Əsrlər ərzində, Yer üzərindəki canlılar və onların mənşəyi, insanlıq üçün böyük maraq mövzusu oldu. Heyvanların böyük qisminin əcdadı 541 milyon il əvvələ qədər, yəni Kembri Partlayışından sonraya gedib çıxır. Kembri Partlayışı, dənizdə yaşayan bir çox canlının çox qısa müddət ərzində ortaya çıxması hadisəsinə verilən ad olub, xərçənglərin, meduzaların və stridiyaların (molyusklar tipinin ikitaylılar sinifindən ilbiz) əcdadlarının, okeanlardakı üstün canlılar olmasına gətirib çıxarmışdır. Bu hadisədən əvvəlki zamanlarda mövcud olan canlıların hal-hazırda mövcud olanlara heç bənzəmədiyini çox insan bilmir.
1946-cı ildə Avstraliya hökuməti, Ediakara Təpələrindəki tərk edilmiş mədənləri araşdırmaq üçün bir geoloq təyin etdi. Reg Sprigg adlı bu alim, yamaclardan birinin, çox qədim olduğu görünən parçalanmış qum daşları ilə örtülü olduğunu kəşf etdi. Parçalar çox düz, sanki antik dəniz dibi səthinin hissələri kimi idi.
Bu zaman ağlına, Adelaide yaxınlıqlarında gördüyü və buradakılara bənzəyən qum daşı parçalarında gözəl şəkildə qorunmuş fosillər gəldi. Paleontoloqlar qum daşı qayalarında hər hansı bir fosil tapmağın mümkünsüz olduğunu bildirsə də, Sprigg bu yamacdakı parçaları araşdırmaq istədi. Həqiqətən də daşlardan birində dairəvi naxış kəşf etdi və meduzaya bənzəyən bir varlığın fosilini tapdığından şübhələnməyə başladı. Elmi jurnalda nəşr olunan məqaləsində, ovuc böyüklüyündə olan bu fosili "Ediacaria" adlandırdı.
Lakin elm dünyasının səssizliyi, onu xəyal qırıqlığına uğratdı. Əvvəllər heç kim, Ediakara Təpələrindəki qədər qədim qayalarda, miniatür orqanizmlər istisna olmaqla həyat izlərinə rast gəlməmişdi. Spriggin kəşf etdiyi fosilin bir canlı deyil, qeyri-üzvi maddələrin kimyəvi reaksiya məhsullarında ibarət olduğu elan edildi. Alimlərin böyük hissəsi, Sprigg və onun "meduzası"na illər ərzində fikir vermədi.
Ediakara orqanizmləri |
11 il sonra, üç orta məktəb şagirdi İngiltərədəki Charnwood Meşəsi'ndə qayaya dırmanarkən, qayalardan birində qıjı şəklində bir iz müəyyən etdilər. Ediakara Təpələrindən fərqli olaraq, geologiya elmi Birləşmiş Krallıqda olduqca yüksək səviyyədə inkişaf etmişdi. Hər kəs bilirdi ki, meşədəki bu qayalar, nəinki bitki fosilinə, ümumiyyətlə heç bir fosilə sahib ola bilməyəcək qədər yaşlı idi. Bunu, gənclərdən biri olan Roger Mason da bilirdi. Roger qəribə fosilin üzərinə kağız sürtərək onun şəklini kopiyaladı və bu nümunəni Trevor Ford adlı geoloqa göstərdi. Fordun nümayiş etdirdiyi tapıntı, elm dünyasında böyük marağa səbəb oldu. Lakin Spriggin "meduzası" ilə aralarındakı əlaqə, paleontoloq Martın Glaessner tərəfindən 1959-cu ildə fərq edilənə qədər daha 2 il keçdi. Glaessner ayrıca 1920-ci illərdə Namibiyada tapılmış olan və Charnwoodda tapılana bənzəyən 2 başqa fosili də gündəmə gətirdi.
Bu sırada, Kembri Partlayışından sonrakı həyatın, planetimizin uzun tarixinin yalnız 10%-ni təşkil etdiyi bilinirdi. Ancaq o uzun dövrdən sonraya qalan heç bir makroskopik orqanizmə rast gəlinməmişdi. Amma Charnwood "qıjısı" vəziyyəti dəyişdi və Glaessner elan etdi: Kembri Partlayışından əvvəl mürəkkəb həyat vardı. Bu dövr, Reg Spriggin "meduzası"nı ilk kəşf etdiyi Avstraliya təpələrinə ithaf edilərək rəsmi olaraq "Ediakara Dövrü" adlandırıldı.
