir. Kimberella molyuska bənzəyir və adətən müasir molyusk və ilbizlərin qidalanma izlərinə bənzəyən işarələrin yanında tapılmışdır. Bəsit görünüşə baxmayaraq, Kimberella yanında yaşayan digər orqanizmlərdən olduqca fərqli idi. Bu da, təxminən 555 milyon il əvvəl, yəni Kembri'yə 14 milyon il qalmış, həyatın müxtəlif forma və yaşam tərzlərinə təkamülləşməyə başladığını göstərir. 

İronik olaraq, bu dinc dövrə son qoyan da təkamül oldu. 541 milyon il əvvəl daha sürətli canlıların meydana çıxması ortalığı qarışdırdı və Ediakara canlıları bu rəqabətə davam gətirə bilmədi. Hərəkətin inkişafı, yırtıcılara daha böyük və daha qidalı orqanizmləri ovlamaq imkanı yaratdı. Canlıların bəziləri torpaqda gizlənərkən, digərləri də həyatlarını xilas etmək üçün qabıqlar inkişaf etdirdi. Bu, müasir heyvanların bilinən ən qədim qohumlarının formalaşdığı Kembri Partlayışının şəfəqi idi. 

Sonrakı bir neçə milyon il ərzində Ediakara Bağı gözdən itdi və onların yerini Kembri'nin bacarıqlı soxulcanları aldı. Beləliklə, planetimiz ilk kütləvi yoxolmaya şahidlik etdi. Bu, Yerdəki ilk kütləvi yoxolmaya, təbii fəlakətlərin deyil canlıların səbəb olduğunu göstərir. 

Bu anda, Ediakara və Kembri canlıları arasındakı əlaqə hələ də tapılmamışdır. Ediakaranın ikonik canlılarının, heç bir canlı nəvələri olmadan tükənmiş olması da mümkündür. Yalnız bunu dəqiq bilirik ki, başqalarının itirilməyi hesabına olsa belə, canlılar planetlərini öz xeyirlərinə dəyişmə gücünə sahibdirlər. 


Mənbə: eartharchives.org

daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top