Charnia
Roger Masonun kəşfini dərc etdirən geoloq Ford, qıjıyabənzər fosilə "Charnia" adı vermişdi. Ford, başlanğıcda onun bir yosun olduğunu düşünmüşdü. Amma Glaessner onun çoxhüceyrəli heyvan olduğunu dərhal anladı. Bu, növünün təyin olunan ilk nümunəsi olacaqdı. Charnianın fotosintezə maneə törədəcək qədər qaranlıq olan dərin dəniz mühitində yaşamış olduğu düşünüldü.
Glaessner, Charnianı hal-hazırda mövcud olan bənzər bir heyvanla, quş lələyini xatırladan yumşaq bir mərcan növü olan dəniz qələmi ilə müqayisə etdi. Dəniz qələmləri, meduzalar və aktiniyalar ilə birlikdə "Cnidaria" qrupunu meydana gətirir. Bu qrupun, bütün heyvanlar arasındakı ən primitiv qruplardan biri olduğu ehtimal edilməkdədir və Prekembri'dən qalma qaya strukturlarında təbii olaraq belə primitiv dəniz canlılarının tapıla biləcəyi düşünülür.
Sonradan aparılan araşdırmalar, həqiqi dəniz qələmlərinin planet tarixinin çox sonrakı bir zamanında meydana gəldiyini ortaya çıxarmışdır. Bu səbəbdən Charnia ilə dəniz qələmi yaxın qohum sayılmırlar. İnkişaf şəkilləri də bir-birinə bənzəmir. Yəni, bənzərlikləri fərqli təsadüflərin məhsuludur və bu vəziyyət "yaxın təkamül" olaraq bilinir.
Fosillərin dənəcikli quruluşundan ötəri, bu növün həyat tərzi haqqında çox az məlumata sahibik. Bəzi fosillər dairəvi quruluşdadır. Sanki bədənləri dəniz dibinə sıxılmışdır. Lakin, qidalanmalarını təmin edəcək ağızları və ya həzm orqanları varmış kimi görünmür. Bəzi alimlər, Charnia və qohumlarının qidanı birbaşa sudan əmdiyini irəli sürsə də, bu nöqtədə kimsə qəti danışa bilməz. Tək bildiyimiz, bu qəribə həyat tərzinin, o dövrdə yaşamış olan müxtəlif orqanizmlər tərəfindən mənimsənilmiş məşhur taktika olduğudur.
Pteridinium və Tribrachidium
Bu həyat tərzinə sahib olan başqa diqqətəlayiq fosil də "Pteridinium"dur. Charniaya bənzər şəkildə, bu heyvan da görünüşcə quş lələyi şəklində olub, onu dəniz dibinə bağlayacaq bir lövbəri vardı. Charniadan fərqli tərəfi isə, bədən hissələrinin yerləşməsidir. İkitərəfli simmetriyaya sahib bir çox müasir heyvandan fərqli olaraq, Pteridinium öz "yarpaqlarını" üç ayrı istiqamətdə inkişaf etdirmişdir.
Pteridinium (solda) və Tribrachidium (sağda) |
Maraqlıdır ki, bu üçtərəfli simmetriya yalnız Pteridinium və yaxın qohumlarına xas deyil. Dəniz kirpisini xatırladan Trilobozoa adlı kiçik və yuvarlaq heyvan qrupu da bir şəkildə eyni simmetriyanı inkişaf etdirmişdir. Bu qrupun Tribrachidium adlı üzvü, bədən quruluşunda ciddi dəyişiklik edərək, bədəninin ortasından xaricə doğru spirallaşan üç ədəd qol bənzəri quruluş böyütmüşdür.
Əhəmiyyətsiz bir xüsusiyyət kimi görünsə də, belə qeyri-adi böyümə modeli, bu heyvanların keçmişin qəribə yadigarları olduğunu düşündürür. Pteridinium, Tribrachidium və onların uzun müddət əvvəl ölən yaxın qohumları, necə yaşadıqlarını və bu an həyatda olan qohumlarının kim olduğunu anlamaq üçün bizə çox az dəlil saxlamışlar.
Ediakara Bağı
Xarici görünüşlərini kənara qoysaq, bu orqanizmlər başqa bir xüsusiyyət baxımından da xüsusi idi. Yumşaq bədənli canlılar Yer kürəsinin Kembri'dən bu günə qədər olan bütün dövrlərində iz buraxmadan ölmək ilə məşhurdur. Sərt strukturlarının olmaması, müxtəlif səbəblərdən (dalğalar, küləklər, ovçular və s.) onların bir çoxunun tamamilə dağılmasına səbəb olmuşdur.
Bundan sonrakı geoloji dövrlərdə belə fosil qorunması yalnız yuxarıdakı şərtlər istisna olmaqla xüsusi dövrlərdə müəyyən yerlərdə baş verəcəkdi. Bununla belə, bu müəmmalı Ediakara canlıları, bütün planet səthində iz buraxmaq üçün təbii şərtlərin əməkdaşlıq etdiyi qəribə bir zamanda yaşamış kimi görünürlər.
Bunun sirri, aydın olduğu qədəri ilə, bu canlıların tapıldığı səthdə yatır. Sürətli heyvanların olmaması, mikrobların okean dibinin səthini kolonizə etməsinə, sonra isə inkişaf etdikləri hər yerdə ifrazat təbəqəsinin yaranmağına imkan verdi. Belə yapışqan təbəqə, okean dibinin stabilləşməyini və heyvanlar üzərində öldükdə bir qəlib funksiyası yerinə yetirməyini təmin etdi. Bu dövr, okean dibinin yapışqan maddələrlə dolu olduğu Palçıq Dövrü idi.
Bu cür ləng həyat, yırtıcıların da olmamağı ilə birlikdə bu dövr üçün bənzərsiz bir xüsusiyyətdir. Bəzi insanlar Yerin bu dinclik dövrünə, İncil'dəki Cənnət Bağına bənzətmə olaraq Ediakara Bağı adını verdilər.
Yorgia və Dickinsonia
Yorgia (solda) və Dickinsonia (sağda) |
Həyat Ediakara Dövrü'nün sonlarına doğru addımlarını sürətləndirməyə başladı. Rusiyada mikrobla döşənmiş bir təbəqə, hərəkət qabiliyyəti olan bir canlı tərəfindən "otlanılmış" şəkildə tapıldı. Bunun səbəbkarı, Yorgia adlı disk formalı bir heyvan idi.
25 sm ölçüyə çata bilən bu canlı, bir yemək qabından böyük deyildi. Ön tərəfdə baş şəkilli bir struktur ilə birlikdə, mərkəzi xətdən yayılan qabırğayabənzər strukturlara sahib idi. Qidalanma üsulu tam olaraq bilinməsə də, böyük ehtimalla Yorgianın qohumu olan Dickinsoniaya aid həzm sistemini xatırladan bəzi daxili orqan nümunələri tapılmışdır.
Kimberella
Eyni bölgədə, otlama fəaliyyətinin sübutları ilə fərqli bir heyvan da aşkar edilmişdir. Kimberella molyuska bənzəyir və adətən müasir molyusk və ilbizlərin qidalanma izlərinə bənzəyən işarələrin yanında tapılmışdır. Bəsit görünüşə baxmayaraq, Kimberella yanında yaşayan digər orqanizmlərdən olduqca fərqli idi. Bu da, təxminən 555 milyon il əvvəl, yəni Kembri'yə 14 milyon il qalmış, həyatın müxtəlif forma və yaşam tərzlərinə təkamülləşməyə başladığını göstərir.
İronik olaraq, bu dinc dövrə son qoyan da təkamül oldu. 541 milyon il əvvəl daha sürətli canlıların meydana çıxması ortalığı qarışdırdı və Ediakara canlıları bu rəqabətə davam gətirə bilmədi. Hərəkətin inkişafı, yırtıcılara daha böyük və daha qidalı orqanizmləri ovlamaq imkanı yaratdı. Canlıların bəziləri torpaqda gizlənərkən, digərləri də həyatlarını xilas etmək üçün qabıqlar inkişaf etdirdi. Bu, müasir heyvanların bilinən ən qədim qohumlarının formalaşdığı Kembri Partlayışının şəfəqi idi.
Sonrakı bir neçə milyon il ərzində Ediakara Bağı gözdən itdi və onların yerini Kembri'nin bacarıqlı soxulcanları aldı. Beləliklə, planetimiz ilk kütləvi yoxolmaya şahidlik etdi. Bu, Yerdəki ilk kütləvi yoxolmaya, təbii fəlakətlərin deyil canlıların səbəb olduğunu göstərir.
Bu anda, Ediakara və Kembri canlıları arasındakı əlaqə hələ də tapılmamışdır. Ediakaranın ikonik canlılarının, heç bir canlı nəvələri olmadan tükənmiş olması da mümkündür. Yalnız bunu dəqiq bilirik ki, başqalarının itirilməyi hesabına olsa belə, canlılar planetlərini öz xeyirlərinə dəyişmə gücünə sahibdirlər.
Mənbə: eartharchives.org
0 şərh var:
Post a Comment